Yoldaşımızın xatirəsi

 

Unudulmaz həmkarımız

 

Səksən beş yaşını qeyd etməyə hazırlaşırdıq. Tez-tez bu barədə söhbətimiz olurdu. Həmişə də özünəməxsus gur, şux səslə telefonda deyirdi:

– Mənimlə qəzetimizin arasında beş yaş fərq var. Qismət olsa, avqustun 29-da ikimizin də yubileyini birlikdə qeyd edərik.

Həyatda son dərəcə nikbin adam idi, heç vaxt giley-güzar etməzdi. Çoxlu dostu, tanışı vardı. Adamlarla ünsiyyət bağlamağı bacarırdı. Onunla ilk dəfə görüşən insanda xoş təəssürat yaradırdı. Şirin, duzlu-məzəli söhbətləri adama ləzzət verirdi. Bu xüsusiyyəti yaradıcılığına da sirayət etmişdi. Qələmindən çıxan oçerklər, felyetonlar, reportajlar maraqla oxunurdu.

Qırx gün bundan əvvəl amansız ölüm onu sıramızdan apardı. 30 ildən çox qəzetimizdə imzası ilə tanınan, xüsusi müxbir işlədiyi Quba-Xaçmaz və Şəmkir-Qazax zonalarında böyük nüfuz, hörmət-izzət qazanan Hacı Həsənov, sözün əsl mənasında, kişi ömrü yaşadı.

O, 85 il bundan əvvəl Gürcüstan Respublikasının Borçalı mahalında, görkəmli ziyalıları ilə seçilən Faxralı kəndində dünyaya göz açmışdı. Atası Qurban kişi kəndin sayılıb-seçilən ziyalısı olduğu üçün övladlarının da təhsilə, elmə həvəsi vardı. 1941-ci ildə kəndlərindəki məktəbi müvəffəqiyyətlə bitirən Hacı Həsənov Tbilisi Dövlət Müəllimlər İnstitutuna qəbul olunmuş, oranı fərqlənmə diplomu ilə başa vuraraq doğma Faxralıda müəllim işləmişdir.

Onun müəllimlik fəaliyyətindən söz açan mərhum jurnalist, filologiya elmləri doktoru, professor, Milli Məclisin deputatı Şamil Qurbanov 2003-cü ildə nəşr etdirdiyi “Müəllimlər” kitabında yazmışdır: “Hacı müəllim boylu-buxunlu, çox gözəl, səliqəli adam idi. Hələ Pedaqoji İnstitutda birgə oxuduğu kəndimizin hörmətli ziyalılarından sayılan Namaz kişinin qızı Xalidə xanımla ailə həyatı quran Hacı müəllim ədəbiyyatdan dərs deyirdi. Mənim bəxtim elə gətirmişdi ki, belə cüt və gözəl müəllimlərin şagirdi olmuşam. Əvvəla, bunların ikisi də kəndimizin çox məşhur və xeyirxah, sovet hakimiyyəti illərində var-dövlətləri əllərindən alınmış adamların övladları idilər. Namaz kişinin kəndin tən ortasında tikdirdiyi yaraşıqlı ikimərtəbəli mülk müsadirə olunaraq həkim məntəqəsinə çevrilmişdi.

Hacı müəllim bu sənətdən tez uzaqlaşdı. O, Tiflisdə rus dilində çıxan “Zarya Vostoka” qəzetinin xüsusi müxbiri vəzifəsinə keçdi, bir neçə ildən sonra Bakıya gəldi və “Kommunist” kimi mərkəzi qəzetdə işlədi...”.

Ailəsinin, elinin-obasının, dost-tanışının təəssübünü çəkən adam idi. Heç kəsi intizarda qoymazdı. Xüsusilə də ömür-gün yoldaşı Xalidə xanımı. Hara getsəydi, mənzil başına yetişəndə mütləq Xalidə xanıma zəng vurub sağ-salamat çatdığını bildirərdi. Hacı müəllim deyirdi ki, ağlı kəsəndən təkər üstündə hərəkət edib, mahir sürücü olub, maşınla minlərlə kilometr yol gedib. Hətta Bakıdan Avropanın mərkəzinə – məşhur Karlovo-Varı kurort şəhərinə maşın sürüb. Buna görə də Xalidə xanımı nigaran qoymamaq üçün ona zəng vurmağı adət halına çevirmişdi.

Saf, ülvi məhəbbətlə bir-birinə sıx bağlı olan bu cütlük üç qız böyütmüş, onlara ali təhsil vermiş, istəklərinə uyğun gəlin köçürmüş və nəvə, nəticə sahibi olmuşdur. Xalidə xanım dünyasını dəyişəndən sonra Hacı müəllimin pəhləvan cüssəli qaməti sanki, əyildi, fəal həyat mövqeyi getdikcə zəiflədi, həmişə can atdığı dost-tanışdan, kef məclislərindən uzaqlaşdı.

Hacı müəllim məclislərin yaraşığı idi. Səliqə-sahmanla yeyib-içməyi sevirdi. Onun süfrə mədəniyyətinə, məclisə gətirilən yeməklərin keyfiyyətinə söz ola bilməzdi. Məişətdə insan üçün lazım olan hər şeyin əlasını, keyfiyyətlisini seçərdi. Onunla təmasda olmaq, səfərə çıxmaq xoş əhval-ruhiyyə, mənalı istirahət demək idi.

Qəzetimizin 50 illik yubileyini xatırlayıram. 1969-cu il avqust ayının 29-da ulu öndərimiz Heydər Əliyevin ölkə başçısı kimi iştirak edərək ilk dəfə Azərbaycan dilində nitq söylədiyi təntənəli yığıncaqdan çıxıb Dağüstü parkdakı (indiki Şəhidlər Xiyabanı) “Dostluq” restoranına getmişdik. Burada ümummilli liderimiz Heydər Əliyevin tapşırığı əsasında qəzetimizin kollektivinə hökumət banketi verilirdi. İncəsənət ustaları, musiqiçilər məclisin yüksək səviyyədə şən və maraqlı keçməsi üçün var qüvvələrini əsirgəmirdilər. Səhərə yaxın Hacı müəllim məclisin aparıcısına müraciətlə dedi:

– Təklif edirəm, növbəti badələri nümunəvi xidmət göstərdiklərinə görə restoran kollektivinin sağlığına qaldıraq.

Hamının ürəyincə olan bu təklif Hacı Həsənovun diqqətcilliyindən, heç nəyi nəzərdən qaçırmamasından xəbər verirdi.

Redaksiyamızın sənaye, tikinti və nəqliyyat şöbəsinin müdiri Səlim Abdullayev bir dəfə Siyəzən rayonuna – neftçilərin işindən yazmaq üçün ezamiyyətə getmişdi. sovet quruculuğu şöbəsinin müdiri Tofiq Həsənzadə Hacı müəllimə sataşmaq məqsədi ilə dedi :

– Bəs bizi nə vaxt zonaya dəvət edəcəksən?!

Qalın bığlarının altında qımışan Hacı müəllim xətrini çox istədiyi dostunun zarafatına zarafatla cavab verdi:

– Səni aparmaq sərf eləməz, yeyib-içməyinə pul çatdıra bilmərəm. Qadasını aldığım Səlim müəllim fəhlə yeməkxanasında nahar etdi, cəmi 1 manat 50 qəpik xərcim çıxdı...

1984-cü ilin dekabr ayında Azərbaycan mətbuatının bir qrup nümayəndəsinin tərkibində Türkiyəyə getmişdik. Dost ölkədə özümüzü evdəki kimi hiss edirdik. 15 gün Türkiyəni gəzib-dolaşdıq, mərkəzi şəhərlərlə, kurort yerləri, müalicə ocaqları ilə tanış olduq. İstanbulda Hacı müəllim iyirminci əsrin əvvəllərində Borçalıdan Türkiyəyə köçmüş bir qohumunu axtarıb tapdı. Yüksək dövlət vəzifəsində çalışan həmin qohumun şəhərin Avropa hissəsində zənginlər yaşayan məhəllədəki evinə qonaq getdik.

Vətənə qayıdacağımız gün şəhərə çıxdıq. Baqqal dükanlarının birində bizi ehtiramla qarşıladılar, türklərə məxsus armudu stəkanlarda çay gətirdilər. Sahibkarla xeyli söhbət etdik. Hacı müəllimin xəz dərili qara norka papağını hey tərifləyən dükan sahibi ayrılanda: bəlkə, onu mənə satasan – dedi. Təklif Hacı Həsənovun bərk xətrinə dəydi, ayağa durub ciddi tərzdə dedi:

– Əfəndim, bizlərdə qeyrət satılmır!...

Bu gün Hacı müəllimi unudulmaz xatirələrlə yad edən qohumları, yoldaşları və dostları nisgil içərisində deyirlər:

– Allah rəhmət eləsin, qəbri nurla dolsun!

 

 

Telman ƏLİYEV

 

Xalq qəzeti.- 2009.- 16 may.- S. 7.