Əlillərin qayğılarına diqqət artırılır

 

“Kaspian Plaza” otelinin konfrans zalında Beynəlmiləlçi Əlil Döyüşçülər Fondu Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Səhiyyədə ictimai nəzarət” layihəsinin icrası ilə bağlı mətbuat konfransı keçirmişdir.

Fondun rəhbəri, Əfqanıstan və Qarabağ müharibələri əlili Sərraf Orucov tədbiri açaraq demişdir ki, layihənin əsas məqsədi cəmiyyətin həssas sosial təbəqəsi sayılan əlillərin və sağlamlıq imkanları məhdud olan vətəndaşların sağlamlıqlarının bərpa edilməsi istiqamətində ictimai nəzarəti gücləndirməkdir. O demişdir ki, layihə çərçivəsində respublikada fəaliyyət göstərən 8 sosial yönümlü QHT-nin iştirakı ilə “Səhiyyədə İctimai Nəzarət Komissiyası” yaradılmış və bu barədə Səhiyyə və Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinə məlumat verilmişdir. Tədbirdə Əlil Təşkilatları İttifaqının prezidenti Davud Rəhimov, Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov, Respublika Diabet Liqasının rəhbəri Yeganə Sultanova, Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinin sədri Növrəstə Yusifli və başqaları çıxış edərək layihənin əhəmiyyətini vurğuladılar, əlillərin qarşılaşdıqları problemlərin həllinə cəmiyyətin daha geniş təbəqələrinin cəlb edilməsinin zəruri olduğunu bildirdilər.

 

 

M.HACIXANLI

 

Xalq qəzeti.- 2009.- 16 may.- S. 7.