18
May Beynəlxalq Muzeylər Günüdür
Yeni muzeyin unikal xidmətləri
Azərbaycanda muzey
işinin maraqlı tarixi vardır. Hələ XIX əsrin
sonlarında böyük yazıçı, “Molla Nəsrəddin”
satirik jurnalının banisi Cəlil Məmmədquluzadənin
işlədiyi Nehrəm kənd məktəbində muzey
yaratması barədə faktlar maraq doğurmaya bilməz. Həmin
yüzilliyin əvvəllərində isə Bakıda, Xalq Məktəbləri
Müdiriyyəti nəzdində “Pedaqoji muzey” fəaliyyət
göstərmişdir. Elə həmin illərdə
Ümumrusiya Texniki Cəmiyyətinin Bakı Şöbəsi
nəzdində qapalı muzey yaradılmış, burada
ayrı-ayrı mövzular üzrə eksponatlar (“Neft”,
“Şamaxı zəlzələsi” və s.) nümayiş
etdirilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti
dövründə (1918–1920) Bakı şəhərində
İstiqlal Muzeyi yaradılmışdır. Muzey Azərbaycan
parlamentinin binasında yerləşirdi...
Sonrakı illərdə
Azərbaycanda müxtəlif sahələri əhatə edən
onlarca yeni muzey yaradılmışdır. Milli mədəniyyətimizin
salnaməsi olan bu muzeylərin əksəriyyətinin meydana gəlməsində,
ümumiyyətlə, respublikada muzey işinin və
muzeyşünaslığın görünməmiş dərəcədə
təşəkkül tapmasında ümummilli liderimiz Heydər
Əliyevin misilsiz xidmətləri olmuşdur.
2008-ci il fevral
ayının 29-da Milli Aviasiya Akademiyası nəzdində
Mülki Aviasiya Muzeyinin təntənəli
açılışı oldu. Bu, nəinki
aviasiyamızın tarixində, həm də Azərbaycanın
muzeyşünaslıq tarixində nadir hadisə idi.
Yeni
muzeyin açılış lentini kəsən Milli Aviasiya
Akademiyasının rektoru, akademik Arif Paşayev mərasim
iştirakçıları, o cümlədən
dünyanın bir çox ölkəsindən gəlmiş
qonaqlar qarşısında çıxış edərkən
bu sözləri vurğuladı:
– Milli
aviasiyamızın tarixini əks etdirən muzeyin
yaradılmasını ümummilli liderimiz Heydər Əliyev
tövsiyə etmişdi. Kollektivin gərgin və səriştəli
əməyi sayəsində ulu öndərin arzusu qısa
zaman kəsiyində həyata keçdi...
Muzey əhatə etdiyi
sahənin parlaq aynası olmalıdır. Mülki Aviasiya
Muzeyinin ekspozisiyası da Azərbaycanda aviasiya sənayesinin
inkişaf yollarını, habelə milli aviatorlar nəslinin
keçdiyi mərhələləri parlaq şəkildə əks
etdirir. Ulu öndərimiz arzulayırdı ki, Mülki Aviasiya
Müzeyi ölkəmizin aviasiya tarixini araşdırıb tədqiq
etməkdə elmi mərkəzə , gənclər
üçün təlim-tərbiyə ocağına, hər
şeydən öncə, milli aviasiyanın
inkişafını təhlükəsizliyimizin təminatına
yönəldən təbliğat vasitəsinə
çevrilsin. Dahi insanın arzuları bu gün şərəflə
yerinə yetirilir.
Hələ XIX əsrdə
Azərbaycan mütəfəkkiri Abbasqulu ağa Bakıxanov
yazırdı: “Keçmişdən bixəbər olaraq bu
günlə yaşamaq yolsuz biyabana girib, məqsədsiz
dolanmağa bənzər”.
Görkəmli
tarixçi onu da deyirdi ki, tarixi məbədləri yaradan
insanlar tarixdə qalmağa və əbədi ehtirama layiqdirlər.
Bu sözlərə söykək olaraq, yeni unikal muzeyin
yaradıcılarından qısaca da olsa
danışmağı lazım bildim.
Şəmsəddin
Axundov ixtisasca jurnalist olsa da uzun illər dövlət
qulluğu vəzifələrində
çalışmış, Azərbaycanın mədəni
qurculuğunda fəal iştirak etmişdir. Respublika mədəniyyət
nazirinin müavini olduğu illərdə bilavasitə muzey
işinin təşkilinə və təşəkkülünə
rəhbərlik etmişdir. Lakin o vaxtlar heç ağlına
da gəlməzdi ki, ömrünün müdrik
çağında yeni bir muzeyin yaradıcısı və ilk
direktoru olacaq.
–
Biz hər şeyi sıfırdan başlamalı olduq, – deyə
Ş.Axundov həmin günləri belə xatırlayır: – 2005-ci ildə milli
aviasiya muzeyi yaratmaq ideyasını həyata keçirməyə
başlarkən nəinki muzey materialımız, heç daimi
oturaq yerimiz də yox idi. Bununla belə Milli Aviasiya
Akademiyası rəhbərliyinin tələbkarlığı,
köməyi və nüfuzu sayəsində işgüzar
şərait yarada bildik.
Azərbaycanın, habelə
Rusiyanın arxivlərindən, muzeylərindən, kino-foto
müəssələrindən, televiziya kanallarından “dən-dən”
materiallar, gələcək muzeyin eksponatlarını
toplayırdıq. Bu işin ləyaqətlə başa
çatdırılmasında bizə təmənnasız və
operativ köməklik göstərən təşkilatları
minnətdarlıq hissi ilə xatırlamaqla yanaşı,
azsaylı kollektivimizin gərgin zəhmətini də qeyd etməyə
bilmərəm...
İlk direktorun
xatırladığı çətin “material
yığımı” dövründən o qədər də
çox vaxt keçməyib. Lakin qısa vaxt ərzində
ölkəmizdə analoqu olmayan yeni bir mədəniyyət
ocağı yaradılaraq, xalqın istifadəsinə verilib.
Muzeyin
fond şöbəsinin müdiri Solmaz Məmmədova
görülən işləri rəqəmlərin dili ilə
belə ifadə edir:
–
Topladığımız muzey materiallarının sayına
görə ölkənin ən qocaman muzeyləri ilə
yarışa girə bilərik. İndi Mülki Aviasiya
Muzeyinin əsas və köməkçi fondlarında 6000- dən
çox nadir muzey materialı etibarlı şəraitdə
mühafizə olunur. Daim artan muzey sənədlərinin, təbliğat
materiallarının operativ surətdə qeydiyyatdan keçməsində,
kartoteka və mühafizə sisteminin təkmilləşdirilməsində
şöbənin əməkdaşı Fariz Vəkilovun, habelə
muzeyşünaslıq sahəsində ali təhsil
almış gənc əməkdaşlarımızdan Elnaz
Osmanovanın, Yeganə Muradovanın əməyini qeyd etmək
istəyirəm...
Ekspozisiya
şöbəsinin böyük elmi işçisi Mobil Mehdiyev
isə yeni muzeyin başqa bir “üstünlüyündən”
danışır:
– Tarixi xronologiya əsasında
tərtib olunmuş ekspozisiyada 10 bölmə üzrə 1174
eksponat nümayiş etdirilir. Muzeyimizin bir yaşı təzəcə
tamam olsa da indiyədək ekspozisiyamıza 3.000-dən
çox tamaşaçı baxmışdır. Bu sayda gənclərin
və yeniyetmələrin payı üstünlük təşkil
edir ki, bu da təsadüfi deyil. MAM bir qayda olaraq, məktəblilərə
pulsuz xidmət göstərir. Muzey əməkdaşlarının
məktəb kollektivləri ilə sıx əlaqə
yaratması nəticəsində ətraf qəsəbələrdə
yaşayan məktəblilərin aviasiyamızın tarixinə
marağı birəbeş artmışdır. Sabunçu
rayonundakı 80 saylı məktəb kollektivinin növbəli
surətdə dönə-dönə muzeyə gəlişi bu
marağın əyani sübutudur. Bir də onu demək istəyirəm
ki, uğurlu addımlarını atan MAM-ın daha
böyük nüfuz qazanması nadir eksponatların
tamaşaçılara yüksək səviyyədə təqdim
olunmasından asılıdır. Bu isə özüm də
daxil olmaqla şöbə əməkdaşlarının, ələlxüsus
ekspozisiya bələdçiləri olan Bella Quliyeva və Elnaz
Osmanovanın qarşısında yeni-yeni tələblər
qoyur...
Bu ilin aprel–may ayları
MAM əməkdaşları üçün gərgin
keçmişdir. Ümummilli liderimiz Heydər Əliyevin ad
günü qarşısında MAM öz fəaliyyətini
xeyli canlandırmışdır. Muzey ilk dəfə olaraq, səyyar
xidmətə başlamışdır. Videodiskə
köçürülmüş nadir eksponatlar
paytaxtımızın mərkəzində yerləşən
132 saylı məktəbdə nümayiş etdirilmişdir. Gənc
ekskursiyaçı Elnaz Osmanova videoslaydın müşayiəti
ilə “Azərbaycanın ilk aviatorları” mövzusunda
mühazirə oxumuş, aviasiyamıza dair suallara cavab
vermişdir. Axırda Üzeyir Hacıbəylinin “Aviatorlar
marşı” səsləndirilmişdir.
Dahi bəstəkarın
bu əsərini muzeyin direktoru Şəmsəddin Axundov arxiv “əsirliyindən”
çıxarmış, Musiqi Akademiyasının köməkliyi
ilə orkestrləşdirərək ona yeni həyat
vermişdir. “Aviatorlar marşı” hazırda muzeyimizin himni
kimi geniş ictimaiyyətə təqdim olunur... “Bu cümlələrin
müəllifi MAM-ın direktor müavini, necə deyərlər,
kollektivin ”ağır artilleriyası" sayılan peşəkar
muzeyşünas Firəngiz Hüseynovadır. O, uzun illər
Azərbaycan Xalçaçılıq və Xalq Tətbiqi Sənəti
Muzeyində çalışmış, milli sənətçilərimizin
liderlərindən olan Lətif Kərimovun məktəbini
keçmişdir. Yeni iş yerində isə ağır
yükün daşıyıcılarından olmuşdur.
F.Hüseynova
sözünə davam edərək deyir:
– Tədbirlər
planımız olduqca zəngindir. Biz gənc nəslə təmənnasız
və səyyar xidmətlərin miqyasını genişləndirmək,
bölgələrdə “Aviasiya tariximizdən seçmələr”
adlı səyyar sərgilər nümayiş etdirmək istəyirik.
Bunlarla yanaşı, gündəlikdə duran ən vacib
işimiz təqvimə düşən tarixi günlərlə
bağlı tədbirlər keçirmək, bu tədbirlərə
tamaşaçı cəlb etməkdir. Təkcə may
ayında belə tədbirlərin sayı beşi adlayacaq...
Firəngiz xanım yeni
muzeyin adının yazılışında yol verilən
“ikili standarta” da aydınlıq gətirdi:
– Doğrudur, 2005-ci ildə
çap etdirdiyimiz bukletdə muzeyi “Mülki Aviasiya Tarixi
Muzeyi” kimi təqdim etmişdik. O zaman yeni muzeyin yaranması
prosesi gedirdi və ilkin sənədlərdə bu cür
yazılırdı. Lakin 2008-ci ilin fevralında, muzeyin rəsmi
açılışı ərəfəsində rəhbərlik
tərəfindən qərara alındı ki, yeni mədəniyyət
ocağı “Mülki Aviasiya Muzeyi” adlandırılsın...
Bu günlər Mülki
Aviasiya Muzeyinə gələnlər daha bir yeniliyin şahidi
olurlar. Dağlıq Qarabağın, onun tacı olan
Şuşa şəhərinin tarixindən, yüksəliş
illərindən və erməni işğalına məruz
qalmasından bəhs edən videoslayd tamaşaçılara təqdim
olunur. Kompozisiyada tarixi sənədlər, vilayətin xoş və
bəlalı günlərini əks etdirən fotolar,
ümumilikdə yüzdən çox eksponat nümayiş
etdirilir.
Sənədlərdən
aydın olur ki, ilk erməni ailələri Qarabağa on
doqquzuncu əsrin birinci yarısında
köçürülmüşdür. Həmin yüzillikdə
uzunmüddətli Rusiya–İran müharibəsi Azərbaycan ərazilərinin
iki yerə bölünməsi ilə nəticələnmişdir.
Məhz bu dövrdə ermənilərin cənubdan şimala
böyük köçü başlamışdır.
Çar Rusiyasının məkrli siyasəti nəticəsində
İrandan və Türkiyədən köçürülən
on minlərlə erməni ailəsi Azərbaycanın tarixi ərazilərində,
əsasən də Qarabağda yerləşdirilmişdir. Ermənilər
bu yerlərə gəlişləri ilə həm də xislətlərində
olan xəyanət toxumunu gətirmişlər...
Yeni videoslaydda erməni
namərdliyini aşkarlayan yazılı və təsviri sənədlər,
o cümlədən erməni mənşəli şəxsiyyətlərin
öz xislətlərini ifadə edən fikirləri
toplanmışdır. Rus şairi Aleksandr Puşkinin “Sən
qorxaqsan, sən köləsən, sən ermənisən!”
misrası ilə yanaşı, akademik M. Abeqyanın belə
bir fikri də diqqəti çəkir: “Erməni dili hibrid
(calaq) dildir. O biri yandan erməni qəbiləsi də
hibriddir”. Yaxud “Erməni tarixi”nin (Paris, 1919) müəllifi
Haykazyan belə yazır: “İlk erməni sülaləsinin
başçısı tarixdə olmayıb, o,
nağıllardan götürülmüş uydurma şəxsiyyətdir.
Movses Xorenatsi özü də saxtakar bir tarixçidir”.
Sonda Azərbaycanın
muzeylər şəbəkəsində özünəməxsus
yeri olan, gənc nəslin vətənpərvərlik tərbiyəsində
mühüm rol oynayan MAM əməkdaşlarını Beynəlxalq
Muzeylər Günü münasibəti ilə təbrik edir və
bir daha onun ünvanını xatırladırıq: Mülki
Aviasiya Muzeyi Bakının Binə qəsəbəsində
yerləşən Milli Aviasiya Akademiyasının
“yaşıl şəhərciyində” müasir dəbdə
tikilmiş 4 nömrəli korpusun 1-ci mərtəbəsində,
254,88 kvadratmetrlik sahədə qərar tutur. Qapıları isə
hər vaxt tamaşaçıların üzünə
açıqdır.
Yusif KƏRİMOV,
yazıçı-publisist
Xalq qəzeti.- 2009.- 17 may.- S. 4.