Laçının işğalından 17 il ötür

 

Laçın ürəklərdə və əməllərdə yaşayır

 

Laçın rayonu Azərbaycan Respublikasının cənub-qərbində yerləşir. Şimaldan Kəlbəcər rayonu, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, cənubdan Qubadlı rayonu, qərbdən isə Ermənistan Respublikası ilə həmsərhəddir. Ərazisi 1835 kvadratmetrdir. Rayonda 1 şəhər, 1 qəsəbə, 125 kənd vardır.

Azərbaycan tarixinə qara səhifə kimi daxil olmuş Laçının işğalı bütün laçınlıların qəlbində acı xatirəyə çevrilmişdir. Düz 17 ildir ki, respublikamızın 59 şəhər və rayonuna səpələnmiş laçınlılar yurd həsrəti, Vətən niskili ilə yaşayırlar. Dostlar üçün gözəlliklər diyarı, düşmənlər üçün açıla bilməyən “qara qapı” adlandırılan Laçın indi yadlara, yağılara yaylaq olub.

Laçın rayonu tarixinə, təbiətinə, qəhrəmanlıq ənənəsinə görə həmişə respublikamızda sayılan, seçilən bölgə kimi tanınıb. Lakin iş elə gətirib ki, biz bugünkü acı həqiqəti yaşamağa məhkum olmuşuq. Aydındır ki, Azərbaycan torpaqlarının 20 faizini, habelə, keçən əsrlərdə itirilən torpaqları ermənilər himayədarlarının köməyi ilə ələ keçirmişlər.

Həmişə tarixi çevrilişlərdən, siyasi dəyişiklikdən məharətlə faydalanan ermənilər SSRİ-nin zəifləməsindən də istifadə edərək, 1988-ci ilin fevralında daha bir ədalətsiz iddia qaldırdılar. Bu zəmində Ermənistanın Dağlıq Qarabağı Azərbaycandan zorla qoparmaq üçün Azərbaycana qarşı başladığı müharibə ölkəmizdə ictimai-siyasi vəziyyəti daha da ağırlaşdırdı. Dağlıq Qarabağda Ermənistandan, Livandan, Suriyadan və digər ölkələrdən erməni diasporunun maliyyə yardımı ilə gətirilmiş silahlı dəstələr Şuşa rayonunun ermənilər yaşayan Qvaladərəsi, Böyükkənd, Onverst kəndlərində yerləşdirildi. 1991-ci ilin noyabrında Laçın–Şuşa yolunun Qaladərəsi ərazisində jurnalist Salatın Əsgərova və iki nəfər hərbçi məhz həmin silahlı dəstələr tərəfindən vəhşicəsinə qətlə yetirildi.

Laçın rayonunun Ermənistanla sərhəd kəndləri vaxtaşırı erməni silahlılarının hücumuna məruz qalsa da, əhali öz doğma torpağını mərdliklə müdafiə edirdi. Coğrafi mövqeyinə görə Dağlıq Qarabağla Ermənistan arasında yerləşən Laçın ölkədə yaranmış bu mürəkkəb ictimai-siyasi prosesin ən qaynar nöqtəsinə çevrildi. Şanlı qəhrəmanlıq tarixinə söykənən laçınlılar 2 cəbhədə – həm Ermənistanla, həm də Dağlıq Qarabağdakı erməni silahlı qüvvələri ilə mübarizə aparmaq məcburiyyətində qaldılar.

Azərbaycan xalqı dövlət müstəqilliyimizi 20 Yanvar şəhidlərinin, Qarabağ müharibəsində itirdiyimiz 20 min soydaşımızın qanı ilə almışdır. Biz laçınlılar isə müstəqilliyimiz və ərazi bütövlüyümüz yolunda 300 nəfərdən çox qardaş və bacımızı, müqəddəs torpağımızı itirmişik.

İllər keçsə də hər kəsi belə bir sual düşündürür: Laçın nə üçün müdafiə oluna bilmədi? 1905-ci və 1918-ci illərdə Laçın ermənilərə məğlub olmamışdı. Bəs 1992-ci ildə niyə ulu yurd yerlərimizi qoruya bilmədik?

1918–1920-ci illərdə də ermənilər Bakıdan Naxçıvana qədər Azərbaycan torpaqlarında “Dənizdən dənizə Böyük Ermənistan” yaratmaq istəyirdilər. Lakin o vaxt mərkəzi Şuşa şəhəri olmaqla Qarabağ qubernatorluğuna rəhbərlik edən Azərbaycan Demokratik Cümhuriyyətinin ilk nazirlərindən biri həmyerlimiz Xosrov bəy Sultanovun rəhbərliyi ilə igid babalarımız Qarabağda ermənilərə layiqli cavab vermişdilər. Azərbaycan milli ordusunun 40 minlik ordusunun Qarabağa göndərilməsi, Laçında isə Sultan bəyin rəhbərliyi ilə xalqın möhkəm birliyinin olması 1918–1920-ci illərdə torpaqlarımızı erməni təcavüzündən qorumuşdu. Ermənilər Zabux dərəsində laçınlılardan aldığı ağır zərbədən məğlub olmuş, “Qanlı dərə” və “Tat dərəsi” əməliyyatını nəsil-nəsil xatırlayaraq azərbaycanlılardan çəkinmişdilər. Biz bu gün ulu babalarımızın bu qəhrəmanlığı qarşısında baş əyməklə, tarixdən dərs almalıyıq.

Qarabağ müharibəsində 267 nəfər övladı şəhidlik zirvəsinə yüksələn, 5 nəfəri Milli Qəhrəman adına, 4 nəfəri isə “Azərbaycan bayrağı” ordeninə layiq görülən Laçın düşmən qarşısında alınmaz qalaya çevrilmişdi.

Lakin tarix göstərir ki, Şuşanın, Qarabağın müdafiəsi olmadan Laçını ikitərəfli hücumdan qorumaq olmazdı. Laçın Azərbaycanda siyasi böhranın, hakimiyyətsizliyin, AXC – Müsavat cütlüyünün hakimiyyət hərisliyinin qurbanı oldu. Laçını azad etmək üçün 1992-1993-cü illərdə ikinci dəfə cəhd edilsə də 1993-cü il aprelin 3-də Kəlbəcərin süqutu bu işi çətinləşdirdi. O vaxtkı hakimiyyət hərislərinin xəyanəti Laçını azad etmək imkanlarından məhrum etdi.

Laçının süqutu doğma Azərbaycanımızın 1835 kvadratmetr ərazisinin 13745 fərdi yaşayış evinin, 48 sənaye, 63 kənd təsərrüfatı obyektinin, 101 məktəbin, 5 məktəbdənkənar, 2 məktəbəqədər müəssisənin, 142 səhiyyə, 217 mədəni-maarif, 460 ticarət obyektinin, 30 rabitə qovşağı, peşə məktəbi, xalq teatrı, tarix-diyarşünaslıq muzeyinin itirilməsi, on minlərlə ailənin faciəsi ilə nəticələndi. Ümumi ziyan 7,1 milyard ABŞ dollarına bərabərdir. Rayonda 1992-ci ildə olan 58227 nəfər əhali respublikanın 59 rayon və şəhərində məskunlaşmışdır. Qarabağ müharibəsində 66 nəfər girov düşmüş, 105 nəfər əlil olmuşdur. 1500 nəfərdən çox laçınlı müharibədə hərbçi kimi döyüşmüşdür.

Torpaq, müqəddəs ata-baba yurdlarının itkisi ilə üzləşən laçınlılar AXC – Müsavat cütlüyünün hakimiyyəti dövründə xaos, qarşıdurma, özbaşınalıq, aclıq və səfalətdən əziyyət çəkirdilər. Məcburi köçkünlər yaşamaq ümidini itirmişdilər. Şükürlər olsun ki, 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün bu bəlalara son qoyuldu. Ölkə parçalanmaq təhlükəsindən xilas oldu, vətəndaş müharibəsi qorxusu aradan qaldırıldı. Qanunsuz silahlı qüvvələr ləğv edildi, ölkəmizdə ictimai-siyasi sabitlik bərqərar oldu.

1994-cü ildə ölkədə çörək qıtlığının olduğu bir vaxtda ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Taxtakörpü ərazisində məskunlaşmış məcburi köçkünlər üçün 800 ton əvəzsiz buğda toxumu verilməsi bu gün də rayon sakinləri tərəfindən böyük minnətdarlıqla xatırlanır.

Torpaqlarından didərgin düşmüş vətəndaşların güzəranının yaxşılaşdırılması ümummilli lider Heydər Əliyevin hakimiyyəti dövründə bir nömrəli problem kimi diqqət mərkəzində olmuşdur. Həmin kurs bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə Prezidentinin laçınlılara göstərdiyi yüksək diqqət və qayğının nəticəsi olaraq, Taxtakörpü qəsəbəsində və məcburi köçkünlərimizin sıx məskunlaşdığı digər ərazilərdə genişmiqyaslı tikinti-quraşdırma, abadlıq işləri görülmüşdür.

Azərbaycan Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli sərəncamı ilə “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Bu proqrama uyğun olaraq, Ağcabədi, Bərdə, Saatlı və Sabirabad rayonlarında çadır şəhərciklərində məskunlaşmış 58 laçınlı məcburi köçkün ailəsi üçün Taxtakörpü ərazisində bütün sosial infrastruktura malik iki qəsəbə salınmışdır. Bundan başqa, Bakı, Sumqayıt şəhərlərində və respublikanın müxtəlif rayonlarında laçınlı məcburi köçkünlərin məskunlaşdığı 50- dək yataqxana, sanatoriya, pansionat və digər ictimai binalarda əsaslı və cari təmir işləri aparılmışdır.

“Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması üzrə Dövlət Proqramı”na edilmiş əlavələrdə laçınlı məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə bir sıra əsaslı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. 2009–2011-ci illərdə Taxtakörpüdə və respublikanın digər ərazilərində fin tipli quraşdırma evlərdə məskunlaşmış 880, məktəb binalarında məskunlaşmış 87, həmçinin Taxtakörpü ərazisindəki qamış-daxal evlərdə və yeraltı qazmalarda məskunlaşmış 3400 laçınlı məcburi köçkün ailəsi üçün yeni qəsəbələrin salınması nəzərdə tutulmuşdur. Proqramın müvafiq bəndinə uyğun olaraq, “Kapital Bank” ASC-nin Laçın filialının fəaliyyətinin bərpa olunması məqsədilə Taxtakörpü qəsəbəsində yeni inzibati bina tikilmişdir.

Rayonun bütün icra strukturlarının fəaliyyət göstərdiyi Taxtakörpü qəsəbəsində son bir neçə il ərzində Rayon icra hakimiyyəti, Yeni Azərbaycan Partiyasının Laçın rayon təşkilatı, Suvarma Sistemləri İdarəsi, 121 saylı Laçın dairə seçki komissiyası, rabitə qovşağı üçün yeni inzibati binalar, 350 yerlik mədəniyyət sarayı tikilmişdir. 256 nömrə tutumlu EATS quraşdırılaraq məcburi köçkünlərin istifadəsinə verilmişdir. Taxtakörpü ərazisindəki Hacılar, Ərdəşəvi, Alxaslı, Qarıqışlaq və Malıbəy obalarında 4 nömrə tutumlu peyk telefon rabitəsi stansiyası quraşdırılmışdır. Bu obalarda icra nümayəndəliyi, xəstəxana və məktəb binalarına telefon xətti çəkilmişdir.

Hazırda Taxtakörpü qəsəbəsində sosial müdafiə və məşğulluq mərkəzləri, Dövlət Sosial Müdafiə Fondunun Laçın rayon şöbəsi üçün yeni inzibati binaların, kiçik idman meydançasının tikintisinə başlanılmışdır.

Taxtakörpü qəsəbəsində 2 hektar ərazidə park salınmış, burada 1600-dən çox ağac və gül kolları əkilmişdir. Rayon icra hakimiyyəti başçısının sərəncamı ilə həmin parka “Heydər parkı” adı verilmişdir. Bundan əlavə rayon icra hakimiyyətinin inzibati binası qarşısında ümummilli lider Heydər Əliyevin büstü qoyulmuş, Azərbaycan Respublikasının dövlət bayrağı üçün 21 metr hündürlüyündə qüllə quraşdırılmışdır.

2008-ci ildə Əzizbəyov rayonunun Binə qəsəbəsində fəaliyyət göstərən 46 saylı orta məktəb üçün yeni bina tikilmiş, 1 saylı Vağazin orta məktəbi üçün tikilən yeni binanın isə bu günlərdə açılışı olmuşdur. 17 il məcburi köçkünlük həyatı yaşamalarına baxmayaraq laçınlı qürurunu hər kəs şərəflə qoruyub saxlayır, dövlətə, dövlətçiliyə, Heydər Əliyev siyasi xəttinə, bu xətti uğurla davam etdirən Prezident İlham Əliyevə sadiqliyini əməli işlərlə sübuta yetirir. Məcburi köçkünlük şəraitinə baxmayaraq, Laçın rayonu yaşayır, əhali ən yaxşı ənənələrini yaşadır. Ölkə rəhbərliyinin hər bir insanın problemlərinə həssas münasibəti, onların həllinə ardıcıl köməklik etməsi adamların gələcəyə olan inamını artırır. Rayon əhalisinin məskunlaşdığı 84 obada, eləcə də respublikanın 59 rayon və şəhərində məskunlaşmış köçkünlərlə mütəmadi görüşlər keçirilir, onların sosial-iqtisadi problemləri yerindəcə həll edilir.

Laçınlıların yaddaşına həkk olan tarixi günlərdən biri də 21 fevral 2009-cu ildir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həmin tarixli sərəncamı ilə Laçın şəhərinin 85 illiyinin dövlət səviyyəsində qeyd edilməsi biz laçınlıları bir daha əmin etdi ki, torpaqlarımız tezliklə işğalçılardan azad olunacaq. Bu sərəncama uyğun olaraq, müxtəlif tədbirlər keçirilmiş, yubiley əsl vətənpərvərlik, yurdsevərlik bayramına çevrilmirşdir. Laçın haqqında sənədli film çəkilmiş, fotoalbom hazırlanaraq vətən həsrətli laçınlılara hədiyyə edilmişdir.

Məcburi köçkünlərin tezliklə öz doğma yurdlarına dönəcəklərinə inam hissini bütün dünyaya bəyan etmək baxımından bu yubileyin təntənə irlə keçirilməsi ciddi bir aksiya oldu, yüksək əhval-ruhiyyə yaratdı. Bu tədbir Laçında erməniləri zorla məskunlaşdıran erməni separatçılarına da sərt bir xəbərdarlıq oldu.

Bütün Azərbaycan xalqı kimi laçınlılar da inanır ki, Prezident İlham Əliyevin uzaqgörən siyasəti və səmərəli fəaliyyəti nəticəsində bir nömrəli problemimiz olan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın milli mənafeyinə uyğun həll olunacaq, doğma torpaqlarımız erməni işğalçılarından azad ediləcəkdir.

 

 

Ramiz CƏBRAYILOV,

Laçın Rayon İcra Hakimiyyətinin başçısı

 

Xalq qəzeti.- 2009.- 17 may.- S. 7.