Şəhərlərin
də gözəli, yaraşıqsızı olur. Son illər
şəhər və kəndlərimiz, sanki gözəllik
yarışmasına çıxıblar. Hamısı bəzənib-düzənir,
özünə sığal verir.
Tovuz şəhəri bu
gün elə tovuz quşunun özü qədər gözəldir.
Şəhərlərin, onlarla birlikdə isə ölkəmizin
get-gedə yüksəlişi isə təsadüfi deyil. Şəhər
və rayonlarımızın icra nümayəndəlikləri
nəzərdə tutulan və həyata keçirilən
dövlət proqramlarının uğurunun təmin
olunması üçün var qüvvə ilə
çalışırlar. Dövlət
başçımızın rayonlarla sıx təmasda
olması isə bu əzmkarlığı daha da
artırır.Ötən il respublika Prezidentinin rayona gəlməsi,
nailiyyətlərlə tanış olması və yeni vəzifələr
irəli sürməsi tovuzluların səfərbərliyini
daha da artırmışdır.
Təkcə ötən
ildə Tovuzda Heydər Əliyev Muzeyi, “Olimpiya şəhərciyi”ndə
“Olimpiya zirvəsi”, karvansara tipli “Qala”, şəhərin mərkəzi
meydanında musiqili fəvvarə kompleksi, Qarabağ müharibəsi
əlilləri və şəhid ailələri
üçün 36 mənzilli yaşayış binası,
Tovuz çayı üzərində avtomobil
körpüsü, “İpək yolu”nun Tovuz–Xatınlı və
Tovuz-Əlimərdanlı avtomobil yolları ilə kəsişməsində
2 ədəd körpü, “Texnikabank”ın Tovuz
filialının, Aşağı Quşçu kəndində
şadlıq evi tikilib istifadəyə verilmişdir. Hələ
tikintisi davam etdirilən sahələr vardır.
Hər şey yoldan
başlayır. Tovuzda yolların təmiri ilə bağlı
xeyli iş görülmüşdür. 60 km uzunluğunda
Tovuz-Böyük Qışlaq-Qaralar avtomobil yolunda və həmin
magistralda Səfərli-Göyəbaxan yolunun 1 km hissəsində
genişləndirmə və hamarlama işləri
aparılmışdır. Həmin yolun üstündə olan
Qaradaş və Qonaqlı avtomobil yollarında körpülər
bərpa edilmiş, bir neçə su keçidi
açılmışdır. Qəsəbə və kənd
yolları da diqqətdən kənarda qalmamışdır.
Şəhərlərin
gözəlliyini parklar, yaşıllıqlar artırır. Tovuzda
şəhər istirahət parkı müasir üslubda yenidən
qurulmuş, Tovuz çayı sahilindəki yeni şəhərətrafı
parkda abadlıq işlərinə başlanmışdır. Heydər
Əliyev meydanında aparılan yenidənqurma işləri
buranın görkəmini əsaslı şəkildə dəyişdirmişdir.
“Azərbaycan
Respublikası regionlarının sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nda (2004-2008-ci illər) nəzərdə
tutulmuş ardıcıl və məqsədyönlü tədbirlərin
həyata keçirilməsi nəticəsində 2008-ci ildə
rayon üzrə 1059 yeni iş yeri
açılmışdır. Onlardan 76-sı yeni
yaradılmış müəssisə və təşkilatlarda,
41-i mövcud müəssisə və təşkilatlarda,
772-si fiziki şəxslərdə, 170-i digər tədbirlər
üzrə açılmış iş yerləridir.
Tovuzun sənaye
potensialı böyükdür. Buna görə də şəhərin
rəhbərliyi ondan yetərincə istifadə edilməsi
üçün tədbirlər işləyib həyata
keçirir. Artıq rayonda sutkada 20 ton süd emal edən
zavodun tikintisinə başlanılmışdır. Bu zavodun
işə düşməsi ilə 3000 nəfərə qədər
insanın işlə təmin olunmsı reallaşacaqdır. Bu
yaxınlarda Tovuz rayonunda əvvəllər mövcud olmuş
tikiş fabrikinin yenidən bərpa olunması
üçün iş adamları ilə razılağa gəlinmişdir.
Hazırda fabrikin işə salınması ilə
bağlı tədbirlər həyata keçirilir. Rayonda
konserv zavodunun tikilməsi də nəzərdə
tutulmuşdur.Artıq iş adamları ilə bu istiqamətdə
söhbətlər aparılır.
Ötən il
bütün mülkiyyət formalarından olan müəssisə,
təşkilat və vətəndaşlar tərəfindən
iqtisadiyyatın və sosial sahənin inkişafına 40 milyon
manatdan çox və ya əvvəlki ilin müvafiq
dövrünün səviyyəsindən 2,1 dəfə
çox investisiya əsas kapitala yönəldilmişdir.
Ölkəmizin
bütün bölgələrində olduğu kimi, Tovuz
rayonunda da aqrar islahatlar öz iqtisadi səmərəsini
vermişdir. Tovuzlular ölkənin ərzaq təhlükəsizliyinin
təmin olunması yolunda layiqincə
çalışırlar. Ötən il uğurla aparılan
işlərin nəticəsidir ki, rayonun kənd təsərrüfatı
sektorunda əhəmiyyətli irəliləyişlərə
nail olunmuşdur. Aqrar sahənin başlıca bölməsindən
olan heyvandarlıq məhsulları istehsalında irəliləyişlər
əldə edilmişdir.
Bitkiçilik məhsullarının
istehsalında da nailiyyətlər qazanılmışdır. Bu
işdə kənd təsərrüfatı məhsulları
istehsalçılarına dövlət tərəfindən
maliyyə dəstəyinin yeni mexanizminin tətbiq olunması əhəmiyyətli
rol oynamışdır. Ölkə
başçısının sərəncamına əsasən,
2008-ci ilin dövlət büdcəsindən vəsait ayrılması
hesabına ötən il Tovuzda 17033 nəfər fiziki şəxsə
əkin sahəsinin becərilməsində istifadə
edilmiş yanacaq və motor yağlarına, mineral gübrələrin
güzəştlə satılmasına, buğda
istehsalçılarına səpilən hər hektar sahəyə
görə yardım verilmişdir. Kənd əməkçilərinə
edilmiş bu yardımın təzahürü olaraq əvvəlki
ilə nisbətən əkilən sahələr xeyli
artmışdır.
Vaxt var idi ki, Tovuz rayonu
üzüm istehsalı və emalı sahəsində
respublikada qabaqcıl mövqelərdə dururdu. Üzümçülüyün
tənəzzülü uzun müddət bu sahəni geridə
qoydu. İndi həm üzüm istehsalı, həm də
üzümün emal sənayesinin inkişaf etdirilməsi sahəsində
rayonda potensial imkanlar vardır. Hazırda bu sahəyə
investisiyaların cəlb edilməsi istiqamətində məqsədyönlü
işlər aparılır.
Rayonun təhsil müəssisələri
də diqqətdən kənarda qalmır. Aşağı
Ayıblı, Çobansığnaq, Hacallı kəndlərində
məktəb binaları tikilib istifadəyə verilmiş, yeni
avadanlıqlarla təchiz edilmişdir. Ağbaşlar,Əhmədabad,
Azaflı kəndlərində məktəb binalarının
tikintisi isə davam etdirilir. Bunlardan əlavə şəhər
və kənd məktəblərində əsaslı və
cari təmir işləri aparılmışdır.
Rabitənin, nəqliyyatın
inkişafı sahəsində xeyli uğurlar
qazanılmışdır. 2008-ci ildə rayonda əhaliyə
821 ədəd yeni telefon xətti çəkilmişdir. İl
ərzində rayonun dağlıq zonasının bir çox kəndi
peyk rabitəsi vasitəsilə telefonlaşmışdır.
Tovuzdan beynəlxalq əhəmiyyətli
nəqliyyat-kommunikasiya xətlərinin keçməsi rayon
iqtisadiyyatının, o cümlədən nəqliyyat sektorunun
inkişafına mühüm təsir göstərir. Rayonun
coğrafi mövqeyi ilk növbədə burada avtomobil nəqliyyatı
fəaliyyətinin aparıcı olmasına və
inkişafına zəmin yaratmışdır. 2008-ci ildə
rayon üzrə hər 100 ailəyə 25 minik avtomobili
düşür. 2007-ci illə müqayisədə bu göstərici
4,4 faiz artmışdır.
Əhaliyə göstərilən
ticarət xidmətinin səviyyəsi xeyli yüksəlmişdir.
2009-cu ilin əvvəlinə olan hesablamalara görə, Tovuz
rayonu üzrə 209 ticarət müəssisəsi qeydiyyatdan
keçmişdir. Xüsusi mülkiyyətə əsaslanan 488
yerlik 2 bazar əhaliyə xidmət göstərmişdir.
Ümumiyyətlə, rayonda qeydiyyatdan keçən 4495 nəfər
fiziki şəxsdən 3020-si ticarətlə məşğul
olur.Prezident İlham Əliyevin bazar iqtisadiyyatı prinsiplərinə
əsaslanan iqtisadi siyasətinin əsas istiqamətlərindən
biri kimi sosial məsələlərin həllinə xüsusi
diqqət yetirilir.
Təhsil xalqın gələcəyini,
inkişaf perspektivlərini müəyyən edən ən
başlıca sahədir. Məhz buna görə də
xalqımızın dünəni, bu günü və daha
çox sabahı olan təhsilin keyfiyyətinin dünya
standartları səviyyəsinə qaldırılmasına
xüsusi fikir verilir. Bu sahə dövlətimizin siyasətində
prioritet istiqamətlərdəndir. 2008-ci ildə rayonun
ümumtəhsil məktəblərində tədrisin keyfiyyətinin
yüksəldilməsi istiqamətində bir çox işlər
görülmüşdür. N.Tusi adına Tovuz şəhər
orta məktəbi “İlin ən yaxşı məktəbi”, həmin
məktəbin riyaziyyat müəllimi, respublikanın əməkdar
müəllimi Nizami Abdullayev, M.Ələkbərov adına
şəhər orta məktəbinin riyaziyyat müəllimi,
respublikanın əməkdar müəllimi Fazil Məhərrəmov
və Çobansığnaq kənd orta məktəbinin
müəllimi, respublikanın əməkdar müəllimi
Talıb Mahmudov “İlin ən yaxşı müəllimi”
adına layiq görülmüşlər.
2008-ci ildə
respublikanın ali məktəblərinə qəbul olunmaq
üçün ərizə vermiş 1071 nəfər orta məktəb
məzunundan 323 nəfəri ali məktəblərə, 167 nəfəri
isə orta ixtisas məktəblərinə qəbul
olunmuşlar. Qəbul olunanlardan 45 nəfəri 500-dən
yuxarı, 12 nəfəri 600-dən yuxarı bal
toplamışlar.
Bu yaxınlarda rayon təhsilində
xüsusi göstəriciləri olan müəllimlərlə
rayon rəhbərliyinin görüşündə ali məktəblərə
qəbulun nəticələrinin daha da yüksəldilməsi
istiqamətində bir sıra təkliflər verilmiş və
şagirdlərin test vərdişlərinə daha mükəmməl
yiyələnmələrini təmin etmək üçün
təkcə buraxılış siniflərində deyil, digər
siniflərdə də məktəbdaxili sınaq test
imtahanlarının keçirilməsi qərara
alınmışdır. Bu məsələ rayonun
bütün məktəblərinin pedaqoji şuralarında
müzakirə edilmiş və testlərin keçirilməsi
üçün texniki hazırlıq işlərinə
başlanılmışdır.
Rayonda təhsil müəssisələrində
kadrların seçilib yerləşdirilməsi sahəsində
aparılan işin qənaətbəxş olmasının nəticəsidir
ki, tədris müəssisələri kifayət qədər
pedaqoji kadrla təmin edilmişdir. Öz işinin öhdəsindən
layiqincə gələn, müəllimlik peşəsini dərindən
mənimsəyən pedaqoji kadrlarımız çoxdur. Bununla
belə, kadrlarla aparılan işdə yol verilən bir
sıra nöqsanlar var ki, bu da bu sahədə məqsədyönlü
və ardıcıl işin davam etdirilməsini zəruri edir.
2008-ci ildə rayonda mədəniyyət
və turizm sahəsində xeyli işlər
görülmüşdür. Bir sıra mədəniyyət
müəssisəsində cari təmir işləri
aparılmışdır. Keçən il bir sıra
ümumrayon və respublika səviyyəli tədbirlərin musiqi
proqramları yüksək zövqlə hazırlanıb həyata
keçirilmişdir. Rayon mədəniyyət evi nəzdində
uşaqlardan ibarət rəqs qrupu yaradılmış və
Tovuzun ənənəvi “Aşıqlar xoru” bərpa
edilmişdir. Fərəhləndirici haldır ki, uşaqlardan
ibarət rəqs qrupu bu ilin may ayında Türkiyədə
keçiriləcək türk xalqlarının folklor
müsabiqəsində iştirak etmək üçün dəvət
almışdır.
Futbolun və digər
idman növlərinin inkişafı sahəsində də
rayonda görülən işləri qənaətbəxş
hesab etmək olar. Yaşayış məntəqələrində
yaradılmış 32 məhəlli mini idman
meydançasından səmərəli şəkildə
istifadə etməklə idmanın kütləviliyi təmin
edilir. Qızlar arasında voleybol oyunlarının
keçirilməsinə xüsusi diqqət verilir. Hazırda
rayonun voleybolçu qızlardan ibarət komandası birinci
liqada Azərbaycan çempionatında iştirak edir.
Güclü dövlət
qurmaq üçün vətənpərvər gənclər
yetişdirməliyik. Yeniyetmə və gənclərin vətənpərvərlik
klubları bu məqsədlə yaradılmışdır. Onlar
hərbi xidmətə həvəsləndirmə məqsədilə
mədəni-kütləvi tədbirlər keçirir.
İstedadlı və yaradıcı gənclər müəyyənləşdirilərək
maraq dairələri üzrə məşğələ və
klublara cəlb edilir, “İstedadlar sorağında” devizi
altında yaradıcılıq müsabiqələri təşkil
olunur.
2008-ci ildə əhalinin
sosial müdafiəsi sahəsində bir sıra işlər
görülmüşdür. Ədalət prinsipini təmin
etmək üçün yerli icra nümayəndələrinin
rəhbərliyi ilə komissiyalar yaradılaraq sosial müdafiəyə
ehtiyacı olan insanlar müəyyənləşdirilmişdir.
2008-ci ildə 3408 ailəyə ayda 296.960 manatlıq
ünvanlı sosial yardım təşkil edilmişdir. Rayonda
yaşayan aztəminatlı ailələrə və əlillərə
maddi yardım göstərilmişdir. Əlamətdar günlər
ərəfəsində və digər zəruri hallarda 125 nəfər
aztəminatlı və əlil vətəndaşlara 1990 manat
məbləğində maddi yardım göstərilmişdir.
Rayonda istehlak olunmuş
elektrik enerjisinin, təbii qazın və içməli suyun
haqqının əhali tərəfindən ödənilməsinin
səviyyəsi yüksəlib. Hazırda Tovuzda elektrik
enerjisinin verilməsi ilə bağlı heç bir problem
yoxdur, qısa texniki xətalar nəzərə alınmasa
rayon əhalisi 24 saat elektrik enerjisi ilə təmin edilir. Rayonun
sərhəd kəndləri olan Əlibəyli, Hacallı və
Mülkülü kəndlərinə, bundan başqa Cəlilli,
Aşağı Mülkülü, Bayramlı, Məşədilər
kəndlərinə təbii qaz yanacağı verilmişdir. Xatınlı,
Cilovdarlı, Qədirli və Əlimərdanlı kəndlərindəki
qaz xətlərində təmir işləri aparılır, həmin
kəndlərə də qaz yanacağının verilməsi təmin
ediləcəkdir.
Tovuzda idarəetmənin
keyfiyyətinin yaxşılaşdırılması icra
orqanlarının və bələdiyyələrin
mühüm vəzifələrindəndir. Şəhər, qəsəbə
və kənd bələdiyyələri milli assosiasiyaların
yaradılmasında yaxından iştirak edirlər. Keçən
il “Azərbaycanda yerli demokratiya həftəsi” çərçivəsində
keçirilən tədbirlərdə Tovuz, Qovlar və
Aşağı Ayıblı bələdiyyələri fərqləndilər.
Bu tədbirlər əhali ilə bələdiyyə
orqanlarının əlaqələrinin möhkəmləndirilməsi
işinə müsbət təsir göstərir.
Azərbaycan
xalqının ümummilli lideri Heydər Əliyevin həyat və
mübarizəsinin daha dərindən öyrənmək, onunla
ünsiyyətdə olmuş, birgə işləmiş
görkəmli şəxslərin xatirəsini toplamaq, rayonun
idarə, müəssisə və təşkilatlarında
onların görüşlərini keçirmək, Heydər Əliyev
xatirə günlərinin hazırlanıb keçirilməsini
təşkil etmək, ulu öndərin siyasi irsinin və
dövlətçilik irsinin mükəmməl öyrədilməsi
məqsədilə kompleks tədbirlər həyata
keçirilir. Bu məqsədlə Heydər Əliyev Muzeyi nəzdində
yaradılmış tədqiqat qrupunun üzərinə xeyli
iş düşür.
Bəli, Tovuz gözəlləşir
və təkcə görkəmini deyil, rayonun həyatının
məzmununu da dəyişir.
Hamlet QASIMOV
Xalq qəzeti.- 2009.- 17 may.-
S. 5.