18 May Beynəlxalq Muzeylər Günüdür

 

Beynəlxalq Muzeylər Şurası Azərbaycan Milli Komitəsi fəaliyyətini genişləndirir

 

Beynəlxalq Muzeylər Şurası ( ICOM) Azərbaycan Milli Komitəsi keçmiş SSRİ respublikaları arasında ilk olaraq 1993- cü ildə təsis edilmişidir. Hal-hazırda Azərbaycan Milli Komitəsinin 49 nəfər üzvü vardır. Komitəsinin əsas fəaliyyəti Beynəlxalq Muzeylər Şurasınun işində iştirak etmək, müasir mərhələdə Azərbaycan muzeylərinin işinin təkmilləşdirilməsi üzrə beynəlxalq muzey birlikləri ilə əlaqə yaratmaq, dünya standartlarına uyğun səviyyədə müxtəlif normativ aktların qəbul edilməsində, mədəni irsin qorunması istiqamətlərində dünya muzeyləri ilə bir sırada öz işini davam etdirməkdən ibarətdir.

Komitənin yaranmasından ötən müddət ərzində respublikamızın muzeyləri beynəlxalq miqyasda tanınmış , ölkəmizi bu təşkilatda təmsil edən nümayəndələr dünyanın ən yüksək tribunalarında çıxış etmək imkanı qazanmışlar. Milli Komitə respublikamızda muzey işinin yarandığı gündən, Dağlıq Qarabağda böyük itkilərə məruz qalmış milli mədəni sərvətimizin qorunması və qaytarılması istiqamətində məqsədyönlü iş aparır. Komitə üzvlərinin əsas məqsədlərindən biri də zəbt olunmuş torpaqlarda mədəni sərvətlərin talan edildiyini Beynəlxalq Muzeylər Şurasının forumlarında beynəlxalq təşkilatlara,dünya ictimaiyyətinə çatdırmaqdır.

Komitənin təşkilatçılığı ilə Bakıda “Oğurlanmış və ya qeyri-qanuni çıxarılmış mədəni irs” Konvensiyası (YUNİDRUA) ilə bağlı beynəlxalq konfrans, “Silahlı münaqişə zamanı mədəni sərvətlərin qorunması haqqında” Haaqa Konvensiyasının (1954-cü il) 50 illiyinə həsr olunmuş beynəlxalq seminar keçirilmişdir. Bu forumun işində YUNESKO, Azərbaycan Nazirlər Kabineti, Mədəniyyət və Turizm Nazirliyi,Müdafiə Nazirliyi, Ədliyyə Nazirliyi, dövlət orqanları, parlamentin deputatları, xarici qonaqlar,müxtəlif təşkilatların nümayəndələri və ICOM-un rəhbərliyi iştrak etdilər. “Odlar içində alovlanmış mədəniyyət” adlı fotosərgi də burada qonaqlara təqdim edildi. Foto sərgidə zəbt olunmuş torpaqlarda dağıdılmış tarixi abidələr,oğurlanmış eksponatlar nümayiş etdirildi.

Milli Komitə Beynəlxalq Muzeylər Şurasının 60 illiyinin Azərbaycanda qeyd edilməsi məqsədilə bağlı konfrans keçirilmiş, respublikamızda ilk dəfə olaraq “Bakı muzeyləri” bələdçisi çap etdirilmiş, eyniadlı Veb-Saytın təqdimatı və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin virtual CD-diski hazırlanmış və konfrans iştrakçılarına paylanmışdır. Məqsəd Bakı muzeylərini dünyaya tanıtmaq və respublikamıza gələn turistlərə bələdçilik etməkdən ibarət idi.

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyevanın rəhbərliyi ilə Azərbaycan Milli Komitəsinin nümayəndə heyəti Avstriyanın Vyana şəhərində keçirilən 21-ci Baş konfransında da iştrak etmişdir. Nümayəndə heyyəti 9 nəfərdən ibarət idi. “Muzey və irs” mövzusunda keçirilən konfransda Azərbaycan Dövlət İncəsənət Muzeyi, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi, Mədəniyyət və Turizm Nazirliyinin nəzdində Bədii Sərgi Salonunun nümayəndələri iştrak etmiş və mühazirə ilə çıxış etmişlər.

“Muzeylər və universal irs” devizi ilə keçirilən XXI baş konfransında muzeylərin öz kolleksiyalarını milli kontekstdə təqdim etmələri,xüsusilə də kolleksiyalarında ümumbəşəri incəsənəti cəmləşdirmiş ölkələrin muzeylərində bu mədəniyyətlərin məxsus olduğu xalqların milli identikliyi baxımından tədqiq və təqdim edilməsi bir problem kimi önə çəkilmişdir.

18 may 1977- ci ildən təsdiq olunmuş Beynəlxalq Muzeylər günü dünyanın 100-dən artıq ölkəsində qeyd edilir. Bu bayram hər il müxtəlif devizlərlə keçirilir. Bu bayram muzey əməkdaşlarını birləşdirir , ictimaiyyətin diqqətini muzeylərə cəlb edir. Bayram günü muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və yaşından, vəzifəsindən asılı olmayaraq insanlara pulsuz xidmət göstərilir.

Fransa Respublikasının Mədəniyyət və Kommunikasiyalar Nazirliyinin təşəbbüsü ilə hər il bahar fəslinin bir istirahət günündə “Muzeylər gecəsi” adlı aksiya keçirilir. Ötən ilin baharında bu aksiya “Muzeylər cəmiyyətin inkişafında və dəyişməsində ortaq kimi” devizi ilə keçirildi və hər bir şəxsin, xüsusən, gənclərin muzeylərə və milli dəyərlərimizə marağını artırmaq, onları milli irsimizin ötürücülərinə çevirmək məqsədi daşıyırdı. Bu məqsədlə Azərbaycan Milli Komitəsi və Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi “Muzey məkanında ruhumuzun milli irsə köklənmiş havaları” adlı tədbir təşkil etmişdir.

Tədbirdə Amerika Birləşmiş Ştatlarından Kobi LTD fondunun icraçı direktoru L.Vard Mintz, Azərbaycan Elmlər Akademiyası, ICOM Azərbaycan Milli Komitəsi, respublika muzeylərinin nümayəndələri, komitənin üzvləri və bir sıra başqa təşkilatların nümayəndələri iştrak etmişlər.

2008- ci il iyun ayının 8-11 tarixlərində ICOM Azərbaycan Milli Komitənin xətti ilə mən Hollandiyanın Leyden şəhərində keçirilən “İnkuliziv Muzey” adlı beynəlxalq konfransda iştrak etdim və “Qloballaşma dövründə Azərbaycan Milli mədəniyyətinin problemləri və onun müdafiəsi” mövzusunda məruzə etdim.

Milli Komitə özünün daimi işi ilə bərabər mədəni dəyərlilərin qeyri-qanuni ticarətinin qarşısının alınmasına dair informasiya vasitələri ilə ictimaiyyətin diqqətini cəlb etmək üzrə iş aparır, mütəmadi olaraq, mədəni dəyərlilərin mübarizəsinə həsr olunmuş seminarlar, dəyirmi masalar, treninqlər, gecələr və s. keçirir.

2008-ci il oktyabr ayında ICOM Azərbaycan Milli Komitəsinin üzvləri olan Azərbaycan Dövlət İncəsənət muzeyinin əməkdaşları Cənubi Koreyada “Şəhər muzeyləri və şəhərin gələcəyi” mövzusunda konfransda iştrak etmiş, “Şəhərin mərkəzinin tarixi əhəmiyyəti" adlı mövzu ilə muzeyin baş mühafizi N.Rəhimova çıxış etmiş “İçəri Şəhər” mövzusunda müxtəlif rəsmlər təqdim olunmuş, eyni zamanda “Qobustan” adlı film nümayiş etdirilmişdir

Bütün bu işlərlə bərabər Azərbaycan Milli Komitəsi çoxlu sayda bülletenlər, lifletlər , bukletlər, kitablar və broşuralar nəşr etdirmişdir.

Hal-hazırda ICOM Azərbaycan Milli komitəsi “Azərbaycan muzeyləri” adlı bələdçinin nəşrə hazırlaması üzərində ışləri davam etdirir. Milli Komitə “ICOM — Azərbaycan” adlı rüblük informasiya bülleteninin köməyi ilə dünya muzeyşünaslığı və Azərbaycan muzeylərinin işini beynəlxalq standartlar səviyyəsinə yüksəltməklə bərabər və digər muzeylərlə də əlaqələr yarada bilir, mütəmadi olaraq beynəlxalq axtarışda olan eksponatların məlumatlarını “İnterpol məlumat verir” başlığı ilə nəşr edir. Milli Komitə eyni zamanda Beynəlxalq ICOM-NYUS bülletenində də öz məlumatlarını dünyaya çatdırır.

Azərbaycanda ICOM-un respublika Milli Komitəsinin yaradılması və onun ahəngdar fəaliyyətinin təmin edilməsi bu sahəyə respublika rəhbərliyinin diqqət və qayğısından xəbər verir.

Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi 2009-cu ildə də öz fəaliyyətini aktiv surətdə davam etdirməkdədir. Bu qurum hər zaman dünyada baş verən yeniliklərlə ayaqlaşmağa çalışır, yeni-yeni layihələr həyata keçirir. Bu layihələrdən biri 4-5 may 2009-cu ildə keçirilmiş “Uşaq Muzeyi Yaradaq” adlı beynəlxalq seminardır. Seminarda Rusiya Federasiyasından muzeyşünas və uşaq muzeylərinin yaradılması işi üzrə baş mütəxəssis Lyudmila Savçenko və Qırğızıstan Respublikasından ekspertlər iştirak etmişlər.

Dünya muzeylərində ənənəvi olaraq qeyd edilən “Muzeylər gecəsi” Azərbaycan muzeyləri tərəfindən bu il də əlamətdar şəkildə keçirilir. Bu ilki aksiya ”Muzey və turizm” mövzusuna həsr olunmuşdur.

Son illər ərzində Azərbaycan turizmi gözəçarpacaq şəkildə inkişaf etmişdir. Dünyanın hər tərəfindən ölkəmizə yüz minlərlə turist axışır. Turizmi mədəniyyət xəzinəsi sayılan muzeylərsiz təsəvvür etmək çətindir. Muzeylərin əsas vəzifəsi əşyaların və eksponatların, sadəcə, qorunub öyrənilməsi deyil, həm də onu təbliğ etməkdən ibarətdir. Turizm inkişaf etdikcə muzeylərimizdə də bir canlanma, oyanış hiss olunur. Bunun üçün muzeylərdə müxtəlif maraqlı turlar, proqramlar təşkil olunur. Bu məqsədlə Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi və bir neçə Azərbaycan muzeyi “Muzey və Turizm” devizi altında tur keçirir. Bu turda iştirak etmək üçün Bilgəh qəsəbəsi Müharibə və Əmək Əlilləri pansionatından 30 nəfər, Nizami rayonu 1 saylı və Xətai rayonu 3 saylı uşaq evindən 40 nəfər dəvət olunub. Bu tədbirdə iştirakçılara ”Tariximizə və mədəniyyətimizə səyahət” mövzusunda ekskursiyalar, müxtəlif mövzulu sərgilər, əyləncəli oyunlar, konsert proqramları, yemək süfrəsi və hədiyyələr təqdim olunmuşdur.

Göründüyü kimi, Beynəlxalq Muzeylər Şurası (ICOM) Azərbaycan Milli Komitəsi öz fəaliyyətini getdikcə genişləndirir.

 

 

Röya TAĞIYEVA,

Beynəlxalq Muzeylər Şurası

(ICOM) Azərbaycan Milli Komitəsinin sədri,

sənətşünaslıq doktoru, professor

 

Xalq qəzeti. .- 2009.- 17 may.- S. 5.