Göyləri əfsanə ulduzlu Daşkənd
Səfər
düşüncələri
Qalın buludların
arasından sıyrılıb çıxanda artıq Daşkənd
səmasındaydıq. Göyüzü apaydın idi. Yerə
enəndə bəlli oldu ki, axşamdan başlayan
güclü yağış yenicə kəsilibmiş. Topa və
sıx buludlar selə-suya dönüb Daşkəndin
küçələrinə səpələnmişdi.
Bizi
qarşılamağa gələn səfirlik əməkdaşlarını
görəndə sevindim. Sanki, Bakıdan bura təyyarə ilə
yox, arzularımın qanadında uçub gəlmişdik.
Daşkəndə olan
bu ikinci gəlişim, əslində, birinci səfərimin
davamı idi. İlk dəfə ötən ilin 20-24
noyabrında olmuşdum. Özbəkistan Prezidentinin qərarı
ilə keçirilən “Maqsud Şeyxzadə – 100” yubiley tədbirlərinin
iştirakçısı idim. Həmin vaxtlar
Özbəkistan Elmlər
Akademiyası Əlişir
Nəvai adına Dil və Ədəbiyyat
İnstitutunda, Nizami adına Daşkənd Pedaqoji İnstitutunda, Beynəlmiləl Mədəniyyət
Mərkəzində və
s. yerlərdə keçirilən yubiley məclislərində Azərbaycan
nümayəndəsi, Azərbaycan
– özbək ədəbi əlaqələrinin
tədqiqatçısı kimi məruzə və çıxışlar
etmişdim (bu barədə qəzetimizin
4 dekabr nömrəsində
məlumat xarakterli məqalə dərc etdirmişəm).
Elə həmin zaman qərarlaşdırıldı
ki, paytaxtda başqa bir ədəbi hadisə qeyd olunduğundan
vaxt məhdudluğundan “Azərbaycan–özbək
(cığatay) ədəbi əlaqələri (dövrlər,
simalar, janrlar, təmayüllər)” monoqrafiyamın təqdimatı
ayrıca bir gedişimdə gerçəkləşdirilsin. Onda,
söhbət əsnasında “Əlişir Nəvai Azərbaycan
ədəbiyyatşünaslığında” kitabımın
da nəşrə hazır olduğunu bildirdim. Kitabın mətbəə
xərclərini tərəddüdsüz olaraq öz üzərilərinə
götürdülər. Mən isə qısa müddətə
həmin kitabı nəşr etdirib bir nüsxəsini
poçtla Daşkəndə göndərdim.
Budur, zaman yetişdi. Yaz
gəldi, hər yan gülə-çiçəyə qərq
olanda Daşkəndə ikinci dəvəti aldım. “Azərbaycan–özbək
(cığatay) ədəbi əlaqələri (dövrlər,
simalar, janrlar, təmayüllər)” və “Əlişir Nəvai
Azərbaycan ədəbiyyatşünaslığında”
kitablarımın təqdimetmə məclisinə dəvət
olunmuşdum.
Xəyalıma belə gətirmədiyim
bu olayları gerçəkləşdirən isə Azərbaycanın
Özbəkistandakı fövqəladə və səlahiyyətli
səfiri Namiq Abbasov idi. Onun yüksək intellekti,səmimi
ünsiyyəti, saf münasibəti məni çox həyəcanlandırmışdır.
Tanımadığı, görmədiyi, bilmədiyi, ancaq qələminə,
elminə güvəndiyi bir tədqiqatçıya göstərdiyi
diqqət, sözün düzü, mənim üçün
lap gözlənilməz olmuşdu. “Azərbaycan – özbək
(cığatay) ədəbi əlaqələri (dövrlər,
simalar, janrlar, təmayüllər)” monoqrafiyamı nəşr
etdirəndən sonra uyğun mütəxəssis alimlərə,
elm xadimlərinə, dostlara, kitabxanalara, Azərbaycandakı
Özbəkistan Səfirlyinə bir neçə nüsxə
hədiyyə etmişdim, o cümlədən, bir nüsxə
də poçtla Özbəkistandakı Azərbaycan səfirliyinə
göndərmişdim.
Əsər ilk gündən
maraqla qarşılandı. Haqqında bir çox mətbuat
orqanlarında, o cümlədən 2008-ci il sentyabrın 12-də
Özbəkistan Prezidenti Bakıya gələndə, Əlişir
Nəvainin heykəlinin açılışı günü
rəsmi qəzetlərdə yüksək məzmunda rəylər
dərc olundu.
Aradan bir neçə
gün keçmişdi ki, Özbəkistandan telefon zəngi
aldım:
– Sizi Özbəkistandakı
Azərbaycan səfirliyininin III katibi narahat edir. Cənab səfir
sizi Daşkənddə keçirilən “Maqsud Şeyxzadə
– 100” yubiley tədbirlərinə dəvət edir. Məruzə
də hazırlayın, Azərbaycandan gələn elm nümayəndəsi
kimi sizin və məruzənizin adı dəvətnamələrdə
qeyd olunacaq”. İnanmadığımdan bir az tərəddüd
etdim. Lakin gün ərzində 4-5 dəfə təkrarlanan zənglərdən
sonra deyilən vaxt üçün bilet almağa getdim. Qəlbim
oraları istəyirdi, çünki könlümün həmdəmi,
illərlə içimdə baş-başa qaldığım
diyar idi. Eyni zamanda, Daşkəndə ilk səfərim
olduğundan həyəcanlı idim. Heç kimi və
heç kəsi tanımadığımdan qərib bir ölkədə
nə edəcəyimi bilmirdim. Amma təyyarə Daşkənd
səmasında yerə enməyə hazırlaşan vaxt elan
olundu ki, “Binnətova, sizi qonaq zalında gözləyirlər”.
Hər şey mənə yuxu kimi gəlirdi.
Bütün bunlar, əlbəttə,
cənab səfirin birbaşa diqqəti idi. O, mənim
ağır zəhmətimi, elmə məhəbbətimi dəyərləndirmiş
və bunun müqabilində öz
ziyalılığını, böyüklüyünü,
alicənablılığını əsirgəməmişdi.
Görüşəndə heç minnətdarlıq etməyə
söz də tapmadım. İki-üç kəlmə söz
dedim. O da elə təsir bağışladı ki, sanki,
axşamdan bu kəlmələri dönə-dönə əzbərləmişəm.
Bütün səfirlik əməkdaşlarının
sonsuz qayğı və hörməti, sanki, məni məndən
almışdı. Heç nə yox, elə bil illərdir ki,
xoş ünsiyyətin, diqqətcilliyin, səmimi xeyirxahlığın
aclığını yaşamışdım. Bunları
görəndə insan dünyanın yaxşılardan xali
olmadığını və yaşamağın qədrini, dəyərini
bir daha anlayır, ömür, zəhmət, həyat məmnunluğunun
şirinliyini dadır.
Növbəti səfərimdə–aprelin
27-si günorta saat 3-də artıq Daşkəndə çatmışdıq.
Bu dəfə 10 yaşlı oğlum Atilla da mənimlə
idi. Bu işlərdə onun da haqqı olduğunu
düşünmüşdüm və ya ürəyimi
rahatlamaq, mənəvi borcdan çıxmaq üçün
onu özümə səfər yoldaşı etmişdim. Adətən,
hər axşam onu yatırandan sonra yazı-pozumla məşğul
oluram. Kitablar üzərində işlərkən isə onu
tez yatırdır və işimə başlayırdım. Atilla
isə sən demə, hərdən yatmayıb xəlvətcə
məni gözləyirmiş. Bir dəfə Əlişir Nəvainin
şəklini göstərib əsəbi şəkildə məndən
soruşdu ki, bu kimdir? Onun bu barədə kifayət qədər
məlumatı olsa da, yenidən Nəvai haqqında xeyli
danışdım. O isə sakitcə qulaq asdı və
incikliklə dedi:
– Elə bilirsən, gecələr
gedəndə bilmirəm. Sən gedən kimi mən xəlvətcə
ağlayıram və sən qayıdanacan yuxuya getmirəm. Sonra
da bir az ötkəmliklə qayıtdı ki, ana, sən niyə
mənim yanımdan Əlişirin (hirsindən Nəvainin ancaq
adını dedi) yanına tələsirsən, amma oradan mənim
yanıma yox?
Sözün
düzü, onun sözləri məni
ağrıtmışdı, ürəyimdən
çıxara bilmirdim. İndi Daşkənddə olduğumuz
4-5 gündə –“ana, burada çox mutlu günlər yaşadım”
- deməsi ürəyimi ovutmuşdu.
Bir saat oteldə (səfirlik
əvvəlcədən bizim üçün
ayarlamışdı) dincəlib, sonra səfirliyə getdik. Fövqəladə
və səlahiyyətli səfir Namiq Abbasov bizi çox səmimi,
istiqanlıqla qarşıladı, “xoş gəldiniz” – dedi. Əvvəlki
həyəcan məni yenə də öz məngənəsində
sıxırdı. Ayın 29-da keçiriləcək tədbir
barədə fikirlər dinlənildi. Onsuz da
Namiq müəllim hər şeyi yüksək səviyyədə
düşünmüş və
tapşırıqlarını vermişdi, görülən
bütün işləri
isə nəzarətində
saxlayırdı. Nə
isə diqqətə yetirəcək söz də yox idi.
Əlbəttə, maliyyə
böhranı zamanında
irimiqyaslı iş görmək
çətindir. Belə
olan vəziyyətdə
fövqəladə və
səlahiyyətli səfir
Daşkənd şəhərində
fəaliyyət göstərən
“Qardaşlıq” Azərbaycan
mədəniyyət mərkəzinin
sədri Mobil Məmmədova müraciət
etmişdir. “Maqsud
Şeyxzadə – 100” yubileyi
günlərində də
köməkliyini əsirgəməyən
“Qardaşlıq” Azərbaycan
mədəniyyət mərkəzinin
sədri görkəmli
ədibin “Maksud Şayxzoda. Şair gəlbi duneni tinqlər” adlı şeirlər kitabını
1000 nüsxə nəşr
etdirib paylamışdı.
Bu dəfə də o, səfirliyin həmkarlıq
müraciətinə tərəddüdsüz
və ehtiramla, canyananlıqla qoşulmuşdu.
Biz oraya gedəndə
artıq “Azərbaycan – özbək (cığatay) ədəbi
əlaqələri (dövrlər, simalar, janrlar, təmayüllər)”
və “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında”
kitablarımın təqdimat məclisinin vaxtı və
qonaqlar müəyyənləşmiş, dəvətnamələr
paylanmışdı. Şəhərin ən gözəl və
yeni bir binasında – Daşkənd Milli Sənət Mərkəzində
saat 2-də keçiriləcək məclisə Özbəkistan
rəsmiləri və deputatları, diplomatik korpus nümayəndələri,
elm, sənət xadimləri, yaradıcı ziyalıları,
Azərbaycan diasporu fəalları və KİV nümayəndələri,
o cümlədən Özbəkistan, Azərbaycan və bir
neçə Türkiyə TV-ləri dəvət olunmuşdu.
Tədbir
iştirakçılarına paylamaq üçün “Əlişir
Nəvainin ədəbi irsinin Azərbaycanda öyrənilməsi
tarixindən” adlı vərəqlər də
hazırlanmışdı. Heydər Əliyev Fondunun göndərdiyi
jurnal və bukletlər xüsusi olaraq səliqəylə
stollara düzülmüşdü. Zal olduqca gözəl və
zövqlə bəzədilmişdi. Mənim kitablarım və
Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin Özbəkistan
Milli kitabxanasına göndərdiyi kitablar iki ayrı-ayrı
yerdə – stollarda nümayiş olunurmuş kimi sərgilənmişdi.
Səfirliyin bütün əməkdaşları o gün daha
artıq məsuliyyətlə iş başında idilər. Bu bayrama ailələri ilə qatılmışdılar.
Tədbiri
giriş sözü ilə Azərbaycanın Özbəkistandakı
fövqəladə və səlahiyyətli səfiri Namiq
Abbasov açdı. O, çıxışında bildirdi: “Ötən il Özbəkistan
Prezidenti İslam Kərimovun Azərbaycana rəsmi səfəri
zamanı humanitar əməkdaşlıq çərçivəsində
imzalanan bəyannamə tarixən dost olan iki xalqın ədəbi,
mədəni, tarixi əlaqələrinin təsdiqidir. Bu səfər
zamanı böyük özbək şairi Əlişir Nəvainin
abidəsinin açılışı oldu. Uzun illərdir ki,
Daşkəndin mərkəzi küçələrindən
birində isə Nizami Gəncəvinin heykəli ucalır. YUNESKO-nun
qərarı ilə azərbaycanlı fırça ustası,
ölməz sənətkar Səttar Bəhlulzadənin və
Üzeyir Hacıbəyovun ”Leyli və Məcnun” əsərinin
100 illiyi tədbirləri qardaş və doğma Özbəkistanda
da Azərbaycan Səfirliyinin köməkliyi ilə
keçiriləcək. “Azərbaycan–özbək
(cığatay) ədəbi əlaqələri” və “Nəvai
Azərbaycan ədəbiyyatşünaslığında”
kitablarının ədəbi əlaqələrimizin
inkişafında əhəmiyyəti böyükdür. Bu
gün mənə hörmətli qonaqlarımız
qarşısında filologiya elmləri namizədi olan Azərbaycan
aliminin özbək xalqının böyük oğlu Əlişir
Nəvainin Azərbaycan ədəbiyyatşünaslığında
öyrənilməsi məsələlərinə həsr
olunmuş kitablarının təqdimat məclisini açmaq
şərəfi nəsib olmuşdur. Azərbaycanda Nəvai
yaradıcılığını çox sevir və yüksək
dəyərləndirirlər. Onun poetik
yaradıcılığı onlarla Azərbaycan aliminin tədqiqat
mövzusu olmuşdur. Bu günkü təqdimat
məhz həmin səhifələrdən biridir
... “.
Daşkənd
Dövlət Şərqşünaslıq Universitetinin
professoru, filologiya elmləri doktoru Suyimə xanım Qəniyeva
sözünə belə başladı: “İlk əvvəl özbək mətbuatından,
sonra isə Azərbaycan–özbək (cığatay) ədəbi
əlaqələrinə dair monoqrafiyası ilə
tanıdığım qonağımız tədqiqatçı
alimin imzası diqqətimi çoxdan cəlb etmişdi. Çünki
illərdən bəri çox yaxından əməkdaşlıq
və dostluq etdiyim akademik Həmid Araslıdan, Xəlil Rza
Ulutürkdən, Pənah Xəlilovdan, Azad Nəbiyevdən, Cənnət
Nağıyevadan sonra onun böyük cəsarətlə elm
aləminə gəlməsi məndə qürur
doğurmuşdu. XXI əsrin ilk onilliyində iki qardaş
xalqın arasında yeni bir epoxanın
başlandığına və bu əməkdaşlığın
möhkəm bünövrə üzərində qurulmasına
inandım. Nəhayət, bu xanımı 2008-ci ilin
noyabrında Daşkənddə keçirilən “Maqsud
Şeyxzadə – 100” yubiley tədbirlərində
gördüm. O, elmi sanbalı, sadə və şirin yazı
dili ilə ilk gündən hamının diqqətini çəkən
məruzə və çıxışlar edirdi, istedadı,
işlədiyi mövzuya dərin bağlılığı
ilə bizim elm adamlarının rəğbətini qazandı.
Budur, o, dəvət olunduğu doğma Daşkəndə daha
bir kitabı – “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında”
elmi toplusu ilə gəlmişdir. Özbəkistan
ziyalılarının, elm və sənət xadimlərinin,
xarici ölkə diplomatlarının iştirak etdiyi bu
böyük təqdimat məclisi ona, gördüyü işlərə
daha da gözəl yaraşıq verir. Biz elm adamları bu
gün böyük sevinc içindəyik. Bu gün Nəvai
bayramıdır, el bayramıdır, iki xalqın dostluq
bayramıdır.
Müəllifin gərgin
əməyi, elmə bağlılığı, zəhmətsevərliliyi,
istedadı, xüsusən də Azərbaycan–özbək ədəbiyyatlarını,
elmi-nəzəri ədəbiyyatşünaslıq məsələlərini
gözəl bilməsi, özbək dilli materiallara orijinaldan
müraciəti və s. bu kimi xarakterik cəhətlər diqqətdən
qaçmır ...“.
Mənim
çıxışım isə paralel olaraq rus dilinə də
tərcümə olunurdu: “Bu gün sizlərə təqdim etdiyim monoqrafiyada Azərbaycan–özbək
ədəbi əlaqələrinin 600 illik dövrü tədqiq
olunmuşdur. “Biri-birinə şagird, biri-birinə ustad”
sayılan iki qandaş və iki qardaş xalqın əlaqələrinin
ən qədim dövrlərdən bu günə qədər
keçdiyi yolun xüsusiyyətləri, ümumi cəhətləri
və uğurları bu əsərin beş fəslində
ayrı-ayrılıqda deyil, daha çox bir-biri ilə vəhdətdə
nəzərə çarpan ədəbi dövr, ədəbi
sima, ədəbi janr, ədəbi təmayul kimi bir neçə
amil ətrafında araşdırılır. Təqdim etdiyim hər
iki kitabın ayrı-ayrılıqda bir məziyyətini diqqətinizə
çatdirmaq istərdim. “Azərbaycan–özbək
(cığatay) ədəbi əlaqələri”
monoqrafiyası yüz illiklərlə dolu tarixi əlaqələrimizin
elmi hesabatı, “Əlişir Nəvai Azərbaycan ədəbiyyatşünaslığında”
elmi toplusu isə təkçə XX əsrə aid olaraq Nəvai
irsinə dair tam yüzillik bir ədəbi tarixi salnamədir. Azərbaycanın
bütün klassik ədəbiyyatşünasları Nəvai
yaradıcılığından yazıb. Kitabda Nəvainin həyat
və yaradıcılığı haqqındakı faktlar
ayrı-ayrı məqalələr, müəllif
baxışı, tədqiqatçı düşüncəsi
və şərhi ilə fərqlənir. Və eyni zamanda hər
məqalədə yeni faktlar, yeni qeydlər hökmən nəzər
- diqqəti cəlb edir. Bəkir Çobanzadə, Əli
Nazim, İsmayıl Hikmət, Səməd Vurğun, Həmid
Araslı, Məmməd Arif və bu kimi digər görkəmli
ədəbiyyatşünasların vaxtilə müxtəlif
dövrü mətbuat orqanlarında dərc olunmuş məqalələri
öz aktuallığını hələ də
saxlamaqdadır. Məqalə müəllifləri müxtəlif
görkəmli tədqiqatçılar olsalar da, zaman məsafəsinin
də fərqli olduğunu unutmamalıyıq. Bu məsafələr
20, 30, bəzən də 40 illik tarixi əhatə edir. Təbii
ki, hər dövrün öz oxucusu, öz elmi auditoriyası
olmuşdur. Üstəlik, həmin zamanlar içərisində
3 - 4 dəfə əlifba dəyişikliyi olmuşdur. XX əsrin
ilk onilliyində əski qrafika ilə yazılan tədqiqatlar
30-cu illərin latın qrafikası ilə oxuyan oxucusu
üçün çətin olmuşdur. Eləcə də
artıq 40-cı illərin kiril qrafikası ilə yazıb -
oxuyan oxucular, tədqiqatçılar üçün. Özbəkistan
şairlərinin böyük dostu, Azərbaycan xalq şairi Səməd
Vurğunun 1940-cı ildə Nəvainin 500 illik yubileyi ərəfəsində
Özbəkistandan Bakıya gəlmiş komissiya üzvləri
qarşısındakı çıxışı indi hər
iki ölkədə zərbi-məsələ
dönmüşdür. O demişdir ki, mən və mənim
yoldaşlarım indiyəcən bilmirdik ki, Nəvai özbək
şairi olmuşdur. Biz onu Azərbaycan şairi kimi bilirdik. Əslində,
Səməd Vurğunun dediyi bu hikmətin arxasinda böyük
fəlsəfə dayanmışdır. Buradakı fikir milliyyət
anlamına yox, eyni ruhlu və eyni mənbəli, eyni dilli iki
qandaş və iki qardaş ədəbiyyatların tarixinə
söykənirdi. Səməd Vurğun sovet imperiyası
zamanında bu tarixi və gerçək anlamı ancaq sətiraltı
belə deyə bilərdi... . Sağ olun”.
Azərbaycanın
və Özbəkistanın xalq artisti, Ə.Nəvai adına
Özbəkistan Opera və Balet Teatrının baş rejissoru
Firudin Səfərov çıxışında qeyd etdi: “Bu gün ictimaiyyətə
və elmi auditoriyaya təqdim olunan kitablar təkcə şair
və yazıçılar, tədqiqatçılar və ədəbiyyatşünaslar
üçün yox, eyni zamanda, iki xalqın dostluğu
arasında böyük hadisədir. Bu kitablar ədəbi-mədəni
əlaqələrimiz üçün nə qədər dəyərlidirsə,
siyasi həyatımız üçün də o qədər
əhəmiyyətlidir. Xoşbəxtəm ki, bu əsərin
teatr-dramaturgiya səhifəsində mənim də
yaradıcı fəaliyyətim qeyd olunub. Mənim
üçün bu böyük hadisədir.... Sağ olun”.
Ə.Nəvai
adına Milli Kitabxananın müdir müavini İrina
Maminovanın Azərbaycan– Özbəkistan ədəbi əlaqələri,
Nizami Gəncəvi və Əlişir Nəvai
yaradıcılığı haqqındakı
çıxışı alqışlarla
qarşılandı.
Tədbirdə
iştirak edən bir neçə özbək şairləri,
ədəbiyyatşünas alimləri isə fikirlərini
poetik ifaları ilə bildirdilər.
Bu ilin mart ayında
Bakıda keçirilən Beynəlxalq Muğam
festivalının 1-ci qalibi Ulduz Turdıyevanın və
Daşkənddə yaşayan həmyerlimiz, U.
Turdıyevanın ustadı Yusif Əliyevin oxuduğu özbək
və Azərbaycan xalq mahnıları, “Qarabağ şikəstəsi”
məclisimizin bayram ovqatını daha da coşdurdu.
Olduqca zəngin və
maraqlı, şirin və ruh oxşayan bir məclis
alınmışdı. Sərgilənmiş kitablar sonda
avtoqraf yazılaraq paylandı. Sonra hamı əvvəlcədən
hazırlanmış süfrələrə
yaxınlaşdı. Hər kəs xalqın ənənəvi
dostlugunun XXI əsrdəki yeni görüşünə
sevinirdi.
Bütün gecəni
yata bilmədim – bu dəfə sevinc həyəcanından. İllərlə
çəkdiyim zəhmətimin əzab-əziyyətinə həmin
günümün qürurverici anları, təntənəli
görüşü qalib gəlmişdi. Otuz il əvvəl Kəsəməndən
Bakıya yol alarkən qəlbimdə
dolandırdığım xəyal-arzularımdan biri idi.
Azərbaycanın elmə-sənətə
yüksək dəyər verən ziyalısı, halal zəhmətin
nə olduğunu gözəl bilən, insanların saf
arzularını gözlərindən duyan, təmənnasız
elmi-ictimai xidmətlərini səsinin ahəngindən duyan cənab
səfir uzaq Daşkənddə belə bir uca arzumu gerçəkləşdirmişdi.
Bu gerçəklik daha ciddi, daha böyük elmi-ictimai məna
kəsb edən istəklərə - arzulara işıq
salırdı. Artıq yeni arzular çələnginə
naxışlar arayırdım. Üst-üstə
yığılmış illərimin yorğunluqlarını,
ağrılarını elə bil bu gecənin yuxusuzluğu ilə
canımdan qoparmağa çalışırdım. Sübhə
yaxın mürgüləmək istəyirdim ki, günəşin
qızıl telləri düzə-dünyaya, otağıma səpələndi,
gözlərimi ovuşdurdu. Səhər yeməyimizi yeyib,
işlərimizin başına yollandıq.
O gün Özbəkistan
Yazıçılar İttifaqında böyük bir canlanma
var idi. Bir gün əvvəl ölkə Prezidentinin sərəncamı
ilə İttifaq sədri vəzifəsindən azad olunan xalq
şairi, Özbəkistan Qəhrəmanı Abdulla Aripovu qələm
dostları, iş yoldaşları təqaüdə yola
salırdılar (bizim tədbirdə - proqramda
çıxışçılar sırasında nəzərdə
tutulan Abdulla Aripovu məhz bu səbəbə görə
professor Suyimə xanım Qəniyeva əvəz etmişdi). Bütün
qələm əhli həyəcanlı idi. Bu həyəcanı
doğuran səbəblər də hər kəsin qəlbində
idi. Tədqiqat işlərimlə bağlı olaraq
bütün özbək ədiblərini qiyabi olaraq
tanıyıram, yaradıcılıqları ilə qismən də
olsa tanışam. O gün hamını bu yerdə görəndə
daha bir xoş ovqat yaşadım. Sanki, doğma el içinə
düşmüşdüm. Əvvəlki səfərdən
tanış olduğum görkəmli yazıçılarla
görüşdüm.
“Cahan ədəbiyyatı”,
“Şərq ulduzu”, “Dil və ədəbiyyat təlimi”,
“Özbək dili və ədəbiyyatı” kimi nüfuzlu ədəbi-ictimai
və elmi dərgilərin redaksiyalarında oldum. Həmin dərgilərin
son nömrələrində - “Nəvai irsi Azərbaycanda”, “Ədəbi
cərəyanların yeni təmayülləri”, “Maqsud
Şeyxzadə şəxsiyyəti və irsi ədəbi əlaqələr
müstəvisində”, “Xəlil Rza Ulutürk və özbək
ədəbiyyatı”, “Özbək poeziyasında Səməd
Vurğun mövzusu” adlı irihəcmli məqalələrimin
dərc olunmuş nüsxələrindən mənə verdilər.
Məqalələrimi özbəkcəyə çevirən
türkoloq - alimlərə minnətdarlığımı
bildirdim. Elə bu sıradan da böyük hörmətlə
yeni məqalələrimi qəbul etdilər.
Günortadan az
ötmüş Daşkənd Dövlət Şərqşünaslıq
Universitetinin professoru, nəvaişünas Suyimə xanım Qəniyevanın
evinə getdik. Hələ bir gün əvvəl otelə zəng
edib bizi evinə dəvət etmişdi. Evindəki sadə zənginliyə
– kitablarla dolu iş otağına heyran qalmışdım. Hələ
4-cü mərtəbədəki mənzilinəcən qalxan
pilləkən boyu divarlara asdığı klassik şərq
poeziya nümunələri – gözəl ornamentlərlə bəzədilmiş
vərəqlər adamda məsuliyyət yaradırdı ki,
kimin evinin qonağı olacaqsan. Bütün şərq
klassiklərinin əsərləri, dünya ədəbiyyatının
nadir inciləri bu səliqəli otaqda bəlkə də
yüz dəfələrlə vərəqlənib,
açılıb örtülüb, yenidən rəflərə
düzülüb. Çünki bu kitabların yiyəsi –
professor Suyimə xanım gecə-gündüz yorulmaq bilmədən
yazıb – yaradan, üzü- könlü nurlu, ağbirçək
təqiqatçıdır. Elə bu günlərdə
ölkə Prezidentinin fərmanı ilə “Böyük ximətlərinə
görə” Ali orden ilə
mükafatlandırılmışdı. O, nəvaişünas,
şərqşünas alim kimi çox məşhurdur.
Azərbaycanı
çox sevir. Şirin ləhcə ilə azərbaycanca
gözəl danışır. İllərlə dostluq etdiyi
Azərbaycan alimlərindən söz açdı: “Həmid
Araslı, Azad Nəbiyev, Pənah Xəlilov, Xəlil Rza
Ulutürk, Cənnət Nağıyeva XX əsr
dostluğumuzun möhkəm sütunları oldular. Biri-birimizi
həmişə çox sevdik, fikirlərimizə hörmətlə,
qayğıyla yanaşdıq. Ötən həftə ”Özbəkistan
ədəbiyyatı və sənəti” qəzetində Həmid
Araslının 100 illiyinə məqalə yazıb dərc
etdirdim. Bir nüsxə verərəm, qızı Nüşabə
xanıma verərsən. O da çox gözəl alimdir. Hər
kəsə salamlarımı deyərsən. Sənin yazıb
çap etdirdiyin kitablarla həvəslə, maraqla
tanış olmuşam. Çox böyük işlər
görmüsən. Fikirlərimdən bir neçəsini elmi
işinə yazdığım rəydə bildirmişəm. Zəhmətin,
qabiliyyətin, məhəbbətin, qəlbindəki Azərbaycan
– özbək eşqin məni inandırdı ki, bu iki xalq
arasında XXI əsrin qızıl körpüsü olacaqsan. Bu
fikir Özbəkistanda səni tanıyan, əsərlərinlə
tanış olan alimlərimizin qeydidir”.
Suyimə xanım həm
sevinirdi, həm də kövrəlmişdi. Övladlarından,
nəvələrindən danışdı. Sonra mənə
qızılı rəngli iri kəlağayi-şal
bağışladı. Mən isə Bakının simvolu
“Qız qalası” suvenirini ona hədiyyə etdim.
Bu evdə sanki
nağıllar aləmində
idim. Heç ayrılmaq istəmirdim.
Axşamüstü saat
5-ə “Şərq qadını” – “Sharq Ayolı” Beynəlxalq
Qadınlar İctimai Fonduna dəvət olunmuşdum. Deyilən
vaxtdan az ötmüş ora çatdıq. Hamı
böyük səbirsizliklə bizi gözləyirdi. Köhnə
dostlar kimi görüşdük və tanış olduq: Fondun
sədri, akademik Səadət xanım Tursunbayeva Daşkənd
Dövlət Politexnik İnstitutunda elektrik mühəndisi
ixtisasına yiyələnib. Elmi-Tədqiqat İnstitutunda, hərbi-istehsalat
birliyində yüksək vəzifələrdə
çalışıb. Bir çox dövlət təltifləri
var, adı-soyadı YUNESKO-nun “Orta Asiyanın
tanınmış qadınları” siyahısındadır.
Ailəlidir, oğlu,
qızı və yeddi nəvəsi var. 1999-cu ildə dövlət
rəhbərinin sərəncamı ilə Özbəkistanda
“Qadın ili” elan olunarkən hazırda rəhbərlik etdiyi
“Sharq Ayolı” Beynəlxalq Qadınlar İctimai Fondunu
yaratmışdır. Almaz xanım Məcidova – professor,
Daşkənd Dövlət Aviasiya İnstitutunun kafedra
müdiri, maraqlı elmi layihələr müəllifi,
Türküstanda doğulub böyüsə də, qəlbi Azərbaycanla
bağlıdır. Şairə xanım Aripova – xalq şairi
Abdulla Aripovun qızıdır. Tibb elmləri namizədidir. Elmi-tədqiqat
işi “Prezident təqaüdün”ə layiq
görülüb. “Şərq qadını” - “Sharq Ayolı”
Beynəlxalq Qadınlar İctimai Fondu yanında “Savab” Elmi-Tədqiqat
Mərkəzinin rəhbəridir. Gənc həkim-alim 4
övlad anasıdır. Gözəl şeir duyumu vardır.
Atasının lirik səpgili şeirləri ilə məclisimizə
sanki çiçək ələdi. Həkim – allerqoloq Dilara
Tursunova, fondun təsisçisi və icraçı direktoru Səyyarə
Atabayeva və s. elmi mərkəz rəhbərləri, dünyəvi
əhəmiyyət daşıyan layihə müəllifləri
bu Fond ətrafında birləşib ölkənin ictimai-siyasi
həyatında böyük işlər görürlər. Əksər
ölkələrin ictimai qadın qurumları, o cümlədən
siyasi elmlər doktoru, Özbəkistan Respublikasının
BMT-nin Cenevredəki bölməsi və digər beynəlxalq təşkilatlar
yanında daimi nümayəndəsi, fövqəladə və
səlahiyyətli səfir Gülnara xanım Kərimovanın
rəhbərlik etdiyi “Ayollar kenqaşlı” - “Qadınlar Məclisi”
İctimai Birliyi ilə uğurlu əməkdaşlıq əlaqələri
qura biliblər.
Burada çay süfrəsi
arxasında biri-birimizin söhbətlərini maraqla dinlədik.
XXI əsrdə, daha doğrusu, müstəqillik əldə edəndən
sonra Azərbaycan və özbək qadınlarının cəmiyyətdəki
rolundan, elmi uğurlarından, xoş məramlarından,
xeyirxah niyyətlərindən danışdıq. Azərbaycan
qadınları timsalında Heydər Əliyev Fondunun
prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri,
millət vəkili Mehriban xanım Əliyevanın xidmətlərini
sadaladıqca onlar heyrətlərini gizləyə bilmirdilər.
Qürur hissi yaşadılar. Böyük türk
qızının cəsarəti, hünəri onları da
duyğulandırmışdı. Şirin söhbətlərimizdən,
bölüşdüyümüz poetik duyğulardan, mənə
təqdim etdikləri hədiyyələrdən – milli özbək
geyimləri şal, gözəl gül buketləri və “Əsil
Şərq qızı” diplomundan hiss olundu ki, biri-birimizə
lap könüldən vurulmuşuq. Onlara təqdim etdiyim
“Qız qalası” suvenirini və kitablarımı isə tutiyə
kimi qəbul etdilər. Görüşümüz saat 8-də
xatirə şəkilləri çəkdirməklə
başa çatdı.
Xoş yorğunluqla səfirliyə
qayıtdıq. Qələm dostum Qulu Kəngərli (AzərTAc-ın
Orta Asiya üzrə müxbiri) həyətdə bizi gözləyirdi.
Razılaşdığımıza görə, o
axşamı ailəliklə – həyat yoldaşı Təranə
xanım, çiçək qızları Zəhra və Nərgizlə
şam süfrəsi arxasında keçirdik.
Bakıya
qayıtmağa yarım günümüz qalmışdı. Narahat
qaldığım bircə məsələ
qalmışdı. Özbəkistan Elmlər Akademiyası Əlişir
Nəvai adına Dil və Ədəbiyyat İnstitutuna təqdim
etdiyim elmi işimlə bağlı müzakirənin nəticəsini
bilmək istəyirdim. Uyğun mütəxəssislər
neçə vaxt idi ki, əsərlə tanış olurdular.
Yekun müzakirə üçün rəylərlə
tanış deyildim. Həyəcanlı olsam da arxayın idim.
Çünki işimlə bağlı nəşr etdirdiyim
monoqrafiyam haqqında özbək mətbuatında kifayət qədər
məqalə və rəylər dərc olunmuşdu. Bu sahədə
diqqətini əsirgəməyən ailə və tələbə
dostlarımız Qulu Kəngərliyə və Təranə
xanıma minnətdaram.
Səhər otelə zəng
vurdular ki, saat 10-da Akademiyada sizi gözləyirlər. Türkologiya
şöbəsində oxunub müzakirəyə
çıxarılan elmi işim haqqında söylənən
xoş fikirlər, mülahizələr qəlbimi riqqətləndirmişdi.
Şöbənin hörmətli alimləri ilə
yanaşı Özbəkistan Elmlər Akademiyası Əlişir
Nəvai adına Dil və Ədəbiyyat İnstitutunun
direktoru, əməkdar elm xadimi, Dövlət mükafatı
laureatı, professor Tura Mirzəyev, İnstitutun klassik özbək
ədəbiyyatı kafedrasının müdiri, filologiya elmləri
doktoru İbrahim Hakkulov, filologiya elmləri doktoru, professor Suyimə
xanım Qəniyeva ayrı-ayrılıqda yazıb
imzaladıqları elmi rəylərilə məni qəlbən
təbrik etdilər, xeyir-dua verib yenidən görüşmək
ümidi ilə yola saldılar.
Səfirliyə tələsirdik.
Vaxta az qalmışdı. İndi də dost-tanışa,
sevincimə sevinənlərə kiçik də olsa bir hədiyyə
almağa imkan tapa bilmədiyim üçün narahat oldum. Amma
neynim, macal edə bilmədim. İki dəfə Daşkənddə
olsam da, şəhərin gəzməli yerləri, ümumi vəziyyəti,
ab-havası ilə tanış olmağa vaxt tapa bilmədim
(ulu Mirzə Uluğbəy, Əmir Teymur məqbərəsini,
qədim Səmərqəndi, Buxaranı görmək, gəzmək
uca arzularımdan olub. İnanıram ki, belə bir səadəti
də Allah xoş niyyətli insanların köməyi ilə
mənə qismət edəcəkdir). Çünki Bakıdan
böyük bir iş proqramı ilə getdiyimdən, gəzib-dolanmaga
vaxt qalmırdı. Bir belə işləri isə səfirliyin,
şəxsən Namiq müəllimin diqqəti ilə mənim
üçün ayırdığı maşınla gedib-gəlib
həll edirdim. Yoxsa şəhər o qədər
böyük, baş çəkəcəyim yerlər isə
şəhərin müxtəlif tərəflərində yerləşdiyindən
nəzərdə tutduğum işin bir-ikisini ancaq görə
bilərdim.
Axşamüstü təyyarəmiz
Bakıya yetişdi. Daşkəndə getməmişdən
iki həftə əvvəl Kərbəla ziyarətinə yola
saldığımız Nazim müəllim – Kərbəlayi
Nazim qardaşım Hacı Raufla bizi qarşılamağa gəlmişdi.
Narın- narın yağış çisələnirdi.
Almaz ÜLVİ,
filologiya elmləri namizədi,
Xalq qəzeti.- 2009.- 17 may.- S. 6.