Sumqayıt: sosial-iqtisadi
inkişaf və nailiyyətlər
Gənclik şəhərindəki
Üzeyir Hacıbəyov adına “Kimyaçı” mədəniyyət
sarayında “Sumqayıt—60: sosial-iqtisadi inkişaf və nailiyyətlər”
adlı elmi-praktik konfrans keçirilib.
Son illərdə sayca
7-ci olan bu konfransdan öncə tədbirin
iştirakçıları — alim və mütəxəssislər,
nazirlik, komitə və şirkətlərin nümayəndələri
eyni adlı sərgi ilə tanış oldular. Sərginin
ekspozisiyasında ulu öndər Heydər Əliyevin
Sumqayıta səfərlərini əks etdirən tarixi
foto-şəkillər, Azərbaycan Prezidenti İlham Əliyevin
ölkənin 2-si sənaye mərkəzinin inkişafına
qayğısı ilə bağlı materiallar, sosial-iqrtisadi
inkişaf, sənaye, emal, tikinti və qida sənayesi sahələrinin
məhsulları toplanmış guşələr böyük
maraq kəsb edirdi.
Konfransı giriş
sözü ilə Sumqayıt Şəhər İcra Hakimiyyətinin
başçısı Vaqif Əliyev açaraq qonaqları
salamladı və tədbirin önəmini vurluğadı. O
dedi ki, Sumqayıtın inkişafı ümummillii liderin adı
ilə sıx bağlıdır. On altı dəfə
Sumqayıta səfər etmiş ulu öndər sənaye,
tikinti, təhsil, mədəniyyət və digər sahələrin
inkişafına misilsiz xidmət göstərmişdir. Dahi rəhbərin
xalqa xidmət missiyasını layiqincə davam etdirən
Prezident İlham Əliyevin də Sumqayıta diqqət və
qayğısı böyükdür. Dövlət
başçısının müəllifi olduğu birinci
regional inkişaf Dövlət Proqramı Sumqayıtda
uğurla yerinə yetirilib. 2009-2013-cü illər
üçün yeni Dövlət Proqramı da şəhərin
yaxın illərdə inkişafının əsas istiqamətlərini
müəyyən etmişdir.
Vaqif Əliyev bildirdi ki,
bu il Sumqayıtın yaradılmasının 60 ili tamam olur. Prezident
İlham Əliyev şəhərin yubileyinin ölkəmizdə
geniş qeyd edilməsi haqqında bu il aprelin 24-də
xüsusi sərəncam imzalayıb. Respublikamızın hər
hansı bir şəhərinin yubileyinin ilboyu ölkə
miqyasında keçirilməsi barədə Prezidentin sərəncam
imzalaması nadir hallardandır. Bu konfrans da elə
Sumqayıtın 60 illiyinə həsr olunur.
Sonra natiq şəhərin
tarixi ilə bağlı məlumat verdi. İlk müəssisələr,
yaşayış məntəqələri, mədəniyyət
və təhsil ocaqlarının yaradılması ilə
bağlı maraqlı faktları nəzərə
çatdırdı:
— 1970-ci ildən
başlayaraq, ümummilli liderin rəhbərliyi altında
Sumqayıtda yeni istehsal obyektlərinin inşası vüsət
aldı və şəhərin iri sənaye mərkəzi kimi
inkişafına əlverişli şərait yarandı. Bu
dövrdə ağır sənaye ilə yanaşı,
yüngül sənaye və maşınqayırma müəssisələri,
çoxsaylı sosial obyektlər işə başlayıb. Heydər
Əliyevin Sumqayıta hər səfəri şəhərin
tarixində yeni əlamətdar hadisələrlə yadda
qalıb. Dahi rəhbər Sumqayıtı “kiçik Azərbaycan”,
birlik və həmrəylik şəhəri
adlandırırdı. 2003-cü il aprelin 3-də ulu öndərin
Sumqayıta son səfəri şəhərin tarixində
ictimai-siyasi, mənəvi baxımdan mühüm tədbir kimi
yeni səhifə açmışdır. Geniş əhatəli,
dərin məzmunlu nitqi 34 il onun qayğısı ilə
çiçəklənən şəhərin mənəvi
həyatının sağlamlaşmasına, sosial-iqtisadi
durumuna müsbət dəyişikliklərin nüfuz etməsinə
dair vacib və kompleks proqram olmuşdur.
Həmin il ilk dəfə
prezident seçilən İlham Əliyevin diqqəti sayəsində
regional inkişaf proqramında Sumqayıt üzrə icrası
nəzərdə tutulan 11 bənddən ibarət tədbirlərin
hamısı yerinə yetirilib. Beş ildə ümumi məhsul
istehsalı və xidmətlərin həcmi 3,7 dəfə,
adambaşına düşən məhsul istehsalının həcmi
isə 4 dəfə artmışdır. Ümumilikdə şəhər
əhalisinin həyat səviyyəsini səciyyələndirən
nominal əmək haqqı 4 dəfədən çox
artmış və ötən il 250 manata
çatmışdır.
Vaqif Əliyev
Sumqayıtın inkişafında son 5 illik nəticələri
ətraflı şərh edərək, bir sıra maraqlı
faktları da diqqətə çatdırdı. Məsələn,
bu dövrdə şəhər üzrə ayrı-ayrı sahələrə
bütün maliyyə mənbələri hesabına
qoyulmuş investisiyaların həcmi 1 milyard 355 milyon manat təşkil
edib. Dövlət Proqramının icrası müddətində
Sumqayıtda 36435 yeni iş yeri yaradılıb, əllidən
çox iri və orta istehsal müəssisəsi
açılıb. Şəhərdə maliyyə-kredit
sisteminin özəyi sayılan 27 bank filialı fəaliyyət
göstərir. Böyük əksəriyyətinin son 5 ildə
işə başladığı bu banklar müasir üslubda
inşa edilmiş ofis binalarında yerləşir.
Sumqayıtın əsası
qoyulandan indiyə kimi şəhərə xidmət edən
ayrıca təmizləyici qurğunun olmaması ərazinin və
çirkab suların birbaşa axıdıldığı Xəzər
dənizinin ekoloji vəziyyətinə mənfi təsir
göstərməyə bilməzdi. Hazırda inşası
sürərtlə aparılan nəhəng təmizləyici
qurğunun gücünə görə bənzəri yoxdur.
Ötən əsrin
40-cı illərində istismara verilən 10 kilometr
uzunluğunda şollar su xətti Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
tapşırığı və bilavasitə köməkliyi
ilə yenidən qurulub. Bu xəttin istifadəyə verilməsi
şəhərin 120 mindən çox sakininin su təchizatının
yaxşılaşmasına xidmət göstərib.
Son illərdə 30-dan
çox yüksək mərtəbəli özəl
yaşayış binası sakinlərin istifadəsinə
verilib. Atılan addımlar şəhərdə inşaat
sektorunun inkişafına təkan verməklə minlərlə
kvadratmetr əlavə mənzil fondunun yaradılmasına və
yeni iş yerlərinin açılmasına şərait
yaradıb. Bununla yanaşı, son 5 il ərzində sosial
müdafiəyə ehtiyacı olan xüsusi kateqoriyalı ailələr
üçün dövlət vəsaiti hesabına 7
yaşayış binası inşa edilərək onların
ixtiyarına verilib.
Şəhərin 47-ci məhəlləsi
ərazisində yeni istifadəyə verilmiş Paralimpiya idman
kompleksi fiziki imkanları məhdud olan insanlara xidmət
göstərən nadir mərkəzdir.
Bu günlərdə
Sumqayıtın inkişafında müstəsna xidmətləri
olan və ictimai fəallıqları ilə seçilən
şəhərin qurucuları üçün mühüm
sosial mərkəz — Ağsaqqallar evi istifadəyə verilib.
Cəmiyyətin inkişafının aparıcı komponentlərindən
birini təhsil təşkil edir. Bu baxımdan Sumqayıtın
öyünməli uğurları yetərincədir. Təhsil
sahəsində pilot layihələr bir qayda olaraq məhz
Sumqayıtda sınaqdan keçirilərək həyata vəsiqə
qazanır. Təhsil sistemində aparılmış işlər
— 4 yeni məktəb binasının, 7 əlavə tədris
korpusunun inşası, bütün məktəblərin
istiliklə təchizatı, dam örtüklərinin əsaslı
təmiri, maddi-texniki bazanın gücləndirilməsi
ümumilikdə təhsilin məzmun və keyfiyyətinin
artırılması baxımından önəmli rol
oynayıb.
Ötən il ali məktəblərə
qəbul imtahanlarında 600-dən çox bal toplayanların
sayı 142 nəfər olub. Bu imtahanlarda mütləq nəticə
göstərərək 700 bal toplayan Elvin Dadaşova Azərbaycan
Respublikası Prezidenti tərəfindən Sumqayıt şəhərində
yeni inşa edilmiş yaşayış binasından mənzil
verilib. Ümumilikdə, 42 nəfər sumqayıtlı tələbə
Prezident təqaüdünə layiq görülüb.
Respublika üzrə
keçirilmiş “İlin ən yaxşı məktəbi”
müsabiqəsinin qalibi olmuş ilk 4 məktəbdən
üçü Sumqayıt məktəbləridir. “İlin ən
yaxşı müəllimi” müsabiqəsində isə 4 nəfər
şəhər müəllimi qalib adına layiq
görülüb.
Müasir dövrdə həyatın
müxtəlif sahələrində informasiya
texnologiyalarının tətlbiqi xüsusi aktuallıq kəsb
edir. Azərbaycanda yerli icra hakimiyyəti orqanları
arasında ilk internet səhifə məhz Sumqayıtda
yaradılıb, şəhər rəhbərliyinin vətəndaşlarla
elektron poçt vasitəsilə ünsiyyəti təmin
edilib. Son iki ildə yerli icra hakimiyyətləri arasında ilk
dəfə olaraq Sumqayıtda sənəd dövriyyəsinin
avtomatlaşdırılması məqsədilə aparatdaxili
şəbəkə sistemi quraşdırılıb.
Ardıcıl olaraq iki
ildir ki, Sumqayıtda keçirilən “Gənc informatiklər”
müsabiqəsi respublika üzrə kompyuter elmi sahəsində
məktəblilərin bacarıqlarını nümayiş etdirdikləri
nüfuzlu bilik yarışıdır.
Şəhərin
sosial-iqrtisadi nailiyyətlərindən əhalinin
sağlamlığının qorunması kimi mühüm vəzifəni
yerinə yetirən səhiyyə sistemi də xeyli bəhrələnib.
Dövlət səhiyyə müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsi və
onların zəruri tibbi avadanlıqla təchiz edilməsi ilə
yanaşı, son 5 ildə 13 özəl klinikanın fəaliyyətə
başlaması tibbi xidmətin keyfiyyətinə əhəmiyyətli
təsir göstərib.
Rəsm qalereyasında,
Mərkəzi kitabxanada, Bülbül adına uşaq incəsənət
məktəbində, Sumqayıt Tarix Muzeyində
aparılmış əsaslı təmir işləri şəhərin
mədəniyyət müəssisələrinin fəaliyyətinin
canlanmasına səbəb olub, keyfiyyətcə yeni mədəni
proqramların təşkilinə imkan verib.
Məruzəçi
Sumqayıtın bir şəhər kimi formalaşmasında
respublikamızın və keçmiş ittifaqın elmi-tədqiqat
institutlarının xüsusi yeri olduğuna da diqqəti cəlb
etdi:
— Məhz elmi xarakter
daşıyan yanaşma şəhərin uzun illər boyu
inşaat perspektivlərini müəyyən etməyə imkan
yaratmışdır. Biz bu ənənəyə sadiq qalaraq,
son illər ərzində miqyasından və sahəsindən
asılı olmayaraq şəhərdə həyata
keçirilən hər bir işin elmi əsaslara söykənməsinə
çalışmışıq. Hesab edirəm ki,
Sumqayıtın sosial-iqtisadi uğurlarının əldə
edilməsində ötən 5 ildə ənənəvi olaraq
keçirilən elmi-praktik konfranslar da əsas amilə
çevrilmişdir. Bu baxımdan Sumqayıtda artıq tətbiqinə
başlanmış biznes-inkubatorların, texnoparkların
yaradılması, innovativ layihələrin həyata
keçirilməsi praktikasından geniş istifadə də nəzərdə
tutulur.Tədbirdə AMEA-nın kimya bölməsinin akademik
katibi, akademik Nadir Seyidov, Sumqayıt Dövlət Universitetinin
rektoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Qəhrəmanov,
İqtisadi İnkişaf Nazirliyinin şöbə müdiri
Sahib Məmmədov, “Aztelekom” İstehsalat Birliyi baş
direktorunun müavini Mehman Həsənov, AMEA-nın müxbir
üzvü Mustafa Salahov, “Neftqazavtomat” EİM-in direktoru Əli
Əmirov, “Sumqayıtelektrikşəbəkə” ASC İH-nin
sədri Mehman Mehdiyev, AMEA-nın elmi katibi, akademik Vaqif Fərzəliyev,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin məsuli
işçisi Tahir Quliyev çıxış edərək
Sumqayıtın sosial-iqtisadi tərəqqi yolunda uğurla irəliləməsindən,
dinamik inkişafından və yeni nailiyyətlər
qazanmasından bəhs etdilər.
Əli NƏCƏFXANLI
Xalq qəzeti.- 2009.- 17 may.- S. 5.