Ağarza Rzayev
ömrünün 75-ci ilini yaşayır. Təcrübəsini,
neftçi peşəsinin sirlərini gənclərə həvəslə
öyrədir. Özü bu barədə belə dedi: — Azərbaycanda
zəngin neft və qaz yataqları var. Onun səmərəli
istismarı üçün təkcə nəzəri biliklərlə
kifayətlənmək olmaz. Burada təcrübədən də
yararlanmaq mühüm amildir. Məhz elə buna görə də
gənc neftçilərə həmişə demişəm
ki, ömrünü bu sahəyə həsr edən
yaşlı nəsildən öyrənməkdən,
qarşıya çıxan çətinliklər zamanı
onlara üz tutmaqdan çəkinməsinlər...
A.Rzayev 1952-ci ildə
Kürdəmir rayonunda orta məktəbi bitirmiş və həmin
ildə də indiki Azərbaycan Dövlət Neft
Akademiyasına daxil olmuşdur. 1957-ci ildə bu ali təhsil
ocağının neft-mədən fakültəsini Neft
quyularının qazılması ixtisası üzrə bitirərək
göndərişlə Şirvan ərazisində yerləşən
Kürovdağ sahəsindəki Qazma işləri İdarəsinə
gəlmiş, burada qazmaçı köməkçisi kimi əmək
fəaliyyətinə başlamışdır. Ayrı-ayrı
vaxtlarda bu idarədə qazma işi ilə bağlı
müxtəlif sahələrdə
çalışmışdır.
Ağarza müəllim
1961-ci ildən isə Şirvan Qazma Trestinin 2 saylı idarəsində
usta, sahə rəisi, baş mühəndis, rəis
müavini, trestdə baş mühəndis, tamponaj idarəsində
baş mühəndis, rəis müavini, rəis vəzifələrində
işləmişdir.
Yuxarıda
xatırlatdıq ki, A.Rzayev uzun illər Kürovdağ sahəsindəki
(Şirvan) neft yataqlarının istismarında
çalışıb. Buranın geoloji quruluşuna dərindən
bələddir. Söhbət əsnasında bildirdi:
— Şirvan neftinin taleyi
çox maraqlıdır. Hələ keçən əsrin
ortalarından başlayaraq bu ərazidə neftin
mövcudluğu ilə maraqlanan bir sıra şəxslər kəşfiyyat
işləri aparmışdır. Məsələn, alman
geoloqu V.Abix Kürovdağ və Mişovdağda tədqiqatlar
həyata keçirmiş, 1859-cu ildə yazdığı “Xəzər
vilayətinin palçıq vulkanları” əsərində bu
yerlərdə neft yataqlarının mövcudluğu barədə
məlumat vermişdir. Yaxud, başqa bir misal. Geoloq Konşin
1890-cı ildə Kürovdağda tədqiqat irşləri
aparmış, bu barədə mətbuatda
çıxış etmişdir...
Ağarza müəllim
söhbətinirn bu yerində maraqlı bir məqama da toxundu. Göstərdi
ki, uzun illər Mişovdağ və Kürovdağda kəşfiyyat
irşləri aparılmasına, hətta 430 metrə yaxın
dərinlikdə 2 quyu qazılmasına baxmayaraq, istənilən
nəticə alınmayıb, başqa sözlə, neftin
istismarı reallaşmayıb. Hətta bir sıra geoloqlar
burada neftin mövcudluğunu inkar etmişlər... Lakin ötən
əsrin əvvəllərində Kürovdağda 300 metr dərinlikdə
qazılmış bir kəşfiyyat quyusunda qaz əlamətlərinin
müşahidə edilməsi tədqiqatçılara ümid
vermişdir. Hətta həmin dövrdə neft sahibkarları
Nobel və Mantaşev də bu ərazilərdə geoloji-keəşfiyyat
işləri aparmışlar. “Nobel qardaşları” şirkəti
tərəfindən Mişovdağ və Kürovdağda
qazılan ilk quyular nəticəsiz olsalar da, bu günə kimi
dururlar...
Ağarza müəllimin
məlumatına görə, sözügedən ərazilərdə
neft axtarışı-kəşfiyyat işləri uzun illər
davam etdirilmiş, qiymətli elmi nəticələr əldə
olunmuşdur. Bütün bunların məntiqi nəticəsi
özünü 1955-ci ilin iyun ayının 18-də göstərdi.
Həmin gün Kürovdağın ətəyində
qazılan 2 saylı kəşfiyyat quyusu neft fontanı vurdu. Onun
hasilatı sutka ərzhində 40 ton idi. Bəli, həmin
gün neftçilərimizin böyük uğuru kimi tarixə
yazıldı... 1956-cı ilin iyun ayının 13-də isə
Mişovdağ sahəsində 1500 metr dərinlikdə
qazılan 1 saylı kəşfiyyat quyusu da neft verdi.
A.Rzayev daha sonra
dedi:
— Yüksək
ixtisaslı, böyük təşkilatçılıq
qabiliyyətli Azərbaycan neftçilərinin birgə əməyinin
nəticəsi olaraq, qısa zaman kəsiyində
sözügedən sahələrdə neft hasilatı sürətlə
artırıldı. Belə ki, 1965-ci ildə gündəlik
neft hasilatı 10 min tona, qaz hasilatı isə 2 milyon kubmetrə
çatdırıldı. Bununla da Şirvanın
(keçmiş Əli Bayramlı) bir gənc şəhər
kimi çiçəklənmə dövrünün təməli
qoyuldu...
Ağarza müəllim
bildirdi ki, Kürovdağ sahəsindən neft
çıxarılmasında qazmaçıların da rolu az
olmayıb. Onlar neft hasilatının artırılmasında,
neft sənayesinin inkişafında gecəli-gündüzlü
səylərini əsirgəməyiblər. Buna görə də
özlərini xoşbəxt sayırlar, qürur hissi
keçirirlər.
...Xalq şairi Bəxtiyar
Vahabzadənin bir şeirindən misraları
xatırlayıram:
Ömür
sənə verilməyib
Boş-boşuna
keçirəsən.
Ömür
sənə verilib ki,
Ulduzların
işığını
Gözlərinə
köçürəsən.
Bəli, Ağarza müəllim
75 illik ömrünü boş-boşuna keçirməyib,
şərəflə yaşayıb, neftçi peşəsini
uca tutub. Bu peşəyə dərindən
bağlılığı ilə ad-san qazanıb, el-obada
nüfuz sahibi olub.
İbrahim
NİZAMİOĞLU
Xalq qəzeti.- 2009.- 17
may.- S. 7.