Bir daha Məhşər haqqında

 

Bütün səmavi kitablar insanlara haqqın yolundan azdıqları zaman Məhşər divanına çəkiləcəkləri barədə xəbərdarlıq etmişlər. Min illər boyu bu bir dini rəvayət kimi söylənilərək nəsildən – nəsilə ötürülmüş və bəziləri tərəfindən ciddi qəbul edilməmişdir. Son vaxtlar bütün insanlar Məhşərin ekoloji fəlakət donunda sürətlə yaxınlaşdiğını hiss edirlər. O, özünü ətraf mühütün çirklənməsi ilə hər il onlarca bitki və heyvanın yoxa çıxması şəklində biruzə verir. Bu azmış kimi müxtəlif informasiya mənbələrində dünyanın, sivilizasiyanın sonu barədə məlumatlara rast gəlinir.

Bir neçə ay bundan qabaq Amerikanın Milli Kosmik Agentliyi (NASA) bildirdi ki, 2012-ci il sentyabr ayının 12-də Günəş fəaliyyətinin hədsiz dərəcədə artması nəticəsində Yerdə olan bütün enerji mənbələri çökəcək və nəticədə bir gün ərzində bəşəriyyət daş dövrünə qayıtmalı olacaqdır. İki səbəbə görə bu inandırıcı deyil:

1.Dörd milyard altı yüz milyon il bundan əvvəl ifrat dərəcədə böyümüş “Qara dəliyin” partlaması nəticəsində bizim qalaktika doğulmağa başladı. Partlayış anında alınan kütlə daxilində fantastik dərəcədə yüksək təzyiq və temperatur olduğundan o qazvari kütlə ağlagəlməz bir sürətlə hər tərəfə yayılmağa başladı. Bu genişlənmə dörd milyard altı yüz milyon ildir ki, davam edir. Genişlənmə müəyyən həddə çatdıqdan sonra qazvari kütlə yüz milyardlarla hissəyə parçalandı. Alınan hissələr ilkin kinetik enerji hesabına bütün istiqamətlərdə ümumi mərkəzdən hələ də uzaqlaşmaqdadır. O hissələrdən biri də vaxtilə bizim Günəşi formalaşdırmışdı. Günəş orta bütövlükdə ulduz olmaqla göstərilən müddət ərzində kütləsinin əsasını təşkil edən hidrogenin nüvə reaksiyası üzrə heliuma çevrilməsi ilə mövcudluq tapır. Hesab edilir ki, Günəşin bu cür fəaliyyəti hələ on milyard il davam edə bilər. Deyilənlərdən belə çıxır ki, Günəş bu gün öz ömrünün yetkinlik çağındadır, yəni, arxada qalan dörd milyard altı yüz milyon il ərzində Günəş daxilindəki proseslər normallaşmış, tənzimlənmişdir. Məntiq deyir ki, Günəşin həyatındakı kataklizmlər bir onun ömrünün əvvələrində, bir də sonunda baş verə bilər. Günəş həyatının tənzimlənmiş dövründə, yəni bizim zamanda kataklizmlərə yer olmamalıdır.

2.Bu gün Yer elminin Günəşdə dörd il bundan sonra baş verəcək kataklizmi gün dəqiqliyi ilə təyin etmək imkanı çətin ki, olsun. Qeyd etmək gərəkdir ki, belə bir fəlakət baş versə belə, onu dəf etmək imkanı mütləq mənada olmadığına görə, insanları vahiməyə salmamaq üçün, o barədə danışmağa dəyməzdi.

Təxminən iki ay bundan əvvəl “Lider” telekanalında bir sənədli film göstərirdilər. Orada deyilirdi ki, on iki min il bundan əvvəl Yerin maqnit qütblərinin öz yerini dəyişməsi nəticəsində Atlantida adlı sivilizasiya məhv olmuş, 200000-ə qədər mamont donmuşdu. Yerin maqnit qütblərinin öz yerini bu sayaq dəyişməsi növbəti dəfə 2030-cu ildə olacaqdır. Hadisənin mahiyyətini anlamağa çalışaq. Yuxarıda qeyd etdiyimiz kimi, ilkin partlayışdan sonra bizim Yer kürəsini əmələ gətirəcək hissə o vaxtdan keçən dörd milyard altı yüz milyon il ərzində daim soyuyaraq aşağı energetik səviyyəyə, yəni daha sabit vəziyyətə keçərək mövcud olmuşdur. Bu qədər müddət ərzində daim daha sabit vəziyyət alan Yerin maqnit qütblərinin öz yerini özbaşına dəyişə bilməsi qəbul edilə bilməz.

Kainat barədə elmi biliklərə əsaslanaraq birmənalı şəkildə düşünmək olar ki, bu hadisə başqa sivilizasiyanın Yerə qarşı apardığı kosmik müharibə olmuşdur. Onlar Yerin maqnit qütblərinin yerini dəyişmiş, bununla da ani olaraq planetin təxminən 90 dərəcə dönməsinə nail olmaqla orada olan bütün iri canlı varlıqları, heyvanları və insanları məhv etmişdirlər. Məqsəd isə, yəqin ki, onların cənnətəbənzər həyatını zəhərləyən tör-töküntüləri, cənnətdən qovulası olan insanları yerləşdirmək üçün şərait yaratmaq olmuşdur. Aydındır ki, nə qədər məntiqli olsa da bu fərziyyədən başqa bir şey deyildir. Bir şey aydındır ki, bu hadisə istər Allah tərəfindən törədilsin, istərsə də başqa sivilizasiyanın işi olsun, onun bir də 2030 - cu ildə baş verəcəyi haqqında məlumat heç cürə bizə gəlib çata bilməz.

 

* * *

 

“ Zerkalo” qəzetinin 14 mart 2009- cu il tarixli 48 saylı nömrəsində bizim həmyerlimiz, dünyanın ən güclü seysmoloqlarından biri, çox olsun ki, birincisi olan professor İkram Kərimovun verdiyi müsahibə də diqqəti cəlb edir. Proffesor Kərimovun elmi fəaliyyəti seysmologiya ilə bağlıdır. Onun on illər boyu apardığı tədqiqatların köməyi ilə gəldiyi nəticə budur ki, XX əsr boyu aparılan müharibələr, xüsusən də müxtəlif növlü atom sınaq partlayışları, Yer qabığını həyəcana gətirmişdir. Yer qabığına göstərilən bu təsirlər hələ elmə məlum olmayan bir yolla Yer qabığındakı xüsusi bir mexanizmi “xoda” salmışdır, və həmin təsirlər dayansa belə yer qabığında “xoda” düşmüş mexanizm getdikcə güclənəsidir. Professor Kərimov hesab edir ki, o mexanizmin getdikcə güclənməsinin səbəbi yer qabığının kosmosdan elmə məlum olmayan mənbədən və elmə məlum olmayan yolla enerji almasıdır. O, enerji hesabına yer qabığı qızır və qütb buzlarının əriməsini gücləndirir.

Deyilən prosesin öz-özünə daha da güclənməsi daha böyük bəlaya, zəlzələlərin həm güc, həm də say etibarı ilə artmasına səbəb olur və lazımi tədbirlər görülməsə ən çoxu on beş ilə zəlzələlər sivilizasiyanı məhv etmək dərəcəsinə çatacaqdır. Onu da qeyd etmək gərəkdir ki, proffesor Kərimov bu nəticələrə elmi cihazların göstərişləri və zəlzələlər barəsində dünya üzrə toplanan məlumatlar əsasında gəlmişdir.

Əfsus ki, deyilənlərin müasir fizika və kimiyanın fundamental nəzəri əsalarına arxalanan elmi izahı yoxdur. Qlobal istiləşmə və zəlzələlərin artması faktdır. Mənə elə gəlir ki, bu hadisələri başqa cür də izah etmək olar. Yer qabığının yaşı milyard ildən artıqdır. Məlumdur ki, yer hər milyon il ərzində bir dərəcə soyuyur. Bu o deməkdir ki, həm yer daxilindəki maqma, həm də yer qabığı tədricən sıxlaşır. Yer qabığı bərk maddə olduğu üçün onun sıxılması ya qırılmaqla, ya da dağlar əmələ gəlməklə qırışması yolu ilə öz həllini tapır. Deməli, Yer səthinin elə bir yeri yoxdur ki, orada gərginlik olmasın. Yer qabığının hər yerində olan gərginlik milyon, yüz milyon illər ərzində toplanır və ifrat həddə çatan sahələrdə qırışların, çatların əmələ gəlməsi ilə və nəticədə zəlzələ baş verməsi ilə ortaya çıxır.

Hökm etmək olar ki, hər cür partlayış on milyon illər boyu toplanan və gec - tez zəlzələ ilə nəticələnəsi gərginlik mənbələrinin bəzilərinin vaxtından qabaq sönməsinə səbəb olur ki, o da zəlzələ ilə müşayiət olunur. Düşünmək olar ki, müxtəlif, partlayışların (müharibələr və atom sınaq partlayışları) bu hadisələrdə rolu həlledici deyildir. Bu hadisələrin, istər Yer qabığının qızmasının, istərsə də zəlzələlərin artmasının əsas səbəbkarı yer səthində işləyən hər cür maşın və mexanizmlərin fəaliyyətidir. Onlar öz enerjilərini, maşın və mexanizmlərin yaratdığı gücün çox hissəsini təşkil etməklə vibrasiya vasitəsilə yer qabığına ötürürlər. Bu enerjinin miqdarı həm yer qabığını isitməyə, həm də yetişməkdə olan zəlzələləri vaxtından əvvəl yetişdirməyə çatır.

Müxtəlif partlayışların, eləcə də yer səthində işləyən maşın və mexanizmlərin öz enerjilərini yer qabığına ötürməsi prosesi klassik nəzəriyyələrin köməyi ilə asanlıqla izah edilə bilir. İstər hər hansı partlayışın, istərsə də maşın və mexanizmlərin yaratdığı mexaniki enerji yer qabığını ehtizaza gətirir və ehtizaz az da olsa zəifləməklə çox uzaq məsafələrə ötürülə bilir. O, ehtizazlar güclüdürsə (atom sınaq partıayışları və iri bombaların partlaması) onların yaratdığı ehtizaz Yer qabığı ilə dünyanı dəfələrlə dolana bilir. Onların zəifləmə mexanizmi isə belədir. Təbiətindən asılı olmayaraq onların enerjisi elektromaqnit dalğaları şəklində yer qabığını təşkil edən atomların xarici elektron təbəqəsindəki elektronlar tərəfindən udulur. Enerji udmaqla yüksək səviyyəli orbitə keçən elektronlar dərhal o enerjinin əsas hissəsini bütün istiqaməylərdə olmaqla qonşu atomların müvafiq elektronlarına ötürürlər. Bu proses, hər dəfə enerji şüalandıran elektron cüzi də olsa enerji saxladığı üçün, gec-tez dayanır. Nəzərə alsaq ki, Yer səthində işləyən maşın və mexanizmlərin sayı və gücü günbəgün əhəmiyyətli dərəcədə artır, deyilənlərin həqiqət olmağa haqqı olduğu aydınlaşar. Şübhəsizdir ki, yetişməkdə olan zəlzələlər işə düşdükcə onların sayı da azalır. Bu o deməkdir ki, sivilizasiyanı məhv edəcək qədər gücə malik olan zəlzələnin yaranmasına imkan yoxdur. Əksinə, müəyyən müddətdən sonra zəlzələlərin həm sayı, həm də gücü öz apogeyinə çatıb azalmağa başlayacaqdır. Göstərilən yolla partlayışların və ya maşın və mexanizmlərin Yer qabığına ötürülən enerjisi yer qabığının bütün atom və molekulları arasında bərabər paylanaraq onların qızmasına səbəb olur. Partlayışların və ya maşın və mexanizmlərin fəaliyyətinin Yer kürəsinin harasında olmasından asılı olmayaraq şimal və cənub qütbləri də öz istilik payını alır ki, bu da buzların əriməsinə xərclənir.

Kosmosdan, xüsusən Günəşdən gələn enerji atmosfer və Yerin səthi tərəfindən (yenə atmosferin köməyi ilə) geriyə şüalandırıldığı halda, partlayış və hərəkətlərin ehtizaz enerjisi nəinki Yer qabığına, üstəlik də Yerin ən dərin qatlarına qədər yayıla bilir. Şəksiz ki, bu enerji də öz işini görməklə yanaşı tədricən yuxarıda deyilən yolla kosmosa şüalanır. Elə olmasa idi, son yüz ildə Yer səthinin temperaturu daha çox artmış olardı. Bizim zamanda Yer üzərində işləyən maşın və mexanizmlərin sayının hər il əhəmiyyətli dərəcədə artması nəticəsində Yer qabığının aldığı enerjinin miqdarı və onun fəsadları da mütənasib şəkildə artır. Keyfiyyətli yollar çəkməklə və az ehtizaz yaradan maşınlar (məsələn, hava döşəyi üzərində hərəkət edən) yaratmaqla Yer qabığına ötürülən enerjini azaltmaq olar.

 

* * *

 

Yer qabığının kosmosdan enerji alması barədə belə demək olar; Kosmosdan, yəni ulduzlardan gələn işıq elektromaqnit dalğalarıdır və müəyyən enerjiyə malikdir. İşığın enerjisi yer atmosferi tərkibindəki qazların və Yer qabığının səthindəki ilk atomların xarici elektron qatında yerləşən elektronlar tərəfindən udulur və yenə yuxarıda deyildiyi kimi, əsasən geriyə, kosmosa şüalandırılır. Ulduzlardan bu yolla yerə gələn enerji olduqca azdır. Yerin kosmosdan aldığı enerjinin əsas mənbəyi Günəşdir. Günəşdən gələn külli miqdarda enerji də elektromaqnit dalğaları şəklində gəldiyi üçün ulduzlardan gələn enerji kimi yer atmosferi və yerin üst qatının atomlarının vasitəsi ilə qəbul edilib, geriyə kosmosa şüalandırılır. Yerin təkindən sızıb gələn istilik enerjisi də eyni yolla kosmosa şüalandırılır və buna görə də yer tədricən soyuyur. Bu proses milyard illər ərzində tarazlanmışdır və deməli, yer qabığı kosmosdan əlavə enerji almır və o yolla qıza bilməz.

 

* * *

 

Bir neçə gün bundan əvvəl Yapon alimlərinin tədqiqatlarının nəticəsi açıqlandı; 2036-cı ildə Yer kürəsi asteroidlə toqquşacaq və sivilizasiya məhv olacaqdır. Bu günə qədər Yerin yaşadığı kataklizmlərin demək olar ki, hamısı onun asteroidlə toqquşması nəticəsində baş vermişdir. Asteroidlə toqquşma təqribən 50-70 milyon ildən bir baş verməklə hər dəfə Yer üzündə həyatın dəyişməsinə səbəb olur. Sonuncu toqquşma 60-70 milyon il bundan əvvəl olmuşdur. O vaxtdan bəri müxtəlif asteroidlərin Yerə yaxın keçməsi yüz min dəfələrlə baş vermişdir. Bu, o deməkdir ki, gec-tez Yerin asteroidlə toqquşması baş verəcəkdir. Bu hadisə günü bu gün, ya da qeyri-müəyyən müddətdən (milyonlarla ildən) sonra ola bilər. Yuxarıda qeyd etdiyimiz kimi, hansısa asteroidin 27 ildən sonra Yerlə toqquşacağını təyin etmək o qədər də asan deyildir və bu toqquşmanın ehtimalı faizin mində birindən də azdır.

 

* * *

Sivilizasiyanın yaxın yüz il ərzində məhv olmaq ehtimalı kifayət qədər yüksəkdir. Ətraf mühitin çirklənməsinin nəticəsi kimi gələn ekoloji fəlakət artıq burnumuzun ucundadır.

Bəşəriyyət tezliklə Ali İcma yaradaraq bütün gücü ilə ekoloji fəlakətlə mübarizə aparmasa sivilizasiyanın məhvi labüddür. Ekoloji fəlakətin əsas səbəbkarı avtomobillər, yəni daxili yanma mühərrikləridir. Ətraf mühitin, ilk növbədə atmosferin çirklənməsinin çox hissəsi avtomobillərin ixrac qazlarında olan dəm qazı və minlərlə zərərli karbohidrogenlərin payına düşür. Hər gün bu yolla təxminən əlli min ton zərərli maddə atmosferə atılır və oradan yağışın, qarın köməyi ilə bərabər sürətdə yer səthinə paylanır. Quru sahələrə düşən zərərli maddələrin bir hissəsi çayların vasitəsi ilə okeanlara axır. Neçə on illərdir ki, alimlər okeanların həddən artıq çirkləndiyi və onların bioresurslarının sürətlə azaldığı barədə həyəcan təbili çalırlar.

Ancaq Yer kürəsində həyat başqa ssenari üzrə də davam edə bilər: Daxili yanma mühərrikinin ixrac qazlarındakı zərərli maddələrin ucuz və effektiv zərərsizləşdirilməsi üçün üsul tapılmışdır 20 noyabr 2008. Mən bu üsulun tezliklə tətbiq ediləcəyinə və nəticədə bəşəriyyətin ekoloji fəlakətlə mübarizə üçün on illərlə vaxt qazanılacağına əminəm. Ən azı son 2000 ildə filosofların “bəşəriyyət haraya gedir” sualı öz elmi - fəlsəfi, məntiqi cavabını tapmışdır. Bəşəriyyət kor-koranə surətdə Avropa Birliyi şəklində Ali İcmanı qurur. Bu işi şüur öz öhdəsinə götürməklə sürətləndirəcək və Ali İcma tezliklə qurulacaqdır. Nəticədə bəşəriyyətin ekoloji fəlakətlə mübarizəyə yönəlmiş gücü birə yüz artacaqdır. Tədricən ətraf mühit sağlamlaşacaq və yer üzü, sözün əsl mənasında cənnətə çevriləcəkdir. Qarşıda, elmin görünməmiş tərzdə güclənməsi durur. Şəksizdir ki, tezliklə bu günkü enerji mənbələrinin alternativi olan ekoloji təmiz enerji mənbələri tapılacaqdır. Düşünmək olar ki, bu Günəş enerjisi hesabına olmalıdır. İnsanların əksəriyyəti başa düşəcək ki, hər bir insan Yer üzündə təkcə nəsil artırmaqla yox, cəmiyyət üçün xeyirli işlər görməklə daha şərəfli iz qoya bilər. Bu isə insan artımının tənzimlənməsinə səbəb olacaqdır. İnsan kainatın hər hansı yerində şərait olan kimi tərkibin sabitlik qanununa əsasən xromosomlardan yaranır və icmada həyat sürür.

Şəksizdir ki, Yerdə tez-tez görünən kosmik qonaqlar da həyatlarının Ali İcma fazasını yaratmasa idilər bugünkü imkanlarına malik ola bilməzdilər. Başqa sivilizasiyalar Ali İcmanı yarada bilibsə, deməli, biz də yarada bilərik və yaratmalıyıq.

 

 

Pənah QURBANOV,

kimya elmləri doktoru

 

Xalq qəzeti.- 2009.- 17 may.- S. 7.