İllərin
sınağından şərəflə
çıxmış sənət
Öz xidmətləri
ilə adlarını musiqi sənəti tariximizə əbədi
həkk etmiş sənətkarlardan söz düşəndə
birincilər sırasında Asəf Zeynallının da adı
hörmətlə çəkilir. Asəf Zeynallı çox
qısa bir ömür yaşayıb – cəmi 23 il. Lakin parlaq
istedadı, musiqi sənətinə sonsuz məhəbbəti,
güclü həyat və yaradıcılıq enerjisi sayəsində
23 illik ömrü və 7 illik yaradıcılığı ərzində
başqalarının on illərlə görə bilmədiyi
işləri görmüş, özündən sonra qərinələrin
sınağından şərəflə çıxan, həmişə
gənclik təravətini və sənət dəyərini
saxlayan qiymətli bir irs qoyub getmişdir.
Əslində, təkcə
adı çoxdan musiqi sənətimizin qızıl fonduna
düşmüş “Ölkəm” romansı Asəf
Zeynallının əbədi yaşaması və xalq tərəfindən
sevilməsi, daim xatırlanması üçün kifayət
edərdi. Lakin o musiqi tarixinə sənətkarlıq
baxımından “Ölkəm”dən heç də geri
qalmayan, onun kimi sevilən və ifaçıların
repertuarından düşməyən gözəl romanslar,
mahnılar, kamera-instrumental və simfonik əsərlər bəxş
etmişdir. Asəf Zeynallı öz
yaradıcılığında Qərb musiqisinin
formalarını və janrlarını Azərbaycan xalq
musiqisinin ifadə vasitələri ilə əlaqələndirmiş,
onların uğurlu sintezinə nail olmuş, beləliklə,
Üzeyir Hacıbəyov və Müslüm Maqomayev ilə
birlikdə Azərbaycan milli bəstəkarlıq üslubunun təməlini
qoymuşdur. Məhz bu baxımdan dahi bəstəkarımız
Üzeyir bəy Hacıbəyov Asəf Zeynallının
yaradıcılığınını yüksək qiymətləndirərək
onun gələcəkdə daha böyük sənət nailiyyətləri
qazana biləcəyini vurğulamışdır: “Asəfin əsərlərinə
nəzər saldıqda aydın olur ki, gələcəkdə,
o, olduqca böyük, orijinal və dərin düşüncəli
bir bəstəkar ola bilərdi”.
Bu il görkəmli bəstəkarın
anadan olmasının 100 illiyi tamam olur. Bu münasibətlə
doğma respublikamızda, doğulub boya-başa
çatdığı qədim Dərbənddə, eləcə
də Rusiyanın bir çox şəhərlərində
yubiley tədbirləri keçirilir. Belə tədbirlərdən
biri də bu günlərdə Azərbaycan Milli
Konservatoriyası nəzdindəki Musiqi Kollecində keçirildi.
Tədbirə dəvətli
qonaqlar sırasında respublikanın tanınmış incəsənət
xadimləri, görkəmli musiqiçilər, Asəf
Zeynallının anadan olduğu qədim Dərbənd şəhərindən
gəlmiş qonaqlar Dərbənd Şəhər Mədəniyyət
İdarəsinin rəisi Hüseynbala Hüseynov, Təhsil Nazirliyi
iqtisadiyyat şöbəsinin müdiri, Azərbaycan – Dərbənd
Cəmiyyətinin sədri Həmid Zeynalov, Vasif Zeynalov,
“EVTERPA” bələdiyyə incəsənət qrupunun solistləri,
müğənni Batul Nağıyeva, skripkaçı Mədinə
Abdullayeva, konsertmeyster Səidə Axundova və Asiəf Zeynallının
qardaşı qızı, kollecin təcrübəli müəllimi
Elmira Zeynallı və rəsmi şəxslər var idilər.
Tədbiri giriş
sözüylə açan kollecin direktoru, Azərbaycan
Respublikasının əməkdar incəsənət xadimi,
profesoor Nazim Kazımov qonaqları salamlayaraq Asəf Zeynallının
həyat və yaradıcılığına həsr
olunmuş elmi konfransda onun Azərbacan incəsənətinə
bəxş etdiyi bir-birindən gözəl musiqi əsərlərindən,
eləcə də yubilyarın ad gününə “Elm və Təhsil”
nəşriyyatı tərəfindən nəfis şəkildə
çap olunmuş “Asəf Zeynallı” kitabından söz
açdı.
Nazim Kazımovun bu
kitabına çox böyük önəm verən Milli Elmlər
Akademiyasının müxbir üzvü, SSRİ xalq artisti,
Dövlət mükafatları laureatı, “İstiqlal ordenli”
professor Arif Məlikov Asəf Zeynallının bu qısa
ömürdə Azərbaycan professional musiqi sənətinin
inkişafına bəxş etdiyi və ecazkar əsərləri
ilə əbədi olaraq musiqi tariximizə
düşdüyünü xüsusi qeyd etməklə
yanaşı, Asəf Zeynallı haqqında indiyə qədər
lazımi qədər tədqiqatlar
aparılmadığını, eləcə də bu unikal
kitabın “Azərbaycan musiqi tarixi”, XX əsr Azərbaycan
Musiqi Ədəbiyyatı fənləri üzrə müəllim
və tələbələrə layiqli töhfə
olduğunu qeyd etdi. “Tar ilə fortepiano üçün pyeslər”,
“Ümumtəhsil məktəblərində muğamların tədrisi
məsələləri”, Səid Rüstəmov, “Musiqi
Kolleci–110, eləcə də onlarla digər elmi-metodik, publisist
məqalələr müəllifi kimi tanınan Nazim
Kazımov həmin gün yubilyarın 100 illiyinə həsr
olunmuş müsabiqə qaliblərinə fəxri fərman,
diplomlarla yanaşı ”Asəf Zeynallı" kitabını
da təqdim etdi.
Volqaqrad şəhərində
Asəf Zeynallının, eləcə də digər Azərbaycan
bəstəkarlarının əsərlərini çox
böyük ustalıqla ifa etmiş Dərbəndin “EVTERPA”
musiqi kollektivi üzvlərindən Mədinə
Abdullayevanın skripkada ifa etdiyi Arif Məlikovun “Türk
qızlarının rəqsi” A.Zeynallının – “A-lya
muğam”, Batul Nağıyevanın oxuduğu T.Quliyevin – “Sevgi
valsı”, “Aman ovçu” xalq mahnısını, tədbir
iştirakıları sürəkli alqışlarla və tər
çiçək dəstələri ilə
qarşıladılar. Sevindirici haldır ki, hər iki
ifaçı Azərbaycan konservatoriyasını və
aspiranturanı bitiriblər, Azərbaycan musiqisinin ən
böyük təbliğatçılarıdırlar. Hər
iki solisti pianoda Səidə Axundova müşayət edirdi.
Musiqi Kollecinin tələbələrinin skripkaçalanlar
ansamblı Üzeyir Hacıbəyovun “Arazbarı” (dirijor
A.Hüseynov) IV kurs tələbəsi Kazım Nicat Fəxrinin
“Ölkəm” romansı, (müəllim Sevda Məmmədova,
konsertmeystr Tatyana Donbir), Sevinc Heydərovanın rəhbərlik
etdiyi kanonçalanlar ansamblının ifasında
Z.Bağırovun “Rapsidiya”, III kurs tələbəsi Qəmərxanım
Məmmədovanın A.Zeynallı “Lay-lay”, müəllim Məleykə
Əhədzadə və digər gənc
ifaçıların çıxışları da rəğbətlə
qarşılandı.
Üç saatadək
davam edən tədbirin sonunda Azərbaycan–Dərbənd Cəmiyyətinin
sədri Həmid Zeynalov, Hüseynbala Hüseynov, eləcə
də “EVTERPO” qrupunun solistləri Bakı görüşlərindən,
eləcə də kollecdəki doğma münasibətdən
məmnun qaldıqlarını və yaxın gələcəkdə
Azərbaycan musiqi nümayəndələri ilə Dərbənddə
bu cür görüşlərin xalqlar arasında dostluq və
musiqi mədəniyyətinin təbliği işində
çox böyük rolu olduğunu qeyd etdilər.
Rafiq SALMANOV
Xalq qəzeti.- 2009.- 17 may.- S. 8.