Azərbaycanda 1.283 750 nəfər əmək pensiyası alır

 

Ölkəmizdə 2009- cu il aprelin 1-nə olan statistikaya əsasən, əmək pensiyası alan şəxslərin sayı ötən ilin əvvəli ilə müqayisədə 8612 nəfər artaraq 1.283 750 nəfərə çatıb. Onlardan 508 882 nəfəri kişi, 774 868 nəfəri qadınlardır. Qadınların 377 834 nəfəri isə çoxuşaqlı analardır. Bundan başqa, əmək pensiyaçılarının arasında dövlət qulluqçusu kimi pensiya alanlar da var ki, onların da sayı 9451 nəfərdir. Ümumilikdə, Azərbaycanda əmək pensiyaçılarının 128 093-ü işləyənlərdir.

Bu barədə DSMF-in ictimaiyyətlə əlaqələr sektorundan aldığımız məlumatda deyilir. Məlumatda həmçinin o da bildirilir ki, hazırda yaşa görə pensiya alanların sayı 840 885 nəfərdir. Əlilliyə görə əmək pensiyası alan şəxslərin sayı isə 305 031 nəfər təşkil edir. Onlardan 22 286 nəfəri birinci qrup, o cümlədən 7613 nəfəri birinci qrup gözdən əlillərdir. Əmək zədəsi və peşə xəstəliyi ilə bağlı 4605 nəfər əmək pensiyası alır. Bundan başqa, ölkədə 36526 nəfər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslər var. Ailə başçısını itirməyə görə əmək pensiyası alanların sayı 137 834 nəfərdir ki, bunlardan da 22-si Azərbaycanın milli qəhrəmanlarının ailə üzvləridir.

Qeyd edək ki, əmək pensiyası—"Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunan şəxslərin onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunan şəxslərin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Hazırda Azərbaycanda pensiyanın 3 növü mövcuddur: yaşa görə əmək pensiyası, əlilliyə görə əmək pensiyası, ailə başçısını itirməyə görə əmək pensiyası.

62 yaşına çatmış kişilərin və 57 yaşına çatmış qadınların azı 5 il sosial sığorta stajı olduqda yaşa görə əmək pensiyası almaq hüququ vardır.

Əlilliyə görə əmək pensiyası 19 yaşınadək əlil olmuş və ya sağlamlıq imkanları məhdud sığortaolunana bir il sığorta stajı olduqda, 19 yaşından sonra əlil olmuş sığortaolunana isə bir il sosial sığorta stajı və əlavə olaraq yaşın üstünə gələn hər tam il üçün 4 ay sosial sığorta stajı olduqda təyin edilir.

Ailə başçısını itirməyə görə əmək pensiyası isə vəfat gününədək ailə başçısının yuxarıda göstərilən qaydada (əlilliyə görə əmək pensiyası hüququ yaranması şərtlərinə uyğun) sığorta stajı olduqda təyin edilir.

 

 

Z. BƏŞİRQIZI

 

Xalq qəzeti.- 2009.- 19 may.- S. 3.