Dövlət
Proqramı təhsilin strukturunda və məzmununda yeniləşməni
daha da sürətləndirəcək
Azərbaycanda təhsilin
inkişafı həmişə dövlətin diqqət mərkəzində
olub. Ölkəmiz dövlət müstəqilliyi
qazandıqdan sonra bu vacib sahədə daha ciddi islahatlar
aparıldı. Təhsil müəssisələrinin geniş
şəbəkəsi, güclü maddi-texniki bazası
elmi-pedaqoji kadr korpusu yaradıldı. Ümummilli lider Heydər
Əliyev hakimiyyətdə olduğu dövrlərdə Azərbaycan
xalqının maariflənməsinə, savadlanmasına, hərtərəfli
biliyə malik müəllimlərin hazırlanmasına
xüsusi diqqət yetirərdi. Ulu öndər deyirdi:
“Savadlı və dərin elmli xalqların qurduğu dövlət
uzunömürlü, ədalətli və bütün sahələr
üzrə inkişaf etmiş olur”. Müdrik şəxsiyyət
Heydər Əliyevin təhsil sahəsində həyata
keçirdiyi tədbirlər onun böyük maarifçi
olduğunu bir daha təsdiqləyir. Müstəqil Azərbaycanın
təhsil sisteminin dünya təhsil sisteminə inteqrasiyası
istiqamətində aparılmış məqsədyönlü
işlər öz bəhrəsini verir.
Ulu öndərin hakimiyyətdə
olduğu illərdə müəllim
hazırlığına, ali təhsilli müəllimlərin
sayının artırılmasına və kənd məktəblərinin
ixtisaslı müəllim kadrları ilə təmin
olunmasına xüsusi diqqət göstərilirdi. Azərbaycan
xalqının tərəqqisində təhsilin rolu xüsusi
qiymətləndirilirdi. Çoxillik tarixə malik olan məktəblərin
yubileylərinin keçirilməsi artıq ənənə
halını alırdı. Bu, Azərbaycanda təhsilin
inkişafını daha da gücləndirirdi.
Azərbaycan Prezidenti cənab
İlham Əliyev Heydər Əliyev siyasi kursunun ən layiqli
yetirməsi və davamçısı kimi prezidentlik fəaliyyəti
dövründə bütün sahələrdə olduğu
kimi, təhsilin də inkişafını dövlətin
prioritet vəzifəsi hesab etdi. Müəllimlərin əmək
haqlarının artırılması, onların iş şəraitinin
yaxşılaşdırılması, həyat səviyyəsinin
yüksəldilməsi, “Ən yaxşı müəllim”, “Ən
yaxşı məktəb” nominasiyalarının təsis edilməsi
ilə əlaqədar sərəncamlar imzaladı. Möhtərəm
Prezidentimizin 11 fevral 2004-cü il tarixli fərmanı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nda (2004-2008-ci illər)
təhsilin inkişafı, regionlarda ən müasir ləvazimatlarla
təchiz olunmuş yeni məktəb binalarının tikilməsi
mühüm vəzifə kimi qarşıya qoyulmuşdu. Bununla
yanaşı, Dövlət Proqramında ümumtəhsil məktəblərinin
10 illik kompyuter texnologiyası ilə təchizi
proqramının hazırlanıb həyata keçirilməsi,
orta məktəb şagirdlərinə dərsliklərin pulsuz
verilməsi, sağlamlıq imkanları məhdud uşaqlar
üçün bölgələr üzrə məktəb,
internat-məktəb, texniki peşə məktəblərinin
yaradılması, bu müəssisələrin ixtisaslı
pedaqoji kadrlarla təminatı üçün məqsədli
yenidən hazırlanma kurslarının təşkili və
digər vacib məsələlər öz əksini
tapmışdır. Onu da qeyd edim ki, orta məktəb
şagirdlərinə dərsliklərin pulsuz verilməsi
valideynlər tərəfindən böyük rəğbətlə
qarşılanmışdır. Bu, heç də o demək
deyildir ki, valideynlərin uşaqlarına dərslik almaq
imkanı yoxdur. Son illər ölkəmizin sürətli
iqtisadi inkişaf yoluna qədəm qoyması və bir
çox iri infrastruktur layihələrin reallaşması, həmçinin
regionların iqtisadi inkiaşfı Dövlət
Proqramının (2004-2008-ci illər) qarşıya qoyduğu
vəzifələrin müvəffəqiyyətlə həyata
keçirilməsi sayəsində ölkəyə kapital
axını güclənmiş, çoxlu sayda yeni iş yerləri
yaradılmış, dövlət büdcəsi 10 dəfədən
çox artmış, əhalinin güzəranı, həyat
səviyyəsi xeyli yaxşılaşmışdır. Son illər
əmək haqları, sosial müavinətlər, pensiyalar, təqaüdlər
artırılır, imkansız ailələrə
ünvanlı sosial yardım verilir. Bütün bunlar valideynlərə
uşaqlarına dərslik almaq problemini aradan qaldırıb.
Lakin buna baxmayaraq, dövlət dərsliklərin pulsuz verilməsini
öz üzərinə götürüb. Bu da başda
möhtərəm Prezidentimiz cənab İlham Əliyev olmaqla
dövlətin yetişən gənc nəslə, onların
savadlı böyümələrinə göstərdiyi diqqət
və qayğının bariz nümunəsidir. Bir faktı
diqqətə çatdırmaq istərdim. Respublikanın
ümumtəhsil məktəblərinin I-III,XI sinif şagirdlərinin
2008-ci ildə dərsliklərlə pulsuz təmin edilməsi məqsədi
ilə 102 adda 4284400 nüsxə dərsliyin və müəllimlər
üçün vəsaitin nəşri
planlaşdırılmışdır. Dərsliklər müəyyən
edilmiş vaxtda çap olunmuş, təhsil müəssisələrinə
vaxtında çatdırılması təşkil olunmuş
və 2008-2009-cu tədris ilinin başlanmasına qədər
məktəblərə təhvil verilmişdir. Ümumiyyətlə,
Dövlət Proqramının qarışya qoyduğu vəzifələr
təhsilin keyfiyyətcə inkişafında yeni
dönüş mərhələsi yaratdı.
Biz Dövlət
Proqramının uğurla icra olunmasının müsbət nəticələrini
fəaliyyət göstərdiyimiz Saatlı rayonunda da
gördük. 2004-2008-ci illəri əhatə edən Dövlət
Proqramında rayonumuz üzrə 192 şagirdlik Bəylər kənd
əsas məktəb binasının tikintisi, 4 məktəbdə
əsaslı təmir aparılması, 3 məktəbdə isə
500 şagird yerlik 25 əlavə sinif otaqlarının tikintisi
qarşıya vəzifə kimi qoyulurdu. Həmin vəzifələr
uğurla icra olundu. Bunlarla yanaşı, həyata keçirilən
digər tədbirlər sayəsində rayonun təhsil
sistemində əsaslı dönüş yaradıldı. Bəylər
kənd əsas məktəbində 192 şagird yerlik yeni məktəb
binası tikilmiş və istilik sistemi qurulmuşdur. Bundan
başqa, Məmmədabad kənd opta məktəbində 300
şagird yerlik 15 əlavə sinif otağının və
istilik sisteminin qurulması, Hacıqasımlı kənd orta məktəbinin
dam örtüyü və 6 əlavə sinif
otağının tikintisi, Qarayevkənd orta məktəbində
220 şagird yerlik əlavə sinif otaqlarının
inşası, S. Vurğun adına şəhər 1 saylı
orta məktəbinin və Şirin bəy kənd orta məktəbinin
əsaslı təmiri, şəhər 4 saylı, Varxankənd,
Nərimankənd, Qıraqlı, Azadkənd orta, şəhər
1 saylı əsas, Potubəyli kənd əsas, Qıraqlı kənd
əsas məktəblərində isə təmir işləri
aparılmışdır. Ümumiyyətlə, Dövlət
Proqramının icrası dövründə və Heydər Əliyev
Fondunun “Yeniləşən Azərbaycana yeni məktəb”
layihəsi çərçivəsində, həmçinin
rayonumuzun daxili imkanları və iş adamlarının vəsaiti
hesabına 1192 şagird yerlik 6 yeni məktəb binası, 1020
şagird yerlik əlavə sinif otaqları tikilib istifadəyə
verilmişdir. Məktəblərin əksəriyyəti
müasir ləvazimat və avadanlıqlarla təchiz
olunmuşdur. Fakt üçün qeyd edim ki, 2004-2008-ci illərdə
rayonumuzun ümumtəhsil müəssisələrinə 339 ədəd
kompyuter dəsti, 3993 dəst şagird partası, 256 ədəd
yazı lövhəsi, o cümlədən çoxlu sayda stol
və stul verilmişdir. Ötən müddət ərzində
məktəbəqədər tərbiyə müəssisələrinə
diqqət artırılmış, uşaq
bağçaları və körpələr evi yumşaq və
bərk inventarlarla, həmçinin məişət əşyaları
ilə təchiz edilmişdir. Təhsil müəssisələrinin
müasir tələblər səviyyəsində qurulması
prosesi davam edir.
Azərbaycan
iqtisadiyyatının dünya təsərrüfat sisteminə
səmərəli inteqrasiyasına, sosial, mədəni, elm, təhsil
sahələrinin daha da inkişaf etdirilməsi və
insanların həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə
nail olmaq məqsədi ilə irəliyə doğru daha bir qətiyyətli
addım atıldı. Möhtərəm Prezidentimiz 14 aprel
2009-cu il tarixli fərmanı ilə “Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqarımı”nı
təsdiq etməklə iqtisadiyyatın inkişafının
növbəti beş il ərzində yeni mərhələyə
qədəm qoymasını təmin etdi. Ölkənin iqtisadi
cəhətdən sürətli inkişafı bütün
sahələrin tərəqqisinə böyük zəmin
yaradır. Tarix sübut edir ki, iqtisadi cəhətdən
qüdrətli olan dövlət hər şeyə qadirdir. Bu
baxımdan Dövlət Proqramı böyük əhəmiyyət
kəsb edir. Yeni Dövlət Proqramı sosial
yönümlü olması ilə diqqəti cəlb edir. Digər
sahələr kimi, təhsilin də inkişafı əsas vəzifələrdən
biri hesab olunub. Qarşıya qoyulan vəzifələrə
diqqət yetirdikdə bir daha aydın olur ki, Dövlət
Proqramı regionlarda təhsilin strukturunda və məzmununda
yeniləşməni daha da sürətləndirəcək. Ölkədə
yüksək səviyyədə təhsil xidmətlərinin
göstərilməsi üçün maddi-texniki baza daha da
möhkəmləndiriləcək. Bununla yanaşı, gənclərin
ümumbəşəri dəyərlər əsasında
layiqli ali təhsil almaları üçün əlverişli
şəraitin yaradılması, dünyanın inkişaf
etmiş ölkələrində təhsil almaq
imkanlarının genişləndirilməsi, yeni məktəb
binalarının tikintisinin davam etdirilməsi mühüm vəzifələrdən
biri olacaq.
Möhtərəm
Prezidentimizin uğurlu daxili və xarici siyasəti nəticəsində
Azərbaycan Avropaya və dünya birliyinə uğurla
inteqrasiya olunur. Ölkəmizin beynəlxalq aləmdəki
mövqeləri daha da möhkəmlənir, nüfuzu artır.
Son illər Azərbaycanda keçirilən çox vacib və
əhəmiyyətli beynəlxalq tədbirlər bir daha təsdiqləyir
ki, Azərbaycana olan maraq getdikcə artır. Belə bir zamanda
yetişən gənc nəsil hərtərəfli biliyə,
geniş dünyagörüşə malik olmalıdır. Məhz
bu baxımdan da yeni Dövlət Proqramı təhsilin məzmununun
müasirləşdirilməsi, onun keyfiyyətinin
artırılması, təhsil müəssisələrinin
informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi,
kompyuter avadanlığı və digər müasir tipli
avadanlıqlarla təmin olunması növbəti illərdə
prioritet vəzifə kimi qarşıya qoyulub. Gələcəkdə
də dərsliklərin şagirdlərə pulsuz verilməsi
təmin olunacaq. Artıq şagirdlərin lazım olan zəruri
məktəbli ləvazimatları ilə təmin olunması
prosesinə də başlanılıb. Heydər Əliyev
Fondunun təşəbbüsü ilə məktəbə ilk
dəfə qədəm qoyan birinci sinif şagirdlərinə
lazım olan bütün dərs vəsaitləri pulsuz
paylanılıb. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin
deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü
və rəhbərliyi ilə həyata keçirilən bu
xeyirxah tədbir həm məktəblilər, həm də
valideynlər tərəfindən böyük sevinclə
qarşılanıb.
Məktəbəqədər
təhsil sahələri daim dövlətin diqqət və
qayğı göstərdiyi sahələrdən olub. Son illər
möhtərəm Prezidentimizin və Heydər Əliyev
Fondunun prezidenti Mehriban xanım Əliyevanın yüksək
qayğısı sayəsində uşaq
bağçaları, körpələr evi, internat məktəbləri
və digər müəssisələr əsaslı təmir
olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. Uşaqların
savadlı və sağlam böyümələri
üçün bütün imkanlardan istifadə olunur. Yeni
Dövlət Proqramında məktəbəqədər təhsil
sistemində islahatların sürətləndirilməsi, belə
təhsil müəssisələri şəbəkəsinin
optimallaşdırılması, maddi-texniki bazasının
möhkəmləndirilməsi, ehtiyac duyulan şəhər, kənd
və qəsəbələrdə müasir səviyyədə
yeni məktəbəqədər müəssisələrin
yaradılması qərara alınıb.
Regionların
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı bütün sahələrdə
olduğu kimi, təhsildə də yeniləşməni
sürətləndirəcək.
Şamil NURƏLİYEV,
Saatlı Rayon Təhsil Şöbəsinin müdiri,
YAP rayon təşkilatı siyasi şuranın
üzvü
Xalq qəzeti.- 2009.- 19 may.- S. 5.