Bakı həm
də mədəniyyətimizin
paytaxtıdır
Ulu öndər Heydər
Əliyevin Azərbaycan mədəniyyətinin
inkişafına göstərdiyi diqqət və qayğı
bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən
davam etdirilir. İndi ölkəmizdə mədəniyyət
sahəsində bir sıra dövlət proqramları uğurla
həyata keçirilir. Xüsusi olaraq ölkənin
paytaxtı Bakının və onun ətraf qəsəbələrinin
mədəni həyatının canlanması son illər daha
aydın nəzərə çarpır. 2009-cu ildə
Bakının İslam Mədəniyyətinin Paytaxtı elan
olunması bunun əyani nümunəsidir. Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram
Əliyevlə söhbətimizin mövzusu da bu gün
Bakının mədəni həyatındakı yeniliklərlə
tanışlıqdır.
— Əlikram
müəllim, son illər dövlətimizin mədəniyyət
siyasətinin uğurlu nəticələri göz
qabağındadır. Sizcə, bu inkişaf, ilk növbədə, hansı amillərlə bağlıdır?
— Gəlin bir anlığa yaxın tarixə qayıdaq. SSRİ-nin dağılması
ərəfəsində — yəni
1987-ci ildən 90-cı illərin
əvvəllərinə qədər
ölkədə bir durğunluq əmələ
gəlmişdi. Mədəniyyət sahəsində də başqa sahələrdə
olduğu kimi, bir boşluq yaranmışdı. Məhz
bu illərdə mədəniyyət xadimlərinin
bir qismi xarici ölkələrlə
köçdü, mədəniyyət
abidələrimiz baxımsız
vəziyyətə düşdü,
kinoteatrlar, kitabxanalar fəaliyyətsiz quruma çevrildi, teatrların fəaliyyəti dayandı
və s. Amma ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi
hər şeyi öz yoluna qoydu. Ölkədə mədəniyyətə münasibət əsaslı
şəkildə dəyişdi.
Müharibənin dayanması, ölkədə
sabitliyin bərqərar
olması, iqtisadiyyatın
tədricən yüksəlməsi
mədəniyyət sahəsində
islahatların başlanmasına
zəmin yaratdı.
Mədəniyyət müəssisələrinin fəaliyyəti bərpa olundu, mədəniyyət
xadimlərinə Prezident
təqaüdü, mükafatlar,
fəxri adlar verildi. Beləliklə, mədəni həyatımızda
tədricən inkişaf
başlandı. Heydər Əliyev
siyasi kursunun çox layiqli davamçısı İlham
Əliyevin hakimiyyətə
gəlişi ilə mədəniyyətin inkişafı
sahəsində yeni dövr başlandı.
Baxın,
teatr, kino, kitabxana və muzey işi, tarixi və mədəniyyət abidələrinin
qorunması, turizmin inkişafı ilə bağlı bir-birinin ardınca dövlət proqramları qəbul edən cənab Prezident mədəniyyəti
prioritet sahə kimi daim diqqət
mərkəzində saxladı.
Göründüyü kimi, bütün
bu amillər ölkənin mədəni
həyatının zənginləşməsinə
təsir göstərmiş
və Bakı da ölkənin paytaxtı olmaqla mədəni yeniliklərin
mərkəzinə çevrilmişdir.
—
Bakının da mədəni həyatı, demək olar ki,
tamamilə yeniləşdi.
— Bəli, Bakı
tanınmız dərəcədə dəyişdi. 1993-cü
ildən başlayaraq Bakının mədəniyyət müəssisələri
əsaslı şəkildə yenidən qurulmağa
başladı. Azərbaycan Dövlət Filarmoniyası ilkin
olaraq təmir edilib tamaşaçıların ixtiyarına
verildi. Musiqili Komediya Teatrı, Rus Dram Teatrı, Gənc
Tamaşaçılar Teatrı, Opera və Balet Teatrı,
Yaşıl Teatr, Kukla Teatrı tamamilə yeniləşdi. Artıq
tamaşaçıların da marağı artmağa
başladı. Bakının digər mədəniyyət
müəssisələri, kitabxanalar, mədəniyyət
sarayları, klublar öz işlərini yenidən qurmağa
başladı. Mənim Bakı Şəhər Mədəniyyət
və Turizm İdarəsinə rəhbər təyin edildiyim
bir ilə yaxın müddət ərzində çox işlər
görməyə çalışdıq. Kitabxanalara
informasiya texnologiyalarının gətirilməsi, xalq
yaradıcılığına diqqətin
artırılması, uşaq mədəniyyət və incəsənət
müəssisələrinin yenidən qurulmasını və
s. həyata keçirə bildik. Bizim idarəyə 2 qoruq, 7
ev-muzeyi, 85 kitabxana, 40 mədəniyyət evi, 7 mədəniyyət
və istirahət parkı, 1 heyvanat parkı, 32 musiqi, 6 incəsənət
məktəbi daxildir.
Bu böyük bir
kollektivin çalışdığı təşkilatdır
və Bakının mədəni həyatında onların
müstəsna rolu vardır. Onu deyə bilərəm ki,
vaxtaşırı tədbirlər keçirir və
tamaşaçılar da bu tədbirləri böyük ruh
yüksəkliyi ilə qarşılayırlar. Çalışırıq
ki, şəhər əhalisinin asudə vaxtının mənalı
keçməsini, istirahətlərinin təşkilini təmin
edək. Çox hörmətli Prezidentimizin sərəncamı
ilə 2009-cu il “Uşaq ili” elan olunmuşdur. Bu məqsədlə
bir sıra tədbirlər hazırlamışıq və il
boyu onlar həyata keçiriləcəkdir.
Bakı ölkənin
paytaxtı olduğundan mədəniyyət sahəsində hər
hansı yenilik də ilkin olaraq buradan başlanır. Ona
görə də Bakının mədəni həyatı
bölgələr üçün nümunə
olmalıdır. Bu yaxınlarda nazirliyin Lənkəranda
keçirilən kollegiya iclasında nazir Əbülfəs
Qarayev tapşırıq verdi ki, Bakı regionlarla sıx əlaqədə
işləməlidir.
—
2009-cu ildə Bakı İslam Mədəniyyətinin
Paytaxtı elan olunub. Bu, söz yox ki, sizin məsuliyyətinizi
daha da artırır.
— Sözsüz, belədir.
Bakının İslam Mədəniyyətinin Paytaxtı elan
edilməsi nəinki bu şəhərin, bütün
respublikanın mədəniyyətinin böyük nailiyyətidir.
Ona görə ki, Bakıda Azərbaycanda yaşayan
bütün xalqların, o cümlədən regionların mədəniyyətləri
birləşmişdir. Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayevin sərəncamı ilə Bakının İslam Mədəniyyətinin
Paytaxtı elan olunması ilə bağlı xüsusi tədbirlər
planı hazırlanmışdır və artıq bu tədbirlər
mütəmadi olaraq həyata keçirilməkdədir. Həmin
tədbirlər planında bizim idarəyə bir neçə
layihəni reallaşdırmaq həvalə olunub. İlk layihəmiz
Qala Etnoqrafik Qoruğunda keçirilmiş islam mövzusunda əl
işləri sərgisi böyük məmnunluqla
qarşılandı. İslam dəyərlərinin bizim sənət
əsərlərində əks olunması əslində diqqəti
çəkən mövzudur. Orada daha bir layihəni gerçəkləşdirdik.
2000-ə yaxın əhalinin buraya getməsini təşkil
etdik ki, bu da daxili turizmin inkişafına yeni töhfə oldu.
Doğrudan da, bu tədbir çox böyük rezonans
doğurdu. İnsanlar arasında isti bir münasibət
yaranmışdı. Biz imkan yaratmışdıq ki, sənətkarlar
öz əl işlərini sata da bilsinlər.
İkinci layihəmizin
reallaşması iyul ayında nəzərdə tutulub. Layihə
belə adlanır: “İslam ölkələrinin folklor rəqs
kollektivlərinin beynəlxalq festivalı”. Artıq bu sahədə
sənədlər hazırlanıb. Bu yaxınlarda biz ölkəmizdəki
səfirliklərə müraciət edəcək və
festival barədə konkret məlumatları verəcəyik. 20
ölkədən folklor — rəqs kollektivinin dəvət
olunmasını nəzərdə tutmuşuq. III layihəmiz
isə KİV nümayəndələri ilə
bağlıdır. Noyabr ayında “Bakı İslam Mədəniyyətinin
Paytaxtı” mövzusunda topladığımız yazılar
müsabiqəyə veriləcək və qaliblər
mükafatlandırılacaq. Uşaq rəqs kollektivlərinin
beynəlxalq festivalını da keçirməyi
planlaşdırmışıq. Bundan başqa, iyunun 1-nə
Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə
bağlı xüsusi tədbir hazırlamışıq ki, bu
da bizim Uşaq ilinə töhfəmiz olacaq. Bu tədbiri
Yaşıl Teatrda keçirməyi qərara
almışıq.
Digər layihələrimiz
də var. Kitabxanaların informasiya texnologiyaları ilə təmin
edilməsi ilə bağlı layihə həyata keçirilmək
üzrədir. M. Qorki adına kitabxanada artıq informasiya mərkəzi
yaratmışıq.
— Yəqin
ki problemləriniz də var. Hansı məsələlər bu
gün sizi daha çox narahat edir?
— Bir məsələni
xüsusi olaraq qeyd etmək istəyirəm. Bu gün mədəniyyət
sistemində kadrların böyük qismi yaşlı nəsildir.
Bilirsiniz bu insanlar uzun illər mədəniyyət sistemində
çalışmışlar, hətta fəxri ad alanlar da
var. Açığını deyim ki, onların bəziləri
bu günün tələbləri ilə ayaqlaşa bilmirlər.
Onlar tərəfindən heç bir yeni təşəbbüs
irəli sürülmür. Bu da müəyyən çətinliklər
yaradır. İnformasiya texnologiyaları ilə işləməyi
bacarmırlar. Bunsuz isə, əlbəttə, bu gün
çox çətindir.
Bakı Şəhər
Mədəniyyət və Turizm İdarəsinin strukturunda olan
təşkilatların maddi bazası da kifayət qədər
yaxşı deyildir. Bilirsiniz, bizim idarə ikili tabeçilikdədir.
Ona görə də müəyyən problemlər yaranır.
30 faiz maliyyələşmə bizdən gedir, qalanlar isə
yerli icra hakimiyyətlərinin payına düşür. Ona
görə də yerlərə nəzarət etmək bəzən
çətinləşir.Biz hələ də
kitabxanalarımızı kompyuterlərlə tam təmin edə
bilməmişik.
Mədəniyyət və
Turizm Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti bizə
daim köməklik göstərir, hansı problemlə
bağlı müraciət ediriksə, tezliklə həll
olunur.
Kollektivimiz
çalışır ki, Bakının mədəni həyatını
daha da inkişaf etdirsin, əhalinin istirahətinin və asudə
vaxtının daha maraqlı keçməsini təmin etsin.
Son olaraq onu da bildirmək
istəyirəm ki, Bakının mədəni həyatının
daha da zənginləşməsində Heydər Əliyev Fondunun
xüsusi xidmətləri var. Fondun prezidenti, Milli Məclisin
deputatı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın təşəbbüsü ilə
həyata keçirilən layihələr şəhərimizin
mədəni həyatında müstəsna rol oynayır.
Mehdi MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 19 may.- S. 5.