Milli ədəbiyyat xəzinəsi

 

Hər il may ayının 18-i Beynəlxalq Muzeylər Günü kimi qeyd olunur. Məhz bu məqsədlə dünən Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tədbir keçirilmişdir.

Tədbiri açıq elan edən muzeyin direktoru, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Rafael Hüseynov Muzeylər Gününün yaranmasından, Azərbaycanda bu sahəyə dövlət tərəfindən göstərilən yüksək diqqət və qayğıdan söhbət açdı. Prezident İlham Əliyevin təşəbbüsü və qayğısı ilə əsaslı təmir olunmuş, yenidənqurma işləri aparılmış və bu günlərdə ictimaiyyət üçün açıq elan olunmuş Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyini nümunə kimi göstərən R.Hüseynov buranı milli ədəbiyyat xəzinəsi adlandırdı. O dedi ki, 2009-cu il noyabrın 1-də Nizami adına Milli Azərbaycan Ədəbiyyatı muzeyinin 70 yaşı tamam olur. Bu il, həm də dahi Azərbaycan şairi Nizami Gəncəvinin vəfatının 800 illiyi qeyd ediləcək. Bu iki mühüm mədəniyyət hadisəsinə töhfə kimi Nizami muzeyi ölkə Prezidenti cənab İlham Əliyevin təşəbbüsü və qayğısı ilə əsaslı şəkildə yenidənqurma və təmir işləri aparıldıqdan, tam yeni bir ekspozisiya yaradıldıqdan sonra artıq qapılarını tamaşaçıların üzünə açmışdır. Muzeyin yaranma tarixindən söhbət açan R.Hüseynov bildirdi ki, 1939-cu il noyabrın 1-də Nizami Gəncəvinin qarşıdan gələn 800 illik yubileyi münasibətilə ilə Azərbaycan hökumətinin qərarı ilə şairin xatirə muzeyini yaratmaq haqda qərar qəbul edilir. Muzey ekspozisiyasını qurmaq üçün müharibə illərində də gərgin iş gedir. Amma muzey qapılarını tamaşaçı üzünə yalnız qələbədən sonra — 1945-ci il mayın 14-də açır. İllər keçir və yalnız dahi şairin həyat və yaradıcılığına həsr edilmiş bu muzey bütöv Azərbaycan ədəbiyyatını və mədəniyyətini əks etdirən unikal muzeyə çevrilir.

2009-cu il aprelin 14-də Prezident İlham Əliyev sonra muzeyi ziyarət edərək görülmüş işləri müsbət qiymətləndirdi.

Qeyd olundu ki, muzeyin kütlələr üçün açılış günü 14 maya təyin edildi. Bu da təsadüfi deyildir. 1945-ci il mayın 14-ü muzeyin kütlələr üçün qapısının açıldığı gündür.

R.Hüseynov qeyd etdi ki, Parisdə hər ayın ilk bazar günü muzeylər tamaşaçılara pulsuz xidmət edir.Biz də bu ənənənin təməlini qoyduq. İndi hər ayın 14-də muzeyə gəliş açıq qapı prinsipi üzrə olacaq.

Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin binası 1850-ci ildə birmərtəbəli karvansara kimi tikilmişdir. Həmin binaya 1915-ci ildə ikinci mərtəbə artırılaraq “Metropol” mehmanxasına çevrilmişdir. 1918-1920-ci illərdə bina ilk Azərbaycan Demokratik Respublikasının Nazirlər Kabinetinin həm iş, həm yaşayış yeri olmuşdur. 1920-30-cu illərdə burada Azərbaycan Həmkarlar İttifaqı yerləşdirilmişdir. 1939-cu ilin noyabrında Azərbaycan Nazirlər Kabinetinin qərarı ilə Nizami Muzeyi yaradılaraq həmin binada memarlar Sadıq və Mikayıl Hüseynovun layihəsi ilə əsaslı təmir aparılmış, fasaddakı heykəllər quraşdırılmış, daha 2 mərtəbə əlavə edilmişdir. 1939-cu ildən sonra binada əsaslı təmir və yenidənqurma işləri aparılmamış, yalnız cari təmir həyata keçirilmişdir. 2004-cü il dekabrın 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin muzeyə gəlişindən sonra 2005-ci ilin yayında hazırlanan layihə əsasında əsaslı yenidənqurma və təmir-bərpa işləri başlanmışdır.

R.Hüseynov dedi ki, muzeyin əsaslı təmir və yenidənqurma işləri üçün Nazirlər Kabineti tərəfindən 13 milyon manat vəsait ayrılmışdır. Nəzərə alsaq ki, irəlicədən həmin məbləğin 18 faizi əlavə dəyər vergisi olaraq çıxılmış, vəsaitin müəyyən hissəsi də layihələndirmə və texniki nəzarət üçün yönəldilmişdir, onda Maliyyə Nazirliyi tərəfindən icraçı tikinti təşkilatlarına verilən məbləğ təxminən 10 milyon manat olur.

Həmin vəsait 5 istiqamət üzrə 1) muzeyin xarici kommunikasiya sistemlərinin, mühəndis qurğularının quraşdırılması, muzey binasında təməlin və divarların gücləndirilməsi işlərinin aparılması üçün (20 santimetrlik bünövrə üzərində dayandığından bütün divarları güclü çat vermiş, uçub dağılmaq təhlükəsi qarşısında olan binanı gücləndirmək məqsədi ilə perimetr üzrə eni və dərinliyi 3 metr olmaqla etibarlı təməl atılmış, binanın bütün divarları döyülüb tökülmüş, armaturlara toxunaraq 14 min kvadratmetr olmaqla keyfiyyətli şəkildə suvanmışdır); 2) yenidənqurma və xüsusi quraşdırma işləri muzeyin və muzey fondlarının havalandırma və temperatur təminatı sisteminin, mərkəzləşdirilmiş daimi isitmə və soyutma şəbəkəsinin yaradılması, yeni müasir tipli qazanxananın qurulmasından ötrü; 3) muzeyin binasında təmir-bərpa işləri üçün (binanın bütün naxış, bəzək və mürəkkəb yapma elementləri kəsilib götürülmüş, hər element üçün düzəldilən qəliblər əsasında təzədən hazırlanmışdır. Binanın 4500 kvadratmetrə qədər sahəsi parketlə, o cümlədən mürəkkəb mozaik naxışlarla işlənərək döşənmişdir. Təmirdən əvvəl tam dağılmış vəziyyətdə olan keyfiyyətsiz parket örtüyü isə iki dəfə az sahəni əhatə edirdi. Binanın tam yararsız vəziyyətdə olan bütün qapı (500 kvadratmetrə yaxın) və pəncərələri (900 kvadratmetrə yaxın) bərk ağac materialından hazırlanmaqla təzədən düzəldilmişdir. Binanın damı yenidən qurulmuş, 2700 kvadratmetrə yaxın sahəsi olan dama müasir metal-kirəmit örtük çəkilmişdir. Binanın fasadı, o cümlədən şpilləri və ətrafı əsaslı şəkildə təmir edilmiş, muzeyin çevrəsinə, həyətinə, pilləkənlərə qranit və mərmər örtük çəkilmiş, mükəmməl drenaj və kanalizasiya sistemi qurulmuşdur. Bina üçün ayrıca transformator binası tikilmiş, generator quraşdırılmış; 4) mebel, avadanlıq və dəzgahların alınıb quraşdırılmasına, muzeyin tam kompyuterləşdirilməsinə və texinki təchizatına; 5) 1, 2, 3, 4-cü mərtəbədəki ekspozisiya zalları və vestibülləri bədii tərtibatı işləri dekorativ vitrinlərin, səhnələrin, şəbəkələrin yaradılması, 2 mindən artıq rəsm əsərinin çərçivələnməsi, muzey saxlanclarının qurulması və s.

Qarşıya qoyulan bütün işlər yüksək səviyyədə icra edilmiş, Dövlət Komissiyası obyekti qəbul edərək bütün istiqamətlərlə nəticələri çox müsbət qiymətləndirmişdir.

Yenidənqurmadan əvvəl 800 kvadratmetr olan ekspozisiyanın sahəsi 2500 kvadratmetrə çatdırılmış, 18 zaldan ibarət ekspozisiya əsaslı şəkildə genişləndirilərək 30 əsas və 10 köməkçi zalda yerləşmişdir. Bundan əlavə kütləvi tədbirlərin keçirilməsi üçün 250 və 75 yerlik 2 böyük zal əsaslı şəkildə yenidən qurularaq mebel və avdanlıqlarla təmin edilərək hazırlanmışdır.

Ekspozisiya tamam yenidən qurulmuş, bütün zədələnmiş, bir qismi zaman ötdükcə ömrünü yaşayaraq sıradan çıxmış heykəl və rəsmlər çox böyük vəsait tələb etməsinə baxmayaraq dövlətdən heç bir əlavə vəsait istənilmədən muzey rəhbərliyinin ölkənin təsviri sənət ustaları ilə şəxsi münasibətləri sayəsində təmənnasız olaraq bərpa edilmişdir. Rəsm əsərlərinin hamısı xarici ölkələrdə istehsal edilən ən nəfis çərçivələrə alınmışdır. Muzeyin 120 mindən artıq eksponatının yenidənruqmadan öncə ekspozisiyada 1000 elementi göstərilirdisə, yeni ekspozisiyada 25 mindən çox eksponat yer alır. Təmir və yenidənqurmanın getdiyi müddətdə muzeydə daimi nəşr ediləcək toplunun əsası qoyulmuş və ilk cildləri işıq üzü görmüşdür.

R.Hüseynov muzeydəki yeniliklərdən söhbət açaraq dedi ki, “Risalə” elmi araşdırmalar toplusu, “Qaynaq” mənbələr toplusu, “Xəzinə” kataloqlar toplusu, “Şərq” tərcümə toplusu, “Məclis” mərasimlər toplusunun cildləri və həmin buraxılışlarda dərc edilmiş materiallar elmi və mədəni auditoriyada yetərincə rəğbətlə qarşılanmışdır. Muzeyin bütün zalları kompyuterləşdirilmiş, tamaşaçıların müstəqil işləmələri üçün zallarda ayrıca monitorlar quraşdırılmış, 3 dildə informasiya bazası yaradılmış, audio-video materialları seyr etmək üçün 14 monitor və dinləmə qurğularıyla təmin edilmiş xüsusi böyük zal təşkil edilmişdir. Muzey fondları zəruri texnika və avadanlıqla təmin edilərək keçmişdəki heç bir tələbata cavab verməyən, eksponatların daimi təhlükədə olduğu vəziyyətdən xilas edilmiş, ən müasir dünya tələbləri səviyyəsinə çatdırılmışdır. Burada keçirilən tədbirləri, mədəniyyət tariximizə bağlı süjetləri şəhər sakinlərinə mütəmadi çatdırmaq üçün muzeyin əvvəllər müxtəlif ticarət obyektlərinin yerləşdiyi birinci qatındakı vitrinləri ədəbiyyatımızın klassiklərini və onların seçmə fikirlərini əks etdirən, şəhər əhalisi və qonaqların artıq daimi diqqət dairəsinə daxil olmuş dekorativ banerlərlə bəzənmişdir. 200-dən çox əməkdaşı olan muzeydə işçilərin istirahəti üçün zəruri avadanlıqlarla təmin edilmiş 2 mətbəx düzəldilmiş, muzeyin həyəti istirahət, müxtəlif tədbirlər keçirmək üçün zövqlə, səma altındakı açıq ekspozisiya kimi tərtib edilmişdir.

Muzeydə təhlükəsizlik məsələlərinə ciddi nəzarət edildiyini diqqətə çatdıran R.Hüseynov dedi ki, yenidənqurmadan sonra muzeyə gəliş sifarişləri çox olduğundan və təhlükəsizlik prinsiplərini nəzərə alaraq müəyyən müddət gəlişlər irəlicədən edilən sifarişlər əsasında qrup şəklində həyata keçiriləcək. Muzeyə gələn qonaqlara Azərbaycan, ingilis, rus, fars, və s. dillərdə izahatlar verilir, qonaqların zallardakı kompyuterlərdə ədəbiyyat tariximizlə bağlı ayrı-ayrı xronikaları və bədii süjetləri seyr etmək imkanı vardır.

Bundan sonra muzeydə müxtəlif və rəngarəng tədbirlərin keçiriləcəyi qeyd olundu. Bu məqsədlə bir dəfə məşhur ədiblərin övladları, şöhrətli ədəbi sülalələrin təmsilçiləri çağırılaraq, ayrı bir dəfə ailəvi gəliş günü ənənəsinin yaradılması məqsədilə məşhur valideynlər öz ailələri, oğul-uşaqları ilə dəvət ediləcək, ölkəmizdəki azsaylı xalqların təmsilçiləri qonağımız olacaq, sonra respublika mətbuatının mədəniyyətindən və ədəbiyyatından yazan tanınmış təmsilçiləri üçün ekskursiya təşkil ediləcək, növbəti dəfə Bakıdakı diplomatik korpus muzeyə qonaq olacaq...

Muzeyin böyük zalında mütəmadi olaraq “Azərbaycanşünaslıq” lektoriyaları keçiriləcək, hər dəfə ümummilli dəyər daşıyan vacib bir mövzuda görkəmli mütəxəssislərin mühazirələri dinləniləcəkdir. Yaxın zamanlarda muzeydə daimi fəaliyyət göstərməyə başlayacaq ölkənin ən parlaq insanlarını qovuşduran “Ziyalılar klubu”nun ilk yığıncağı olacaqdır. Muzeyin böyük zalında ayrı-ayrı yeni ekran əsərlərinin premyerası və müzakirəsini, tematik şeir gecələrini keçirməyi düşünürük. Muzeydəki yeni “Stenvey” royalı vaxtaşırı təşkil edilən ədəbi-musiqili axşamlarda ən mahir pianoçuların ifası üçün açıq olacaq. Yeni yaradılmış “Ədəbi salnamə. Bədii-sənədli video xronikalar” şöbəsində respublikada və kənarda tanınan rejissor və operatorlar toplanmış, yaxın vaxtlarda ayrı-ayrı klassiklərimiz və ədəbi abidələrimiz haqqında öyrədici və təbliğ, təşviqedici qısametrajlı filmlərin istehsalına başlanacaq. Məqsəd həmin filmlərin həm orta məktəb auditoriyalarına, həm telekranlara, həm də xarici ölkələrə çıxaraq söz sərvətimizi və o sərvətləri yaradanları daha artıq tanıtmaqdır.

Tədbir iştirakçılarının diqqətinə çatdırıldı ki, Nizami muzeyi Azərbaycanın mühüm ədəbi-mədəni və ictimai düşüncə mərkəzlərindən birinə çevrilmək əzmi ilə yeni həyatını başlayır. Muzeylə fəal əməkdaşlıq edən, ekspozisiyanın və fondların zənginləşməsinə, ədəbiyyatımızın inkişafına xüsusi töhfələr verən şəxslərə “Muzeyin fəxri qonağı” kitabçası təqdim edilməsi ənənəsinin əsası qoyulur.

Sonra R.Hüseynov muzeyin ayrı-ayrı bölmələri, buradakı eksponatlar, sənət əsərləri barədə tədbir iştirakçılarına ətraflı məlumat verdi.

 

 

Əliqismət BƏDƏLOV

 

Xalq qəzeti.- 2009.- 19 may.- S. 6.