Sənət fədaisinin yubiley təntənəsi

 

Əslində bu tədbirə ülvi bir gecə, nurlu bir axşam da demək olar. Həmin gecə Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında iynə atsaydın, yerə düşməzdi. Bu da səbəbsiz deyildi.

Həmin gün burada ömrünün 45 ildən çoxunu Azərbaycan incəsənətinin təbliği və tərənnümünə həsr etmiş, neçə-neçə gənc istedadın ərsəyə gəlməsində müstəsna xidmətləri olan İ.Əbilov adına Mədəniyyət Mərkəzinin bədii rəhbəri Ümumittifaq və beynəlxalq festival və müsabiqələr laureatı Mirəhməd Əsgərovun anadan olmasının 65 illiyinə həsr olunmuş ədəbi-bədii, musiqili yubiley gecəsi keçirilirdi. Gecəyə dəvətli qonaqlar sırasında respublikanın tanınmış incəsənət, elm xadimləri, yubilyarın dostları və ailə üzvləri vardı. Tədbiri giriş sözü ilə açan İ.Əbilov adına Mədəniyyət Mərkəzinin direktoru Aida Muradova yubilyarın keçdiyi ömür-gün yolundan, qazandığı nailiyyətlərdən və çoxşaxəli yaradıcılıq yolundan söz açaraq onu səhnəyə dəvət etdi. Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsul işçisi Rafiq Həmidov, Respublika Mədəniyyət Fondunun sədr müavini, əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, xalq artistləri Yaşar Nuri, Canəli Əkbərov, tarzən Zamiq Əliyev və digər natiqlər yubilyarı təbrik edərək ona yaradıcılıq uğurları arzulamaqla, təmsil etdikləri nazirlik və təşkilatların fəxri fərman, diplom və hədiyyələrini təqdim etdilər. Dövlət Uşaq Teatrı kollektivinin, müğənni Lalə Məmmədova, Zahidə Məmmədsalahova, Səyyad Əlizadə, “Könül” və “Leyla” rəqs ansamblları, eləcə də respublikanın xalq artisti Kamil Vəzirovun rəhbərlik etdiyi Mahnı Teatrı kollektivinin solistləri Gülyaz və Gülyanaq Məmmədova bacılarının yubilyara ərməğan etdikləri mahnı və rəqs çələngləri tamaşaçılar tərəfindən sürəkli alqışlarla qarşılandı.

Tədbir qonaqlara öz təşəkkürünü bildirən Mirəhməd Əsgərovun ifasında “Laçın” xalq mahnısı sədaları altında xalq artisti, rəqqasə Aliyə Ramazanovanın gözəl rəqsi ilə sona yetdi.

 

 

Rafiq SALMANOV

 

Xalq qəzeti.- 2009.- 19 may.- S. 8.