Mərhəba, yeniləşən
Qusar!
Beş-altı il öncə
Bakı ilə müqayisədə regionların sosial-iqtisadi
inkişaf baxımından həqiqətən geridə
qaldığını heç kəs inkar etmirdi. Problemin
mahiyyətini anlayanlar da, anlamayanlar da sadəcə olaraq,
açıq və ya üstüörtülü formada tənqid
söyləməklə kifayətlənirdilər. Vəziyyətdən
çıxış yolunu göstərənlər, bu məqsədlə
hansısa ağıllı bir əməli təklif bildirənlər
isə, demək olar ki, yox idi. Ən optimal və yeganə
düzgün çıxış yolunu hamıdan əvvəl
məhz ölkə Prezidenti cənab İlham Əliyev bəyan
etdi. Prezident tərəfindən irəli sürülən və
təsdiq olunan 2004-2008-ci illər üçün
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramı, sözün əsl mənasında, Azərbaycanın
hər bir kəndinin, hər bir rayon və şəhərinin
dirçəlişi və inkişafına dövlət təminatı
yaradan proqram sənədi oldu. Maraqlı, əhəmiyyətli
və həm də diqqətəlayiq cəhət odur ki,
Prezident ölkənin, demək olar ki, bütün regionlarına,
rayon və şəhərlərinə vaxtaşırı səfərlər
etməklə Dövlət Proqramının icrası
gedişini sonadək şəxsən özü nəzarətdə
saxladı. Ölkə Prezidentinin şimal bölgəsinə
olan səfərləri və bu səfərlər çərçivəsində
bir neçə dəfə Qusarda olması, Dövlət
Proqramında nəzərdə tutulan vəzifələrin icra
vəziyyəti ilə bilavasitə yerində tanış
olması yuxarıda deyilənlərə sübut deyilmi?!
Məlum olduğu kimi,
Qusar ölkə paytaxtından xeyli uzaqda, dağlıq zonada
yerləşən rayondur. Sərhəd zolağına
bitişik ərazidə yerləşməsi, sərt iqlimi və
çətin relyef şəraiti də təbiidir ki, burada
yaşayan insanlar üçün bir sıra problemlər
yaradır. Əfsus ki, uzun illər ərzində Qusar rayonunun
təbii-coğrafi imkanlarındakı bu spesifiklik mərkəzi
orqanlar tərəfindən, demək olar ki, nəzərə
alınmayıb. Yəni, Qusara da sadəcə kənd təsərrüfatı
rayonu kimi baxılmış və ondan da yüksək iqtisadi
göstəricilər tələb olunmuşdur. Halbuki,
dağlıq ərazilərdə istər əkinçiliyi,
istərsə də heyvandarlığı inkişaf etdirməyin
özünəməxsus çətinlikləri var. Bu səbəbdən
də çox zaman təsərrüfatın ayrı-ayrı
sahələrində əldə olunan məhsul onların maya
dəyərini belə ödəmirdi. Sovet rejimi mövcud
reallıqları nəzərə almadan insanları uzun illər
ərzində məhz bu yolla “yeni-yeni zəfərlər
uğrunda” mübarizəyə səfərbər edib. Nəticələr
isə heç də həmişə yaxşılığa
doğru dəyişməyib. Beləliklə, Qusarın
problemləri ildən-ilə daha da artıb.
Yaxşı
ideyaların, Vətənin və xalqın mənafeləri hərtərəfli
surətdə nəzərə alınmaqla hazırlanan real
proqramların təbiidir ki, yaxşı da nəticələri
olur. 2004-2008-ci illərdə Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramının Qusar rayonunda icra vəziyyəti və onun
uğurlu nəticələri də məhz bu cür
düşünməyə əsas verir. Həyata
keçirilmiş planlı və məqsədyönlü tədbirlər
sayəsində son illər rayonun siması əsaslı surətdə
dəyişmişdir. Bu gün Qusarda görülən
bütün işlər, həyata keçirilən iri
infrastruktur layihələri daha çox bölgədə
turizmin inkişafına istiqamətlənib. Bəli, məhz
respublika Prezidenti cənab İlham Əliyevin təşəbbüsü
və dəstəyi sayəsində turizm Qusar
iqtisadiyyatının prioritet istiqamətinə çevrilib. Bu
məqsədlə həyata keçirilən ən
mühüm layihələrdən bəzilərini yada salmaq
istərdim. Məsələn, ölkə Prezidentinin 8 dekabr
2006-cı il tarixli sərəncamı ilə Şahdağ
Milli Parkı yaradılıb. Qusarla yanaşı, Quba,
Şamaxı, Qəbələ və Oğuz rayonları ərazisinin
bir hissəsini özündə birləşdirən
Şahdağ Milli Parkı 115895 hektar sahəni əhatə
edir. Parkın ərazisi Böyük Qafqaz üçün səciyyəvi
olan bitki və heyvanat aləmi ilə olduqca zəngindir ki, bu
da beynəlxalq turizmin inkişafı baxımından son dərəcə
cəlbedici amillərdəndir. Ərazidə qədim və
orta əsr abidələri, xüsusən də
çoxsaylı əzəmətli müdafiə
istehkamlarının mövcudluğu da turizmin
inkişafını şərtləndirən amillərdəndir.
Təbiidir ki, lap yaxın gələcəkdə həmin ərazilərdə
istifadəyə veriləcək yeni-yeni istirahət və
sağlamlıq ocaqları da bölgəyə turist
axınının artması ilə nəticələnəcəkdir.
Şimal bölgəsində
turizmin inkişafına xidmət edəcək çox
mühüm dövlət əhəmiyyətli layihələrdən
biri də Qusarın Ləzə kəndi ərazisində tikiləcək
Dağ Xizək İdman və Turizm Kompleksi olacaqdır. Məlumat
üçün bildirək ki, 2008-ci ildən başlayaraq həmin
ərazidə geoloji-kəşfiyyat işləri başa
çatmış, tikintiyə start verilmişdir. Ötən
il sentyabr ayının 27-də ölkə Prezidenti İlham Əliyevin
iştirakı ilə təntənəli surətdə
açılışı olmuş Qusar Olimpiya İdman
Kompleksi isə artıq rayon gənclərinin və
idmançılarının sərəncamındadır. Bu, o
deməkdir ki, səfalı təbiətin ağuşunda
dünyaya göz açan və fiziki cəhətdən
sağlam boya-başa çatan qusarlı gənclər indi həm
də Azərbaycan dövlətinin hərtərəfli
qayğısı sayəsində sağlam həyat tərzi
sürmək imkanı qazanmışlar. Rayonda turizmin gələcək
inkişafına xidmət edən yeni obyektlər
sırasında “Suvar” dağ turizm istirahət zonasının əhəmiyyətini
xüsusi qeyd etmək istərdik. Bundan əlavə,
“Qayıbulaq”, “Qarabulaq-2”, ”Pioner”, “Cənnət”, “Şahbulaq”
kimi istirahət ocaqları da son illər istifadəyə
verilmişdir.
Qusar şəhəri ilə
yanaşı, rayonun digər yaşayış məntəqələrinin
də abadlaşdırılması və yenidən
qurulması istiqamətində aparılmış
genişmiqyaslı quruculuq işləri də göz
qabağındadır. Rayon ərazisinə daxil olduğu andan
bunu hər kəs, özü də hər addımda hiss edir. Küçə,
meydan, park və məhəllələrdə
aparılmış genişmiqyaslı abadlıq, quruculuq və
yaşıllaşdırma işləri göz oxşayır. Şəhərin
memarlıq görkəmi baxımından hər yanda çox
ciddi nizam və orijinal üslub müşahidə olunur.
Adamı məmnun edən
bir də odur ki, görülən bütün bu abadlıq və
quruculuq işləri kosmetik effektə deyil, uzun perspektivə
hesablanıb.
Yeni tikilən çoxsaylı
məktəblər, səhiyyə və mədəniyyət
müəssisələri də Qusarda müşahidə olunan
dinamik və hərtərəfli inkişafdan xəbər
verir. Uzun illərdir ki, istifadə olunan bir çox
binaların əsaslı şəkildə təmiri və
müasir avadanlıqla təchizi istiqamətində də
ardıcıl və sistemli iş aparılır. Bu işlərin
xeyli qismi mərkəzi orqanların himayəsi və
birbaşa maliyyə dəstəyi ilə aparılsa da, bir
qismi də rayonun özünün daxili imkanları hesabına
görülür. Yerli bələdiyyələr və özəl
müəssisələr doğma diyarın inkişafı,
abadlaşması və yenidən qurulması işində
bacarıqlarını əsirgəmirlər. Əlbəttə
ki, Qusar Rayon İcra Hakimiyyətinin və şəxsən
icra başçısı Şair Alxasovun bütün bu
işlərin ardıcıl və sistemli şəkildə
aparılması, qüvvələrin və imkanların səfərbər
olunması istiqamətindəki gərgin və səmərəli
təşkilatçılıq işini də xüsusi olaraq
qeyd etmək lazımdır.
Bir sözlə, Qusar son
vaxtlar həqiqətən çox dəyişib, çox
gözəlləşib. Yəqin ki, 5-6 il öncə rayondan
gedən insanlar geriyə dönəndə doğma Qusarı,
onun küçə və meydanlarını, hətta öz
yaşadıqları məhəlləni belə çətin
tanıyacaqlar və ən azı, buradakı dəyişiklik
və yenilikləri görüb o ki var təəccüblənəcəklər.
Təbiidir ki, həm də sevinərək ürəklərində
də olsa “Mərhəba, yeniləşən Qusar!” – deyəcəklər.
Deyirlər, hər
şeyin zamana ehtiyacı var. Amma illərin təcrübəsi
göstərir ki, real şərait olmadıqda zaman özü
də problemlər qarşısında aciz qalır. Başqa
sözlə, zəruri maddi-texniki baza və maliyyə
imkanları olmadıqda, zaman öz-özlüyündə nə
edə bilər?! Yaxud, həmin imkanları ağıllı və
planlı surətdə ölkənin və xalqın mənafelərinə
uyğun şəkildə səfərbər etməyə
qadir olan müdrik rəhbərlər olmasa onda o imkanlar kimə
lazımdır?! Bütün bunları ona görə
xırdaladım ki, qoy hər kəs bilsin: bu gün Azərbaycanın
ən böyük layihələri belə həyata
keçirmək üçün yetərincə imkanları və
bu imkanları lazımi anda lazımi istiqamətlərdə səfərbər
etməyə qadir müdrik rəhbəri var. Bunun nəticəsidir
ki, qısa zaman kəsiyində Azərbaycanın, demək olar
ki, bütün guşələri başdan-başa
abadlaşıb. İqtisadiyyatın bütün sahələrində
sürətli inkişafa nail olunub. Təsəvvür edin,
bir-iki il əvvəl ən müasir avtomobillə belə
Bakıdan Qusara getmək üçün azı 4-5 saat vaxt tələb
olunurdu. İndi isə yeni salınmış beton yolla bu məsafəni
uzağı saat yarıma qət etmək mümkündür.
Odur ki, indiki şəraitdə
artıq Qusara ucqar dağ rayonu deməyə adamın dili gəlmir.
Bu, o deməkdir ki, Qusar qarşıdakı illərdə daha
sürətlə inkişaf edərək Azərbaycanın
dilbər guşələrindən birinə çevriləcəkdir.
Ölkə Prezidenti İlham Əliyev tərəfindən təsdiq
olunan “Azərbaycan Respublikası regionlarının
2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” buna hərtərəfli və
etibarlı təminat yaradır.
Q. CƏFƏROĞLU
Xalq qəzeti.- 2009.- 20 may.- S. 4.