Heydər ƏLİYEV: Bu qəzet həmişə
yeni həyat uğrunda çarpışanların
ilk sıralarında getmişdir
“Xalq qəzeti” mənalı
yaradıcılıq yolu keçmiş, özünəməxsus
üslub və sənətkarlıq xüsusiyyətləri
olan nəşrlərimizdəndir. Uzun müddət “Kommunist”
adı ilə nəşr edilən bu qəzet bütün
Sovet dövrü ərzində Azərbaycanın ictimai,
iqtisadi və mədəni həyatının
güzgüsü olmuşdur...
Heydər ƏLİYEV
Ümummilli lider
Hörmətli oxucu! Hər
gün səmimi dost kimi görüşdüyün, maraqla vərəqləyib
tanış olduğun “Xalq qəzeti”nin 90 yaşı tamam
olur. Ötən əsrin ikinci onilliyinin sonunda işıq
üzü görən qəzetimiz mürəkkəb, kəşməkeşli
mübarizələr yolu keçmişdir. Yarandığı
gündən geniş xalq kütləsinin tribunasına
çevrilən qəzetin səhifələri fəhlə və
kəndlilərin, elm və mədəniyyət işçilərinin,
ziyalıların üzünə həmişə
açıq olmuşdur. Fəaliyyəti dövründə
oxucuların ağıllı məsləhətlərinə,
arzu və təkliflərinə əməl edərək
özünün səviyyəsini daim yüksəltmiş,
verdiyi materialların aktuallığını həmişə
diqqət mərkəzində saxlamışdır.
Azərbaycan
xalqının 90 illik tarixini özündə əks etdirən
qəzet 72 il “Kommunist” adı altında çıxaraq, ötən
əsrin əvvəllərində dünyada baş verən
hadisələri olduğu kimi işıqlandırmış,
ölkədə savadsızlığın aradan
qaldırılması, ana dilimizin saflığı uğrunda
mübarizənin ön sıralarında olmuşdur .
İkinci Dünya
müharibəsi zamanı faşizmə qarşı
ölüm-dirim mübarizəsində azərbaycanlıların
həm ön, həm də arxa cəbhələrdə
göstərdikləri misilsiz qəhrəmanlıqları tam
dolğunluğu ilə işıqlandıran qəzet
müharibədən sonrakı illərdə ölkədə
gedən bərpa və quruculuq işlərindən,
iqtisadiyyatın möhkəmləndirilməsi istiqamətində
həyata keçirilən tədbirlərdən həvəslə
yazır, xalqı səfərbəredici qüvvəyə
çevirmək üçün təbliğati məsələlərini
gücləndirirdi.
Ümummilli lider Heydər
Əliyevin Azərbaycana ilk rəhbərliyi dövründə
(1969-1982-ci illər) qəzet, sözün əsl mənasında,
ulu öndərin ideyalarının həyata keçirilməsində
mübariz tribunaya çevrilmişdi. Onun səhifələrində
neqativ hallara qarşı barışmaz mübarizə ciddi
xarakter almış, respublikanın həyatında baş verən
müsbət dəyişikliklər geniş təbliğ
olunurdu. Heç təsadüfi deyil ki, hakimiyyətə gəlişinin
ikinci ayında ümummilli lider Heydər Əliyev
qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsində
mətbu sözünün gücünə
arxalandığını bildirmiş, qəzetin
çıxışlarının səmərəsini
artırmaq üçün müvafiq tədbirlər həyata
keçirmişdir. Ulu öndər tərəfindən tənqidi
məqalələrlə əlaqədar qəbul edilən ciddi
qərarlar qəzetin nüfuzunun artmasına səbəb
olmuşdu. Məhz Heydər Əliyevin gündəlik
qayğısı sayəsində qəzet Azərbaycanda ən
çox oxunan, kütləviliyi ilə seçilən mətbuat
orqanı kimi fəaliyyət göstərərək,
tirajını 600 min nüsxəyə
çatdırmışdı.
Qəzetin 90 illik tarixi,
eyni zamanda, Azərbaycan dilinin cilalanıb kamilləşməsi,
ədəbi-bədii səviyyəsinin yüksəlməsi,
oxucularla ünsiyyət formalarının təkmilləşməsi
tarixidir. Yarandığı ilk illərdə redaksiyanın cəmi
9 nəfər işçisi olmuş, az tirajla
çıxmışdır.
1919-cu il avqustun 29-da əski
əlifba ilə ilk nömrəsi işıq üzü
görən qəzetin redaktoru görkəmli ictimai-siyasi xadim
Ruhulla Axundov olmuşdur. Bundan sonra, müxtəlif vaxtlarda qəzetə
görkəmli ictimai-xadim, yazıçı-publisistlər Həbib
Cəbiyev, Ağababa Yusifzadə, Böyükağa
Talıblı, Əli Vəliyev, Xasay Vəzirov, Rza Quliyev,
İsrafil Nəzərov, Ağababa Rzayev, Rəşid Mahmudov,
Cəmil Əlibəyov, Ramiz Əhmədov, Tofiq Rüstəmov
və başqaları rəhbərlik etmişlər.
Azərbaycanda mədəniyyətin,
ədəbiyyatın və incəsənətin ilk
bünövrə daşlarının qoyulmasında bu qəzetin
misilsiz xidmətləri vardır. Mədəni quruculuğun
bütün sahələrində ardıcıl mübarizə
aparan “Xalq qəzeti”nin səhifələrindən doğan hər
hansı təşəbbüs tez zamanda bütün
respublikaya geniş yayılır, böyük bir hərəkata
çevrilirdi. Azərbaycan dilinin saflığı və təmizliyi
uğrunda qəzetin apardığı ardıcıl
mübarizə öz nəticəsini vermiş, bu sahədə
böyük uğurlar əldə edilmişdir. “Dilimizin
islahı” adı altında qəzetin buraxdığı əlavələrin,
bu məsələyə dair yüzlərlə tutarlı məqalənin
Azərbaycan ədəbi dilinin inkişafında böyük əhəmiyyəti
olmuşdur.
Doxsan yaşlı qəzetin
qırx beş ili mənim həyatımda silinməz izlər
buraxmışdır. 1960-cı ildə universitetin jurnalistlika
şöbəsinin birinci kursunda oxuyarkən qəzetin kənd
təsərrüfatı şöbəsinin müdiri, redaksiya
heyətinin üzvü, tanınmış qələm sahibi Nəriman
Zeynalov bizə sərbəst mövzularda seminarlar keçirdi.
Elə ilk məşğələdən tələbələrin
hüsn-rəğbətini qazanmışdı.
Apardığı seminar saatları sırf
yaradıcılıq məsələlərindən bəhs
etdiyi üçün maraqlı, işgüzar şəraitdə
keçirdi. Nəriman müəllim bizə jurnalistikanın əlifbasını
öyrədirdi, – desək yanılmarıq. Məhz onun
xeyir-duası ilə mən bu gün
çalışdığım qəzetlə əməkdaşlıq
etməyə başlamışam.
Respublikanın əməkdar
jurnalisti Nəriman Zeynalovun zəngin təcrübəsindən
çox adam bəhrələnib. Şəxsən mənim bir
jurnalist kimi yetişməyimdə onun zəhməti,
qayğısı əvəzsiz olmuşdur. 1970-1980-ci illərdə
“Sovet kəndi” qəzetinə redaktorluq etmiş, jurnalistika
fakültəsinin dekanı olmuş Nəriman Zeynalov
respublikamızda istedadlı jurnalistlər ordusu
yetişdirmişdir.
Yuxarıda qeyd etdiyimiz
kimi, “Xalq qəzeti”nin ən qaynar və maraqlı
dövrü, ümummilli liderimiz Heydər Əliyevin birinci dəfə
Azərbaycana rəhbərlik etdiyi 1969-1982-ci illərə
aiddir. Həmin illərdə ölkənin həyatının
bütün sahələrində geniş quruculuq işləri
başlanmışdı. Sanki xarabalıqlar üzərində
yeni bir məmləkət qurulurdu. Vaxtilə keçmiş
İttifaqın ən geridə qalan respublikalarından biri olan
Azərbaycan ildən-ilə öz simasını dəyişir,
iqtisadiyyatını, elmini, mədəniyyətini, incəsənətini
və ədəbiyyatını inkişaf etdirərək,
qabaqcıllar sırasına çıxırdı.
Bütün bu müsbət
dəyişikliklərin baş memarı Heydər Əliyev
yaxşı dərk edirdi ki, gördüyü nəhəng
işlərin, həyata keçirdiyi möhtəşəm
layihələrin reallaşmasından ötrü ona səfərbəredici
mətbuat orqanı lazımdır. Ona görə də
hakimiyyətə gəldiyi vaxtdan cəmi iki ay sonra Məşədi
Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Dram
Teatrında qəzetin 50 illiyi şərəfinə
keçirilən tənətənəli yığıncaqda
iştirak etdi.
Adətən, dövlət
rəhbərləri o vaxtadək belə tədbirlərdə
yalnız rus dilində çıxış edirdilər. Lakin ümummilli
liderimiz Heydər Əliyev ilk dəfə olaraq bu
tendensiyanı pozdu, doğma Azərbaycan dilində
çıxış edərək dedi: “Bu qəzet həmişə
yeni həyat uğrunda çarpışanların ilk
sıralarında getmişdir. Çoxlarının
yaxşı yadında olar ki, bir vaxtlar Bakı fəhlələri
vətənpərvərcəsinə belə bir mübariz
şüar irəli sürmüşdürlər: ”Neft
beşilliyini iki il yarıma yerinə yetirək!” Qəzet də
o zaman böyük Sovetlər ölkəsinə son dərəcə
lazım olan neftlə, obrazlı desək, nəfəs
alır, şanlı Bakı neftçiləri ilə birlikdə
əmək növbəsində durur, neft quyuları qazmaqda,
neft fontanlarını ram etməkdə onlara kömək
edirdi...
Həqiqət və ədalət
bayrağını uca qaldıran qəzetimiz əməkçi
kəndlilərlə birlikdə ilk traktorların sükanı
arxasına keçir, onlarla birlikdə torpaq şumlayır,
yeni həyat yaradıb “qururdu”.
Ulu öndərimizin bu
yüksək qiyməti ölkədə gedən yenidənqurma
proseslərini daha operativ və maraqlı
işıqlandırmaqda qəzetin kollektivinə əlavə
güc verdi. Əgər biz ötən əsrin 70-80-ci illərinin
nömrələrini vərəqləsək, Azərbaycanda
tikilib istifadəyə verilən yeni sənaye müəssisələrinin,
təzə yaşayış massivlərinin geniş
panoramına rast gələrik. Aqrar sektorda əldə olunan
nailiyyətlər hamını valeh etmişdi.
Pambıqçılar, üzümçülər məhsul
istehsalında bir milyon tonluq həddi ötüb
keçmişdilər.
Sənaye, kənd təsərrüfatı,
tikinti-quruculuq sahələrində irəli sürülən
bir sıra təşəbbüslər qəzetin baş
mövzusuna çevrilirdi. İlin mühüm
buraxılış obyektlərində müxbir postları fəaliyyət
göstərirdi. Ölkənin iqtisadiyyatını möhkəmlətmək
üçün aparılan planlı yenidənqurma işləri
qəzetin aidiyyatı şöbələri tərəfindən
nəzarətə götürülürdü. Metro tikintisindən
verilən reportajlar, kondisioner zavodunun, yeni, daha müasir
neft-kimya sənayesi müəssisələrinin inşası
haqqında dərc olunan materiallar oxucular tərəfindən
maraqla qarşılanırdı.
Qabaqcılların və
yenilikçilərin təcrübəsinin ümumiləşdirilərək
geniş yayılması gündəlik iş normasına
çevrilmişdi. Bir çox vətənpərvərlik təşəbbüsü
ilk olaraq ünvanını məhz bu qəzetdə
tapırdı.
1970-1980-ci illərdə
kənd təsərüfatının sürətli inkişafı
bir sıra amilə söykənirdi. Bunun ən
başlıcası o idi ki, möhtərəm Heydər Əliyevin
şəxsi təşəbbüsü ilə rayonlarda
keçirilən səyyar müşavirələr ənənə
şəklini almışdı. İl ərzində bəzən
dörd dəfə belə müşavirə keçirilirdi.
Həmin müşavirələrin gedişi geniş
işıqlandırılmaqla yanaşı, orada söylənilən
tənqidi qeydlərin, nöqsanların aradan
qaldırılması uğrunda qəzetin səhifələrində,
sözün əsl mənasında, ciddi mübarizə
aparılırdı.
Bu mübarizə erməni
separatçılarının Vətənimizin ayrılmaz hissəsi
olan Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi
barədə çıxardıqları qərarlardan sonra daha
da şiddətləndi. Qəzetin kollektivi müfəssəl əsgər
kimi ölkənin ərazisinin bölünməzliyi uğrunda
döyüşə qalxdı. Qəzet səhifələrində
Dağlıq Qarabağ məsələsi geniş müzakirə
obyektinə çevrildi, separatçıları dəstəkləyən
Moskvanın mövqeyi kəskin tənqid olundu.
1990-cı ilin qanlı
Yanvar hadisələrindən sonra mövcud quruluşa
qarşı mübarizədə qəzet xalqın
tribunasına çevrildi, müstəqillik ideyaları ilk dəfə
buradan dünyaya bəyan olundu. Yeni həyat uğrunda
mübarizədə xalqın mənafeyini hər şeydən
üstün tutduğuna görə, ümummilli liderimiz Heydər
Əliyev ikinci dəfə hakimiyyətə qayıdanda “Xalq qəzeti”ni
yenidən öz himayəsinə götürdü.
Qəzetin 75 illik yubileyi
münasibəti ilə kollektivə ünvanladığı təbrik
məktubunda (25 avqust 1994-cü il) Azərbaycan
Respublikasının Prezidenti Heydər Əliyev yazırdı:
“Xalq qəzeti” mənalı yaradıcılıq yolu
keçmiş, özünəməxsus üslub və sənətkarlıq
xüsusiyyətləri olan nəşrlərimizdəndir. Uzun
müddət “Kommunist” adı ilə nəşr edilən bu qəzet
bütün Sövet dövrü ərzində Azərbaycanın
ictimai, iqtisadi və mədəni həyatının
güzgüsü olmuşdur.
Respublikada qəzetçilik
ənənələrinin formalaşmasında,
jurnalistikamızın inkişafında “Xalq qəzeti”nin xidmətləri
xüsusi qeyd olunmalıdır. Bugünkü çoxsəsli,
rəngarəng Azərbaycan mətbuatının bir çox
görkəmli nümayəndələri bu qəzetin
yaradıcılıq məktəbini keçmişdir. Müstəqilliyimizin
qazanılmasından sonra da “Xalq qəzeti” respublikanın
ictimai həyatında baş verən hadisələrə cəsarətlə
müdaxilə etmiş, bir çox problemlərin
aşkarlanmasında mühüm rol oynamışdır. Amansız
təcavüzkara qarşı apardığımız ədalətli
mübarizə qəzetin daimi mövzusuna çevrilmişdir. Bu
gün qəzet müstəqil Azərbaycanda hüquqi və
demokratik dövlət quruculuğu işində güclü səfərbəredici
rol oynayır”.
...Bu gün iftixar hissi
ilə deyirik ki, “Xalq qəzeti” milli dildə çıxan ən
uzunömürlü mətbuat orqanımızdır. 90 ilin
bütün qovğalarına baxmayaraq, o, xalqımıza, Vətənimizə
vicdanla xidmət edib. Çünki burada çalışanlar
həmişə dövlətə, dövlətçiliyə,
xalqımızın tarixinə, milli-mənəvi dəyərlərinə,
dilinə, dininə, adət və ənənələrinə
sadiq olub, onu qoruyub, yaşadıblar. Yoxsa, söz sərrafı
olan ümummilli liderimiz bu qəzetin fəaliyyətinə
böyük qayğıkeşliklə yanaşmazdı, onun
xidmətlərini belə yüksək qiymətləndirməzdi.
Telman ƏLİYEV
Xalq qəzeti.- 2009.- 20 may.-
S. 5.