Məramımız ekoloji durumun daha da yaxşılaşdırılmasıdır
Ulu öndər Heydər
Əliyevin anadan olmasının 86 illiyi ölkəmizin hər
yerində böyük coşğu və təntənə ilə
qeyd edilmişdir. Xalqımız bu tarixi şəxsiyyətin
adını həmişə uca tutur və əziz xatirəsini
ehtiramla yad edir. Heydər Əliyev Azərbaycan xalqına və
müstəqil Azərbaycan dövlətçiliyinə
çox böyük töhfələr vermiş, misilsiz xidmətlər
göstərmişdir. Bütün bunları saymaqla
sözsüz ki, qurtaran deyil. Bir sözlə, ulu öndər
xalqımızın qəlbində və dövlətçiliyimizin
tarixində əvəzsiz bir yerə sahib olmuşdur.
Azərbaycana rəhbərlik
etdiyi bütün dövrlərdə – istər 1969-1982-ci illər
olsun, istərsə də 1993-2003-cü illər – həyatın
elə bir sahəsi olmadı ki, orada Heydər Əliyev nəfəsi,
Heydər Əliyev diqqət və qayğısı, ən
başlıcası isə, Heydər Əliyev təşəbbüskarlığı
və əzmkarlığı olmasın. Müxtəlif sahələrdə
uzun illər fəaliyyət göstərən insanlar bu fikirlə
yüzdəyüz razılaşarlar. Mən həyatımı
ekoloji sahəyə bağladığımdan, konkret olaraq,
Heydər Əliyevin Azərbaycanda ekoloji mühitin
sağlamlaşması və yaxşılaşması istiqamətində
gördüyü işlərdən, həyata keçirdiyi nəhəng
layihələrdən istənilən qədər bəhs edə
bilərəm. Ancaq çox vaxt almadan təkcə bu faktı xatırlatmaq
istəyirəm ki, ölkəmizin paytaxtı, hamımız
üçün doğma bir məkan olan Bakı şəhərinin
yaşıllaşdırılması məhz Heydər Əliyevin
adı ilə bağlıdır. Abşeron
yarımadasında, küləkli havanın “hökmranlıq”
etdiyi bir ərazidə ağac əkib becərməyin nə qədər
çətin olduğunu yaxşı bilən ulu öndər
inadkarlıqla bu məsələnin həllinə səy
göstərmiş, nəticədə də Bakı şəhərində
bir-birindən gözəl və yaraşıqlı parklar,
xiyabanlar salınmışdır. Qocaların,
uşaqların, gənclərin, bir sözlə,
hamının sevimli istirahət məkanına çevrilən
bu yaşıllıqlar arada yaranmış hakimiyyət
boşluğu zamanı amansızcasına talan edildi, həyat
üçün vacib olan ağaclar kəsilərək yerində
kimlərinsə qazanc mənbəyinə çevrilən
müxtəlif səpkili ticarət obyektləri tikildi.
Təsadüfi deyil ki,
ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider
bu acınacaqlı vəziyyətdən
üzüldüyünü belə ifadə etmişdi: “Bir
ağac kəsiləndə elə bilirəm ki, qolumun biri kəsilir”.
Əlbəttə, bunu
yalnız Heydər Əliyev deyə bilərdi. Bu
üzüntünü yalnız Heydər Əliyev yaşaya
bilərdi. Çünki o, yaşıllıqların
salınmasına, mübaliğəsiz demək olar ki,
ömrünü, həyatını sərf etmişdi. Ancaq
min şükürlər olsun ki, onun hakimiyyətə
qayıdışı ilə bütün bu
narahatçılıqlara son qoyuldu, ölkədə həyat
öz axarına düşdü. Xalqımız və dövlətimiz
üçün həyati əhəmiyyət kəsb edən
məsələlərin çoxluğuna baxmayaraq, bu sahədə
də bir sıra addımlar atıldı.
Heydər Əliyev
Fondunun Prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı
səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü
ilə son illər uğurla həyata keçirilən və
böyük dəstək görən “Hərəmiz bir
ağac əkək” kampaniyasını xüsusi qeyd etmək
istəyirəm. Çünki bu təşəbbüs
yalnız kampaniya xarakteri daşımır. Buna uyğun olaraq
ölkəmizin hər yerində yüz minlərlə ağac
və gül kolları əkilir və bu proses hazırda da
davam edir.
Aprel ayında Nazirlər
Kabinetinin 2009-cu ilin birinci rübünün yekunlarına həsr
olunmuş iclasında ölkəmizin başçısı
möhtərəm İlham Əiyevin
çıxışı şübhəsiz ki, hamının
yadındadır.
Çıxışında
vacib məsələlərə münasibət bildirən
dövlət başçısı ekoloji vəziyyətlə
bağlı narahatçılığını da dilə gətirdi,
ağacların və yaşıllıqların məhv edilməsinə
qarşı ciddi mübarizənin vacibliyini xüsusi
vurğuladı. Prezident ağacların kəsilməsini qətiyyətlə
pislədi və bunu qadağan etdi. Bu məsələyə həssaslıqla
yanaşan ölkə rəhbəri bildirdi ki, ağaclar
yalnız dövlət əhəmiyyətli bir məsələ
il bağlı kəsilə bilər, hər kəsilmiş
ağacın əvəzinə on ağac əkilməsi şərtilə.
Dövlət başçısı üç milyon
ağacın əkilməsi ilə bağlı da müvafiq
orqanlara ciddi tapşırıq verdi. Onun bu
tapşırığı hamının, ilk növbədə
isə Vətənini, ölkəsini sevən, onu
yaşıllıqlar diyarı kimi görmək arzusunda olan
insanların ürəyindən oldu və hədsiz sevindirdi. Hamımız
dərindən nəfəs aldıq, bir daha əmin olduq ki,
Heydər Əliyev siyasəti bu sahədə də uğurla
davam etdirilir.
Biz də dövlət
başçısının bu fikirlərinə həvəslə
qoşulduq. “Pirqulu” Dövlət Təbiət Qoruğunun təşəbbüsü
ilə qoruğun ərazisinin həmsərhəd olduğu bələdiyyələrin
– Çuxuryurd, Nağaraxana, Qəleybuğurd və Avaxıl
bələdiyyələrinin iştirakı ilə Bakı –
Pirqulu yolunun kənarında min ədəd ağac əkdik. Əlbəttə,
bu istiqamətdə işimizi davam etdirəcəyik. Həm də
çalışırıq ki, təkcə sayla kifayətlənməyək,
eyni zamanda, keyfiyyətə də diqqət yetirək. Yəni əsas
məqsədimiz əkdiyimiz ağaclara lazımi qaydada qulluq
etmək və onları bitirməkdir. Necə deyərlər,
ağacı əkdinsə gərək bitirməyi də
bacarasan.
Mayın 23-də
ekoloqların peşə bayramıdır. Ekologiya və təbii
sərvətlər naziri Hüseynqulu Bağırovun ekoloji
durumun yaxşılaşması sahəsində göstərdiyi
fəaliyyət hamıya məlumdur. Sözsüz ki, bu işə
qol qoyanların hamısının məramı eynidir: normal nəfəs
ala biləcəyimiz ekoloji şəraitin yaradılmasına
nail olmaq. Çünki bunsuz həyat məhvə məhkumdur.
Tağı HƏSƏNOV,
“Pirqulu” Dövlət Təbiət
Qoruğunun direktoru
Xalq qəzeti.-2009.- 20 may.- S.5.