Musa Quluzadə - 70

 

Arxaya dönüb baxmağa dəyər

 

Çox sevdiyin, əziz tutduğun dost haqqında söz demək həm asandır, həm də çətin. Asandır ona görə ki, dostunu yaxşı tanıyırsan, bütöv mənəviyyatı, gördüyü işlər, əməlləri sənə tanışdır. Çətindir, o mənada ki, dostun haqqında necə söz, fikir söyləyəsən ki, onun bütün varlığını, iç dünyasını tam göstərə biləsən. Haqqında söz demək istədiyim, çox hörmətli dostum, tanınmış alim, yazıçı, ziyalı, tələbələrin sevimli müəllimi Musa Quluzadədir.

Musa Nizam oğlu Quluzadə. Bu adın çəkilməsi kifayətdir ki, onu tanıyanların, dostların, həmkarlarının gözü önündə ləyaqətli, dönməz, təvazökar, əməksevər obraz canlansın. 1939-cu il mayın 20- Masallı rayonunun Xıl kəndində əməkçi ailəsində dünyaya göz açan Musa müəllim ömrü boyu həyatın elmin çətin yollarında zəhmətə, əməyə böyük dəyər verib bu dəyər onun bütöv bir şəxsiyyət kimi formalaşmasına öz təsirini göstərib.

Orta məktəbin 7-ci sinfini əla şəhadətnamə ilə bitirən yeniyetmə Musa əvvəlcə Lənkəran Kənd Təsərrüfatı Texnikumunda, daha sonra isə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) iqtisadiyyat fakültəsində təhsil alıb. Yüksək göstəricilərlə təhsilini başa vurduqdan sonra bir müddət partiya orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Daha sonra həmin dövrün ən sayılıb-seçilən müəssisələrindən olan Lenin muzeyində elmi işçi kimi fəaliyyətə başlayan Musa müəllim sonradan muzeyin elmi işlər üzrə direktor müavini olub. Elmi iş üzərində çalışan Musa müəllim ADU-da tələbələrə tarix fənnini tədris edib. Bir müddət Bilik cəmiyyətində sədr müavini işləyib, 1991-ci ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının (əvvəlki adı Bakı Sosial İdarəetmə və Politologiya İnstitutu) tarix kafedrasında dosent kimi fəaliyyətə başlayıb. Hazırda akademiyada aspirantura, doktorantura şöbəsinin müdiridir.

Musa müəllim çoxşaxəli yaradıcılığa malik ziyalıdır. Elmi fəaliyyətlə yanaşı, o, həm də ədəbi yaradıcılıqla məşğul olur. 1960-cı illərdə uşaqlar üçün yazdığı kiçik hekayələrlə ədəbiyyata gələn Musa Quluzadə artıq həmin dövrdə yazıları ilə ədəbi mühitin tanınmış nümayəndələrinin diqqətini cəlb edir. Hekayələri işıq üzü görən ilk vaxtdan o, özünü ayrıca yolu olan orijinal fikirli qələm sahibi kimi tanıtmışdı. 1984-cü ildən Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Musa müəllim bu gün artıq 12-dən çox bədii kitabın müəllifidir. Bu kitablardan dördündə onun uşaqlar üçün hekayələri, pyesləri toplanıb. Ümumilikdə isə onun əsərlərinin ana xəttini Vətənə, ana yurda, adət-ənənələrə bağlılıq, təbiətə məhəbbət, incə, munis duyğulara sədaqət hissləri təşkil edir. Onun gənclərin həyatından bəhs edən pyesləri teatrlarda oynanılmış, televiziya və radioda səslənmişdir. Bundan əlavə, müntəzəm olaraq onun yeni-yeni əsərləri, mənsur şeir və esseləri dövri mətbuatda çap olunur.

1991-ci ildə Şeyxülislam Allahşükür Paşazadə haqqında yazdığı sənədli povest geniş yayıldı. Bu, Azərbaycan şeyxülislamları barədə yazılan ilk qiymətli əsərdir. 50 min tirajla nəşr olunan bu əsər “Qızıl qələm” mükafatına layiq görülüb. Onun yaradıcılıq diapazonu çox genişdir. Belə ki, bu vaxta qədər çoxlu hekayə, povest, mənsur şeirlər, fəlsəfi düşüncələr, radio və televiziya pyesləri yazıb. Bu əsərlərdə olan təbiət təsvirləri yurdumuzun təbiətinin ayrı-ayrı parçalarıdır. Onlar sanki rəssam dəqiqliyi ilə verilir. Onun yaradıcılığında xoşa gələn başlıca cəhətlərdən biri də səmimiyyətdir. Kitablarında orijinallıq, dilin şirinliyi oxucuları razı salır.

Məhəbbət mövzusu M. Quluzadənin yaradıcılığında qızıl bir xətlə keçir. Onun məhəbbət hekayələri o qədər canlı, o qədər təbiidir ki, oxucu uzun müddət əsərin təsiri altından çıxa bilmir. Yazıçı həm vətəni, həm təbiəti, həm də gözəlliyi vəsf edir, yaradıcılığında torpağa sevgini xüsusi qabardır.

Son vaxtlar dövri mətbuatda, radioda povest və hekayələri, mənsur şeirləri, fəlsəfi düşüncələri əsasən Dağlıq Qarabağ dərdinə, bugünkü mənəvi dəyərlərə həsr olunur. Bu, yaradıcı insanın vətəndaşlıq mövqeyindən xəbər verir. Həmin mövqedə bir bütövlülük, vətən sevgisi, millət qayəsi, xalq təəssübkeşliyi var.

Musa müəllim həm də vətənpərvər bir ziyalıdır. 1993-cü ildə Lənkəranda baş verən separatçılığa qarşı mübarizə aparanların ön sırasında Musa müəllim də var idi. Onun həmin hadisələr zamanı necə fədakarlıqla çalışdığı və Azərbaycanı parçalamağa çalışanların təsiri altına düşən insanları düzgün yola istiqamətləndirdiyini bu gün Quluzadəni tanıyan hər bir kəs etiraf edir. Onun mərkəzi qəzetlərdə dərc etdirdiyi “Biz daha sıx birləşməliyik”, “Vətən bölünməzdir”, “İndi hansı yana əyilməliyik” kimi tutarlı məqalələri, televiziyada ziyalı çıxışları cəmiyyətdə böyük əks-səda yaradırdı.

Yüksək mənəvi, əxlaqi, intellektual səviyyəyə malik ziyalıların əməlləri, yaradıcılıqları müasirləri, tanışları üçün həmişə örnək olur. Musa müəllim də ətrafdakılara örnək ola biləcək belə şərəfli ömür sahibidir. Dəyərli alim olmaqla yanaşı, o, həm də öz sözünü deməyi bacaran fəal ziyalılarımızdandır. Harada olmasından asılı olmayaraq Musa müəllim hər zaman azərbaycançılığı, öz vətəndaş mövqeyini yüksək səviyyədə nümayiş etdirir.

Nəsirəddin Tusi nəzəriyyələrinə görə, elm adamlarında iki növ kamillik olur: elmi və əməli kamillik. Unutmaq olmaz ki, “elm əməlsiz məhv olar, əməl isə elmsiz mümkün deyildir. Deməli, elm səbəb, əməl nəticəsidir”. Və təbii ki, elmi və əməli kamillik bir-birilə vəhdət təşkil edəndə tam bir ziyalı, əsl vətəndaş obrazı formalaşır. M.Quluzadə məhz elmi və əməli kamilliyi özündə birləşdirən yüksək mənəviyyata malik əsl vətəndaş ziyalılarımızdandır.

İnsan həyatının mənası onun xalqa, Vətənə xidməti ilə ölçülür. Neçə il ömür sürürsənsə sür, əgər tərəqqiyə xidmət edə biləcək bir iş görmüsənsə, deməli yaşadığın ömür hədər getməmişdir. Azərbaycanın ümummilli lideri Heydər Əliyev deyirdi: “Hər bir alim qiymətlidir. Ancaq nəzəriyyəni təcrübə ilə birləşdirən, fikirlərini tətbiq edə bilən və onlardan əməli nəticə götürə bilən, cəmiyyətə, ölkəyə, xalqa konkret fayda gətirən insanlar alimlərin sırasında xüsusi yer tuturlar”. 70 illik yubileyini qeyd etdiyimiz dəyərli elm adamı M.Quluzadənin sözü ilə əməli daim vəhdət təşkil edib.

Musa müəllim bir tarixçi kimi böyük azərbaycanlı Heydər Əliyev, möhtərəm Prezidentimiz İlham Əliyev haqqında onlarla tutarlı məqalələr dərc etdirmişdir. O, uzun illər “Ziyalılar cəmiyyəti”ndə sədr müavini vəzifəsində çalışıb, kütlələr qarşısında elmi, siyasi çıxışları, məruzələri həmişə maraqla qarşılanıb. Bu gün də o, ziyalıların cərgəsində Azərbaycanımızın tərəqqisi yolunda fəaliyyətini davam etdirir. Musa müəllim təkcə alim, yazıçı deyil, həm də şəxsiyyətdir.

İnsan özündən sonra mütləq iz qoymalıdır, tərbiyəli övladlar, qiymətli əsərlər, səmərəli işlər və s. Bu mənada Musa müəllim dəyərli alim kimi yüzdən artıq elmi məqalənin müəllifidir. Otuz ildən artıqdır ki, ali məktəb auditoriyalarında tələbələr qarşısında mühazirələr oxuyur. Əslində ali məktəbdə işləmək də, tələbələrə dərs demək də mümkündür. Ancaq önəmli olan bu dərsin kim tərəfindən tədris edilməsidir. Bu baxımdan M.Quluzadə kimi Vətən daşı olmuş ziyalıdan, dəyərli elm adamından, həssas qəlbli, duyğulu yazardan dərs almış tələbələrə qibtə etməyə dəyər. O, indi də Dövlət İdarəçilik Akademiyasında “Azərbaycan tarixi” və “Azərbaycanın dövlətçilik tarixi” fənlərini tədris edir. Qeyd edim ki, onun Azərbaycanın dövlət idarəçiliyi tarixi haqqında yazdığı kitab da bu günlərdə işıq üzü görəcək.

Deyirlər ki, ot kökü üstündə bitər. Musa müəllimin övladları bu mənada öz valideylərinin davamçılarıdır. Xalqımızın gözəl adət-ənənələrini özündə birləşdirən M.Quluzadə ocağında üç övlad boya-başa çatıb. Onun iki qızı BDU-nun filologiya fakültəsini, oğlu isə İncəsənət Universitetinin kino rejissorluğu fakültəsini bitirib. Bu gün tanınmış gənc rejissordur. Bu günlərdə Elçin Musaoğlunun “40-cı qapı” filmi Amerikada “Qızıl mükafata” layiq görüldü. Valideynlərindən əsl pedaqoq tərbiyəsi almış bu övladlar uşaqlıqdan bilik qazanmağa, əməyə kökləniblər.

Yubileyi ərəfəsində dostum Musa müəllimə belə bir sualla müraciət etdim: Özündən, keçmiş olduğunuz tale yolundan razısanmı? Musa Quluzadə isə çox mənalı tərzdə “Dönüb arxaya baxmağa, ömür yolunu vərəqləməyə dəyər. Mən həyatda daim alnıaçıq yaşamışam və taleyimdən razıyam” cavabını verdi.

Bu, adi söz deyildir. Bu, ömrünün müdriklik çağını yaşayan və yaradıcılığının daha çoşğun mərhələsinə qədəm qoyan bir ziyalının etirafı idi.

Onu yaxından tanıyanlar, dostları, müəllim yoldaşları M.Quluzadəni olduqca səmimi, xeyirxah insan, yaxşı ailə başçısı kimi tanıyır və qiymətləndirirlər. Bu gün o, özünün müdriklik çağına gəlib çatıb, xalqımızın işıqlı ziyalısının 70 yaşı tamam olur. Ancaq arzuları çoxdur. Onları həyata keçirmək üçün çətinliklərə sinə gərərək çalışmaq ancaq sənət fədailərinə xas olan keyfiyyətlərdəndir.

 

 

Akif BAYRAMOV,

Azərbaycan Respublikasının Prezidenti

yanında Dövlət İdarəçilik Akademiyasının

Dillər kafedrasının müdiri, filologiya elmləri

doktoru, professor

 

Xalq qəzeti.-2009.- 20 may.- S.6.