İsmayıl Şıxlının həyat yaradıcılıq yolu

 

İsmayıl Şıxlı ... Bu ad çox şey deyir. Bu ad çəkilən zaman əsl müəllim, görkəmli alim, istedadlı yazıçı, kişi xarakterli bir insan yada düşür. İsmayıl Şıxlının həyat yolunda Böyük Vətən müharibəsi yadda qalan, onun tərcümeyi - halına həkk olunan bir hadisədir. O, müharibənin başlanması xəbərini APİ-nin (indiki ADPU-nun) axırıncı kursunda dövlət imtahanı ərəfəsində eşitmişdi və o günləri belə xatırlayırdı: “Nahar vaxtı idi, yataqxanadakı yeməkxanaya toplaşmışdıq. Deyib-gülür, zarafatlaşır, toyu olanları, nişan taxılanları təbrik edirdik. Divardan asılmış radionun səsinə də əhəmiyyət vermirdik. Şəmistan adlı bir yoldaşım mənə yaxınlaşdı. Səsi titrəyə-titrəyə qulağıma pıçıldadı ki, müharibə başlayıb. İnanmadım, axı almanlarla müqavilə bağlamışdıq. On il bir-birimizə hücum etməməyə söz vermişdik. Belə namərdlik ola bilməzdi … Birdən hiss etdim ki, yeməkxanaya sükut çökdü . Qaşıqlar əldə, xörəklər qabaqda qaldı. Molotov danışırdı . . .”

İsmayıl Şıxlı qələbə gününü də öz yaddaşına yaxşı həkk etmişdi. Qələbənin sevinci ona rahatlıq gətirən xəbər olmuşdu. O, qələbəni belə xatırlayırdı: “Katerin radiosundan Levitanın səsini eşitdim: ”Düşmən danışıqsız olaraq təslim edilmişdir. May ayının 9-u Qələbə günü hesab olunur”. Qaçıb yoldaşlarıma dedim, inanmadılar. Dan yeri qızarırdı. Ətrafa sükut çökmüşdü . . .”
İsmayıl Şıxlı cəbhə dostluğunu, səngər dostluğunu təmənnasız dostluq sayırdı. Belə hesab edirdi ki, ağır günlər insanlarda bir-birinə qarşı həssaslıq, qayğıkeşlik yaradır.
Onun fikrincə, “Cəbhədə dostun düşmənin kim olduğunu aydın bilirsən. Kimə arxalandığını, kimə qarşı vuruşduğunu gözəl bilirsən. Bilirsən arxayınsan ki, səngər dostun üzünə gülüb arxadan səni vurmaz”. O, insandakı ən gözəl keyfiyyətlərdən birini inam hesab edirdi.” İsmayıl Şıxlı insanda bir sıra gözəl keyfiyyətlər sırasında dostluğu, qayğını, aydınlığı inamı vacib sayırdı. Ona görə, “. . . dostluq olmadan, qayğı olmadan, aydınlıq olmadan, inam əqidəyə arxalanmadan cəmiyyəti irəli aparmaq qeyri-mümkündür”.

Cəbhə yolları İsmayıl Şıxlının tərcümeyi-halının silinməz, pozulmaz səhifələrindəndir. Bu yolun çox ağır, uzun bir yol olduğunu o, heç vaxt unutmamışdır. Onun cəbhə yolu Dərbənd şəhərindən başlamışdır. Gecə-gündüz alman tanklarının əleyhinə xəndəklər qazır, dəmir dirəklər basdırır, tikanlı məftillər çəkirdilər. Onlar imkan vermirdilər ki, almanlar Mozdokdan bu yana Dərbəndə doğru gəlsinlər. İsmayıl Şıxlı həmin günləri belə xatırlayırdı: “Biz Xəzər sahilindən Qara dəniz sahilinə, Tuapse tərəfə, oradan isə Krasnodar şəhərinə doğru irəlilədik. İrəlilədik demək düz deyil, əslində biz bu yolları dizin-dizin süründük, qarış-qarış keçdik”.

Böyük Vətən müharibəsindən uzun illər keçdi. Ancaq İsmayıl Şıxlı müharibə illərini unutmadı. Bəzən nəfəsini dərib geriyə – ömür yollarına baxanda müharibə illərinin ağrı, acısını istər-istəməz xatırlamalı olurdu. Müharibəni və onun ağrı, acılarını yaşamağı heç kəsə arzu etmirdi.

İsmayıl Şıxlının qələm adamı olmasında, yazıçı olmasında mühitin böyük rolu olmuşdur. Əlbəttə, burada Qazax seminariyasının ab-havası, üstəlik, ədəbiyyat müəllimlərinin rolu danılmazdır. İsmayıl Şıxlı müsahibələrinin birində deyirdi: “Qazax seminariyasına qəbul olub, qələm tərəfə baxmamaq, gizlicə ona sarılmamaq mümkün deyil. Elə bil ki, oranın ab-havası özü adamı dingildədir, canından, qanından söz-söhbət, od-alov qoparmaq istəyir. Ədəbi ocağa bənzəyən hər addımda Firudin bəy Köçərlinin, Əli Hüseynin, Səməd Vurğunun, Osman Sarıvəllinin adı çəkilən bir yerdə hünərin var lal-pitik ol. Üstəlik, ədəbiyyat müəllimlərimizdən S.Vurğunun, O.Sarıvəllinin dostları Mirqasım, Əli, Sarı Hüseyn kimi müəllimlər gənc ürəklərimizi körük kimi basırdılar”.

İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlib və onun cəmi bir şeiri – “Quşlar” şeiri çap olunubdur. Amma o, nəsrlə demək istəyib, nəsrdə özünü tapa bilib və istedadlı bir yazıçı kimi özünü nəsrdə təsdiq edibdir.

İsmayıl Şıxlını tanıyanlar onu şair gözləyirdilər. Ancaq o, nasir oldu. Hətta onun müəllimi Sarı Hüseyndən soruşanda ki, İsmayıl Şıxlının müəllimi olmusunuz, onun yazıçı olacağını görürdünüzmü sualına belə bir cavab vermişdir: “İsmayılı ədəbiyyat dərnəyindən tanıyırdım. Sözlərinin gün-gündən sərrastlaşdığından, mətləbə tezcə gələ bilməsindən hər şeyi bəlli eləyirdi. Düzü, mən onu şair gözləyirdim”.

İsmayıl Şıxlı heç olmazsa, bircə şeirinin çap olunması arzusu ilə yaşasa da, bu arzu həyata keçdikdən sonra şair olmaq sevdasından tamam uzaqlaşmışdır. Və bu məsələni sonralar belə xatırlamışdır: “Həmin gün mən həm sevinir, həm də kədərlənirdim. Sevinirdim - nəhayət, şeirim çıxdı; kədərlənirdim - heyf ki, bir də şeir yazmayacağam . . .”

İsmayıl Şıxlının şeirdə özünü tapmaması, məncə, bir sıra səbəblərlə bağlı olmuşdur. Birincisi, onun xarakterindəki səliqəlilik, zəhmətkeşlik, əqidəli bir insan olmaq qabiliyyəti (hələ gənclik illərindən), qətiyyəti, özünə tənqidi yanaşmaq keyfiyyəti ona nasir kimi daha çox meydan verirdi. İkincisi, 20 yaşlı bir gəncin öz arzuları, romantik dünyası imkan verirdi ki, o, ilk yaradıcılığını şeirlə başlasın, öz qələmini burada sınasın. Başqa bir tərəfdən onun gənc çağlarında pərəstiş etdiyi bir şair də olmuşdur. Həmin şairə (Əli Sübhiyə) olan pərəstiş İsmayıl Şıxlının ilk qələm təcrübəsini şeirə bağlamışdır. Bunu İsmayıl Şıxlının verdiyi müsahibələrdən biri də təsdiq edir. O vaxt (gənclik çağı nəzərdə tutulur) hansı şairə pərəstiş edirdiniz – sualına İsmayıl Şıxlı belə cavab vermişdir: “İndi deyəcəyim adı yəqin ki, heç kəs eşitməyib – Əli Sübhi. Qazax bir nömrəli orta məktəbinin şagirdi Əli Sübhinin o vaxt (İsmayıl Şıxlı gənclik çağını nəzərdə tutur – B.X.) kitabı nəşr olunmuşdu. Bunu mən şeir aləmində az qala Kərəm qəhrəmanlığı hesab eləyirdim. Çox heyf ki, Azərbaycan şeirində belə bir ad göyərib çiçəklənə bilmədi. Sonralar mənimlə cəbhəyə yollanan Əli Sübhinin ömrünə də, şeirlərinə də güllə dəydi”.

İsmayıl Şıxlı təkcə bir şeirini çap etdirdikdən sonra şeir aləmindən uzaqlaşdı. Başa düşdü ki, şeir yazmaq onda yaranmış olan bir həvəsdir. Bəlkə də keçici, ötəri bir hissdir. Başa düşdü ki, sözünü demək üçün şeir meydanı ona kifayət etmir və bəlkə də bu meydanda o, bütöv bir tam halında özünü tapa bilmir. Bu barədə onun vaxtilə verdiyi müsahibələrin birində deyilir: “Bircə onu deyə bilərəm ki, şeirin atı məni üstdən tez saldı. Bircə şeir çap elətdirəndən sonra, şeirin mənim yemim olmadığını başa düşdüm.

İsmayıl Qəhrəman oğlunun cəmi bircə – “Quşlar” seiri çap üzü görüb. Şeir həvəsini durna kimi uçurub, köçürüb başqa bir yola göz qoyub”.

İsmayıl Şıxlı şeirdə lövbər salmadan nəsrə yol aldı və bu işdə o, Mehdi Hüseynin sözlərini də unutmadı. Mehdi Hüseyn ona yalnız gördüklərini, bildiklərini yazmağı tövsiyə etmişdi. İsmayıl Şıxlı buna əməl edərək “Konserv qutuları”, “Həkimin nağılı”, “Səhəri gözləyirdik”, “Kerç sularında”, “Haralısan, ay oğlan?”, “Raykom katibi”, “Daşkəsən” oçerklərini, “Ayrılan yollar”, “Dəli Kür”, “Ölən dünyam” romanlarını yazdı. O, nəsrin astanasından içəri daxil olduqdan sonra özünü tapdı və yaradıcılıq potensialını burada göstərə bildi. Özünün sonralar dediyi kimi, “Ayrılan yollar” kimi əsər yazması Azərbaycan nəsrinin uğuru idi. İsmayıl Şıxlı vaxtilə verdiyi müsahibələrin birində deyirdi: “Ayrılan yollar” şəxsiyyətə pərəstişi ilkin qamçılamış, şüarçılıqdan, boş hay-küydən uzaq ilk Azərbaycan romanının və “Yanar ürək”, “Böyük dayaq”, “Qara daşlar” kimi romanların yaxşı mənada örnəyi, sələfidir”.

“Ayrılan yollar” romanı nəsr sahəsində İsmayıl Şıxlının özünə olan inamını artırdı. Həmin inam, uğur onu “Dəli Kür”ə gətirdi. Ancaq İsmayıl Şıxlı “Dəli Kür”dən sonra yeni “Dəli Kür”ü yaratmadı. Bəlkə də o, Cahandar ağa kimi yeni obraz yaratmağa ehtiyat etdi. Baxmayaraq ki, İsmayıl Şıxlının yaşayıb-yaratdığı dövrlərdə (məsələn, Sovet dövründə) mövcud olan ictimai-siyasi hadisələr yeni-yeni Cahandar ağaların bədii ədəbiyyatda yaranmasına əsas verirdi. İsmayıl Şıxlı ədəbiyyatda yeni “Dəli Kür”ü yazmaması barədə təvazökarlıqla deyirdi: “Çox söz verib uzatmış, ləngitmişəm. Odur ki, bu barədə heç bir şey deməyəcəyəm, ta ortaya bir şey qoyana kimi. Amma tələb haqlıdır. Elə dediyim kollektivləşmə dövrünün kəndi, adamların iqbalı . . .

Onların qarşısında özümü borclu və günahkar hesab eləyirəm”.

İsmayıl Şıxlının “Dəli Kür” romanını yazması onun təkcə yazıçı istedadı ilə bağlı deyil, həm də Kürün gücü, onun sahilində yaşayanların buranın ab-havasına uyğun gəlməsi, uşaqlıqdan başlayaraq gördükləri və hafizəsində yaşayan hadisələrə dərin bələdçiliyi və digər səbəblərlə bağlıdır. Məncə, hər şeydən əvvəl əsərə belə bir ad seçməsi dağların döşündən, çaylardan, bulaqlardan qanad alan Kürün əzəməti ilə bağlıdır. Bəndlərə, bərələrə tabe olmayan Kürün yaxşı mənada Dəli təbiəti ilə bağlıdır. İkinci bir tərəfdən uşaqlıqdan ilk gördüyü çaylardan birinin Kür olması onun beynində “Dəli Kür” adlı bir obraza dərin məhəbbət yaradıbdır. Hər bir insanın yaddaşında daha çox uşaqlıq dövrü ilə bağlı hadisələr əbədi həkk olunur. Bu mənada İsmayıl Şıxlını da uşaqlıq vaxtı sarsıdan bir hadisə heç vaxt onun yaddaşından silinməmişdir. Həmin hadisə belə olmuşdur. Günlərin bir günü bir dəstə silahlı adam Qaymaqlı kəndinə gəlmiş, kənddəki silahları yığmışdır. Qəzəbini cilovlaya bilməyən adamlardan biri silahlı adamların qəzəbinə tuş gəlmiş və sinfi düşmən kimi güllələnmişdir. O hadisəni İsmayıl Şıxlı heç vaxt unuda bilməmiş, dərdli bir nəğmə, ağı, bayatı eşidəndə hadisə gəlib gözünün qabağında durmuşdur. Və bu hadisəni uşaqlıq illərinə atılmış güllə kimi qəbul etmişdir. Ona görə ki, güllələnən adam İsmayıl Şıxlının uşaqlıq dostunun atası olmuşdur. 1932-ci ildə birinin səhər – səhər məktəbə gəlib onların müəllimi Mizə Həsəni qanına qəltan etməsi ikinci faciə kimi İsmayıl Şıxlının uşaqlıq yaddaşında qalmışdır. O, uşaqlıq dövründə ağrının, faciənin nə olduğunu dadmışdı. Onun dostu atasından, özü isə müəllimindən yetim qalmışdı. Məhz bu cür hadisələr “Dəli Kür”dəki səhnələrin güclü olmasında İsmayıl Şıxlıya bələdçi, yardımçı olmuşdur. Nəticədə İsmayıl Şıxlı Kür qırağında böyük bir elatın, böyük bir dövrün salnaməsini yaratmışdır. Özü də bu elat necə varsa, elə də verilmiş, bəzəksiz - düzəksiz ədəbiyyata gətirilmişdir. Onu qeyd etmək lazımdır ki, İsmayıl Şıxlı sonrakı dövrün hadisələrini, adamlarını yeni “Dəli Kür”də ədəbiyyata gətirməmişdir. Bəlkə də yeni “Dəli Kür”də Cahandar ağa kimi obraz yaratmağından ehtiyat etmişdir. Bəlkə də orijinal obrazları və hadisələri yaratmaqda özünə qarşı o qədər tələbkar olmuşdur ki, bu məsuliyyətin altına girmək istəməmişdir”. İsmayıl Şıxlı yaradıcılığının əsas istiqamətlərindən biri əfsanə və rəvayətlər əsasında yazdıqlarıdır. O, xalq arasında yayılmış əfsanə və rəvayətləri mövzu kimi seçmiş, bu mövzulara yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya salmış, Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları baxımından işləmişdir. İsmayıl Şıxlı burada xalqdan öyrəndiklərini xalqın özünə qaytarmaqla həm xalqın yazdıqlarını yaşatmış, həm də özünün bədii təxəyyülünü əsl yazıçı səviyyəsində təqdim etməyi bacarmışdır. Onun 1990-cı ildə çap olunmuş “Sapı özümüzdəndir” kitabında toplanmış əfsanə və rəvayətlər əsasında yazdıqlarının hər biri xalqın özündən qaynaqlanır. Xalqın yaratdığı əfsanə və rəvayətlərin motivləri əsasında “Məni itirməyin”, “Sapı özümüzdəndir”, “Sənə “aslanım” deyən”, “Dəvəçi”, “Şahın oğlu”, “İlğım”, “Ruzu”, “Keçəçi”, “Bəs zınqırovu kim asacaq?”, “Xasiyyətimdir”, “Xoruzbeçə”, “Belə məmləkətdə” əsərlərini yazmışdır. Bu əfsanə və rəvayətlərin hər birinin adı arxasında dərin fəlsəfə durur. Elə bir həyat fəlsəfəsi ki, o həyat fəlsəfəsi hər bir kəsin taleyinin içindən keçir.

İsmayıl Şıxlının ömür yolunda müəllimlik müqəddəs bir peşə olmuşdur. Onun müəllim peşəsinə bağlılığı təsadüfi deyildir. Bu peşəyə məhəbbət onun böyüyüb boya - başa çatdığı ailədən başlamışdır. Belə ki, İsmayıl Şıxlı müəllim ailəsində böyümüşdür. Atasının dostları və qohumlarının çoxu müəllim olmuşdur. Təsadüfi deyildir ki, “Dəli Kür” romanında Qori müəllimlər seminariyasına həsr etdiyi səhnələrdə Azərbaycanda yeni tipli müəllimlərin necə yaranmağa başladığını göstərmək istəmişdir. Bu seminariyanın Azərbaycana çox istedadlı müəllimlər və mədəniyyət xadimləri verdiyi hamıya bəllidir. O, da bəllidir ki, bu seminariyanın Azərbaycan şöbəsi 1918-ci ildə Firudin bəy Köçərli tərəfindən Qazağa köçürülmüşdür. Və sonra pedaqoji texnikuma çevrilmişdir. İsmayıl Şıxlı Qazax Pedaqoji Texnikumunda təhsil almış və bütün ömrü boyu buradakı nizam – intizamı, ona dərs deyən müəllimləri unutmamışdır. Ən sevimli müəllimlərindən olan fizika müəllimi Abdulla Babanlını, riyaziyyat müəllimi Yunis Əyyubovu, tarix müəllimi Əli Əliyevi bütün ömrü boyu unutmamışdır. İsmayıl Şıxlı bu müəllimlərindən diqqətli və tələbkar olmağı, tələbələrə ədalətli qiymət verməyi, fənnini mükəmməl bilməyi, çox məharətlə dərs deməyi, müəllimlik sənətinə Məcnun məftunluğu ilə yanaşmağı, aydın bir dildə dərsi izah etmək bacarığı, sadə və səmimi olmağı öyrənmişdir. O, “Mənim tərbiyəçilərim” adlı məqaləsində yazırdı: “Biz başa düşdük ki, müəllimin sevilməsi üçün əsas şərtlərdən biri onun öz fənnini gözəl bilməsidir”.

İsmayıl Şıxlı Qazax Pedaqoji Texnikumunu bitirdikdən sonra Bakıya–Azərbaycan Dövlət Pedaqoji Universitetində oxumağa gəlmişdir. Onu elə birinci mühazirəsində əfsunlayan müəllimlərindən biri Əli Sultanlı olmuşdur. Əli Sultanlı İsmayıl Şıxlıda Qərbi Avropa ədəbiyyatına maraq, həvəs oyadan müəllim olmuşdur. İsmayıl Şıxlı Əli Sultanlıdan ehtiraslı, cılğın mühazirə deməyi, sinədən mühazirə oxumağı öyrənmişdir. Elə buna görədir ki, İsmayıl Şıxlı Qərbi Avropa ədəbiyyatından dərs deyən, tələbələrin sevimlisinə çevrilən müəllim olmuşdur. Əli Sultanlı olmaq istəyi onu İsmayıl Şıxlı etmişdir. O, vaxtilə özü səbirsizliklə Əli Sultanlının növbəti mühazirələrini necə gözləmişdirsə, onun tələbələri də İsmayıl Şıxlının mühazirələrini həmin səbirsizliklə gözləmişlər. Onda Qərbi Avropa ədəbiyyatına Əli Sultanlı necə həvəs oyatmışdırsa, o da öz tələbələrində həmin həvəsi yaratmışdır. O, vaxtilə Əli Sultanlıdan həvəslənərək necə Qərbi Avropa ədəbiyyatına “hücuma” keçmişdirsə, “Hamlet”dən, “Otello”dan monoloqlar demişdisə, Homerin, Esxilin əsərlərini Əli müəllim kimi danışmağa çalışmışdırsa, Viktor Hüqonun “Səfillər” əsərini dönə - dönə oxumuşdursa, “mərhəmət fəlsəfəsini” başa düşdüyü kimi izah edib, mülahizə açmışdısa, onun tələbələri də elə həmin şəkildə İsmayıl Şıxlıdan həvəslənərək ona bənzəməyə çalışmışlar. Onun tələbələri İsmayıl Şıxlı olmaq istəmişlər. Bunun səbəbi İsmayıl Şıxlının öz tələbələrində Qərbi Avropa ədəbiyyatına yaratdığı həvəs və məhəbbətlə bağlı olmuşdur. İsmayıl Şıxlı vaxtilə Əli Sultanlı məktəbini, İsmayıl Şıxlının tələbələri isə İsmayıl Şıxlı məktəbini keçmişdir. İsmayıl Şıxlı öz müəllimi Əli Sultanlı barəsində yazırdı: “Kursumuzda yüz əlli tələbə var idi. Yüz əllisi də Əli Sultanlı olmaq istəyirdi. Bizim məktəb yoldaşlarımızdan sonralar tənqidçi kimi tanınan mərhum Abbas Kirəcli zarafatla deyərdi ki, biz ədəbiyyat fakültəsini yox, Əli Sultanlı fakültəsini qurtarırıq”.

İsmayıl Şıxlı Əli Sultanlıdan ehtirasla, çılğınlıqla dərs deməyi öyrənmişdi. Onda ehtirasla, çılğınlıqla dərs demək həvəsini yaratmış Əli Sultanlının bu xarakterik keyfiyyəti barəsində yazırdı: “Hətta bir dəfə ondan (Əli Sultanlıdan - B.X.) soruşdum ki, siz eyni mövzunu ikinci, üçüncü dəfə təkrar edəndə həvəsdən düşmürsünüzmü? O gülümsündü və mənə cavab verdi ki, sən mühazirə oxuyanda həmin mövzunu təkrar etdiyini unut. Çünki səni dinləyən tələbələr bilmirlər ki, sən iki saat bundan əvvəl həmin mühazirəni oxumusan. Onlar sənə ilk dəfə qulaq asırlar. Ona görə də eyni həvəslə dərs deməlisən”.

İsmayıl Şıxlı Azərbaycan Dövlət Pedaqoji Universitetində müəllim, baş müəllim, dosent olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasına rəhbərlik etmişdir. O, rəhbərlik etdiyi kafedraya səmimiyyət, ünsiyyət mədəniyyəti, hörmət və ehtiram, bir - birinin qədrini bilmək və s. keyfiyyətlər gətirmişdir. Kafedra iclaslarında baş verən diskussiyalar, polemikalar, fikir mübadilələri ziddiyyətə yox, qarşılıqlı anlaşmaya xidmət etmişdir. O, buna kafedra əməkdaşlarının tez-tez halal duz-çörək kəsməsiylə nail olmuşdur. Nəticədə evindən kafedraya gələn və kafedradan evinə gedən hər bir əməkdaş özü ilə səmimiyyət gətirmiş, səmimiyyət də aparmışdır.

İsmayıl Şıxlı öz tələbələrindən bir müəllim kimi qayğısını, xeyirxahlığını, səxavətli əməllərini əsirgəməmişdir. Onun dərs dediyi fəndən tələbələrinin böyük əksəriyyəti həmişə əla qiymətlər almışdır. Bunun səbəbi onunla bağlı olmuşdur ki, o, bir tərəfdən fənnini tələbələrə sevdirməyi bacarmış, ikinci bir tərəfdən tələbələr həmişə İsmayıl Şıxlıya olan hörmət və ehtiramlarını yaxşı oxumaqla doğrultmuşlar. İsmayıl Şıxlının tələbələri onun dərs dediyi fənni oxumamağı özlərinə böyük eyib hesab etmişlər.

İsmayıl Şıxlı müəllimlik fəaliyyətində rəsmiləşməmiş, ancaq həmkarlarının və tələbələrinin yaddaşında yaşayan, bütün zamanlarda örnək olacaq bir təqaüd də təsis etmişdir. Həmin təqaüd “İsmayıl Şıxlı” təqaüdü olmuşdur. Bu təqaüdü İsmayıl Şıxlı öz halal əmək haqqı ilə qayğıya ehtiyacı olan tələbələrinə vermişdir. Özü də elə bir üsulla vermişdir ki, onu alan tələbələr çox - çox sonralar başa düşmüşlər ki, heç bir yerdə rəsmiləşməyən “İsmayıl Şıxlı” təqaüdü almışlar.

İsmayıl Şıxlı xarici ölkələr ədəbiyyatına aid Azərbaycan dilində heç bir mənbənin olmadığı vaxt rus dilindən etdiyi tərcümələrlə mühazirələrini daha maraqlı qurmuş, tələbələrə yeni-yeni məlumatları vermək üçün əlindən gələni əsirgəməmişdir. O, xarici ölkələr ədəbiyyatından mühazirə oxuyan zaman Əli Sultanlının mühazirələrindən başqa, istinad olunacaq digər mənbə olmamışdır. Ona görə də bu boşluğu aradan qaldırmaq üçün o, 1970-ci ildə “XVIII əsr xarici ədəbiyyat tarixi” adlı dərs vəsaitini (M.Ə.Tahirli, M.B.Həyatzadə ilə birgə) çap etdirmişdir. Tələbələrin xarici ədəbiyyatla bağlı çətinlik çəkdikləri bir vaxtda bu kitab onların stolüstü kitabına çevrilmişdir.

İsmayıl Şıxlı tələbələrin xarici ölkələr ədəbiyyatına olan tələbatını ödəmək üçün 1974 - cü ildə “XX əsr xarici ədəbiyyat tarixi” adlı kitabını yazdı. Bu kitabda fransız, alman, ingilis, Amerika və Skandinaviya ölkələri ədəbiyyatı (Norveç, İsveç, Danimarka) özünə xüsusi yer aldı.

İsmayıl Şıxlı “XIX əsr xarici ədəbiyyat tarixi”ni rus dilindən tərcümə edərək 1964 - cü ildə çap etdirmişdir. Bu kitabda XIX əsrin romantizm və tənqidi realizm kimi iki əsas cərəyanı alman, ingilis, fransız, polyak, macar və digər ədəbiyyatların əsasında təhlil olunmuşdur. Bununla da İsmayıl Şıxlı XVIII, XIX və XX əsr xarici ölkələr ədəbiyyatı ilə bağlı olan boşluğu doldura bilmişdir.

İsmayıl Şıxlının yaradıcılığında tərcümə ədəbiyyatı da mühüm yer tutmuşdur. O, XIX əsr fransız ədəbiyyatının məşhur realist yazıçısı Gi de Mopassanın hekayələrini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və 1980 - ci ildə çap etdirmişdir. Mopassanın yaradıcılığına xas olan kəskin tənqid, öldürücü satira və şirin yumor İsmayıl Şıxlının tərcüməsində çox təbii və təravətli alınmışdır. Bundan başqa, Əziz Nesinin “Taxtalıköydən məktublar” sərlövhəli satirik hekayələri İsmayıl Şıxlı tərəfindən Azərbaycan dilinə tərcümə olunmuş və 1988 - ci ildə çapdan çıxmışdır. İsmayıl Şıxlı tərcümə məsələlərinə peşəkarcasına yanaşır və mütəxəssis kimi bu məsələyə xüsusi diqqət yetirirdi. O, on illər boyu ayrı - ayrı nəşriyyatların (məsələn, “Azərnəşr”, “Yazıçı”, “Gənclik”) tərcümə işlərini böyük xidmət kimi qiymətləndirmişdir. Azərbaycanda bu işin planlı şəkildə aparıldığını, tərcümənin dövlət işi kimi əhəmiyyətini öz müsahibələrində də qeyd etmişdir. İsmayıl Şıxlı tərcümə məsələsi ilə bağlı müsahibələrinin birində belə deyirdi: “Tərcümə məsələlərinə müxtəlif ölkələrdə müxtəlif münasibət var. Keçən il (1982 - ci il nəzərdə tutulur - B.X.) Almaniya Fedarativ Respublikasında olanda Bohem Universiteti tələbələri ilə görüşdə Bəxtiyar Vahabzadə ilə mən qəribə bir halla rastlaşdıq. Biz Höte və Şillerin Azərbaycan dilində çap olunmuş əsərlərini onlara təqdim etdik. Həm şadlandılar, həm də təəccübləndilər. Müsahibə zamanı aydın oldu ki, onlar tərcümə məsələsinə fərdi iş kimi baxırlar. Belə ki, kimə başqa dillərdə yazılmış elmi, yaxud bədii əsər lazım olsa, o adam çalışır ki, həmin dili öyrənsin və ona lazım olan, məhz lazım olan, qazanc gətirən kitabı oxusun. Bizim ölkədə isə tərcümə dövlət işidir, ümumxalq tələbidir”.

İsmayıl Şıxlının yaradıcılığında ədəbiyyatda müasirlik problemi, ədəbi tənqidimizin vəziyyəti, ədəbiyyat və bugünün tələbləri və s. məsələlər də mühüm yer tutmuşdur.

İsmayıl Şıxlı ədəbiyyatda mövzu məsələsinə də həssaslıqla yanaşırdı. Müasir mövzuda əsər yazmaqla tarixi mövzuda yazmaq arasında xeyli fərqlərin olduğunu qəti şəkildə Azərbaycan ədəbiyyatının materialları əsasında sübuta yetirirdi. Və bu məsələ barəsində yazırdı: “...Müasir məsələlərdən yazmaq tarixi mövzularda əsər yazmaqdan xeyli fərqlidir. Bu fərq birinci növbədə ondan ibarətdir ki, tarixi mövzulardan yazan yazıçı nisbətən tamamlanmış, artıq müəyyənləşmiş hadisələrdən bəhs edir, müasir mövzudan yazan yazıçı isə hələ davam etməkdə olan prosesləri qələmə alır. Bu prosesin düzgün bədii inikasını vermək yazıçıdan uzaqgörənlik və həssaslıq tələb edir. O, daha sonra davam edərək yazırdı: ”Müasir mövzuda nəsr əsərləri yazmaq geoloji axtarışlara bənzəyir. Burada büdrəmələr də ola bilər, qazılan quyu neft verməyə də bilər. Buna görə axtarışı dayandırmaq olmaz. Çünki müasirlik həmişə yeni axtarışlarla vəhdətdə olmuşdur.”

İsmayıl Şıxlı şairliyin, yazıçılığın hər adama müyəssər olmayan fitri istedad olduğunu cəsarətlə deyirdi. Müxtəlif vasitələrlə mətbuatda beş - on şeir çap etdirməyi, bir - iki kitabça buraxdırmağı, Yazıçılar Birliyinin üzvü olmağı hələ şairlik hesab etmirdi. “Tofiq Bayrama açıq məktub”unda məhz Tofiq Bayrama istinad edərək nümunə kimi gətirdiyi şeir parçasında bir çoxlarına şairliyin nə demək olduğunu anlatmağa çalışırdı:

 

Bir qoşma deməklə dağdan, arandan,

Şairlik olmayır, ad-san olmayır.

Dəmir əridəndən, qaya yarandan,

Şairin zəhməti asan olmayır.

 

İsmayıl Şıxlını həmişə ədəbi tənqidimizin vəziyyəti də düşündürmüşdür. O, ədəbi tənqidin vəziyyətindən danışarkən iki başlıca cəhətin üzərində dayanırdı. Bunlardan birincisi, tənqidin özündən gələn qüsurlar, ikincisi, bu qüsurların törəməsinə səbəb olan şərait. İsmayıl Şıxlı Azərbaycanda ədəbi tənqidin vəziyyətindən bəhs edərkən üç başlıca cəhətə diqqət yetirmişdir. Birinci qrup tənqidçilər yazıçının uğuruna sevinən, qüsurlarına qəzəblənən, həyatda baş verən ictimai - siyasi prosesləri izləyən, ədəbi prosesə qaynayıb - qarışan tənqidçilərdir. Bu cür tənqidçilər yüksək nəzəri hazırlıqları ilə seçilir, vətəndaşlıq ehtirasları güclü olur.

İsmayıl Şıxlıya görə, ikinci qrup tənqidçilər adi seyrçilərdir. Onlar soyuqqanlıqla, eyni qəliblərlə, standart və şablon ifadələrlə soyuq mühakimələr söyləyirlər. Bu cür tənqidçilərin müəllifə və ədəbi prosesə xeyri olmayır.

İsmayıl Şıxlının fikrincə, üçüncü qrup tənqidçiləri nə ədəbi proses, nə də bədii yaradıcılığın ümdə məsələləri maraqlandırmır. Onları yalnız yazıçının avtoriteti, nüfuzu maraqlandırır. Belə tənqidçilər avtoritetli, nüfuzlu yazıçıların ən zəif əsərlərini yalançı təriflərlə şedevr əsərlər kimi qiymətləndirirlər. Beləliklə, nəticədə saxta tənqid formalaşır. İsmayıl Şıxlının fikrincə, saxta etalonlar, toxunulmaz “müqəddəslər” bu cür meydana çıxır.

İsmayıl Şıxlı tənqidin vəziyyətini yaxşılaşdırmaq üçün öz obyektiv mövqeyini açıq şəkildə bildirirdi. O yazırdı: “Tənqidin vəziyyətini yaxşılaşdırmaq üçün obyektiv fikrə meydan lazımdır. Ədəbi prosesi izləyib yazıçının keçmiş xidmətlərindən asılı olmayaraq, bədii əsərlərə obyektiv qiymət vermək yolu, ”toxunulmazlar” və “bütlər” axtarmaq yox, ideya - siyasi cəhətdən aktual, yüksək bədii keyfiyyətli əsərlərin həqiqi dəyərini müəyyənləşdirmək yolu ilə biz vəziyyətimizi yaxşılaşdıra bilərik”.

İsmayıl Şıxlının məqalələri, rəyləri, çıxışları həmişə ədəbi ictimaiyyətin marağına səbəb olmuşdur. O, həmişə bu istiqamətdəki yaradıcılığında da xalqın ürəyindən keçənləri demişdir. Həm də məhz bu səbəbdən xalqın sevimlisinə çevrilmişdir. Bu qəbildən olan məqalələr sırasında “Gənc nasirlər haqqında”, “Janrın tələbləri”, “Aşıq yaradıcılığı haqqında”, “Sənət xalqla birgə nəfəs almalıdır”, “Səmimi yazıçı, həssas insan”, “Böyük sənətkarın tələbləri”, “Ürəklərə yol tapmalı”, “Müharibə və insan” xüsusi əhəmiyyət daşıyır. Bunların hər biri İsmayıl Şıxlının ədəbi-tənqidi görüşləri kimi bütün zamanlarda öz aktuallığını itirmir, böyük sənət əsərləri kimi tənqidçilərə bir istiqamət göstərir.

İsmayıl Şıxlı təriflərdən, yalançı şöhrətlərdən uzaq adam olmuşdur. Hətta müxtəlif illərdə olan yubileylərinin keçirilməsində kimlərinsə qapısını döyməmiş, xahişlər etməmişdir. Ancaq İsmayıl Şıxlının yubiley tədbirləri ona olan məhəbbətin göstəricisi olmuşdur. Hələ 1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda onun 60 illik yubileyinin təntənə ilə qeyd edilməsi yaddaşlarda qalan tədbirlərdən biri olmuşdur. Onun 70 illik yubileyini ədəbi ictimaiyyət daha geniş şəkildə Dram Teatrının binasında qeyd etdi. Həmin axşam çox çıxışlar oldu, çoxlu söz deyildi. Ancaq bu deyilən sözlərdən biri daha tutarlı oldu. Bu, ədəbiyyatşünas, tənqidçi, professor Qulu Xəlilovun fikri idi: “Bizim çoxumuz, ali məktəb müəllimləri, zamanın havasına uyduq, təmiz adımızı qoruya bilmədik. İsmayıl Şıxlı isə bu adı ürəyi kimi təmiz saxladı”.

Budur, artıq İsmayıl Şıxlısız onun 90 illik yubileyi. O, fiziki cəhətdən olmasa da, ruhən, mənən bizimlədir. Onun ruhu bizim aramızdadır. Onun ruhu köhlən at belində çapır... Azərbaycanın uğurları onu sevindirir, problemləri onu qayğılandırır. Onun ruhu at belində qürurlu, şux dayanıbdır, çapdığı at isə Azərbaycan naminə qan-tər içindədir.

 

 

Buludxan XƏLİLOV,

filologiya elmləri doktoru, professor

 

Xalq qəzeti.- 2009.- 20 may.- S. 7.