Müdrikliklə keçilmiş qalibiyyət
və tərəqqi yolu
Azərbaycanın
iyirminci əsr tarixi, heç şübhəsiz, böyük
tarixi və siyasi araşdırmalar meydanıdır. Bu
geniş və rəngarəng meydan indiyədək nə qədər
tədqiq olunsa da, hələ açılası səhifələr,
deyiləsi sözlər kifayət qədər çoxdur. Aradan
zaman keçdikcə bu səhifələrin
açılması, baş vermiş siyasi proseslərin, bu
proseslərdə rolu olmuş tarixi şəxsiyyətlərin
fəaliyyətinə doğru-düzgün qiymət verilməsi
ehtiyacı daha da artacaq. Bu baxımdan xalqımızın
böyük oğlu, ümummilli liderimiz Heydər Əliyevin fəaliyyəti
xüsusi qeyd olunmalıdır.
Heydər Əliyevin nə
qədər böyük bir tarixi şəxsiyyət
olduğunu Azərbaycan xalqı hələ ulu öndərin
sağlığında görmüş və
lazımınca qiymətləndirmişdir. Ona birmənalı
olaraq dar ayaqda üz tutulmalı olan yeganə etibarlı arxa
kimi güvənilirdi. Ömrünün son illərinə
yaxın isə artıq bütün ölkə ictimaiyyəti
Heydər Əliyevi ümummilli lider kimi görür, Azərbaycanın
təkcə sosial-iqtisadi, ictimai-siyasi deyil, həm də mənəvi
inkişafını onsuz, onun dəqiq və müdrik
ideyaları olmadan təsəvvür edə bilmirdi. 2003-cü
il dekabrın 12-də Heydər Əliyev dünyasını dəyişəndən
sonra Azərbaycan xalqının ümummilli liderimizin siyasi
varisi olan İlham Əliyevə tərəddüd etmədən
etimad göstərməsinin başlıca səbəbi də
elə bu idi. Heydər Əliyevin özü haqq
dünyasına qovuşmuş olsa da, onun əməlləri
davam etdirilməli, ideyaları yaşamalı, Azərbaycanın
inkişafına və tərəqqisinə,
xalqımızın dünya xalqları arasında yerinin
möhkəmləndirilməsinə hesablanmış siyasəti
sona qədər aparılmalı idi. Tarix göstərdi ki,
Heydər Əliyev kimi müdrik və qətiyyətli bir
oğul yetirmiş, zamanın amansız sınaqları
qarşısında həmişə ona güvənmiş
xalqımız bu seçimində də yanılmayıb. Ölkəmizin
bu günkü siması, Azərbaycanda günü-gündən
genişlənən inkişaf bunu bir daha təsdiq edir. Azərbaycanda
ümummilli məhsul istehsalının hər il davamlı
olaraq artması, iqtisadi yüksəliş yolunun uğurla davam
etdirilməsi çoxlarını heyrətləndirir. Bütün
bunlar, təbii ki, son beş-altı ildə Prezident İlham Əliyevin
rəhbərliyi ilə həyata keçirilir. Amma bu, Azərbaycanın
inkişafının məhz Heydər Əliyev yolu, qısa
vaxt kəsimində yüksəlişin Heydər Əliyev
modelidir, bütün uğurların başında Heydər Əliyevin
ölməz, bütün hallarda yalnız və yalnız
böyük uğurlara, Azərbaycan xalqının xoşbəxt
gələcəyi və rifahına hesablanmış
ideyaları dayanır?!..
İndi müasir,
çiçəklənən Azərbaycanın
çoxsaylı beynəlxalq maliyyə və iqtisadi
qurumlarını qane edən bugünkü inkişaf səviyyəsi
kontekstindən baxdıqda son 40-50 illik dövrdə ölkənin
keçdiyi böyük, mənalı və məzmunlu yolda nə
qədər gərgin zəhmət çəkildiyini görməmək
mümkün deyil. Bu işlərin başında Azərbaycan
xalqının böyük oğlu, özünün geniş
və çoxşaxəli fəaliyyəti ilə ümummilli
lider zirvəsinə yüksəlmiş Heydər Əliyev
dururdu.
Heydər Əliyevin
1969-cu ilin iyul ayında Azərbaycanın rəhbəri vəzifəsinə
gəlməsi ilə ölkədə hədsiz-hüdudsuz dəyişikliklər
dövrü başlamışdı. Onun hakimiyyətə gəlişinə
qədər Azərbaycanın hər yerində siyasi passivlik,
zəif nizam-intizam, iqtisadi və sosial gerilik hökm
sürürdü. İqtisadiyyat əsasən neft istehsalı
üzərində qurulur, başqa sənaye sahələrinin
inkişafına o qədər də əhəmiyyət
verilmir, sosial sahəyə, mədəniyyətə, incəsənətə
lazımınca diqqət yetirilmirdi. Heydər Əliyevin gəlişi
ilə ölkədə ilk növbədə qanunçuluq və
əmək intizamının möhkəmləndirilməsinə
başlanıldı, korrupsiyaya qarşı müharibə elan
olundu. Yaranmış sosial-iqtisadi passivliyi aradan qaldırmaq,
iqtisadiyyatın bütün sahələrində canlanma və
inkişaf yaratmaq, əhalinin sosial vəziyyətini
yaxşılaşdırmaq üçün təsirli tədbirlər
görülməsi günün vacib tələbinə
çevrildi. Bu fikirlərə keçmiş SSRİ
dövründə Heydər Əliyevlə
çiyin-çiyinə işləmiş insanların xatirələrində
tez-tez rast gəlmək mümkündür. Və bu xatirələrdə
o dövrdə hər şeyin heç də rəvan getmədiyi,
hər bir xırda addımın atılması
üçün böyük qabiliyyət və bacarıq tələb
olunduğu göstərilir.
Azərbaycan KP MK-nın
gənc və enerjili birinci katibi Heydər Əliyev belə
çətin bir dövrdə qarşısına qoyduğu
böyük perspektiv planların
reallaşdırılmasına, ən əvvəl ciddi kadr
siyasəti aparmaqla başlamışdı. Ayrı-ayrı sahələrdə
çalışan savadlı, bacarıqlı, lakin diqqətdən
kənarda qalmış kadrların seçilib vacib dövlət
vəzifələrinə irəli çəkilməsi tələb
olunurdu. Doğrudur, belə kadrlar Azərbaycanda az deyildi. Amma
onları həyatın və istehsalatın müxtəlif sahələrindən
tapıb üzə çıxarmaq, ölkəyə və
xalqa xeyir verə biləcəkləri sahələrdə yerləşdirmək
və bu zaman səhvə yol verməmək lazım idi. Əks
halda qarşıdakı böyük vəzifələrin
icrasını təmin etmək olmazdı?! Heydər Əliyev
müdrikliyi ilk növbədə bu siyasətin düzgün həyata
keçirilməsində özünü tamamilə
doğrultmuş, dövləti idarə işinə –
ayrı-ayrı nazirlik və idarələrə yeni,
işgüzar kadrlar cəlb edilmişdi. Bununla da elmi-texniki tərəqqinin
son nailiyyətlərinin tətbiqi hesabına respublika
iqtisadiyyatının inkişafına yeni dinamizm verildi. Çox
keçmədən ölkədə istehsalın səmərəliliyi
artırıldı, əhalinin məşğulluğu sahəsində
ciddi uğurlar qazanıldı, insanların maddi rifahı
yüksəldi. Hələ keçən əsrin 70-ci illərində
ölkədə milli gəlirin orta ittifaq səviyyəsindən
geri qalması kimi mənfi tendensiya aradan qaldırıldı. Respublikanın
potensialı 200-ə qədər yeni və iri müəssisənin
tikilməsi hesabına zənginləşdirildi, fəaliyyətdə
olan müəssisələrin genişləndirilməsi və
yenidənqurulması istiqamətində misilsiz işlər
görüldü. Ümumiyyətlə, ölkədə Azərbaycan
Respublikasının əvvəllər mövcud olduğu qədər
istehsal potensialı yaradıldı. Böyük tikinti və
quruculuq meydanına çevrilmiş Bakı şəhərində
yeni mikrorayonlar, Əhmədli, Günəşli, Yeni Günəşli,
Bakıxanov və s. kimi yaşayış massivləri
salındı, səhiyyə, təhsil ocaqlarının,
sosial-mədəni obyektlərin tikintisi geniş vüsət
aldı.
O illərdə Heydər
Əliyevi tez-tez bu və ya digər sənaye müəssisəsinin,
fabrik və zavodun, məktəb və mədəniyyət
ocağının açılışında,
rayonlardakı ayrı-ayrı kolxoz və sovxozlarda, pambıq
tarlalarında, üzüm bağlarında, taxıl zəmilərində
görmək olardı. Özünün ilhamlı və
coşğun təbiəti ilə ulu öndər bütün
Azərbaycana bir qaynarlıq gətirmişdi. Həyat hər
yerdə sanki bulaq kimi qaynayırdı. Bütün ölkə
tikir, qurur, yaradır, əmək adamları öz zəhmətlərinin
bəhrəsi olaraq respublika və ittifaq miqyasında ən
müxtəlif mükafatlarla, orden və medallarla təltif
olunurdular. Halal zəhməti ilə böyük uğurlar əldə
etmiş Azərbaycan vətəndaşları minik avtomobili ilə
mükafatlandırılırdı. Bütün bunlar keçən
əsrin 20-30-cu illərindəki repressiya dövründən,
40-cı illərindəki Böyük Vətən müharibəsindən
sonrakı illərdə Azərbaycanın çox
böyük iqtisadi yüksəlişi idi. Və bu yüksəlişi
doğma Vətəni, doğma el-obası üçün
qazandıran fədakar dövlət xadimi Heydər Əliyev
idi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
1969-1982-ci illərdə iqtisadi və mədəni yüksəlişi
ilə xalqımız SSRİ-nin öncül xalqları
sırasına keçdi. Ölkənin və millətin
adı SSRİ xalqları arasında daha yaxşı
tanındı, mədəni və mənəvi sərvətlərimiz
böyük sovetlər ittifaqı və beynəlxalq aləmdə
təbliğ olunmağa başladı. Moskvada və digər
müttəfiq respublikalarda Azərbaycan günlərinin
keçirlməsi ənənə şəklini aldı, mədəniyyət
və incəsənət xadimlərimiz milli mədəni sərvətlərimizi
qardaş xalqlara layiqincə təqdim etdilər.
Məhz həmin illərdə
Heydər Əliyevin şəxsi təşəbbüsü ilə
SSRİ-nin böyük şəhərlərində, ilk
növbədə isə Moskva və Leninqradda (indi Sankt-Peterburq)
ali təhsil alan azərbaycanlı tələbələrin
sayı sürətlə artmağa başladı. Bu,
xalqımızın böyük və uzaqgörən
oğlunun uzun illər ərzində çox çətinliklə
də olsa həyata keçirdiyi ən uğurlu siyasi
addımlardan biri idi. O vaxta qədər ittifaq miqyaslı
dövlət və hökumət idarələrində azərbaycanlı
kadrlara, demək olar ki, rast gəlmək mümkün deyildi. Azərbaycan
xalqına qarşı düşmən mövqedə olan ermənilərin
nümayəndələri isə ittifaq miqyaslı idarələrin
hamısında təmsil olunurdular. 30-cu illərdə
çoxlu günahsız qurbanlar verməyimizin başlıca səbəbi
də elə bu idi. Ermənilər əllərinə fürsət
düşdükcə Azərbaycanın ən layiqli
oğullarını, ən görkəmli şəxslərini
Moskva rəhbərləri qarşısında gözdən
salır, “xalq düşməni” elan etdirərək
sürgünlərə göndərilmələrinə, məhv
edilmələrinə nail olurdular.
Təəssüflər
olsun ki, 80-ci llərin ortalarında SSRİ hökumətində
yüksək vəzifədə çalışarkən Heydər
Əliyevin özü də bu xəyanətkarlardan az ziyan
çəkmədi. Nəhayət, 1987-ci ildə Heydər Əliyevin
Sov. İKP MK Siyasi Bürosunun üzvlüyündən və
Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən
istefa verməsindən ruhlanan ermənilər bir il sonra
SSRİ rəhbərliyi qarşısında Dağlıq
Qarabağ məsələsini qaldırmağa imkan
tapdılar. Heydər Əliyev istər Azərbaycan KP
MK-nın birinci katibi olanda, istərsə də Moskvada
çalışdığı illərdə nankor ermənilərin
bu cür iddialarının qarşısını dəfələrlə
almış, bu iddiaların sərsəm xəyallardan
başqa bir şey olmadığını SSRİ rəhbərlərinə
başa sala bilmişdi. Ermənilər bu fürsəti
yalnız Heydər Əliyevin SSRİ rəhbərliyindən
uzaqlaşdırılmasından sonra əldə edə bildilər.
Xalqımızın
böyük oğlunun ürəyi doğma Vətəninə
və xalqına qarşı daim məhəbbətlə dolu
olub. Bunu onun bütün ictimai-siyasi fəaliyyəti sübut
edir. Ancaq ermənilərin tarixi Azərbaycan torpağı olan
Dağlıq Qarabağa qarşı ərazi
iddialarının ortaya çıxdığı 80-ci illərin
sonu–90-cı illərin əvvəllərində ulu öndərin
sadə bir vətəndaş kimi çəkinmədən sinəsini
qabağa verməsi onun yurd-yuva, Vətən sevgisinin nə qədər
dərin köklərə malik olmasından xəbər
verirdi. Heydər Əliyev hələ Moskvada yaşayarkən və
xüsusi xidmət orqanlarının nəzarəti altında
olarkən o vaxtkı SSRİ rəhbərlərinin, xüsusən,
M.Qorbaçovun Azərbaycana qarşı apardığı
ayrıseçkilik siyasətinə dözə bilməyərək
öz məğrur və haqq səsini ucaltmaqdan
qalmırdı. Bu səs ermənilərin fitvası və
Qorbaçovun birbaşa əmri əsasında Bakıda
törədilmiş 20 Yanvar qırğını zamanı
daha gur səsləndi. Bu, Heydər Əliyevin ölkəsinə
və xalqına qarşı yol verilən haqsızlığa
və amansızlığa qarşı inqilabi etiraz səsi
idi.
Heydər Əliyevin həmişə
olduğu kimi, bu dəfə də öz cəsarətini
göstərməsi, təbii ki, Azərbaycan xalqı tərəfindən
böyük razılıq və minnətdarlıq hissi ilə
qarşılandı. Doğrudur, sonrakı illərdə Azərbaycan
hakimiyyətinə müxtəlif səriştəsiz qüvvələr
gətirildi və torpaqlarımızı itirdik. Amma hələ
o illərdə də xalqın böyük əksəriyyəti,
xüsusən, ziyalı kütləsi əmin idi ki, erməni
təcavüzünün və Rusiya tərəfindən təzyiqlərin
tüğyan etdiyi dövrdə Azərbaycana məhz Heydər
Əliyev lazımdır. Bu fikri bir çoxları
açıq-aşkar söyləyir, hətta mətbuat səhifələrinə
çıxarırdılar. Rəhmətlik Xəlil Rza
Ulutürk 20 Yanvar faciəsi zamanı həbs olunub
saxlanıldığı Lefortovo zindanından azad edildikdən
sonra radio və televiziya ilə çıxışlarında
“Azərbaycana Heydər Əlirza Atatürk lazımdır” deyə
hayqırırdı.
Heydər Əliyev bu illərdə
anadan olub böyüdüyü Naxçıvan Muxtar
Respublikasının hərbi-siyasi cəhətdən möhkəmləndirilməsi
ilə məşğul oldu, Ermənistanın bu torpağa
qarşı iddialarının qarşısını mətanətlə
aldı və bir qarış Naxçıvan
torpağının erməni vandallarının əlinə
keçməsinə imkan vermədi. Ulu öndər
böyük sarsıntılar və çətinliklər
bahasına olsa da, Naxçıvanı göz bəbəyi
kimi qorudu. Azərbaycanın o zamankı rəhbərləri isə
özlərinin siyasi diletantlığı və səriştəsizliyi
ilə nəinki dövlətimizin sərhədlərinin
daralması ilə hesablaşmalı oldular, hətta ölkəni
vətəndaş müharibəsi həddinə gətirib
çıxardılar. Ölkə üçün bu qədər
ağır zamanda səbr kasası daşmış xalq
ayağa qalxaraq öz böyük və vətənpərvər
oğlunu istədi, hakimiyyətin sözsüz-söhbətsiz
Heydər Əliyevə verilməsini tələb etdi. Azərbaycanın
taleyi artıq tükdən asılı qalmışdı. Bir
tərəfdən erməni quldur dəstələri öz
himayədarlarının köməyi ilə ölkəmizi
rayon-rayon, kənd-kənd işğal edir, bir tərəfdən
də qiyama qalxmış daxili qüvvələr hərbi
gücünü işə salaraq Bakıya doğru irəliləyirdilər.
Bakıda isə bu daxili və xarici xaosun qarşısında
duracaq və ölkəni xilas edəcək bir qüvvə yox
idi. Bu qüvvə Naxçıvan Ali Məclisinin sədri
Heydər Əliyev idi, onun isə Bakıya gəlməsini o
zamankı hakimiyyət istəmirdi. Ancaq xalq öz iradəsini
ortaya qoyaraq böyük oğlunu yenidən Bakıya gətirdi
və ölkənin ağır taleyini onun bacarıqlı, qətiyyətli
əllərinə etibar etdi. Beləliklə, Azərbaycan
tarixin növbəti amansız sınağından
çıxa bildi. Ulu öndərin böyük siyasi və
dövlətçilik təcrübəsi sayəsində ölkədə
vətəndaş müharibəsinin qarşısı
alındı, cəbhədə atəşkəsə nail
olundu. Dağlıq Qarabağ münaqişəsinin həlli
üçün Ermənistanla danışıqlara
başlanıldı.
Böyük siyasi xadim
olan Heydər Əliyev müstəqillik qazanmış Azərbaycanın
bütün iyirminci əsr boyu aldığı yaraları da
unutmamışdı. Zaman imkan vermişkən onları da
üzə çıxarmaq, xalqa dəymiş zərbələri
yeni nəsillərə çatdırmaq lazım idi. Bu mənada
Heydər Əliyevin azərbaycanlıların
soyqırımı və Ermənistandakı tarixi-etnik
torpaqlarından deportasiyası ilə bağlı fərmanları
böyük əhəmiyyətə malikdir. Bu fərmanlar,
şübhəsiz ki, təkcə xalqımıza tarixi
keçmişində baş vermiş faciələri
xatırlatmaq deyil, həm də keçmiş SSRİ
dövründə azərbaycanlılara qarşı törədilmiş
amansızlıq və qəddarlıqları dünya ictimaiyyətinə
çatdırmaq, bununla da Qərb ölkələrində
geniş intişar tapmış uydurma erməni iddialarına
sarsıdıcı zərbə vurmaq məqsədi
daşıyırdı. Heydər Əliyevin 1948-1953-cü illərdə
azərbaycanlıların Ermənistandan kütləvi surətdə
deportasiyası ilə bağlı 18 dekabr 1997-ci il tarixli fərmanında
deyilirdi: “Son iki əsrdə Qafqazda azərbaycanlılara
qarşı məqsədyönlü şəkildə etnik təmizləmə
və soyqırımı siyasəti nəticəsində
xalqımız ağır məhrumiyyətlərə, milli
faciə və məşəqqətlərə məruz
qalmışdır. Mərhələ-mərhələ
gerçəkləşən belə qeyri-insani siyasət nəticəsində
azərbaycanlılar indi Ermənistan adlanan ərazidən – min
illər boyu yaşadıqları öz doğma tarixi etnik
torpaqlarından didərgin salınaraq kütləvi qətl və
qırğınlara məruz qalmış, xalqımıza məxsus
minlərlə tarixi mədəni abidə və yaşayış
məskəni dağıdılıb viran edilmişdir”. Eyni
zamanda, azərbaycanlıların köçürülməsi
ilə bağlı SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il
və 10 mart 1948-ci il tarixli qərarları
xatırladılır, minlərlə insanın bu proseslər
zamanı həlak olduğu göstərilirdi. Bu fikirlər
dünya ictimaiyyətini dəmir pərdələr
arxasında gizlədilmiş Rusiya çarizmi və SSRİ
hökuməti, eləcə də onların təbəələri
olan ermənilər tərəfindən Azərbaycan
xalqının başına gətirilmiş dəhşətli
faciələrlə bağlı xəbərdar edirdi.
Azərbaycanın dahi
oğlu ölkəyə rəhbərlik etdiyi təxminən
30 illik bir dövrdə xalqın mədəni-mənəvi təkamülündə
də müstəsna rol oynamışdır. O, daim Azərbaycan
xalqının min illər boyu formalaşdırdığı
milli təfəkkürün, mədəni-mənəvi sərvətlərin
keşiyində dayanmış, yüksək bəşəri
dəyərlər üzərində qurulmuş milli
musiqimizin, ədəbiyyatımızın əsl himayədarı
olmuşdur. Heydər Əliyev bütün həyatı boyu
yaradıcı insanlara qayğı ilə yanaşmış,
onları yeni-yeni dəyərli bədii əsərlər
yaratmağa ruhlandırmışdır. Məhz buna görədir
ki, Azərbaycanın yazıçı və şairləri
Heydər Əliyevə həmişə böyük ehtiramla
yanaşmış, öz əsərlərində dahi öndərin
ölməz obrazını təsvir etməyə
çalışmışlar.
İşıqlı
şəxsiyyət, müdrik insan Heydər Əliyevin Azərbaycan
Respublikası və xalqımız qarşısında xidmətləri
cild-cild kitablara sığan deyil. Mən sadəcə olaraq
onun ad günü – anadan olmasının 86-ci
ildönümü ilə əlaqədar öz ürək
sözlərimi qədirbilən xalqımızla
bölüşmək istədim.
Əfzəlağa BABAYEV,
Şirvan şəhər bələdiyyəsinin sədri
Xalq qəzeti.- 2009.- 21 may.- S. 4.