Üç beynəlxalq təşkilatın xətti ilə keçirilən mədəniyyət həftəsi

 

Son zamanlar Azərbaycan müxtəlif beynəlxalq tədbirlərin, xüsusən, mədəniyyət həftələrinin mərkəzinə çevrilir. May ayının 18-dən 24-dək Bakıda ikisi Türkiyədən, biri Azərbaycandan olmaqla üç beynəlxalq qurumun birgə təşkil etdiyi “Mədəniyyət həftəsi” də həmin silsilədəndir. Həftəni KIBATEK (Kıbrıs, Balkanlar, Avrasiya Ədəbiyyat Kurumu), TDAUEA (Türk Dünyası Araşdırmaları Uluslararası Elmlər Akademiyası) və “Vektor” Beynəlxalq Elm Mərkəzi birlikdə hazırlamışlar.

Həftə çərçivəsində keçirilən tədbirlərin ən böyüyü mayın 19-da reallaşdırılmışdır.

Azərbaycanlı filosof-yazıçı Hacı Fərhad Mirzənin bir ay əvvəl Ankarada çap edilmiş “Kəlamlar” (“Özdeyişlər”) kitabının təqdimat mərasimində 7 xarici ölkəni təmsil edən 20 nəfərdən çox elm, incəsənət və ədəbiyyat xadimləri iştirak etmişdir. Türkiyə, Almaniya, Belçika, Gürcüstan, Makedoniya, İran və Şimali Kipr Türk Cümhuriyyətindən gəlmiş qonaqlar Hacı Fərhadın Bakıda və Ankarada böyük tirajla, dəfələrlə çap edilmiş kitabı haqqında əhatəli söhbət açmış, təqdiredici fikirlər söyləmişlər.

Tədbirdə TDAUEA-nın Azərbaycan təmsilçisi, “Vektor” Beynəlxalq Elm Mərkəzinin prezirdenti, professor Elçin İsgəndərzadə, İordaniyanın Türkiyədəki fəxri konsulu Ömər Kaplan, KIBATEK-in qurucu başkanı (prezidenti) Fəyyaz Sağlam, Girişimçi (Təşəbbüskar) Ədəbiyyat və Sənət Cəmiyyətinin prezidenti Əminə Sevinc Öksüzoğlu və başqa əcnəbi qonaqlar çıxış edərək kitabın elmi və mənəvi dəyərlərindən söz açmışlar. Bir neçə beynəlxalq mükafata – TDAUEA-nın Qızıl medalına, BMT yanında İctimai Təltiflər Şurasının A.S.Puşkin adına Qızıl medalına, Avropa Təbiyyat Elmləri Akademiyasının Qottfrid Leybnis adına medalına və digər təltiflərə layiq görülmüş bu kitab öz müəllifinə daha bir təltif qazandırmışdır. Belə ki, mədəniyyət həftəsi çərçivəsində keçirilən təqdimat mərasimində KIBATEK-in prezidenti Fəyyaz Sağlam məlumat vermişdir ki, rəhbərlik etdiyi qurumun rəyasət heyəti Hacı Fərhad Mirzəni ildə bir nəfərə verilən “Türk kültürünə hizmət” mükafatına layiq görmüşdür. Avropa, Asiya və Amerika qitələrini əhatə edən bu mükafat Hacı Fərhad Mirzəyə təqdim edilmişdir. Bununla da tədbirin rəsmi hissəsi başa çatmışdır.

Sonra azərbaycanlı ziyalılardan xalq şairi Nəriman Həsənzadə, xalq artisti, professor Tofiq Bakıxanov, Bakı Musiqi Akademiyasının prorektoru, professor Gülnaz Abdullazadə, professorlar Əsədulla Qurbanov, Maqsud Hacıyev, Məhəmməd Hüseyn Herisçi, əməkdar artist Zakir Mirzəyev və digər tanınmış elm, sənət, ədəbiyyat və mətbuat təmsilçiləri çıxış edərək “Kəlamlar” kitabının möhtəşəm bir amala xidmət etdiyindən danışmışlar. Almaniyadan gəlmiş qonaq Ayxan Canın ifa etdiyi kaman və mədəniyyət həftəsində Belçikanı təmsil edən Fakı Edeərin sazı məclis iştirakçılarının ruhunu oxşamışdır. Azərbaycan muğamları isə Avropadan gəlmiş qonaqları heyran etmişdir. Sonda Hacı Fərhad Mirzə tədbirin təşkilatçılarına və iştirak edənlərə öz minnətdarlığını bildirmiş, qədirşünaslığa görə təşəkkür etmişdir.

 

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.- 2009.- 21 may.- S. 6.