Ərzaq təminatı
strategiyasında qida təhlükəsizliyi vacib
şərtdir
Tarixən zamandan və
məkandan, ictmai-siyasi quruluşundan və idarəetmə
sistemindən asılı olmayaraq hər bir dövlətin
qarşısında duran ən vacib vəzifələrdən
biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə
etibarlı təminatı olmuşdur. Bu məsələ
müasir dövr üçün də öz
aktuallığını itirməmiş, əksinə, daha da
ciddiləşmişdir. Yəqinliklə demək olar ki, istənilən
dövlətin qarşısında duran çoxsaylı vəzifələr
arasında ölkə əhalisinin təhlükəsiz ərzaq
məhsulları ilə etibarlı təminatı məsələsi
xüsusi yer tutur. Bunu çox yaxşı bilən
böyük dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyev
Azərbaycana rəhbərlik etdiyi bütün dövrlərdə
ölkənin ərzaq təhlükəsizliyi məsələsini
daim diqqət mərkəzində saxlamış və bu məsələnin
gələcək nəsillər üçün olduqca vacib və
aktual olduğunu nəzərə alaraq ərzaq təhlükəsizliyi
məsələsini özünün dövlətçilik
strategiyasının əsas elementləri sırasına daxil
etmişdir.
Ümummilli liderin layiqli
davamçısı, Azərbaycan Respublikasının
Prezidenti möhtərəm İlham Əliyev də ölkə
əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatı
məsələsini özünün iqtisadi
strategiyasının əsas komponenti kimi daim diqqət mərkəzində
saxlayır və bu istiqamətdə xüsusi dövlət tədbirləri
həyata keçirir. Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı üzrə həyata
keçirilmiş birinci Dövlət Proqramı bu sahədə
böyük uğurların qazanılmasına şərait
yaratmış, ölkə Prezidentinin 14 aprel 2009- cu il tarixli Fərmanı
ilə təsdiq olunmuş “Azərbaycan Respublikası
regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın isə
icrasına başlanmışdır. Əminliklə demək
olar ki, ikinci Dövlət Proqramının icrası da ərzaq
təminatı sahəsində ciddi nailiyyətlərə səbəb
olacaqdır. Bundan əlavə, möhtərəm Prezidentin 25
avqust 2008-ci il tarixli Sərəncamı ilə təsdiqlənmiş
”2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin
ərzaq məhsulları ilə etibarlı təminatına
dair Dövlət Proqramı” da uğurla icra olunur və
ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsində
müstəsna əhəmiyyətə malikdir.
Azərbaycan
qloballaşan dünyanın bir hissəsidir. Müasir dövrdə
tədric olunmuş halda və ya fərdi qaydada ölkənin ərzaq
təhlükəsizliyini təmin etmək
qeyri-mümkündür. Azərbaycan açıq və sərbəst
iqtisadi sistemə, qloballaşan istehsal münasibətlərinə
malik bir dövlətdir. Dünyada baş verən iqtisadi
proseslər təbii ki, Azərbaycandan yan ötmür və
öz təsirini göstərməkdədir. Ümumdünya ərzaq
bazarının konyukturasında baş verən proseslər
milli istehsalların strukturunun və bazar konyukturasının
formalaşmasında mühüm rol oynayır.
Son dövrlərdə
yer kürəsində baş verən ekoloji və klimotoloji dəyişikliklər,
kənd təsərrüfatı istehsalına yararlı torpaq
və su resurslarının erroziya proseslərinin sürətlənməsi,
habelə dünya əhalisinin artım tempi ərzaq məhsullarına
qlobal tələbatın yetərincə ödənilməsində
ciddi çağırışlara səbəb olmuşdur. Ərzaq
məhsullarına tələbatın artım tempi ilə
mövcud istehsal resursları arasında yaranan kəskin
disparitetlik artan dünya əhalisinin ərzaq təminatında
bir sıra problemlər vəd edir. Son məlumatlara əsasən
hazırda dünya əhalisi 6,7 milyard nəfəri
ötmüş və 2050-ci ildə onların sayı 9,2
milyard nəfərə çatacaqdır. Təbii ki, əhalinin
artım tempi özlüyündə ərzağa tələbatın
artım tempini müəyyən edir, digər tərəfdən
isə bu tələbat ilbəil keyfiyyətcə təkmilləşir,
dəyişir və yeniləşir. Belə bir şəraitdə
istehsalın artım dinamikasının tələbatın
artım dinamikası ilə harmonizasiyası, tələblə
təklifin sinxronlaşdırılması müasir
dünyanın ən aktual problemlərindən biri olaraq
qalır. Bu səbəbdən də ərzaq məhsulları
istehsalında məhsuldarlığın artırılması
məqsədilə mütəmadi olaraq elmi tədqiqatlar
aparılır, yeni texnika və texnologiyaların kənd təsərrüfatı
istehsalına tətbiqi, innovasiyaların istehsal sahələrinə
gətirilməsi problemin həllində əsas vasitə və
alət kimi istifadə olunmaqdadır.
Bunlar arasında gen
mühəndisliyi və genetik cəhətdən modifikasiya
olunmuş mikroorqanizmlərdən, müxtəlif kimyəvi
preparatlardan, qida əlavələrindən, əvəzedicilərdən
və s. istifadə hazırda geniş
yayılmışdır. Təbii ki, bu vasitələr və
elmi-texniki nailiyyətlər istehsal həcminin
artırılmasında mühüm rol oynamaqla yanaşı, bəzən
düzgün istifadə edilmədikdə qida sağlamlığı
üçün müəyyən təhlükələr
yaradır. Bundan əlavə, tələbatın artım tempi
istehlak bazarında keyfiyyətsiz, insan sağlamlığı
üçün təhlükə yarada biləcək ərzaq
məhsullarının yer almasına da şərait
yaradır. Keyfiyyətin və qida təhlükəsizliyinin
idarəedilməsi sistemlərinin mövcud
çağırışlara qeyri-adekvatlığı, qida təhlükəsizliyi
sahəsində əhalidə bilik və informasiyaların yetərincə
olmaması aqrar siyasətin bu komponentinə diqqətin
artırılmasını zəruri edir. Bu məsələ, əsasən,
inkişaf etməkdə olan və iqtisadi-siyasi sistemi
transformasiyaya uğrayan ölkələrdə daha
qabarıqdır.
Azərbaycan Avropa
İttifaqına və inkişaf etmiş dünyaya inteqrasiya
yolunu seçmişdir. Qeyd etmək lazımdır ki, bu yolda
xeyli uğurlar əldə edilmiş və hazırda işlər
davam etdirilməkdədir. Respublikanın qanunvericilik və
hüquqi-normativ bazasının Avropa İttifaqının
qanunvericiyliyinə uyğunlaşdırılması,
respublikanın Ümumdünya Ticarət Təşkilatına
üzv olması ilə əlaqədar sanitar və fitosanitar tədbirlərin
modernləşdirilməsi və s. üçün xeyli
işlər görülmüşdür. Azərbaycanda ərzaq
keyfiyyəti və qida təhlükəsizliyinin idarəedilməsi
sistemlərinin müasirləşdirilməsi də olduqca
aktualdır və həmin tədbirlər
sırasındadır. Əhalinin sağlam və təhlükəsiz
qida məhsulları ilə təmin edilməsi, Azərbaycanın
istehlak bazarına zərərli və keyfiyyətsiz ərzaq məhsullarının
daxil olmasının qarşısının alınması məqsədilə
təhlükəsizliyin idarəedilməsi sistemlərinin və
nəzarət mexanizmlərinin beynəlxalq standartlara
uyğunlaşdırılması əsas vəzifələrdən
biridir. Lakin qida təhlükəsizliyinin idarəedilməsi
sistemlərinin modernləşdirilməsi xeyli vaxt və vəsait,
bilik və informasiya, səriştə və bacarıq tələb
etdiyi üçün qabaqcıl təcrübənin öyrənilməsi,
Azərbaycan şəraitində səmərəli işləyə
biləcək mexanizmlərin tətbiq edilməsi
üçün seçim edilməsi və uyğun
olanların təbliği üçün əsaslar
yaradılması olduqca vacibdir.
Qida təhlükəsizliyi
sahəsində müasir idarəetmə sistemləri
haqqında danışmazdan öncə qida təhlükəsizliyi
ilə bir çox hallarda qarışdırılan və ya səhv
salınan bir neçə digər amillərə
aydınlıq gətirmək məqsədəmüvafiqdir. Bunlar
ərzaq təhlükəsizliyi və ərzaq keyfiyyəti
kriteriyalarıdır. Bir çox hallarda ərzaq təhlükəsizliyi
və ərzaq keyfiyyəti anlayışları qida təhlükəsizliyi
ilə səhv salınır və ya onları eyniləşdirirlər.
Yəni, bu terminlərin eyni məna
daşıdığını yəqin edir və sinonim
sözlər kimi istifadə etməyə
çalışırlar. Lakin bunlar tamamilə müxtəlif
və fərqli terminlər olmaqla müxtəlif mahiyyət
daşıyıcılarıdır.
Ərzaq təhlükəsizliyi
dedikdə istehlakçı üçün ərzağın
əlyetərliyi – istehlak bazarında ərzağın fiziki
mövcudluğu və istehlakçının öz tələbatını
ödəməsi üçün həmin ərzağı
almaq, əldə etmək imkanı başa
düşülür. Yəni, ərzaq təhlükəsizliyi
ərzağın istehlak bazarındakı miqdarı və
istehlakçının alıcılıq qabiliyyətinin vəhdəti
ilə səciyyələnir.
Ərzaq keyfiyyəti ərzağın
istehlakçı üçün dəyərliliyi ilə
xarakterizə olunur. Ərzaq keyfiyyəti ərzaq
xammalının növü, istehsal texnologiyası, dad, rəng,
struktur quruluşu və s. kimi müsbət, habelə xarab
olma, torpaqla çirklənmə, rəngin, iyin, dadın dəyişməsi
və s. kimi mənfi atributları özündə əks
etdirir. Qida təhlükəsizliyi dedikdə hər hansı
bir qida məhsulunun insan sağlamlığı
üçün zərərli olan bioloji, kimyəvi və
fiziki təhlükəli faktorlardan azad olması nəzərdə
tutulur. Qida təhlükəsizliyi hər hansı bir
qidanın insan, heyvan və ətraf mühüt
sağlamlığı üçün təhlükə mənbəyi
olmaq ehtimalından azad olmasıdır. Qida təhlükəsizliyi
– sağlamlıq üçün fəsadlar yarada biləcək
təhlükəli faktorların qidanın tərkibində
qalmaq, sonradan yaranmaq və ya sonradan qidanın tərkibinə
daxil olmaq ehtimalının istisnası deməkdir.
Təhlükəli qida
məhsulunun təhlükəlilik səviyyəsi onun tərkibində
qalan təhlükəli faktorlarla ölçülür. Yuxarıda
qeyd olunduğu kimi, təhlükəli faktor üç qrupa –
bioloji, kimyəvi və fiziki qruplara bölünür. Bioloji təhlükəli
faktorlar qrupuna yoluxucu bakteriyalar, toksin ifraz edən orqanizmlər,
parazitlər, viruslar və s. mikroorqanizmlər; kimyəvi təhlükəli
faktorlar qrupuna təbii şəkildə yaranan toksinlər,
qida əlavələri, pestisid qalıqları, baytarlıq
preparatlarının qalıqları, ətraf mühit
çirkləndiriciləri, kimyəvi çirkləndiricilər,
allergenlər və s; fiziki təhlükəli faktorlar qrupuna
metal qırıntıları, şüşə
qırıntıları, işçilərə məxsus və
istehsal prosesləri zamanı ərzaq məhsullarına
düşmək ehtimalı olan zinət əşyaları,
daş qırıntıları, sümük
qırıntıları və s. daxildir.
Hər hansı bir qida məhsulunda
təhlükəli faktorların yer alması ehtimalı məhsulun
istehlakçıya çatanadək keçdiyi istənilən
mərhələdə yarana bilər. Məhsul
xammalının istehsalı və saxlanması, xammalın
daşınması, emalı və
qablaşdırılması, hazır məhsulun saxlanması və
daşınması, ticarət və ictimai iaşə obyektlərində
məhsulun saxlanması mərhələlərinin istənilən
birində onun təhlükəli faktorlarla təmasda olmaq və
ya yoluxmaq, bu faktorların məhsulun tərkibinə
düşmək ehtimalı istisna deyildir. Ona görə də
qida təhlükəsizliyinin etibarlı təmin edilməsi
üçün elə idarəetmə sistemi seçilməlidir
ki, bu, məhsulun keçdiyi bütün mərhələləri
əhatə etmiş olsun. Yəni, qida təhlükəsizliyinin
idarəetmə mexanizmi ərzaq məhsulunun istehsalından
başlamış istehlakçıya çatdırılana qədər
keçdiyi bütün mərhələləri əhatə
etməli və vahid sistem halında fəaliyyət göstərməlidir.
Göstərilən mərhələlərdən hər
hansı birində müvafiq monitorinq sistemi yetərincə həyata
keçirilməzsə, ümumi sistemin səmərəliliyini
təmin etmək mümkün olmayacaqdır. Təcrübə
göstərir ki, təhlükəli qida məhsullarına
qarşı mübarizə tədbirlərinin ancaq istehlak
bazarlarında həyata keçirilməsi, yəni artıq
istehlak bazarına daxil olmuş hazır məhsulun təhlükəsizliyinin
təmin edilməsi üçün həyata keçirilən
tədbirlər bir o qədər də səmərəli
olmamış və qida təhlükəsizliyinin idarəedilməsi
mexanizmi kimi özünü doğrultmamışdır. Qida təhlükəsizliyinin
etibarlı təminatı kompleks yanaşma tələb edir və
istehlak bazarında hazır məhsula nəzarət etməkdənsə,
qida məhsulları istehsalı zəncirinin bütün mərhələlərində
məhsulun zərərsizliyini şərtləndirən qida təhlükəsizliyinin
idarəedilməsi mexanizmlərinin yaradılmasını və
tətbiqini zəruri edir.
Hazırda dünyada qida
təhlükəsizliyinin idarəedilməsi üçün ən
çox istifadə olunan sistem HACCP (Hazard Analysis and Critical
Control Point – Təhlükəli Faktorların Analizi və
Kritik Nəzarət Nöqtələri) sistemidir və bu, qida
təhlükəsizliyinin idarəedilməsi üçün
mühüm əhəmiyyət kəsb edən, təhlükəli
faktorların identifikasiyası, qiymətləndirilməsi və
onlara nəzarət mexanizmidir. Təhlükəli faktor – insan
sağlamlığı üçün təhlükə mənbəyi
olub ərzaq məhsullarında yer alan bioloji, kimyəvi və
fiziki agent və ya ərzaq məhsulunun vəziyyətidir. Kritik
Nəzarət Nöqtəsi isə təhlükəli faktorun
qarşısını almaq, aradan götürmək və ya
onu məqbul həddə salmaq üçün nəzarətin
zəruri olduğu istehsal zəncirinin mərhələsidir.
HACCP müasir dövrdə
qida təhlükəsizliyinin idarəedilməsi
üçün istifadə edilən ən səmərəli
sistem hesab edilir. Bir neçə beynəlxalq təşkilat bu
sistemi beynəlxalq statuslu standart kimi qəbul etmiş və
qida təhlükəsizliyinin idarəedilməsi üzrə
texniki-normativ qaydalar hazırlanmışdır. Beynəlxalq
Standartlaşdırma Təşkilatı (International Organization
for Standardization (ISO)) HACCP sistemini İSO 22000:2005 “Ərzaq məhsullarının
təhlükəsizliyinin idarəedilməsi sistemləri - ərzaq
məhsullarının istehsalı zəncirində iştirak
edən təşkilatlara qarşı tələblər”
adlı beynəlxalq statuslu standart kimi qəbul etmişdir. Bir
çox ölkələr bu standartı milliləşdirmiş
və özlərinin standartlar bazasına daxil etmişlər.
HACCP sistemini
standartlaşdırmış beynəlxalq təşkilatlardan
biri də Codex Alimentarius Komissiyasıdır. Yeri gəlmişkən,
bu komissiya haqqında bir qədər ətraflı
danışmaq yerinə düşərdi. Codex Alimentarius (və
yaxud Ərzaq Kodeksi) Komissiyası BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatı ilə
Ümumdünya Səhiyyə Təşkilatının birgə
təsis etdiyi komissiyadır. Bu komissiyanın əsası
1961-ci ildə qoyulmuş, onun əsas məqsədi ərzaq məhsullarına
dair beynəlxalq statuslu standartların və qida təhlükəsizliyinə
dair qaydaların hazırlanıb qəbul edilməsindən,
bununla da qlobal ticarət şəbəkəsində ərzaq
məhsulları ilə vicdanlı ticarətə şəraitin
yaradılmasından ibarətdir.
Codex Alimentarius
Komissiyası qida təhlükəsizliyi sahəsində
dünyanın ən mötəbər təşkilatıdır.
Bu komissiyanın standartları və qaydaları bütün
dünyada istifadə olunur, dünya ölkələrinin əksəriyyəti
bu komissiyanın üzvüdür. Codex Alimentarius Komissiyası
ərzaq məhsullarına aid standartların
hazırlanmasında və hormonizasiya olunmasında, onların
qlobal miqyasda tətbiq edilməsində üzv dövlətlərin
və beynəlxalq təşkilatların birgə əməkdaşlıq
etmələri üçün geniş imkanlar açır. Azərbaycanın
da bu komissiyaya üzv olması üçün müvafiq tədbirlər
görülür və yəqin ki, yaxın zamanlarda bu məsələ
öz müsbət həllini tapacaqdır. Codex Alimentarius
Komissiyasının işində yaxından iştirak etməklə
qida təhlükəsizliyinin idarəedilməsi üzrə
milli sistemlərin beynəlxalq standartlara
uyğunlaşdırılması üçün geniş
imkanlar əldə ediləcəkdir.
Qeyd etmək
lazımdır ki, HACCP kifayət qədər mürəkkəb
bir sistemdir. Qida təhlükəsizliyinin idarəedilməsi
mexanizmini sadələşdirmək məqsədilə Codex
Alimentarius Komissiyası onu məqbul səviyyəyə qədər
sadələşdirmiş və yeddi prinsipi əsas
götürmüşdür. Bu prinsiplər
aşağıdakılardan ibarətdir: təhlükəli
faktorların analizinin aparılması; kritik nəzarət
nöqtələrinin müəyyən edilməsi; kritik hədlərin
təyin edilməsi; kritik nəzarət nöqtələrinin monitorinq
sisteminin yaradılması; monitorinq zamanı kritik nəzarət
nöqtəsinin nəzarətdən
çıxdığı qeydə alındıqda istifadə
edilmək üçün korrektəedici fəaliyyətlərin
müəyyən edilməsi; HACCP sisteminin səmərəli
işlədiyini təsdiqləmək üçün
sınaq üsulunun müəyyən edilməsi; bu prinsiplərə
və onların tətbiqinə aid olan üsulun və
qeydiyyatın sənədləşdirilməsi
qaydasının müəyyən edilməsi.
Göründüyü
kimi, əhalinin ərzaq məhsulları ilə təminatı
strategiyasında qida təhlükəsizliyi olduqca mühüm
əhəmiyyət kəsb edir. Qida təhlükəsizliyi
insan və heyvan sağlamlığı, ətraf mühitin
mühafizəsi sahəsində önəmli rol oynayır. Qida
təhlükəsizliyi milli genefondun qorunmasında və
sağlam nəsl yetişdirilməsində təsiredici əsasları
özündə cəmləşdirən amildir. Ona görə
də hər bir dövlət, o cümlədən Azərbaycan
hökuməti öz aqrar siyasətində qida təhlükəsizliyini
daim diqqət mərkəzində saxlayır, əhalinin
sağlam ərzaq məhsulları ilə təmin edilməsi məsələsini
ən önəmli tədbirlər sırasına daxil edir. Bu
məsələdə beynəlxalq təcrübənin öyrənilməsi
və mövcud qanunvericilik aktlarında dəyişikliklərin
aparılması vacibdir. Ona görə də qida təhlüksizliyinin
idərəedilməsi sistemlərinin yeniləşdirilməsi
və onların bu sahədə mövcud olan beynəlxalq
standartların tələblərinə
uyğunlaşdırılması üçün hüquqi-normativ
bazanın modernləşdirilməsi istiqamətində fəaliyyət
davam etdirilməlidir.
Qida təhlükəsizliyinin
təmin edilmsində həyata keçirilən dövlət tədbirləri
ilə yanaşı, ərzaq məhsullarının
istehsalçıları, emalçılar, ərzaq məhsullarının
ticarəti ilə məşğul olan təsərrüfat
subyektlərinin üzərinə də böyük məsuliyyət
düşür. Yuxarıda haqqında
danışdığımız qida təhlükəsizliyinin
idarəedilməsi mexanizminə əsasən məhz ərzaq
istehsalı zəncirinin iştirakçıları qida təhlükəsiziliynə
görə cavabdehdirlər. İstehsalçılar və
ticarətçilər öz fəaliyyətlərində qida
məhsullarının təhlükəsizliyini əsas
tutmalı, istehlakçılara sağlam ərzaq məhsullarının
çatdırılmasını özlərinin ən müqəddəs
və şərəfli öhdəlikləri kimi qəbul etməlidirlər.
Əhalinin sağlamlığı dövlətçilik
prinsiplərinin əsas qayələrindən biridir və hər
bir kəsin iqtisadi maraqlarından qat-qat üstündür.
Köçəri İMANOV,
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı,
texnika elmləri namizədi
Azərbaycan.- 2009.- 21 may.- S. 7.