Leyli rolunu
min dəfədən çox oynayan Həqiqət xanım
Yaxşı ki, kino sənətimizin
gözəl nümunələrində Həqiqət xanım
Rzayevanın yaddaqalan rolları var. “İsmət”i, “Ögey
ana”nı xatırlayın. “Ögey ana”da İsmayılın nənəsini
oynayır. Həqiqət xanım. Ahıl yaşında necə
də qıvraqdır. Qızı öləndən sonra yeznəsi
ilə qalır. Yoxsa İsmayıla kim baxardı. “İsmət”də
də çox maraqlı rol oynayır.
Həqiqət xanım
Azərbaycan səhnəsində çıxış edən
ilk qadın müğənnilərdən biri olmuşdur. Onun
yaradıcılığının milli musiqi sənətimizin
inkişafında müstəsna yeri var.
Həqiqət Əli
qızı Rzayeva 1907-ci ildə Azərbaycanın dilbər
guşələrindən olan Lənkəranda dünyaya
göz açmışdır. 2007-ci ildə bu böyük sənətkarın
anadan olmasının 100 illiyi ilə bağlı Prezident sərəncamında
“Azərbaycan səhnəsində çıxış edən
ilk azərbaycanlı qadın müğənni, milli musiqinin
inkişafına töhfələr vermiş” bir sənətkar
kimi xarakterizə olunmuşdur.
İki il öncə Azərbaycanda
Həqiqət xanımın yubileyi dövlət səviyyəsində
qeyd olundu. Xatirə gecələri,
yaradıcılığına həsr olunmuş konfrans, Mədəniyyət
və Turizm Nazirliyinin təşkilatçılığı
ilə yubiley gecəsi keçirildi.
Mayın 20-si Həqiqət
xanımın doğum günüdür. Bu təqvimdə hər
il xalqımız öz böyük sənətkarını
xatırlayır, onun çəkildiyi filmlər televiziya vasitəsilə
göstərilir.
Həqiqət
xanımı xatırlayarkən milli musiqimizin keçdiyi
tarixi yola nəzər salmaq çox vacibdir. Bu musiqini
yaşadan insanlar — Cabbar Qaryağdıoğlu, Seyid
Şuşinski, Qurban Pirimov və başqaları ilk növbədə
yada düşür. Bəli, o insanlar ki, Həqiqət
xanım onlardan dərs almış,
muğamlarımızı, xalq mahnılarınızı
öyrənmişlər. Onun səsindəki məlahət ilk
görüşdən bu sənətçilərin diqqətini
çəkmiş və Həqiqət xanım az bir müddət
içərisində məşhurlaşmışdır. Əsil
adı Susən idi, Həqiqət adını isə sonradan
götürmüşdür. Familiyası isə Əliyeva
idi. Rejissor Hüseyn Rzayevlə ailə qurduqdan sonra onun
soyadını götürmüşdü.
İlk təhsilini Lənkərandakı
Qızlar məktəbində alan Həqiqət xanım,
müəllimə olmağı arzulayırdı, amma elə
uşaqlığından valideynləri onda gözəl səs
olduğunu hiss etmişdilər.
1923-cü ildə onun ilk arzusu reallaşdı. Belə
ki, həmin il Həqiqət
xanım Bakı Pedaqoji Texnikumuna daxil oldu. Onu məktəbin
dram dərnəyinə üzv
yazmışdılar. Mahnılar oxuyur, səhnə əsərlərində oynayırdı.
Bakıda elə həmin
vaxtlar “Damğa” adlı satirik teatrın açılması
onun da həyatını
dəyişdi və Həqiqət xanım həmin teatrda işləməyə başladı.
Beləliklə, o öz
sənət yolunu müəyyənləşdirdi və Azərbaycan
Dövlət Konservatoriyasına daxil oldu. 1928-1932-ci illərdə
Konservatoriyanın muğam şöbəsində təhsil
alan H. Rzayeva burada böyük sənətkarlarla
qarşılaşır.
Həqiqət xanım gələcəkdə
opera müğənnisi olacağını heç
ağlına da gətirməzdi. Amma Üzeyir bəylə
tanışlığı onun taleyində çox əhəmiyyətli
rol oynadı. Üstəlik bəstəkar Müslüm
Maqomayevdən “Şah İsmayıl” operasına dəvət
alması 20 yaşlı Həqiqət xanımın həyatında
yeni bir dövrün başlanğıcını qoydu. Ərəbzəngi
rolu çox məsuliyyətli idi. Həqiqət Rzayeva bu
obrazın üzərində çox işlədi və o vaxt
onun iştirakı ilə “Şah İsmayıl” operası
böyük müvəffəqiyyətlə nümayiş
etdirildi. Onun ifası gözəl alınmışdı,
haqqında qəzetlər yazmışdı. Bu hadisə mətbuatda
“inqilab” kimi qiymətləndirilirdi və Həqiqət
xanımın gələcəyinə böyük ümidlər
ifadə olunurdu. Beləliklə, nəhayət ki, Ərəbzənginin
ilk qadın ifaçısı “kəşf” olundu, Həqiqət
Rzayeva sonralar 500 dəfədən çox bu rolu oynadı.
Onun tamaşalarına böyük maraq var idi. Həmişə
Opera Teatrının səhnəsi tamaşaçı ilə
dolu olardı.
Elə Leylini də
böyük istedadla ifa etmişdi. Deyilənə görə,
bu rolu min dəfədən artıq səhnədə
canlandırmışdır. Amma əfsuslar olsun ki, həmin
tamaşalardan bir dənə də olsun lent yazısı
qalmamışdır. Ən əsası bu idi ki, onun məlahətli
səsi obrazı tamamlayırdı. Məhz ondan sonra Leylinin Azərbaycanda
yeni-yeni ifaçıları yetişdi.
Həqiqət xanım
milli opera sənətimizin əsl ulduzu idi. Onun opera səhnəsindəki
xidmətləri yüksək qiymətləndirilmiş, dəfələrlə
orden, medallarla təltif olunmuş, ən başlıcası isə
xalq artisti fəxri adına layiq görülmüşdü.
Həqiqət xanım həm
də pedaqoji fəaliyyətlə məşğul
olmuşdur. Uzun illər Asəf Zeynallı adına Bakı
Musiqi Məktəbində dərs demiş, Opera və Balet
Teatrında məşqçi-pedaqoq kimi fəaliyyət
göstərmişdir.
İkinci Dünya
müharibəsi illərində Azərbaycanın incəsənət
ustaları ilə dəfələrlə cəbhədə
döyüşçülər qarşısında
çıxış etmiş, öz şaqraq səsi ilə əsgərləri
qələbəyə ruhlandırmışdır.
Həqiqə Rzayeva
yaradıcı ömrünü bütövlükdə musiqi
sənətimizin, milli operamızın inkişafına həsr
etmişdir. Onun yaratdığı rollar opera sənətimizin
tarixində silinməz izlər qoymuşdur.
Həqiqət
xanımın yaradıcı irsi bu gün tədqiqatçı
alimlərimiz-sənətşünaslar tərəfindən tədqiq
edilib öyrənilir. Onun Azərbaycan mədəniyyət
tarixində öz yeri, öz mövqeyi vardır. Oğlu Azər
Rzayev də milli musiqi sənətimizin inkişafında
xüsusi xidmətləri olan sənətkarlardandır.
Bu böyük sənətkarın
xatirəsi xalqımızın yaddaşından heç vaxt
silinməyəcək, gələcək nəsillər onu
böyük hörmət və məhəbbətlə
xatırlayacaq.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 21 may.- S. 7.