Turizm

 

Yaşıl tacın naxışıdırTəbəssüm”...

 

Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadii inkişafı Dövlət Proqramında ölkəmizdə turizmin inkişafı, bu sahədə beynəlxalq əməkdaşlığın genişləşdirilməsi nəzərdə tutulmuşdur. Proqramda turizmi iqtisadiyyatın yüksək gəlirli sahəsinə çevirmək, sosial və ekoloji tələblərə cavab verəcək səmərəli və rəqabətqabiliyyətli müasir turizm kompleksləri yaratmaq və bu sahədə yeni iş yerlərinin açılmasını təmin etmək mühüm vəzifə kimi qarşıya qoyulmuşdur.

Böyük turizm potensialı olan respublikamızda bu sahədə uğurlar qazanmaqdan ötrü möhkəm bünövrə yaradılıb. Ötən ilin yekunlarına görə aparılan təhlillər göstərir ki, dünyada baş verən ciddi maliyyə böhranına baxmayaraq, Azərbaycana gələn xarici turistlərin sayı əvvəlki ilə nisbətən 39,4 faiz artaraq 1 milyon 400 mini aşıb. Bu gün ölkədə 230 turist şirkəti, 370 mehmanxana və bu tipli obyekt fəaliyyət göstərir. Bu göstəricilər ölkə rəhbərliyinin regionlara diqqətinin, yaradılan infrastrukturun, turizmin yüksəlişinə verilən xüsusi önəmin sayəsində mümkün olub. Təsadüfi deyil ki, Azərbaycan bu ilin əvvəlindən 10-dək beynəlxalq turizm sərgisində təmsil edilib, “CNN” və “EuroNyus” kimi dünyanın məşhur telekanallarında Azərbaycanın turizm imkanları haqqında reklam çarxlarının nümayiş etdirilməsi artıq ənənəyə çevrilib.

Lerik rayonunun əsl turizm məkanına çevrilməsinin vaxtı çatıbdır, – desək, mübaliğə etmiş olmarıq. Artıq bir neçə ildir ki, Lənkəran–Lerik yolu boyunca, əsrarəngiz meşə zolağında turizm-istirahət mərkəzləri tikilərək genişləndirilir. “Relax”, “Təbəssüm”, “Meşəbəyi”, “Altun”, “Xəyal”, “Ağgöl”, “Paradiz” və digər istirahət-əyləncə mərkəzlərində eyni vaxtda 600 turist dincələ bilir. Beş ildə turizm obyektlərinin sayı 2 dəfə artıb. Ötən mövsümdə Lerikdə 4700-ə qədər turist dincəlib. Bu rayonun qədim tarixi abidələri, can dərmanı sayılan “Zərinqala”, “Xansu”, “Zuvand”, “Monidiqo”, “Bülüdül” və digər adda mineral süfrə suları, zəngin bitki örtüyü, nadir ağacları, ziyarətgahları Leriki Azərbaycanın səma altında təbii muzeyi kimi tanıdır.

Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Lerikdə olub və turizm-istirahət mərkəzlərinə də baş çəkərək sahənin inkişafı üçün münbit şəraitin mövcudluğunu vurğulayıb, turizm obyektlərinin daha çox tikilməsini tövsiyə edib: “Lerik rayonunun çox gözəl təbiəti, əlverişli iqlimi burada turizmin genişləndirilməsi üçün hər cür imkanlar olduğunu göstərir. Turizmin inkişafı bölgənin perspektivləri baxımından prioritet sahədir. Lənkəran-Lerik avtomobil yolu boyunca yaradılmış kurort, istirahət zonaları və kompleksləri bunu bir daha təsdiq edir”.

Lerik adlı yaşıl tacın gözoxşayan bir naxışı da “Təbəssüm”dür. Buraya hər gələndə yadıma Efesli Heraklitin bir kəlamı düşür: “Müdriklik təbiətlə həmahəng dolanmaqdadır”.

Təbəssüm”də istər-istəməz təbiətlə bağrıbadaş olursan, üzünə təbəssüm qonur. Əslən bu bölgədən olan həmkarım İlqar Rüstəmovla buranı bir daha heyranlıqla gəzdik. O, Lənkəran çayının üstündəki körpüdən foto-kamerası ilə xeyli şəkil çəkdi və mənə göstərərək: – Əsl foto-bukletlikdir, – dedi.

Əslində, bu şəkillər öz əlvanlığı ilə rəsm əsərlərinə daha çox bənzəyir.

Bu mərkəz 2000-ci ildən kafe kimi, 2004-cü ildən isə turizm obyekti kimi fəaliyyət göstərir. Həmin il qəbul edilmiş regionların inkişafına dair Dövlət Proqramında ayrıca bəndlə “Lənkəran-Lerik yolunun 27-ci kilometrindəki ”Təbəssüm” – 50 nəfərlik turizm-əyləncə mərkəzinin inşasının dəstəklənməsi” xüsusi qeyd edilib. Ölkə rəhbərliyinin tapşırığı ilə obyektin genişləndirilməsinə kredit ayrılıb.

Mərkəzin rəhbəri Akif Əliyev ixtisasca aqrokimyaçı – torpaqşünasdır. Buranı yaradanda bir ağaca belə toxunulmasına yol verməyib. İndi, budur, on–on iki nəfərlik xidmət heyəti ilə həm təbiəti qoruyur, həm də onun gözəlliyindən türistlərin yetərincə zövq alması üçün əllərindən gələni edir. Elə “Təbəssüm”ün bir üstünlüyü də bundadır.

Təbiətə məhəbbət Akifə atası, şair Balaşirin Eloğludan keçib. Bakıdan gələn adlı-sanlı qonaqları ilə dağlara, meşələrə, bulaqların başına gəzməyə çıxmağı xoşlayan Balaşirin Eloğlu həmişə balaca Akifi də özü ilə aparar, doğma yurdun gözəlliklərinə ürəkdən bağlanmasını arzu edərdi. Zəhmət hədər getməyib. Akif böyüyəndən, ali təhsil alandan sonra bir çox rəhbər vəzifələrdə çalışsa da, nəhayət, təbiəti üstün tutub, onun qoynunda həmişəlik qərarlaşıb. Hazırda Lerik Rayon Sahibkarlar Assosiasiyasının sədri, şəhər bələdiyyəsi ağsaqqallar şurasının üzvüdür. Himayəsində olan ərazidə yaşıllıqların artırılması üçün səyini heç vaxt əsirgəmir.

Hələlik “Təbəssüm”də ideal kurort şəraiti olmasa da, mövsüm ərzində burada boş yer çətin tapılır. Ölkəmizin ən müxtəlif guşələrindən, eləcə də Türkiyədən, Almaniyadan, Rusiyadan, Çindən, Hindistandan, Qətərdən... “Təbəssüm”ə gələnlər buranı, bir qayda olaraq, təbəssümlə tərk ediblər. Məkanın uğurlu seçilməsi, 2 və 4 nəfərlik kotteclərin rahatlığı, ekoloji təmiz məhsullarla keyfiyyətli qidalanma qonaqların xoşuna gəlir. Sıx meşəlik – palıd, azat, nil, dəmirağac, dağlardan süzülüb gələn bulaq sularının yaratdığı şəlalə, çay vadisi və suların daimi şırıltısı unudulmaz təsir bağışlayır. “Azersell”in ötürücü stansiyasının qoyulması dağların arasında, sıx meşəlik ərazidə rabitənin qüsursuz olmasını təmin edir.

Akif Əliyevin dedikləri:

– Beş il əvvəl Prezident İlham Əliyevlə unudulmaz görüşümü ömrüm boyu unutmaram. Dövlətimizin başçısı tövsiyə etdi ki, turizmi genişləndirib beynəlxalq səviyyəyə çatdırmağa çalışaq. Bu, bizi ruhlandırdı, xeyli işlər gördük. Amma bununla kifayətlənmək olmaz, çünki tələbat get-gedə artır. Buradakı təbii şərait də imkan verir ki, gündəlik qonaq qəbulunu 200 nəfərədək artıraq. Yay istirahətinin qızğın vaxtında hamı üçün yerimiz çatışmır. Uzunmüddətli güzəştli kreditlər verilsə, bu cənnətməkan yeri daha da genişləndirə, istirahət üçün daha yaxşı şərait yarada bilərik. Uyğun biznes-planlarımız var, inşallah, hamısını reallaşdıracağıq. Ölkə rəhbərliyi səviyyəsində turizmin inkişafına qayğının ilbəil artması bizdə, sözün əsl mənasında, nikbinlik yaradır.

Hazırda “Təbəssüm” turizm-istirahət və əyləncə mərkəzində yay mövsümünə hazırlıq başa çatıb. Bir neçə gün də ötəcək və “Təbəssüm”də həyat qaynayacaq. Çünki adamlar buraya həvəslə gəlir və seçimlərində yanılmırlar. “Təbəssüm” qonaqlara təbəssüm bəxş edir.

 

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.- 2009.- 22 may.- S. 5.