BakıTbilisiCeyhan neft kəməri boyunca yaşıllıq

 

Bir vaxtlar “Yevlaxdan keçən yollar” adlı hekayə yazmışdım. Xalq arasında daimi deyimlərə çevrilmiş “Yevlağın tozanağı, cür-cücüsü, isitmə-qızdırması” ilə hopdurulmuş bu hekayədən sonra bir də o tərəflərə getmək fikrinə düşəcəyimə inanmazdım. Amma sən demə, nahaq.

Yevlax da dəyişərmiş. Bu dəyişiklik Yevlax dəmir yolu vağzalında qatardan düşəndən gözünü oxşayır. Təmirdən sonra tər-təmiz, işıqla dolu vağzal binası adamın üzünə gülür. Ətrafdakı gül kollarının ətri xoş rayihə yaradır. Vağzal binasına girəcəkdəki lövhədə 1918-ci ilin 24 aprelində Nuru paşanın xilaskar ordusunun burada qarşılandığını bildirən sözlər yazılmış və unudulmaz sərkərdənin barelyefi təsvir edilmişdir.

Eyvazlılar kəndinə getmək üçün mindiyimiz avtobusun getdiyi yol boyunca ətrafa boylanır, Yevlağın baş küçəsinin müasir şəhər urbanizasiyasının xudmani nümunəsinə çevrilməsinin şahidi olurduq.

Bakı–Tbilisi–Ceyhan neft kəmərinin keçdiyi kəndlərdəki yaşıllıq, əkin-biçin bu yerlərdə adamların sudan korluq çəkmədiklərinə dəlalət edirdi. 2003-cü ildən həyata keçirilməyə başlayan Bakı–Tbilisi–Ceyhan Cənubi Qafqaz qaz boru kəməri, Azəri–Çıraq–Günəşli və Şahdəniz layihələrinin maliyyələşdirdiyi icmaların inkişafı təşəbbüsləri bp-nin Azərbaycandakı obyektləri yaxınlığında yaşayan əhalinin davamlı sosial və iqtisadi inkişafına xeyli kömək etmişdir.

Bu layihələrin üç mərhələdə reallaşdırılması nəzərdə tutulur. Birinci mərhələ 2003–2006-cı illərdə həyata keçirilərək, bütövlükdə, tikinti işlərinə həsr edilmişdir. İkinci mərhələdəki layihələr, davamlı xarakter daşıdığından 2007-2008-ci illərdə başlanmasına baxmayaraq, bəzi işlərini davam etdirir. Təkcə 2008-ci ildə bp bu layihələrə 6,4 milyon ABŞ dolları məbləğində vəsait sərf etmişdir. 2009-cu ilin birinci rübündə isə artıq bir milyon ABŞ dolları həcmində iş görülmüşdür. 2009–2011-ci illəri əhatə edən üçüncü mərhələnin layihələrinin iştirakçıları olan qeyri-hökumət təşkilatlarının sənədlərinin seçilməsi prosesi artıq başa çatmaqdadır. İqtisadi imkanların artırılmasına, bilik və bacarıqların inkişafına yönəlmiş bu tədbirlər neft-qaz kəməri boyu ərazidə yaşayanların həyatında nəzərə çarpacaq dəyişikliklər yaratmışdır.

Goranboy rayonunun Eyvazlılar kəndinin sakinləri fəxrlə söyləyirlər ki, gəldiyiniz yolu bp-nin köməyi ilə çəkmişik. Bu minvalla kəmər boyu 250 km yol bərpa olunub. Kənddəki artezian quyuları, məktəb binası da neft-qaz kəmərinin əhaliyə töhfəsidir. 529 nəfər sakini olan Eyvazlılar kəndində yeni məktəb binasının inşası bu vaxtadək qonşu kəndə oxumağa gedən uşaqları yoldan-izdən yığıb. Qışın soyuğunda, yaz-payız palçığında Məşədi Qaralar kəndinin məktəbinə ayaq döyən Eyvazlı uşaqları artıq öz kəndlərində səliqə-sahmanlı, kompyuter mərkəzi olan məktəbdə təhsil alırlar. Məktəb Heydər Əliyev Fondunun bağışladığı əyani vasitələrlə təmin olunmuşdur. Bir hektara yaxın sahədə isə bağ salınmışdır. Burda əkilən ağacların damcı üsulu ilə sulanması üçün qurğu işə salınmışdır. bp-nin maliyyə dəstəyi ilə bu sistemi quraşdırıb işə salan Gəncə Aqrobiznes Assosiasiyasının direktoru Vüqar Mövhumov deyir ki, ərazidə qurunt suları çox üzdə olduğundan dədə-baba arxla suvarma torpağın şoranlaşmasına gətirib çıxarır. Damcı üsulu ilə suvarma isə dünyada yayılmış son texnologiya olub, özünü çoxdan doğrultmuşdur.

Bu üsulla həm suya, həm də işçi qüvvəsinə qənaət olunur. Torpağın humus qatı qorunur. Assosiasiya bp-nin dəstəyi ilə Çinli-Borsunlu, Məşədi Qaralar və Eyvazlılar kəndlərinin arasında yüksək keyfiyyətli və effektiv emal texnologiyalarından istifadə etməklə yem məhsullarının emalı üçün sex tikmişdir. Bu sexin nəzdində meyvəqurutma aqreratlarının istifadəyə verilməsi nəzərdə tutulur. Assosiasiyanın üzərində işlədiyi “Davamlı ətraf mühit və iqtisadi fəaliyyət layihəsi”nin tərkib hissələrindən biri də Eyvazlılarda evlərdə hamamların suyunu isitmək üçün günəş kollektorlarının quraşdırılmasıdır. Çinli–Borsunlu və Məşədi Qaralar kəndlərində isə suvarma kanalları bərpa edilmiş, tibb məntəqəsi tikilmişdir.

İnsan inkişaf proqramı ilə bp və onun tərəfdaşları kəmər boyu icmaların üzləşdiyi problemlərin aradan qaldırılmasına kömək edəcəklərinə əmindirlər. Bu icmaların rastlaşdığı çətinlikləri – kənd təsərrüfatında məhsuldarlığın aşağı düşməsi, su mənbələrinin azalması, kənd təsərrüfatı və bizneslə bağlı məlumatların əldə olunmasının qənaətbəxş olmaması məhsulların satılması üçün bazarların uzaqda yerləşməsi və gənclərin öz icmalarını daha çox tərk etməsi də diqqət mərkəzindədir.bp və tərəfdaşlarının səyi nəticəsində artıq kəmər boyu Azərbaycan ərazisində 45 tibb məntəqəsi tikilib bərpa edilib. 75 içməli su və suvarma təchizatı sistemi yaradılıb. İİÇ/QİÇS xəstəliyi haqqında məlumatlandırma proqramı həyata keçirilib. 87 təcili yardım həkiminə və 90 tibb bacısına təlimlər keçilib. Yaratdıqları 52 təhsil müəssisəsindən 14-də məktəblər kompyuterləşdirilb. Usta yanında peşə təhsili proqramları vasitəsilə gənclər müxtəlif peşələrə yiyələnirlər. 20-yə qədər nümunəvi kənd təsərrüfatı müəssisəsi yaradılıb.

 

 

Sara NƏZİROVA,

yazıçı-sənətşünas

 

Xalq qəzeti.- 2009.- 22 may.- S. 5.