Naxçıvan hər cəhətdən nümunəvi regiona çevrilir

 

İqtisadi inkişafın təməlində Vətənə məhəbbət və böyük zəhmət dayanır

 

Azərbaycan dövlət müstəqilliyini bərpa etdiyi vaxtdan keçən dövr ərzində respublikamızın siyasi, iqtisadi və sosial həyatında mühüm dəyişikliklər baş verib. Sovet sisteminin tənəzzülü ilə yaranmış xaotik vəziyyət artıq geridə qalıb, ölkədə sosal-siyasi sabitlik bərqərar olunub, dinamik iqtisadi inkişaf dövrü başlanıb. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilməsi nəticəsində qazanılan uğurların miqyası və əhatə dairəsi son illər xüsusilə genişlənib.

Ölkə başçısının imzaladığı müvafiq fərmanlarla müəyyən edilmiş sosial-iqtisadi inkişafın əsas istiqamətləri üzrə həyata keçirilən tədbirlər bu sahədə əldə edilən nailiyyətləri daha da möhkəmləndirib. Digər tərəfdən, ölkə iqtisadiyyatının inkişafının müxtəlif istiqamətlərinin vahid dövlət proqramları çərçivəsində tənzimlənməsi, iqtisadi inkişafın sürətləndirilməsi, sosial-iqtisadi inkişafda mərkəzlə yanaşı, regionların da rolunun yüksəldilməsi, iqtisadiyyatın ayrı-ayrı sahələrinin və regionların kompleks inkişafının təmin edilməsi nəticəsində əhalinin rifah halının və həyat standartlarının təkmilləşdirilməsi istiqamətində mühüm nailiyyətlər əldə edilib. Bu ümumi inkişaf fonunda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatı və sosial həyatı da özünəməxsusluğu ilə fərqlənir. İşğalçı Ermənistanın hərbi təcavüzü nəticəsində ölkənin əsas hissəsindən ayrı düşərək iqtisadi və nəqliyyat əlaqələri baxımından blokada şəraitində yaşamağa məhkum olunmuş muxtar respublika mövcud çətinliklərə baxmayaraq, Azərbaycanda həyata keçirilən genişmiqyaslı quruculuq prosesində fəal iştirak edir.

Məlum olduğu kimi, Azərbaycanın iqtisadi-coğrafi rayonlaşdırılmasında Naxçıvan Muxtar Respublikasının ərazisi bütövlükdə ölkədaxili iqtisadi rayonlardan biri kimi qeyd olunub. Lakin o, özünün çoxşaxəli strukturu ilə seçilir. Ümummilli liderimiz Heydər Əliyev Naxçıvana xüsusi diqqət və qayğı göstərirdi. Və indi tam cəsarətlə demək olar ki, əgər 1990–92-ci illərdə Heydər Əliyev Naxçıvanda olmasaydı, bu gün işğal olunmuş ərazilərimizin siyahısında muxtar respublika da olardı. Yeri gəlmişkən, ümummilli liderimiz mötəbər toplantıların birində demişdi: “Mən istəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım yerinə yetirilsin”.

O, prezidentliyi dövründə də mütəmadi olaraq Naxçıvana səfərlər edir, görülən işlərlə, orada müşahidə olunan böyük inkişafla yerində tanış olurdu. Ulu öndərin bu siyasəti Prezident İlham Əliyev tərəfindən də davam etdirilir. Bu gün Naxçıvandakı yüksək inkişaf, görülən abadlıq və quruculuq işləri məhz bu siyasətin nəticəsidir.

Bəli, bu gün Azərbaycan Respublikası ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi yolla, cənab İlham Əliyevin rəhbərliyi altında sürətlə inkişaf edir. Naxçıvanda isə bu irs muxtar respublikanın Ali Məclisinin sədri Vasif Talıbov tərəfindən qətiyyətlə davam etdirilir. Təsadüfi deyildir ki, Naxçıvanda həyata keçirilən möhtəşəm quruculuq işləri ölkə başçısı möhtərəm İlham Əliyevi də razı salır. Dövlət başçısı bu barədə demişdir: “Naxçıvanın uğurlu inkişafı məni xüsusilə sevindirir. Muxtar respublikanın abadlaşması, yeni-yeni binaların tikilməsi, iş yerlərinin açılması Naxçıvanı möhkəmləndirir. Naxçıvanın yaşaması üçün bütün infrastruktur layihələr həyata keçirilir. Mən çox şadam ki, Naxçıvanda və MR-in bütün rayonlarında uğurlu inkişaf gedir”.

Ölkə Prezidenti bu uğurların qazanılmasında muxtar respublika rəhbərliyinin fəaliyyətini xüsusi vurğulamışdır: “Mən Naxçıvanın rəhbəri Vasif Talıbovun fəaliyyətini xüsusi qeyd etmək istəyirəm. Onun fəaliyyəti nəticəsində burada bu işlər görülür və o da sizə arxalanır. Öz fəaliyyəti ilə ulu öndər Heydər Əliyevin tutduğu yolu Naxçıvanda davam etdirir. Bu, çox böyük nailiyyətdir”.

Nailiyyətlər isə həqiqətən də ürəkaçandır. Məlum olduğu kimi, artıq bir neçə ildir Azərbaycan ümumi daxili məhsulun (ÜDM) artım tempinə görə dünya ölkələri arasında ön sıralarda yer alır. Elə Naxçıvan Muxtar Respublikasında da ÜDM istehsalı ötən il 2007-ci illə müqayisədə 29 faiz artaraq 696 milyon manata çatıb. Naxçıvanda ilk dəfə olaraq adambaşına düşən ÜDM istehsalı 2000 ABŞ dollarını keçərək 2188 dollar təşkil edib. Ümumiyyətlə, son illər bir çox göstəricilərə görə Naxçıvan iqtisadi rayonu lider mövqeyini qoruyub saxlayıb. Bu, ilk növbədə, muxtar respublikanın Azərbaycanın əsas ərazisindən təcrid edilmiş coğrafi məkanda yerləşməsi və bununla əlaqədar burada yerli tələbatı müvafiq istehsal sahələri yaratmaq hesabına təmin etmək zərurəti ilə izah olunur.

Naxçıvan MR inkişafda olan çoxsahəli sənaye və aqrar-sənaye respublikasıdır. Sənayedə yerli kənd təsərrüfatı məhsullarının emalı və faydalı qazıntı hasilatı xüsusi yer tutur. Elektronika, metal emalı, tikinti materialları və yüngül sənayesi var. Kənd təsərrüfatı əsasən taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və bağçılıq sahəsində ixtisaslaşıb. Muxtar respublikada iqtisadi islahatlar ardıcıl həyata keçirilir, torpaq islahatı başa çatdırılıb, azad sahibkarlığın, xüsusi mülkiyyətin və kiçik biznesin inkişafı üçün geniş imkanlar yaradılıb. Konkret bir fakt: Sahibkarlıq fəaliyyəti üçün yaradılmış əlverişli şəraitin nəticəsidir ki, bu gün muxtar respublikada 254 növdə məhsul istehsal olunur, onun da 94 növü ərzaq, 141 növü qeyri-ərzaq məhsulları olmaqla, ümumilikdə, 224 növdə məhsula olan tələbatın tamamilə yerli istehsal hesabına ödənilməsi təmin edilib.

Bu və digər faktlar göstərir ki, muxtar respublika iqtisadiyyatının səmərəli strukturunun formalaşdırılması məqsədilə elmi əsaslara söykənən idxal-ixrac siyasətinin həyata keçirilməsi nəticəsində istehsalyönümlü sahibkarlığın inkişafına, son məhsul istehsalının artırılmasına, daxili bazarın əsasən yerli istehsal məhsulları hesabına təmin edilməsinə, yerli xammal və materiallardan istifadə əsasında istehsal potensialının gücləndirilməsinə iqtisadi stimul yaradılıb. Sosial-iqtisadi inkişafa bu cür kompleks yanaşma, elmi nəzəriyyəyə və təcrübəyə söykənən konsepsiya əsasında həyata keçirilən köklü islahatlar və irimiqyaslı quruculuq proseslərinin nəticələri muxtar respublika iqtisadiyyatında və sosial sahədə əldə edilmiş yüksək inkişaf tempinin qorunub saxlanmasına və daha da yüksəldilməsinə təminat verir.

Muxtar respublikada pozitiv meyillərlə səciyyələnən bu sosial-iqtisadi fəallığın təməlində iqtisadi inkişafın sosialyönümlü olması, hər bir vətəndaşın iqtisadi və sosial inkişafda iştirakından asılı olaraq maddi rifahının artırılması, iqtisadiyyatın dövlət tənzimləmə mexanizmlərinin liberallaşdırılması, iqtisadi tərəqqinin əsas meyarlarından olan azad rəqabət, sahibkarlıq və investisiya mühitinin daha da yaxşılaşdırılması, əsassız məhdudiyyətlərin aradan götürülməsi, investisiyaların və sahibkarlığın inkişafının təşviqi üsullarından geniş istifadə olunması və iqtisadi təhlükəsizliyin təminatı üçün aparılmış kompleks işlər dayanır. Başqa sözlə, son illərdə regionun sosial, iqtisadi və mədəni həyatında qazanılan uğurlar, ilk növbədə, məhz yuxarıda göstərilən amillərlə bağlı olub. Və təməli ulu öndər tərəfindən qoyulan yeni həyat quruculuğu xətti bu gün də uğurla davam etdirilir. Yeri gəlmişkən, bir müddət öncə keçirilən rəsmi toplantıların birində çıxış edən Vasif Talıbov özü də belə bir məqamı xüsusi vurğulayıb ki, ümummilli liderimizin müəyyən etdiyi quruculuq xətti ölkəmizin bütün regionları kimi, Naxçıvan Muxtar Respublikasını da inkişaf və tərəqqi yoluna çıxarıb: “Ötən illərin hər birində olduğu kimi, yola saldığımız 2008-ci ildə də biz ümummilli liderin yolu ilə gedərək doğma diyarımızı onun görmək istədiyi kimi qurmağa, inkişaf etdirməyə çalışmışıq”.

Son illər muxtar respublika iqtisadiyyatında müşahidə olunan sabit artım tempi əhalinin həyat səviyyəsinin yüksəldilməsi, yeni iş yerlərinin açılması və səmərəli məşğulluğun təşkili üçün də əlverişli şərait yaradıb. Bu istiqamətdə aparılan məqsədyönlü siyasətin nəticəsidir ki, təkcə 2008-ci ildə 7 minə yaxın yeni iş yeri açılıb. Onlardan da 4500-ü daimi iş yerləridir. Təkcə ötən il dövlət dəstəyi ilə müasir texnoloji avadanlıqla təmin olunan 34 istehsal və xidmət sahəsi fəaliyyətə başlayıb. Yeni müəssisələri yaratmaqda başlıca məqsəd, yuxarıda da vurğuladığımız kimi, daxili bazarın tələbatının ödənilməsinə və idxaldan asılılığın aradan qaldırılmasına yönəldilib. Hazırda isə iqtisadi fəaliyyətin müxtəlif sahələrində 20 layihə üzrə, o cümlədən “Badamlı” mineral su istehsalı, mebel istehsalı, makulatura emalı və qutu istehsalı müəssisələrinin, mərmər və üzlük daş istehsalı sahəsinin yaradılması istiqamətində işlər davam etdirilir.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramına uyğun olaraq, bölgədə aparılan genişmiqyaslı quruculuq tədbirləri sırasında yeni səhiyyə ocaqlarının tikilməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi də mühüm yer tutub. Təkcə ötən bir il ərzində Naxçıvan şəhərində Təcili Tibb Mərkəzi, 324 yerlik “Duzdağ” Fizioterapiya Mərkəzi, 62 çarpayılıq Culfa Mərkəzi Xəstəxanası, Babək rayonunun Nehrəm kəndində 20 çarpayılıq kənd sahə xəstəxanası, 15-ə yaxın kənddə isə müasir tipli həkim ambulatoriyası və feldşer-mama məntəqəsi tikilərək istifadəyə verilib. Bunlarla bərabər, Naxçıvan Doğum Mərkəzinin, onkoloji dispanserin və Şahbuz rayonunda mərkəzi xəstəxananın tikintisi sürətlə aparılır. Onlar da müasir standartlar əsasında inşa olnur.

Ötən il təhsil müəssisələrinin tikintisi də diqqət mərkəzində saxlanılıb. Müasir layihə əsasında 1332 şagird yerlik 6 orta məktəb binası tikilərək istifadəyə verilib. 2336 şagird yerlik 3 orta məktəb binasında əsaslı təmir və yenidənqurma işləri aparılıb. Bir müddət öncə isə yeni tipli təhsil ocaqları sırasına daha iki məktəb də əlavə olunub.

Təhsil sistemində quruculuq tədbirləri məktəbəqədər tərbiyə müəssisələrini də əhatə edib. Naxçıvan şəhərində 120 yerlik uşaq bağçası tikilib, Ordubad şəhərində isə 50 yerlik uşaq bağçası əsaslı təmir olunaraq istifadəyə verilib. Hazırda daha iki uşaq bağçasının tikintisi başa çatmaq üzrədir.

Ümummilli liderimizin quruculuq xətti bölgənin mədəniyyət obyektlərindən də yan keçməyb. Məsələn, təkcə son vaxtlarda xalq qəhrəmanı Koroğluya heykəl ucaldılıb, Babək rayonunun Nehrəm kəndində böyük yazıçı Mirzə Cəlilin xatirə muzeyi, Sədərək rayonunda Heydər Əliyev adına Mədəniyyət və İstirahət Parkı istifadəyə verilib, Naxçıvan şəhərindəki “Zaviyyə-Mədrəsə” binasında, Came məscidində, Nuh peyğəmbərin (ə.) məzarüstü türbəsində əsaslı təmir, bərpa və yenidənqurma işləri həyata keçirilib.

Muxtar respublikanın kənd yaşayış məskənlərində inşa olunan “kənd mərkəzləri”ndə isə 13 kitabxana, bir o qədər də mədəniyyət evi və klub əhalinin istifadəsinə verilib.

Bunlarla yanaşı, gənclərin asudə vaxtının səmərəli təşkilinə, yeni idman-sağlamlıq obyektlərinin tikintisinə də diqqət artıb. Naxçıvan şəhərində beynəlxalq standartlara cavab verən əyləncə mərkəzi istifadəyə verilib, Kəngərli rayon mərkəzində stadion və minifutbol meydançası inşa olunub. Şərur şəhərindəki Olimpiya-İdman Kompleksində isə inşaat işləri sürətlə davam etdirilir.

İstər əhalinin məşğulluğu, adamların maddi-rifah halının yaxşılaşdırılması, istərsə də yaşayış üçün sağlam mühitin formalaşdırılması, müalicə profilaktika işinin təşkili sahəsində görülən tədbirlər sosial-iqtisadi inkişafın ən mühüm göstəricilərindən biri kimi əhalinin artımına, demoqrafik vəziyyətə də öz təsirini göstərir. Konkret bir fakt. Son on il ərzində muxtar respublikada əhalinin artımı 55 min nəfəri ötərək 388 min 424 nəfərə çatıb.

Son illər ərzində muxtar respublikanın ictimai-siyasi həyatında qazanılan böyük uğurlardan biri də hüquqpozmalara qarşı mübarizə tədbirlərinin gücləndirilməsi və kriminogen durumun tam normallaşmasıdır. Muxtar respublikanın “cinayətsiz region”, Naxçıvan şəhərinin isə “təhlükəsiz şəhər” elan olunması istiqamətində tədbirlərin görülməsi böyük istəklə davam etdirilir, hüquq maarifi və profilaktika işi xeyli gücləndirilib. Aparılan məqsədyönlü tədbirlər nəticəsində cinayət hadisələrinin sayı da xeyli aşağı düşüb. Təbii ki, bu, ilk növbədə, muxtar respublikada iqtisadi inkişafın yüksək sürəti ilə bağlı olub...

Yuxarıda xatırlatdığımız toplantıda Vasif Talıbov onu da vurğulayıb ki, görülən işlərlə, quruculuq sahəsində əldə olunan nailiyyətlərlə kifayətlənməyəcək, bundan sonra da ümummilli liderimizin yolunu davam etdirərək doğma Azərbaycanımızın quruculuq salnaməsini layiqli nümunələrlə zənginləşdirəcəklər. Biz bu yolda onlara uğurlar diləyirik.

 

 

Mübariz SƏFƏROV,

yazıçı-publisist

 

Xalq qəzeti.- 2009.- 23 may.- S. 4.