İFC ADA Şirkətlər Qrupunun əməkdaşlığı yeni inkişaf mərhələsinə qədəm qoyur

 

ADA Qrupa Beynəlxalq Maliyyə Korporasiyasından yeni direktor təyin olundu

 

Dünən ADA Şirkətlər Qrupunun mərkəzi ofisində qrumun Direktorlar Şurasının növbəti toplantısı keçirildi. Toplantıda qrupun cari ilin ilk 4 ayı ərzindəki fəaliyyətinin nəticələri, “Almalı” şəbəkəsinin inkişaf perespektivləri, texnoloji yeniliklərin tətbiqi, xüsusi istehsalın inkişafı kimi məsələlər müzakirə olundu.

Sonra jurnalistlər üçün mətbuat konfransı keçirildi. Tədbiri giriş sözü ilə açan İdarə Heyətinin sədri Rəfayil Hacıyev KİV nümayəndələrini salamlayaraq mətbuat konfransının iştirakçılarını təqdim etdi.

ADA Şirkətlər Qrupu Direktorlar Şurasının sədri Sergey İvaşkeviç şuranın toplantısında qrup üçün önəmli olan bir sıra mühüm məsələlərin müzakirə olunduğunu bildirdi. S. İvaşkeviç qrupun gələcək planlarından bəhs edərək, bunlardan ən önəmlilərinin almalımarketlərin yalnız sayının deyil, həm də coğrafiyasının daha da genişləndirilməsi, xüsusi ticarət nişanlı məhsulların istehsalının və çeşidinin artırılması, həmçinin yeni texnologiyaların tətbiqinin dərinləşdirilməsi olduğunu bildirdi. “Biz artıq 5 kateqoriya üzrə 20-dən çox adda məhsul istehsal edirik. Bu yaxında quraşdırılacaq müasir sexlərin köməyi ilə istehsal gücümüzü xeyli artıracağıq. Bundan başqa, tətbiqinə hazırlaşdığımız “AXAPTA-ONLİNE” proqramı müştəri məmnuniyyətinin daha da artmasına təkan verəcəkdir.”

ADA Şirkətlər Qrupu Direktorlar Şurasının yeni seçilmiş üzvü Yazqan Musannif layihənin əsas sərmayədarlarından olan Beynəlxalq Maliyyə Korporasiyasının (İFC) “Almalı”nın inkişafına hərtərəfli dəstək verdiyini və bunun ölkə iqtisadiyyatı, xüsusilə də qeyri-neft sektorunun inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladı.

Qeyd edək ki, Yazqan Musannif beynəlxalq aləmdə pərakəndəçilik sahəsi üzrə mütəxəssis kimi tanınır, bir sıra elmi əsərlərin və araşdırmaların müəllifidir. Şübhə yoxdur ki, onun Direktorlar Şurasına üzv seçilməsi ilə, ADA Qrupun müasir pərakəndəçilik texnologiyalarına çıxışı daha da asanlaşacaqdır.

ADA Şirkətlər Qrupunun baş icraçı direktoru Mobil Şərifov Qrupun inkişaf prioritetlərindən danışaraq, onun əsas məqsədinin Azərbaycana müasir ticarət mədəniyyətinin gətirilməsi olduğunu bildirdi. Elə bu səbəbdən ilkin olaraq, almalımarketlərin təminatı üçün Paylayıcı Mərkəzin hələ 2006-cı ilin ortalarında istifadəyə verildiyini qeyd etdi. “Məhz Paylayıcı Mərkəz almalımarketlərdə alıcılarımıza təqdim etdiyimiz məhsulların yüksək keyfiyyətinin əsas təminatçısıdır. Burada müxtəlif məhsul kateqoriyaları üçün lazımi temperatur rejimi və saxlama şəraiti mövcuddur”

Sonda İdarə Heyətinin sədri Rəfayil Hacıyev ADA Şirkətlər Qrupunun Azərbaycanın ərzaq pərakəndəçiliyindəki rolu və yeri, son illərdə bu sahədə əldə olunmuş nailiyyətlərdən bəhs etdi. “Almalı” bazara daxil olanda bu layihənin uğurlu olacağı bəziləri tərəfindən şübhə ilə qarşılanırdı. Lakin ötən dövr ərzində əldə etdiyimiz uğurlar göstərdi ki, biz yanılmamışıq.

Gündəlik tələbat məhsullarının, xüsusən də ərzaq məhsullarının pərakəndəçiliyindəki müsbət irəliləyişlərdə “Almalı”nın da payı olması bizi sevindirir, biz bunu ən böyük uğurumuz hesab edirik. Şübhəsiz ki, ölkədə özəl sektor üçün yaradılmış münbit şərait,başlıcası isə Prezident İlham Əliyevin iş adamlarına göstərdiyi qayğı təkcə ADA Qrupunun deyil, yüzlərlə şirkətin uğurunun təminatçısdır.”

ADA Şirkətlər Qrupu “Almalı” mağazalar şəbəkəsinin operatorudur. Hazırda ölkənin 3 böyük şəhərində 40 almalımarket hər gün 40 000-dən çox alıcıya xidmət göstərməkdədir. Almalımarketlər öz xidmətlərini “Almalıdan 5 ulduz” adı ilə alıclara təqdim edir. Bunlar – yüksək keyfiyyət, səmimi xidmət, seçim imkanı, geri qaytarma imkanı və münasib qiymətlərdir.

Tədbirin sonunda Direktorlar Şurasının üzvləri KİV nümayəndələrinin suallarına cavab verdilər.

 

 

Qabil YUSİFOĞLU

 

Xalq qəzeti.- 2009.- 23 may.- S. 5.