23 May – Azərbaycan ekoloqlarının peşə bayramıdır

 

Sağlam təbiət sağlam həyatdır

 

Ekologiya müasir dövrün ən həssas sahələrindəndir. Dünya ekoloji problemlər qarşısındadır. Sağlam təbiət – sağlam insan bu gün dünyanı düşündürür, həyəcanlandırır. Dünyanın bir parçası kimi ölkəmiz də bu həyəcanlardan kənarda deyil. Dünyəvi ekoloji narahatlığı dərindən və hərtərəfli dəyərləndirən ulu öndərimiz Heydər Əliyev bu istiqamətdə fundamental qərarlar qəbul etmişdir. Ondan sonra dövlət başçımız İlham Əliyev bütün sahələrdə olduğu kimi, ekoloji istiqamətdə də ölkəmizi nümunəvi dövlətlər cərgəsinə qoşmaqdan ötrü düzgün, əsaslandırılmış strateji tədbirlər həyata keçir.

Ətraf mühitin mühafizəsi qlobal bir anlayışdır və zamanın tələbi ilə yaranmışdır. Təbiətə, onun sərvətlərinə nizamsız və sarsıdıcı həmlələr bəşəriyyəti dilemma qarşısında qoydu. İnsan həm təbiətdən istifadə etməli, həm də onu qorumalıdır. Ətraf mühitin qorunması, təbii sərvətlərdən düzgün və səmərəli istifadə edilməsi, mümkün olanların bərpa edilməsi beynəlxalq aləmdə dövləti səviyyədə duran tədbirlər sırasına qatıldı. Əhali artımı, resursların kifayət etməməsi, hətta tükənməsi amilləri həyəcan doğurmağa başlayanda əvvəl buna ciddi əhəmiyyət verməmişlər. Lakin filosofların, alimlərin əsaslandırılmış arqumentləri hamını düşündürməyə başladı.

Düzdür, tarixi baxımdan ekoloji problemlərə ekskursiya etsək görərik ki, hələ antik dövrdə, hətta ondan da qabaq insan cəmiyyətləri təbiətə bu və ya digər cəhətdən qayğı göstərmişlər. Lakin bu sistemli olmamışdır. Min illər boyu təbiətin müvazinətinin pozulmasına qarşı görülən tədbirlər, ənənələr 1910-cu ildə Cenevrədə Təbiəti Mühafizə Cəmiyyəti kimi vacib bir təşkilatın yaranması ilə nəticələndi. 1913-cü ildə Bern şəhərində təbiətin mühafizəsi üzrə Birinci Beynəlxalq müşavirə çağırıldı. Beləliklə, təbiətin mühafizəsi hərəkatı bütün dünyada sistemləşdirildi. Dövlətlərin nəzarətinə alındı. Ancaq dünyada təbiətin qorunması həm də ictimai cəmiyyətlər, təsisatlar, qeyri-hökumət təşkilatları tərəfindən həyata keçirilir. Hamı başa düşür ki, vəziyyət çox həyəcanlıdır və təbiətin qorunması hamının borcudur.

Təbiət və onun mühafizəsi çox geniş anlayışdır. Amma bəşər övladlarının bu elmin ən azı ümumi anlayışlarından xəbəri olmalıdır. Ekologiya elmi günümüzün reallığıdır. Bizə gündəlik ruzimiz qədər vacibdir və xeyirlidir. Burada heç bir mübaliğə yoxdur. Təbiidir ki, bu zərurət onun daha sürətli inkişafını və şaxələndirilməsini şərtləndirir. Flora və fauna ekologiyasının tədqiqat obeykti kimi dərinləşməsi, təkmilləşdirilməsi və cəsarətlənməsi bütövlükdə insan ekologiyasının xilasına yönəlmişdir. Mühitə görə hava, su, quru, dəniz və s. ekologiyası alimlərin fəaliyyət sahələridir. Təbiət bir bütöv halında mübadilədədir. Su, enerji, hava, bioloji mübadilələr bu gün insan fəaliyyəti ilə bilavasitə bağlıdır və hətta onsuz təsəvvüredilməzdir. Ona görə də biosferə məxsus orqanizmlər, onların fəaliyyəti əhali, cəmiyyət və ekosistem səviyyəsində öyrənilir.

Təbii ehtiyatlardan səmərəli istifadə edilməsi bu mübadilələrin nəticəsi kimi xüsusən diqqətlə öyrənilir və öyrənilməlidir. Çünki bu mübadilə bəşəriyyətin mövcudluğunun impulslarıdır. Təbiidir ki, insanlar bu impulslara vaxtında və ciddi reaksiya verməlidir. Belə olmasa ən azı biofəlakətlər insan varlığı üçün qorxunc suallar doğurar. Alimlərin hesablamalarına görə, biosfer 10-12 milyard əhalini qida ilə təmin edə bilər. Əhalinin nizamsız artımı bioresurslardan düzgün istifadə edilməsini tələb edir. Yenə deyirəm, mən insanları təşvişə salmaq üçün yox, sırf reallıq naminə deyirəm. Ekoloji fəlakətlər insanı qidalandıran biokütləni azaldır. Bir sözlə, flora və faunaya sarsıdıcı zərbə vurur.

Qeyd etməliyəm ki, ekosistemin məhsuldarlığı iqlim tipindən, coğrafi şəraitdən asılıdır. Təbiət bizim ölkəmizi hərtərəfli zəngin yaratmışdır. Dağlar, düzənlər, səhralar, göllər, çaylar, dəniz, mülayim iqlim qurşaqları... məhsuldar biokütlə yaranması üçün çox əlverişlidir. Bunlara qeyri-elmi müdaxilə etməməli, israfçılığa yol verilməməlidir. Resursların balansının pozulmasının doğurduğu sualların cavabları bir çox cəhətdən biz insanlardan asılıdır. Yəni biz ətraf mühiti qorumaqla, təbii sərvətlərdən səmərəli istifadə etməklə özümüzü qoruyuruq, gələcəyimizi qoruyuruq. Yenə deyirəm, təbiət və insan qarşılıqlı təmasdadır. Yaradan deyir ki, mən təbiəti sizin üçün yaratmışam. Biz insanlar üçün. Bizim yaşayımız təbiətin varlığı, sağlamlığı ilə bağlıdır. İlahi bizə təfəkkür verib. Bunun mənası nədir?! Təbiət bizə rəqib yox, dostdur, yol yoldaşıdır.

Ekoloji mühafizədə beynəlxalq sistem olmalıdır. Belə də təsəvvür edirik. Hər ölkə BMT çərçivəsində onun sahə qurumlarının, institutlarının tərtib etdiyi beynəlxalq standartlara uyğun baza qanunları, fəaliyyət nizamnaməsi, təlimatlar yaradır. Qətiyyətlə deməliyəm ki, ulu öndərimiz H.Əliyevdən bəri ekoloji sahədə ən müasir qanunlar bazası yaratmışıq. Prezident İlham Əliyev ekoloji qanunların təkmilləşdirilməsi, dünya standartlarına uyğunlaşdırılması sahəsində qətiyyətli addımlar atmışdır. Xüsusilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi qarşısında qoyulan tələblər və nazirliyimizin apardığı məqsədyönlü, sistemli işlər təqdirəlayiqdir.

Ölkə Prezidentinin 2 il müddətində ölkədə 3 milyon ağac əkilməsi haqqında tapşırığı çox vaxtında verilmiş, gələcəyimizə hesablanmış uzaqgörən tədbirdir. Bütün şəhərlərimiz, yaşayış məskənlərimiz yaşıllaşdırılmalıdır. Bakıda qanunsuz olaraq bir ağac da kəsilməməlidir. Bu sayda ağacların əkilməsi ilə bağlı tədbir bütün dünyada rezonans doğurdu. Bu iş davam edir və inanırıq ki, uğurla başa çatacaqdır.

Bununla yanaşı, deməliyəm ki, bəzi sahələrdə müəyyən problemlər də var. Bilmək lazımdır ki, təbiətin mühafizəsi, qorunması, bərpa edilməsi gündəlik, ardıcıl iş olmalıdır. Müvəqqəti tədbir olmamalıdır. Bu gün təbiət içməli su ehtiyatlarından narahatdır. Azərbaycan içməli su ehtiyatı sarıdan nisbətən məhdud imkanlara malikdir. İçməli sudan səmərəli istifadə etməli, israfçılığa yol verməməliyik. Su ehtiyatlarından səmərəli istifadə etməyən fərdi və hüquqi şəxslərə qarşı sərt tədbirlər həyata keçiririk. Xüsusən, içməli su mənbələrinin çirkləndirilməsi qəti yol verilməzdir. Xalqımız ekoloji təmiz sudan istifadə etməlidir. Təsadüfi deyil ki, ölkə Prezidentinin xeyir-duası və göstərişi ilə nəhəng Oğuz-Qəbələ-Bakı içməli su kəməri çəkilir. Bu həm təbiətə, həm də xalqımıza, onun sağlamlığına böyük qayğıdır. İçməli su insan ekologiyasına mühüm töhfədir.

Ekosistemin digər sahələrində də mühüm problemləri qabaqlamaq lazımdır. Torpaq və mineral ehtiyatların mühafizəsi, onlardan səmərəli istifadə günümüzün vacib məsələlərindəndir. Flora və faunanın biomüxtəlifliyinin qorunması yolunda aparılan işləri intensivləşdirmək tələb olunur.

Ekosistemin qorunması kompleks anlayışdır. Burada heç bir sahə nəzərdən qaçırılmamalıdır. Son vaxtlar bionerji sahəsində qlobal həcmdə görülən işlər bizim respublikamızda da ciddi əks-səda doğurmaqdadır. Biosferin mühafizəsi yolunda bioenerjidən istifadə mühüm şərtdir. Sözsüz ki, tullantıların istifadə olunması sahəsində olduqca fundamental işlər görülməlidir. Fərəhləndirici haldır ki, ölkəmizdə bu sahədə əsaslı strateji işlər görülməkdədir. Cənab Prezidentin göstərişi ilə Bakıda məişət tullantılarının emalı zavodunun tikilməsi üçün hazırlıq görülür. Tezliklə istifadəyə veriləcək bu zavodun istehsal gücü ildə 500 min ton olacaq. Tullantıların emalı nəticəsində nəzərəçarpacaq enerji hasil ediləcək. Göründüyü kimi, müasir texnoloji imkanlardan istifadə edilməsi nəticəsində ikitərəfli fayda əldə ediləcək. Nəticədə, təbiət və insan udur.

Torpaqlarımızın 20 faizi erməni işğalçılarının tapdağı altındadır. Təbiidir ki, bu ərazilərə nəzarət edə bilmirik. Bura su hövzələri, mineral ehtiyatlar, meşələr, torpaq daxildir. Erməni işğalçıları Araz çayına çox zəhərli və zərərli tullantılar axıdırlar. Bu həm Araz çayının bioresursları üçün, həm də onun suyundan istifadə edən insanlarımızın sağlamlığı üçün təhlükə yaradır. Bu, ekoloji təcavüzdür. Dövləti səviyyədə qanunsuzluq, cinayətkarlıqdır. İşğal edilmiş torpaqlarımızda böyük meşə resurslarımız olub. Məşhur təbii Çinar meşəliyi Qırmızı kitaba düşüb. Ermənilər bu meşələri vəhşicəsinə talayıblar. Kəlbəcər qızıl yataqları, su-mineral ehtiyatları, meşələr düşməncəsinə talan edilir. Ermənilər insanlığa sığmayan əməlləri ilə dünyanı təəccübləndirməkdədirlər. Onlar quldarlıq cəmiyyətinə, yırtıcı xislətinə məxsus “yandırılan torpaq” üsullarından istifadə edirlər. İşğal edilmiş Azərbaycan torpaqlarını bütün fauna və florası ilə, insan əli ilə yaradılmış tikililərlə birlikdə kütləvi şəkildə yandırır, təbiətə, ekologiyaya, dünyaya əvəzedilməz zərbələr vururlar. Bu, erməni xislətidir.

Dövlət rəhbərimiz İlham Əliyevin göstərişi ilə dəfələrlə yandırılan torpaqların, talan edilmiş meşələrin, kimyəvi tullantılarla çirkləndirilmiş suların monitorinqini aparmışıq. Hətta beynəlxalq təşkilatların nümayəndələri də bu qeyri-insani talanların şahidi olmuşlar. Sənədləri beynəlxalq təşkilatlara təqdim etmişik. Heyf ki, beynəlxalq təşkilatlar sənədli-sübutlu müraciətlərimizə ciddi reaksiya vermirlər. Belə çıxır ki, ikili standartlar hətta ekoloji sahələrə də tətbiq olunur. Dövlətimizin ekoloji xəttini var gücümüzlə həyata keçirməyə çalışırıq. İnanırıq ki, həqiqət və ədalət qalib gələcək. İşğal edilmiş torpaqlarımız azad ediləcək, onların ekoloji mühafizəsi, bərpası dövlətimizin dəstəyi və yardımı ilə həyata keçiriləcək. Prezident İlham Əliyevin cəsarətli və qətiyyətli addımları torpaqlarımızın birliyini də, ekologiyamızı da xilas edəcəkdir.

 

 

Bəxtiyar HÜSEYNOV,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

 

Xalq qəzeti.- 2009.- 23 may.- S. 5.