Gələcəyimizin təminatçıları
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin
imzaladığı Sərəncama əsasən, ölkəmizdə
hər il 23 may günü Ekologiya və Təbii Sərvətlər
Nazirliyi işçilərinin peşə bayramı kimi qeyd
olunur.
Ölkəmiz müstəqillik
əldə etdikdən sonra məhz ulu öndər Heydər Əliyevin
ekologiya və ətraf mühitin mühafizəsi sahəsinə
qayğıkeş münasibəti nəticəsində onun
imzaladığı 2001-ci il 23 may tarixli sərəncamla
Ekologiya və Təbii Sərvətlər Nazirliyi
yaradılmışdır.
Son bir neçə ildə
ekoloji vəziyyətin sağlamlaşdırılması, ətraf
mühitin mühafizəsi sahəsində ölkə
Prezidentinin rəhbərliyi altında ardıcıl, məqsədyönlü
işlər görülmüş, uzun illər ərzində
yığılaraq müstəqil Azərbaycana miras
qalmış ekoloji problemlər təhlil edilərək,
onların kompleks həllinə yönəlmiş 5 Milli və
Dövlət Proqramı təsdiq edilmiş, ekologiya və ətraf
mühitin mühafizəsi sahəsində hüquqi baza təkmilləşdirilmişdir.
Ətraf mühitin
mühafizəsi, insanların sağlam təbii mühitdə
yaşaması və təbii sərvətlərdən
xalqın rifahının yaxşılaşdırılması
naminə istifadəsi məsələsi hazırda aparılan
sosial-iqtisadi islahatlarda mühüm yer tutmaqla yanaşı, son
zamanlar bilavasitə ekoloji problemlərin həlli sahəsində
həyata keçirilən tədbirlər bu sahənin ölkəmizdə
prioritet məsələlər sırasına
qaldırılmasının parlaq nümunəsidir.
Əvvəllər bir
Milli Parkı belə olmayan Azərbaycanda son 5 ildə
Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin
ümumi sahəsi 750 min hektara, yəni ölkə ərazisinin
8,7 faizinə catdırılaraq 8 Milli Park, 4 Qoruq, 3 Yasaqlıq
yaradılmış, 5 mövcud qoruğun ərazisi genişləndirilmiş,
3 Təbiət Abidəsi təşkil edilmişdir.
Respublika Prezidenti
İlham Əliyevin imzaladığı “Xəzər dənizinin
çirklənmədən qorunması üzrə bəzi tədbirlər
haqqında” və “Əhalinin ekoloji cəhətdən təmiz
su ilə təminatının yaxşılaşdırılması
ilə əlaqədar bəzi tədbirlər haqqında” sərəncamlardan
irəli gələn məsələlərin həlli istiqamətində
beynəlxalq standartlara cavab verən modul tipli lokal təmizləyici
qurğular alınmış, Abşeron yarımadasının
şimal hissəsinin 61 km-lik sahil zolağında
quraşdırılaraq istismara buraxılmışdır. Kür
və Araz çaylarının suyundan istifadə edən
ölkənin xeyli yaşayış məntəqəsində
Beynəlxalq Səhiyyə Təşkilatının
standartlarına cavab verən su təmizləyici qurğular
quraşdırılaraq əhalinin istifadəsinə
verilmişdir. Hazırda bu işlər davam etdirilməkdədir.
Ölkə Prezidentinin
imzaladığı “Magistral avtomobil yollarının
mühafizə zolaqlarının
yaşıllaşdırılması haqqında” sərəncama
uyğun olaraq, Atbulaq – Hacıqabul qəsəbəsi avtomobil
yolunun 28 km məsafəsinin hər iki tərəfində
müxtəlif cinslərdən olan 100 min ağac əkilmiş,
eləcə də tenderdə qalib gəlmiş Bolqarıstan
şirkəti ilə bağlanmış müqavilə üzrə
sifariş olunmuş 22638 ədəd müxtəlif
çeşiddə dekorativ ağac və kol bitkilərinin bir
hissəsi respublikaya gətirilərək həmin ərazidə
əkilmişdir.
Milli meşəbərpa
və meşəsalma proqramının tələblərinə
uyğun olaraq, 10740 hektar sahədə meşəbərpa və
meşə əkini tədbirləri həyata
keçirilmişdir. İl ərzində 30,5 mln. ədəd
müxtəlif çeşiddə əkin materialı
yetişdirilmiş, 63,2 hektar ərazidə toxum səpilmiş,
5 tondan artıq ağac və kol cinslərinin toxumları tədarük
olunmuşdur. Yetişdirilmiş əkin materiallarından
meşə əkini, ətraf şəhər və qəsəbələrin,
magistral şosse yolları kənarlarının, çay və
su hövzələri ətraflarının
yaşıllaşdırılması nəzərdə tutulur.
Magistral yol boyu yaşıllaşdırma işlərinə də
böyük diqqət ayrılmışdır. Belə ki,
Zığ–Aeroport yolu boyu 144 hektar ərazidə torpaq hamarlama
işləri yekunlaşdırılaraq, yaşıllıqsalma
işlərinə başlanmışdır. Aparılan
yaşıllaşdırma tədbirləri nəticəsində
180000 ədədə qədər müxtəlif növ
ağac əkilmişdir ki, bunlardan da 139000-i zeytun, Eldar
şamı və akasiyadan ibarətdir. Su hövzələrində
bioloji resursların artırılması və mühafizəsi
istiqamətində müvafiq tədbirlər həyata
keçirilmişdir. Belə ki, balıqartırma müəssisələri
tərəfindən 422,3 milyon ədəd müxtəlif
növ vətəgə əhəmiyyətli balıq körpələri
süni və təbii yolla artırılıb müəyyən
edilmiş su hövzələrinə (nərəcinsli
balıq körpələri 12,453 mln, qızıl balıq
-166,05 min, çəkikimilər 403,88 mln, bitki ilə qidalanan
ağ amur körpəsi – 5,8 milyon ədəd)
buraxılmışdır.
Hidrometeoroloji
müşahidə şəbəkəsinin bərpası,
inkişafı, yeni texnologiyaların tətbiqi və tərtib
olunan hidrometeoroloji proqnozların keyfiyyətinin
yaxşılaşdırılması istiqamətində bir
sıra tədbirlər həyata keçirilmişdir. Belə
ki, Şəki, Ələt, Xınalıq, Mərəzə,
Altıağac, Qəbələ, Ağsu stansiyaları
üçün yeni binalar tikilmiş, Neftçala,
Çilov, Ələt, Tərtər, Xınalıq, Xaldan,
Kırız, Mərəzə, Altıağac, Ağsu
stansiyalarının meteomeydançaları müasir
standartlara uyğun yenidən qurulmuşdur. Finlandiyanın
istehsalı olan 16 ədəd kompleks avtomat meteoroloji
stansiyanın 13 ədədi istismara verilmişdir. Bu avtomatik
stansiyalar internetdən məlumatları alır və
müşahidə məlumatlarını birbaşa mərkəzə
ötürə bilir.
Təbiətin sağlam
sabahının təminatçıları olan Ekologiya və
Təbii Sərvətlər Nazirliyi işçilərinin
peşə bayramı günündə onları təbrik
edir, yaşadığımız təbiətin
qorunmasında, ətraf mühitin mühafizəsində onlara
yeni uğurlar arzulayırıq.
M. MÜKƏRRƏMOĞLU
Xalq qəzeti.- 2009.- 23 may.- S. 5.