Azərbaycan nümayəndə heyəti
BSTA-nın Avropa Şəbəkəsi Rəhbər
Komitəsinin iclasında
iştirak etmişdir
Azərbaycan
Respublikası Dövlət Sosial Müdafiə Fondunun ictimaiyyətlə
əlaqələr sektorundan aldığımız məlumatda
deyilir ki, Səlim Müslümovun rəhbərlik etdiyi
nümayəndə heyəti Niderland Krallığında Beynəlxalq
Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa Şəbəkəsi
Rəhbər Komitəsinin iclasında iştirak etmişdir.
2004-cü ilin
sentyabrında ölkəmiz Beynəlxalq Sosial Təminat
Assosiasiyasının büro üzvü, 2007-ci ildə
inkişaf etmiş Avropa ölkələri ilə bir sırada
Assosiasiyanın Avropa Şəbəkəsinin Rəhbər
Komitəsinin üzvü seçilmişdir və yüksək
səviyyədə müvafiq qərarların qəbul edilməsində
xüsusi rola malikdir.
Bu dəfəki iclasda
qurumun fəaliyyətinin daha da gücləndiriməsi, yeni
üzvlərin qəbulu, 2009-2010-cu illər ərzində
keçiriləcək tədbirlər barədə müzakirələr
aparılıb. İclasda qərara alınıb ki, Avropa Şəbəkəsinin
ilk Forumu 2010-cu ilin may ayında Polşa Respublikasının
paytaxtı Varşava şəhərində keçirilsin.
Məlumatda həmçinin
bildirilir ki, Rəhbər Komitənin iclasının
iştirakçıları səfər zamanı Niderland
Krallığının Sosial Sığorta Bankının
Zaanstad şəhər şöbəsinin işi ilə də
tanış olublar. Burada həmçinin adı çəkilən
qurumun yeni istifadəyə verilmiş internet saytının təqdimatı
keçirilmişdir.
Səfər çərçivəsində
nümayəndə heyəti “Müştəri
yönümlü xidmətlərin göstərilməsi”
mövzusunda ikigünlük seminarda da iştirak edib. Almaniya,
Albaniya, Azərbaycan, Belçika, Finlandiya, Fransa, İngiltərə,
İsveç, İsveçrə, İtaliya, Macarıstan və
Niderlandın sosial sığorta və pensiya fondlarının
nümayəndə heyətlərinin qatıldığı
seminarda əhaliyə göstərilən sosial sığorta
xidmətlərinin keyfiyyətinin artırılması
üçün müxtəlif ölkələrdə istifadə
olunan müasir üsullar və texnoloji həllər müzakirəyə
çıxarılmışdır.
Azərbaycan nümayəndə
heyəti tədbir çərçivəsində Almaniya,
Belçika, Fransa və Polşanın pensiya və
sığorta orqanlarının nümayəndələri ilə
görüşlər keçirmişdir. Görüşlərdə
Azərbaycanda həyata keçirilən pensiya
islahatlarının və qurulan yeni sığorta-pensiya sistemi
normalarının, Avropa ölkələrində tətbiq
olunan təməl prinsiplərinə və texniki tələblərinə
uyğun olduğu ifadə edilmişdir.
Z.BƏŞİRQIZI
Xalq qəzeti.- 2009.- 23 may.- S. 5.