RusiyaAvropa Birliyi sammiti başlayıb

 

Dünən Rusiyanın Uzaq Şərqdəki Xabarovsk şəhərində Rusiya ilə Avropa İttifaqının liderləri arasında növbəti 23-cü sammitə start verilib. Sammit zamanı ticarət və enerji məsələləri üstündə mübahisələrin üstünlük təşkil edəcəyi gözlənilir.

Xatırladaq ki, Avropa İttifaqının ən iri ticarət tərəfdaşı olan Rusiyanın idxal olunan bəzi Avropa mallarına vergi rüsumlarının artırması Qərb ölkələrində narahatlıq yaradıb.

Digər tərəfdən, Avropa İttifaqı Rusiyadan enerji asılılığını azaltmaq üçün alternativ enerji təchizatı yollarını axtarmaqdadır. Yəqin ki, yadınızdadır, bu ilin əvvəlində Rusiyanın Ukrayna ilə qaz qiyməti üstündəki mübahisəsi ucbatından milyonlarla avropalı qazsız qalmışdı.

Rusiya ilə Avropa İttifaqı üzvləri arasında müəyyən siyasi gərginlik də mövcuddur. Rusiyalı liderlər sabiq sovet ölkələri ilə yaxın əməkdaşlığa can atan Avropa İttifaqını Avropada yeni bölücü sərhədlər yaratmaqda ittiham edirlər.

Bütün bu fikir ayrılılıqları fonunda Xabarovskda tərəflərin yaxın gələcəkdə sıx iş birliyini nəzərdə tutan qərarlar qəbul edəcəyinə ümidlər azdır. Bununla bərabər, rəsmi Moskvanın Qərb dövlətləri ilə qlobal maliyyə böhranının fəsadlarının aradan qaldırılması istiqamətində birgə əməkdaşlığı gücləndirməyə çalışacağı gözlənilir.

 

 

M. HACIXANLI

 

Xalq qəzeti.- 2009.- 23 may.- S. 6.