Dünya şöhrətli cərrahın 85 illiyi qeyd edilmişdir

 

Müasirimiz. Bu söz son zamanlar kütləvi informasiya vasitələrində, elmi-kütləvi tədbirlərdə, yubiley mərasimlərində və ümumiyyətlə, gündəlik həyatımızda tez-tez işlədilir. Hamı tanınmış siyasətçi, iqtisadçı, elm, səhiyyə, təhsil, ədəbiyyat və incəsənət xadimləri ilə eyni dövrdə yaşamasını fəxrlə dilə gətirir. Elə Azərbaycan tibb elminin patriarxlarından biri, görkəmli pedaqoq, əməkdar elm xadimi, əməkdar həkim, tibb elmləri doktoru, professor, “Şöhrət” ordenli cərrah Bəybala Abbasovun 85 illik yubiley tədbirində çıxış edən çoxsaylı soydaşımız da “müasirimiz” ifadəsini fəxr və iftixarla dilə gətirirdi.

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin vitse-prezidenti, tanınmış tele-jurnalist Qafar Əsgərzadənin ssenarisi və aparıcılığı ilə Rəşid Behbudov adına Mahnı Teatrında keçirilən “Elin loğmanı” adlı yubiley tədbiri SSRİ xalq artisti Zeynəb Xanlarovanın ifa etdiyi “Ay həkim” mahnısının sədaları ilə başlandı. Bu mahnı hələ on illər qabaq bilavasitə tanınmış cərrahın özü haqqında yazılmışdır. Akademik Ziyad Səmədzadə, uroloq alim Südeyif İmamverdiyev, Azərbaycan Dövlət Tibb Universitetinin prorektoru, əməkdar elm xadimi, professor Məmməd Nəsirov, Bakı Dövlət Universitetinin prorektoru, professor Məcnun Babayev, Sosialist Əməyi Qəhrəmanı Ömər Ağayev, Milli Məclisin deputatı Gülər Əhmədova, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, əməkdar bədən tərbiyəsi və idman xadimi, professor Cavanşir Qurbanov, həkim-kardioloq Zöhrə Hüseynzadə, Yasamal və Xızı rayon icra hakimiyyətlərinin nümayəndələri və digər natiqlər çıxış edərək görkəmli cərrahın keçdiyi şərəfli yoldan söz açdılar, maraqlı faktlar barədə xatirələr danışdılar.

Qeyd edildi ki, 1949-cu ildə Azərbaycan Dövlət Tibb İnstitutunu cərrah ixtisası ilə bitirən Bəybala Xutkar oğlu Abbasov elə həmin il Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində fəaliyyət göstərən 6 aylıq ümumi cərrahlıq kursunu da bitirir və beləliklə, müasir Azərbaycan səhiyyəsinin görkəmli nümayəndəsinin elmi-tibbi yaradıcılığı başlanır. Sonralar cərrahiyyənin müxtəlif sahələri üzrə həm elmi-nəzəri, həm də praktiki işlərini uğurla davam etdirən Bəybala Abbasov 7 mindən artıq cərrahi əməliyyat aparmış azsaylı mütəxəssislərdən biridir. 1960-cı ildə “Boyun nahiyyəsində ümumi yuxu arteriyası və onun şaxələrinin xarici yuxu arteriyasının yerini dəyişməklə onların deffektlərinin əvəz edilməsi mümkünlüyü” mövzusunda namizədlik dissertasiyası müdafiə edən gənc azərbaycanlı cərrah hələ elmi ad almazdan qabaq Moskva tibbi ictimaiyyətinin diqqətini çəkmişdi. Belə ki, 1957-ci ildə Moskvada nəşr edilən “Medisinski rabotnik” qəzeti onun haqqında yazdığı məqaləyə “Gənc cərrahın 1000 əməliyyatı” sərlövhəsini vermişdi. Elə səkkiz il sonra 1968-ci ildə Leninqrad Hərbi Tibb Akademiyasında “Qarın aortasının rezeksiyası və plastikası” mövzusunda doktorluq dissertasiyası müzakirə etməzdən qabaq da azərbaycanlı həkimin nailiyyətləri Moskvada yüksək qiymətləndirilmişdi. SSRİ səhiyyə naziri, akademik V.Petrovski Bəybala Abbasovun yaradıcılığını məşhur ABŞ cərrahı M.Debeykiyə təqdim etmiş, o, damar cərrahı kimi məşhur alimlə birlikdə işləməkdən ötrü Amerikaya dəvət edilmişdir. Yaponiya, Hindistan, İran, Bolqarıstan, Macarıstan, Rusiya, Ukrayna, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Tacikistan və bir çox başqa ölkələrdə keçirilmiş konfrans, qurultay və simpoziumlarda Azərbaycanı ləyaqətlə təmsil edən Bəybala Abbasov həm də uzun müddət səmərəli ictimai fəaliyyətlə məşğul olmuşdur.

Tədbirdə akademik Mirəsədulla Mirqasımovun, akademik Böyükkişi Ağayevin, 60 ildən çox ali məktəblərdə üç dildə mühazirələr oxumuş, tanınmış alim Kövsər Tarıverdiyevanın, professor Loğman Məmmədovun və digər görkəmli ziyalıların vaxtilə Bəybala Abbasov haqqında söylədiyi fikirlər səsləndirildi.

Rusiya Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, Rusiya Hərbi Tibb Akademiyasının professoru, general-leytenant A.N.Maksimenkovun azərbaycanlı həmkarı barədə söylədiyi fikirlər isə tədbirə toplaşanları daha çox məmnun etdi: “Bəybala Abbasovun çətin doktorluq dissertasiyası işinin həlli və yerinə yetirilməsi üçün ən azı 10 nəfərlik bir kollektiv lazım idi. Lakin o, öz qaynar enerjisi və böyük zəhməti hesabına bu işin öhdəsindən təkcə gəlmişdir”.

Tədbirdə tanınmış sənət adamlarından Afaq Bəşirqızı, Avtandil İsrafilov, Ənvər Vəliyev, Şəfiqə Eyvazova və başqaları yubilyarı təbrik etdilər, ona öz sənət nümunələrini ünvanladılar.

Sonda 155-ci elmi əsəri üzərində işləyən alim cərrah çıxış edərək tədbirin təşkilatçılarına və iştirakçılara öz minnətdarlığını bildirdi. Daha sonra zalda xalq şairi Cabir Novruzun “Sağlığında qiymət verin insanlara” şeiri mərhum şairin öz səsiylə səsləndirildi.

 

İttifaq MİRZƏBƏYLİ

 

Xalq qəzeti.-2008.-21 noyabr.-S.7.