Arif Məlikov — 75

 

 

          Yubiley tədbirləri davam edi

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il iyun ayının 24-də zəmanəmizin böyük bəstəkarı, SSRİ xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Arif Cahangir oğlu Məlikovun 75 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdır. Sərəncamda deyilir: “Arif Məlikov yaradıcılığı müasir Azərbaycan musiqi mədəniyyətinin parlaq səhifələrindəndir. Onun balet və simfoniyaları, kinofilmlərə və dram tamaşalarına musiqiləri, habelə müxtəlif janrlarda yaratdığı digər əsərləri milli musiqi xəzinəmizin ayrılmaz hissəsini təşkil edir”. Sərəncamda yubileyin keçirilməsi Mədəniyyət və Turizm, Təhsil nazirliklərinə, Azərbaycan Milli Elmlər Akademiyasına həvalə edilmişdir.

Xəbər verdiyimiz kimi, artıq noyabrın 19-dan yubiley tədbirlərinə start verilmişdir. Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında yubileyə həsr olunmuş Beynəlxalq festivalın açılış mərasimi keçirilmiş və burada I simfonik konsert təqdim edilmişdir. Konsertdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri, Xor Kapellası çıxış etmişlər. Dirijor Rauf Abdullayev olmuşdur. Konsertdə bəstəkarın ulu öndərə həsr etdiyi “Əbədiyyət” simfoniyasının təqdimatı olmuşdur.

Heydər Əliyev Sarayında noyabrın 21-22-də Arif Məlikovun ölməz “Məhəbbət əfsanəsi” baleti nümayiş etdiriləcək.

Noyabrın 23-də isə festival çərçivəsində böyük sənətkar Corc Balançinin xoreoqrafiyasından biraktlı baletlərin nümayişi nəzərdə tutulmuşdur. Heydər Əliyev Sarayında keçiriləcək bu tədbir də Arif Məlikovun 75 illik yubileyinə həsr olunur.

Azərbaycan Dövlət Filarmoniyasında noyabrın 24-də II simfonik konsert olacaq. Burada Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestri iştirak edəcək.

Fəxrəddin Kərimovun dirijorluğu ilə noyabrın 26-da keçirilən konsertdə Ü. Hacıbəyov adına Dövlət Simfonik Orkestri III simfoniyanı ifa edəcək. Noyabrın 27-də isə Bakı Musiqi Akademiyasında Arif Məlikovun əsərlərindən ibarət kamera konserti olacaq.

Festivalın maraqlı tədbirlərindən biri noyabrın 28-nə nəzərdə tutulub. Həmin gün Azərbaycan Dövlət Filarmoniyasında Arif Məlikovun estrada mahnılarından ibarət konsert proqramı nümayiş etdiriləcək.

IV simfonik konsert də filarmoniyada noyabrın 30-da olacaq. Arif Məlikovun 75 illiyinə həsr olunmuş elmi konfrans dünən Bakı Musiqi Akademiyasında keçirilmişdir. Çıxış edənlər Azərbaycanın böyük bəstəkarının yaradıcılığından danışmış, onun dünya bəstəkarlıq sənəti tarixindəki mövqeyindən söhbət açmışlar.
Bir məsələni də qeyd edək ki, artıq noyabrın 19-dan filarmoniyada Arif Məlikovun həyat və yaradıcılığını əks etdirən səyyar sərgi açılmışdır. Sərgi noyabrın 30-dək davam edəcək.

Bundan başqa, yubiley tədbirləri ölkənin klub, kitabxana və muzeylərində, uşaq musiqi və incəsənət məktəblərində də qeyd olunacaqdır.

 

M. MÜKƏRRƏMOĞLU

 

Xalq qəzeti.-2008.-21 noyabr.-S.6.