Yeni Azərbaycan Partiyasını həyat özü yaratdı

 

Şəxsi ambisiyalara aludə olan, yüksək vəzifə kürsülərində "mürgüləyən" və Moskvanın diktəsi ilə oturub-duran, gözəl Qarabağı düşmənə təhvil verən Ə.Vəzirov və A.Mütəllibov  səriştəsizliklərini ört-basdır etmək üçün günahkarı kənarda axtarırdılar. Onlar Azərbaycanın taleyüklü problemini kənara qoyub Heydər Əliyevin əleyhinə təbliğat aparırdılar.

Üstəlik, xalq hərəkatının dalğalarında hakimiyyətə gəlmiş AXC liderləri də "Moskva dilli" əbdülrəhmanların, ayazların davamçıları oldular. Onlar Heydər Əliyevin zəngin təcrübəsindən bəhrələnərək, Azərbaycanı düşdüyü böhrandan xilas etmək yolu tutmaq əvəzinə, onu xalqın gözündən salmaq üçün, siyasi arenadan uzaqlaşdırmaq üçün dəridən-qabıqdan çıxdılar. AXC-Müsavat iqtidarı hətta Naxçıvanda hüquqi əsasla mövcud olan hakimiyyəti dəyişmək üçün hərbi müdaxilə cəhdindən belə çəkinmədi. Halbuki, o zaman Heydər Əliyevin Naxçıvan Ali Sovetinin sədri kimi gördüyü işlərin ümumən Azərbaycanın təhlükəsizliyi baxımından çox mühüm əhəmiyyəti var idi.

Heydər Əliyevə qarşı AXC Müsavat hakimiyyətinin naxələfliyi, qərəzli mövqedə dayanması bizi narahat etməyə bilməzdi. Axı, Heydər Əliyev şəxsiyyətinə, dərin zəkasına, dövlətin idarə edilməsində zəngin təcrübəsinə, başlıcası, dünyada titanik gücə malik siyasətinə dərindən bələd idik. Artıq 1992-ci ildə xalqın "əsil adamları" kimi özünü göstərən liderlər hakimiyyətə gələndə xalqı birləşdirmək əvəzinə, "qarşıdurma yarat, parçala, hökm sür" siyasətinə üstünlük verdilər. Bir yandan da torpaqlar əldən gedirdi. Xalqa arxalanan ulu öndərimiz Heydər Əliyev ölkəyə rəhbərlik etməsə də, elə bir partiya yaratmaq qərarına gəldi ki, bu partiya xalqı o vaxtkı iqtidarın törətdiyi bəlalardan qurtara bilsin.

Bu, Yeni Azərbaycan Partiyası olub və 1992-ci ilin noyabrın 21-də Naxçıvanda YAP-ın təsis konfransı keçirildi. Bundan sonra təşəbbüsçülər və təşkilat komitəsi qarşısında daha geniş miqyaslı vəzifə təşkilatlanma və kütləviləşmə mərhələsi dururdu. Düzdür, Heydər Əliyev şəxsiyyətinin işığına toplaşmaq istəyənlərin sayı kifayət qədər idi. Amma o zamankı iqtidarın mexaniki əngəlləri, YAP təşəbbüsçülərinə qarşı təzyiqləri gündən-günə artırdı. Bu çətin şəraitə baxmayaraq bütün bölgələrdə təşkilatlanma gedirdi. Əzizbəyov rayonunda da YAP-ın ilk təşkilatı yarandı. Öndə gedənlərdən biri də mən idim. Fironluq edən cəbhəçilər dərhal bizə qarşı hücuma keçdilər. Səriştəsiz kadr siyasəti yeridən cəbhəçilər öz vəzifəsini düzgün idarə edənləri, işinin öhdəsindən layiqincə gələnləri, bir sözlə, zəngin təcrübə sahiblərinin yerinə idarəçilikdə heç bir təşkilatçılıq qabiliyyəti olmayan çayxana qəhrəmanlarını yerləşdirirdilər. Əlbəttə, bu qara yel bizdən də yan keçmədi. YAP-çı olmağımız bizə baha başa gəlsə də həvəsdən düşmədik. Biz əqidə sahibi olduğumuzu nümayiş etdirə bildik. Daha doğrusu, əqidəmizi vəzifəyə dəyişmədik. Artıq görülən səmərəli işlər nəticəsində 1993-cü ilin əvvəllərində YAP-ın Əzizbəyov rayon təşkilatının təsis konfransı keçirildi. YAP elə bir təşkilatdır ki, onun perspektiv inkişafı heç kimdə şübhə doğura bilməz. Çünki o, kortəbii şəkildə formalaşdırılmış qurum yox, siyasət elminin nəzəri təməlinə söykənən, məramı, məqsədi tam aydın olan bir təşkilatdır. Onun uzun ömürlü olmasına təminat verən əsas səbəblərdən biri xəlqiliyi və dərk olunaraq kütləviləşməsidir. Bunu Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi kursun düzgünlüyü bir daha təsdiq edir. Bir sözlə, partiyanın lideri sadəcə partiya quruculuğu ilə məşğul olmayaraq ən ciddi tələblərə cavab verən mükəmməl siyasi məktəb yaradıb.

Yeni Azərbaycan Partiyası ictimai-siyasi həyatda ölkənin dövlətçilik ənənələrinin qorunmasında, inkişaf etməsində həlledici qüvvəyə malik siyasi təşkilatdır. YAP dövlətimizin varlığını qoruyan, onu XXI əsrdə yeni tarixi eraya doğru aparan xalqımızın ulu öndəri Heydər Əliyev fədailərinin partiyasıdır. Bu partiyanın üzvlərinin əsas məramı Vətənə, millətə, müstəqil Azərbaycan dövlətinə xidmət etməkdir. Öz taleyini YAP-a bağlayanlar səhv etməmişlər. Ötən illər bunu bir daha təsdiqlədi. Azərbaycan iqtidarının daxili və xarici siyasəti ölkəmizə ilbəil uğurlar gətirir. Azərbaycanın dinamik inkişafı davam edir və regionun lider dövlətinə çevrilir.

 

Namiq ƏHMƏDOV,

YAP-ın Siyasi Şurasının üzvü,

Əzizbəyov rayon təşkilatının

sədri

 

Xalq qəzeti.-2008.-23 noyabr.-S. 3.