Dövlət
uşaq müəssisələrindən uşaqların ailələrə
verilməsi üzrə Dövlət Proqramı həyata
keçirilir
Bu günlərdə
"Palace Oteli"ndə "Azərbaycan Respublikasında
dövlət uşaq müəssisələrindən
uşaqların ailələrə verilməsi
(De-institusionalizasiya) və alternativ qayğı Dövlət
Proqramı" çərçivəsində "2009-cu ildə
qarşıda duran vəzifələr" mövzusunda konfrans
keçirilib. Bu məlumatı Təhsil Nazirliyinin mətbuat
xidməti vermişdir. Məlumatda deyilir ki, konfransı
giriş nitqi ilə açan təhsil naziri Misir Mərdanov
müvafiq Dövlət Proqramının əhəmiyyətindən,
onun həyata keçirilməsi istiqamətində
görülən işlərdən, dövlət
qurumları, həmçinin beynəlxalq təkilatlar,
qeyri-hökumət təşkilatları ilə əməkdaşlıqdan
danışıb. Nazir eyni zamanda proqramın icrası istiqamətində
həyata keçirilməsi nəzərdə tutulan məsələlərdən
söz açıb.
Misir Mərdanov
bildirib ki, qeyd olunan proqram çərçivəsində Təhsil
Nazirliyi nəzdində yaradılmış İşçi
Qrup 2007-ci ilin aprel-may aylarında Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyi, Səhiyyə Nazirliyinin
müvafiq əməkdaşları və YUNİSEF-in ekspertləri
ilə birgə 55 dövlət uşaq müəssisəsində
sorğular keçirib. Toplanmış məlumatlar isə
xüsusi kompyuter proqramına işlənib, müəssisələrin
və orada yaşayan uşaqların qiymətləndirilməsi
aparılıb.
Konfransda o da
qeyd olunub ki, İşçi Qrup həmin qiymətləndirmə
əsasında YUNİSEF-in beynəlxalq ekspertləri ilə
birgə dövlət uşaq müəssisələrinin
transformasiyası üzrə Baş Plan hazırlayıb.
Baş Plan növbəti 5 ili əhatə edəcək.
İlkin layihəyə əsasən qarşıdakı 1 il ərzində
12 müəssisənin ümumtəhsil məktəbinə,
lisey və ya gimnaziyaya çevrilməsi
planlaşdırılır. Növbəti 3 il ərzində
20, 5 ildə isə 23 müəssisədə transformasiya
planının həyata keçirilməsi nəzərdə
tutulur. Həmin müəssisələr yerli ehtiyac və
imkanlardan asılı olaraq, təhsil müəssisəsinə,
yaxud günərzi qayğı mərkəzinə çevriləcək.
Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri
Hadı Rəcəbli çıxış edərək
Dövlət Proqramının həyata
keçirilməsində Təhsil Nazirliyinin digər dövlət
qurumları, beynəlxalq təşkilatlarla əməkdaşlığını
yüksək qiymətləndirib. H.Rəcəbli proqramın həyata
keçirilməsi ilə bağlı hazırlanmış
layihə ilə yanaşı, digər təklif və
fıkirlərin də öyrənilməsinin vacibliyini diqqətə
çatdırıb. Konfransda Nazirlər Kabinetinin şöbə
müdiri Qurban Əmirov, YUNİSEF-in Azərbaycandakı
nümayəndəliyinin rəhbəri Məhəmməd
Bendris Alami, "Uşaqların xilası" təşkilatının
rəhbəri Cef Cakomini, Dövlət Proqramı üzrə
yaradılan İşçi Qrupun rəhbəri Məlahət
Hacıyeva və digər şəxslər
çıxış ediblər.
Sonda Misir Mərdanov
yekun nitqi ilə çıxış edib. Nazir öz
çıxışında YUNİSEF-lə əməkdaşlıqdan
razı qaldığını, birgə əlaqələrin
uğurlu nəticələrini qeyd edib. Eyni zamanda, nazir
konfransın materiallarının kitabça şəklində
çap olunub yerlərə çatdırılmasını
tövsiyə edib.
Mehdi MÜKƏRRƏMOĞLU.
Xalq qəzeti.-2008.-23
noyabr.-S.4.