Medal qazanmaq imkanları hələ tükənməyib

 

Əgər Drezdendə tədricən finişə yaxınlaşmaqda olan 38-ci Ümumdünya Şahmat Olimpiadasında ilk istirahət gününədək Azərbaycanın kişilərdən ibarət komandasının işləri bizim arzuladığımız kimi getmişdisə (beş matçda dörd qələbə və bir heç-heçə) bir günlük fasilədən sonra qrossmeysterlərimiz sürəti azaltmışlar. Altıncı turda məğlubiyyətdən sonra növbəti raundda komanda İngiltərə yığması ilə heç-heçə oynamışdır. Əvəzində qadın şahmatçılarımız son iki görüşdə 3 xal qazanmışlar. Ötən turda onlar slovakiyalı rəqibləri ilə matçdan qalib ayrılmış və birdən-birə turnir cədvəlində 13 pillə irəliləmişlər.
Azərbaycan – İngiltərə – 2:2. Şəhriyar Məmmədyarovun (2731) Naycel Şorta (2642) uduzması komandamızın bu matçda heç-heçə ilə kifayətlənməsinə səbəb olmuşdur. Vüqar Həşimov (2703) Devid Houell (2593) ilə görüşdə komanda yoldaşının uğursuzluğunun əvəzini çıxsa da, Teymur Rəcəbovun (2752) Maykl Adamsla (2734), Qədir Hüseynovun (2650) Con Qevayn (2548) ilə xalı yarı bölmələri nəticəsində komandalar matçdan heç-heçə ilə ayrılmışlar.
Hesabat turunda keçirilmiş daha bir neçə görüşdə isə aşağıdakı nəticələr qeydə alınmışdır: Ermənistan—Rusiya—2,5:1,5, Almaniya I — Rumıniya — 2,5:1,5, Çin—Ukrayna —2:2, Hindistan-Fransa—1,5:2,5, İsrail-İspaniya—3:1, ABŞ-Macarıstan—2,5:1,5, Kosta-Rika — Türkiyə—1,5: 3,5, Gürcüstan-Şotlandiya—3,5:0,5.

Finişə dörd tur qalmış lider Ermənistan komandasıdır — 13 xal. Sonrakı üç yeri bölüşdürən Almaniya I, İsrail və Fransa yığmaları ondan 1 xal geri qalırlar. Rusiya, Ukrayna, Çin, Vyetnam və ABŞ şahmatçılarının 11 xalı var. İngilislərlə heç-heçədən sonra bir pillə irəliləyən Azərbaycan komandası 10 xalla turnir cədvəlində onuncu mövqedədir. Daha 14 ölkə, o cümlədən Türkiyə təmsilçiləri də 10 xal toplamışlar.

Dünən keçirilən səkkizinci turda qrossmeysterlərimiz Xorvatiya komandası ilə görüşmüşlər. Xorvatlar yeddinci raundda Litva yığması ilə qarşılaşmış və 2,5:1,5 hesabı ilə qalib gələrək xal ehtiyatlarını 10-a çatdırmışlar.

Onu da qeyd edək ki, Xorvatiya ilə matçadək Azərbaycan komandasında ən yaxşı nəticəni Həşimov göstərmişdi — altı oyunda 4,5 xal. Məmmədyarov yeddi görüşdə 4, Rəcəbov altı, Hüseynov beş oyunda 3,5, Rauf Məmmədov dörd görüşdə 3 xal toplamışdılar.
Azərbaycan—Slovakiya—2,5:1,5. Bizim qızların bu müvəffəqiyyətini Zeynəb Məmmədyarovanın (2351) Yeva Repkova (2400) və Nərgiz Umudovanın (2219) Susana Haqarova (2430) üzərində qələbələri təmin etmişdir. Xəyalə İsgəndərova (2206) Regina Pokornaya (2376) uduzmuş, Nərmin Kazımova (2171) Susana Qreqorova (2163) ilə heç-heçəyə razılaşmışdır.

Slovakiya ilə görüşdə qələbə Azərbaycan komandasına öz turnir vəziyyətini xeyli yaxşılaşdırmaq imkanı vermişdir. Bir tur əvvəl 27-ci yerdə olan yığmamız artıq 10 xalla 14-cü mövqedədir və doqquzuncu yeri tutan Gürcüstan komandasından, habelə daha bir neçə rəqibdən yalnız əlavə göstəricilərə görə geri qalır.
Bu turnirdə lider 13 xala malik Çin şahmatçılarıdır. İkinci yeri 12 xalla Ukrayna komandası tutur. Üçüncü-səkkizinci pillələri hərəyə 11 xal toplayan Rusiya, ABŞ, Macarıstan, Serbiya, Polşa və Hindistan kollektivləri bölüşdürürlər.

Dünən Azərbaycan şahmatçıları Ermənistan komandası ilə görüşmüşlər. Bu matçadək ermənilər də 10 xal toplamışdılar və cədvəldə 13-cü yerdə idilər.


       
Oqtay BAYRAMOV.

 

Xalq qəzeti.-2008.-22 noyabr.-S.7.