Yeni Azərbaycan Partiyasının yaradılmasının
16 illiyi qeyd edilmişdir
YAP Binəqədi rayon təşkilatının
qərargahında partiyanın yaranmasının 16-cı
ildönümünə və 15 oktyabr 2008-ci il tarixində
keçirilən prezident seçkilərinin rayon üzrə nəticələrinə
həsr edilmiş toplantı keçirildi. Yeni Azərbaycan
Partiyasının banisi, ümummilli liderimiz Heydər Əliyevin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
YAP Binəqədi rayon təşkilatının
sədri Nəbi Xəlilov Yeni Azərbaycan Partiyasının
yaranmasının 16-cı ildönümünün tarix
baxımından qısa görünsə də, nəticə
etibarilə böyük bir dövrü əhatə etməsindən
söz açdı və o dövrdə mövcud olan mürəkkəb
siyasi şəraiti, ölkə rəhbərlərinin qətiyyətsizliyi
və səriştəsizliyi nəticəsində
respublikamızın idarəolunmaz həddə çataraq
separatçı qüvvələr tərəfindən
parçalanma vəziyyətinə
çatdırılmasını xatırlatdı. O, qeyd etdi
ki, belə bir vaxtda Azərbaycanın gələcək taleyini
düşünən ziyalı və nüfuzlu şəxslər
vəziyyətdən çıxış yolunu ulu öndərimizin
ətrafında birləşməkdə görərək ona
tarixi bir müraciət ünvanladılar.
Ulu öndərimiz
xalqın müraciətini qəbul etsə də
respublikamızın o dövrdəki rəhbərliyi tərəfindən
onun Bakıya gəlməsinə imkan verilmədi. Buna
baxmayaraq, 1992-ci il, noyabrın 21-də Naxçıvanda ulu
öndərimiz Heydər Əliyevin sədrliyi ilə 550 nəfərdən
ibarət təşəbbüs qrupunun təsis konfransı
keçirildi və Azərbaycanın siyasi həyatında
mühüm hadisəyə çevrilən Yeni Azərbaycan
Partiyası yarandı və bundan 6 ay sonra ümumxalq tələbi
ilə Azərbaycanda siyasi hakimiyyətə gəldi. Qısa
bir zamanda qardaş qırğını, vətəndaş
qarşıdurması və respublikamızın
parçalanması sona çatdı. Ölkəmizdə
sabitlik yaranaraq Azərbaycanın müstəqil dövlət
quruculuğunun əsası qoyuldu, respublikamızın iqtisadi
və siyasi həyatında böyük dönüş
yaranmağa başladı.
Tarixi zərurətdən
yaranmış Yeni Azərbaycan Partiyası bu gün Heydər Əliyev
dövlətçilik və idarəçilik məktəbinin
layiqli yetirməsi, möhtərəm prezidentimiz İlham Əliyevin
sədrliyi ilə müasir dövrün tələblərinə
uyğun şəkildə inkişaf edir və ulu öndərin
parlaq ideyalarının daşıyıcısı kimi
dövlətin daxili və xarici siyasətinin uğurla davam
etdirilməsində böyük rol oynayır.
15 oktyabrda keçirilən
prezident seçkiləri kampaniyasının yüksək səviyyədə
təşkil edilməsində YAP Binəqədi rayon təşkilatında
çox mühüm işlər görüldü.
Partiyanın fəalları tərəfindən seçici
siyahıları üzrə elektorat öyrənildi. YAP mərkəzi
aparatının təlimatına və rayon partiya təşkilatının
tədbirlər planına əsasən rayon üzrə 13
seçki qərargahı yaradıldı. Yerli qərargahların
ərazilərində yerləşən hər bir seçki məntəqəsi
üzrə 1000, 100 və 10 nəfər seçiciyə məsul
şəxslər təyin olundu.
Binəqədi, Biləcəri, Xocasən, Sulutəpə, 28
May qəsəbələrinin, həmçinin 6-cı, 7-ci,
8-ci və 9-cu mikrorayonların ərazilərində
seçicilərlə partiyanın prezidentliyə namizədi cənab
İlham Əliyevin vəkilləri Eldar İbrahimovun, Aydın
Mirzəzadənin, Vasif Məmmədəliyevin, Çingiz
Abdullayevin və Firəngiz Əlizadənin, həmçinin təbliğat
qrupunun üzvləri, rayonumuzun millət vəkilləri Madər
Musayevin və Rəfael Cəbrayılovun iştirakı ilə
çoxsaylı görüşlər təşkil edildi.
Görüşlər zamanı seçicilər tərəfindən
qaldırılan bir sıra problemlər millət vəkillərinin
köməkliyi ilə öz həllini tapdı.
Seçkilərə
hazırlıq işlərinin həyata keçirilməsi məqsədilə
rayonda seçki dairələrindən 2-si üçün
yeni inzibati bina tikildi, 1-nin isə yerləşdiyi bina əsaslı
təmir olundu, 6 seçki məntəqəsinə yeni inzibati
bina tikildi, rayon ərazisində seçicilərin
sayının artması ilə əlaqədar 7 yeni məntəqə
seçki komissiyaları yaradıldı. Dairə və məntəqə
seçki komissiyalarında seçkilərin gedişinə nəzarət
etmək məqsədilə rayon partiya təşkilatı tərəfindən
hər bir dairə və məntəqə seçki
komissiyasına 1 məşvərətçi səs
hüquqlu üzv, hər dairəyə 3, məntəqələrə
isə 6 müşahidəçi, ümumilikdə rayon
üzrə dairə və məntəqə seçki
komissiyalarına 800 nəfərə yaxın məşvərətçi
səs hüquqlu üzv və müşahidəçi təyin
edilmişdi.
Görülən
bütün bu işlərin nəticəsi olaraq rayonumuzda
prezident seçkiləri ədalətli, demokratik, şəffaf
və qanunauyğun şəkildə keçirildi.
N.Xəlilov sonda qeyd etdi
ki, prezident seçkiləri ərəfəsində rayon
partiya təşkilatında təşkilatlanma və partiya
sıralarının artması sahəsində də xeyli
işlər görülmüşdür. Belə ki, bu ilin 10
ayı ərzində 7 ərazi ilk partiya təşkilatı
yaranmışdır ki, onlardan 2-si gənclər ərazi ilk
partiya təşkilatlarıdır. Bu müddət ərzində
1167 nəfər partiya üzvlüyünə qəbul
olunmuşdur ki, onların 80 faizini gənclər təşkil
edir. Seçki ərəfəsində 50-yə yaxın ilk dəfə
səs vermə hüququ qazanan 18 yaşlı gənc partiya
sıralarına qəbul olunmuşdur. Beləliklə, ərazi
ilk partiya təşkilatlarının sayı 197-yə, partiya
üzvlərinin sayı isə 11 minə
çatmışdır. Yeni Azərbaycan Partiyası üzvlərinin
sayının seçkilər ərəfəsində yüksək
templə artımı mühüm siyasi əhəmiyyət kəsb
edərək möhtərəm prezidentimiz İlham Əliyevə
ümumxalq etimadının olduğunu bir daha sübut etdi.
Sonra o, Yeni Azərbaycan
Partiyasının yaranmasının 16-cı
ildönümü münasibətilə, həmçinin
prezident seçkiləri kampaniyasının uğurla başa
çatması, seçkilərdə Yeni Azərbaycan
Partiyasının qazandığı bu böyük qələbə
münasibətilə toplantı
iştirakçılarını təbrik etdi.
Binəqədi Rayon
İcra Hakimiyyətinin başçısı Alı Qocayev
çıxışında YAP-ın yaranma tarixinə ekskurs
etdi. Bu gün əzəməti, gördüyü işlərin
bənzərsizliyi, əhatə dairəsinin genişliyi ilə
və üzvlərinin sayının gündən-günə
artması baxımından analoqu olmayan bir partiya olduğunu
bildirdi. Prezident seçkiləri zamanı rayonun
ayrı-ayrı seçki dairələrində etibarlı
sayılan səslərin 85–92 faizinin cənab İlham Əliyevə
verilməsi faktına toxundu və qeyd etdi ki, YAP öz titanik fəaliyyəti
ilə əbədi bir partiyadır, onun sıraları getdikcə
daha çox möhkəmlənir və biz bundan qürur
duyuruq. O, toplantı iştirakçılarını
YAP-ın yaranmasının 16 illiyi və prezident seçkilərində
qazanılan möhtəşəm qələbə münasibətilə
təbrik etdi.
Millət vəkili Eldar
İbrahimov, YAP Binəqədi rayon təşkilatı idarə
heyətinin üzvü Həsən Mirzəyev, rayon
ağsaqqallar şurasının sədri Məcid Cəlilov
çıxış edərək YAP-ın ölkəmizin
siyasi və mədəni həyatında oynadığı
roldan və qazandığı nüfuzdan
danışdılar.
Toplantının sonunda
partiyaya yeni üzv olanlara vəsiqələr təqdim olundu,
50—60 illik yubileyləri qeyd edilən bir qrup partiya üzvü fəxri
fərmanla təltif edildi və rayon məktəblərinin
yuxarı sinif şagirdləri arasında təşkil edilən
bilik yarışmasının qaliblərinə diplom və hədiyyələr
verildi.
Zərifə BƏŞİRQIZI.
Xalq qəzeti .-2008.-22 noyabr.-S.6.