Gənclərin
dünənə ehtiramı, sabaha inamı güclüdür
Yeni Azərbaycan
Partiyasının yaradılmasının ildönümü
münasibətilə 2 saylı Bakı Tibb Texnikumunda
keçirilən mərasimdə dövlət müstəqilliyimizin
ilk iki ilində ölkəmizin üzləşdiyi tarixi
çətinliklər, ümummilli lider Heydər Əliyevin
xilaskarlıq missiyası diqqət mərkəzində oldu.
Tədbirdə ulu öndərin o tarixi günlərdə
xalqımızın ən sağlam siyasi qüvvələrini
ətrafına toplamaqla yaratdığı Yeni Azərbaycan
Partiyasının sonrakı illərdə dövlətçiliyimizin
möhkəmləndirilməsi yönündə fədakar fəaliyyətindən
söz açıldı.
Texnikumun direktoru Dilarə
Məmmədəliyeva mərasimdə iştirak edən Yasamal
rayon gənclərini, tələbələri, şagirdləri
və qonaqları salamladı, ulu öndər Heydər Əliyevin
ideya və əməllərinin uğurla həyata keçməsi
yolunda öndə gedən Yeni Azərbaycan Partiyasının cəmiyyətdəki
misilsiz rolunu vurğuladı.
Gənclər təşkilatının
rəhbəri Nəzakət İsgəndərova ümummilli
lider Heydər Əliyevin ölkə gənclərinə
göstərmiş olduğu diqqət və
qayğını, onun zəkası ilə yeniləşmiş,
milliləşmiş təhsil sistemimizin uğurlarını qədirbilənliklə
yada saldı, tələbə və məktəblilərin ulu
öndərin ideallarına sədaqət ruhunda
oxuyub-çalışmalarının önəmli olduğunu
söylədi.
Mərasim texnikum tələbələrinin,
2 və 6 saylı musiqi məktəbləri şagirdlərinin
hazırladıqları ədəbi-bədii kompozisiya ilə
davam etdi. Söylənən şeirlərdə, səslənən
musiqi nömrələrində xalqımızın
böyük oğlu Heydər Əliyevin parlaq siması və
tarixi xidmətləri, onun siyasi mübarizə məktəbinin
yetirmələrini və davamçılarını ətrafında
cəmləyən Yeni Azərbaycan Partiyası vəsf olundu. Gənclər
hərarətli bədii çıxışları ilə
müstəqillik tariximizə ehtiramlarını, daha xoş
günlərimizə dərin inamlarını sərgilədilər.
Tahir AYDINOĞLU.
Xalq qəzeti.-2008.-22 noyabr.-S.6.