Azərbaycan
Beynəlxalq Bankı Fars körfəzi bazarına daxil oldu
Azərbaycan Beynəlxalq
Bankının Fars körfəzi regionunda ilk ofisi fəaliyyətə
başlamışdır. Bu münasibətlə Dubay şəhərində
ABB-nin Birləşmiş Ərəb Əmirliyi üzrə
nümayəndəliyinin açılış mərasimi
keçirilmişdir.
Tədbirdə BƏƏ
höküməti, səfirliklər, beynəlxalq təşkilatlar
və maliyyə qurumlarının nümayəndələri,
ABB-nin İdarə Heyətinin sədri C.Hacıyevin
başçılığı ilə bankın rəhbər
heyəti iştirak etmişdir.
ABB digər xarici banklardan fərqli
olaraq, öz nümayəndəliyini Dubayın müstəqil
iqtisadi zonasında deyil, ümumi bazarında
açmışdır. Bu üstünlük nümayəndəliyə
şəraitdən maksimum yararlanmağa və çoxsahəli
layihələrin maliyyələşdirilməsində təşkilatçı
kimi çıxış etməyə imkan yaradacaqdır. Gələcəkdə
ABB Dubay nümayəndəliyini banka çevirməyi
planlaşdırır.
Xatırladaq ki, 2002-ci ildə
Londonda, 2005-ci ildə Frankfurt-Maynda, 2008-ci ilin əvvəlində
Lüksemburqda ABB-nin nümayəndəlikləri fəaliyyətə
başlamışdır. Cari ilin iyul ayında ABB Azərbaycan
banklarının arasında ilk olaraq Nyu-York ofisinin
açılışı üçün ABŞ Federal
Ehtiyatlar Sisteminin Direktorlar Şurasından razılıq əldə
etmişdir.
Hazırda Azərbaycan Beynəlxalq
Bankı Qatar dövlətinin beynəlxalq maliyyə
zonasında törəmə bankının
açılışı ilə əlaqədar
hazırlıq işləri aparır. Fəaliyyət
üçün lisenziya 2009-cu ildə əldə ediləcəkdir.
Qatardakı törəmə bankı ABB Maliyyə Qrupunun
xaricdə sayca üçüncü bankı olacaqdır.
İlk törəmə bank – “ABB-Moskva” 2002-ci ildə fəaliyyətə
başlamışdır. İndi bu bank artıq 12 ofis, Moskva,
Sankt-Peterburq və Yekaterinburq şəhərlərində
filial və şöbələrə malik olan əsaslı
maliyyə institutudur və “Profil” jurnalının 1 sentyabr
2008-ci il tarixinə olan reytinqinə əsasən Rusiyanın
1200-dən çox bankı arasında aktivlərinin həcminə
görə 193-cü yeri tutur.
2006-cı ilin noyabr ayında
ABB 12 mln. lari (7 mln. dollara yaxın) nizamnamə kapitalına
malik olan “ABB–Gürcüstan” törəmə bankını təsis
etmişdir.
Xalq qəzeti.-2008.-22
noyabr.-S.6.