Müasir Azərbaycan
ədliyyəsi Heydər Əliyev qayğısının nəticəsidir
Azərbaycan Ədliyyəsi
özünəməxsus inkişaf yolu keçmişdir.
1918-ci ilin may ayının 28-də Tiflis şəhərində
Qafqaz canişininin iqamətgahında doktor Həsən bəy
Ağayevin sədrliyi ilə Azərbaycan Milli İslam
Şurasının iclası keçirilərək Azərbaycanın
dövlət müstəqilliyinin elan olunması haqqında bəyannamə
qəbul olunmuş və bitərəf deputat Fətəli xan
Xoyski başda olmaqla, Azərbaycan Xalq Cümhuriyyətinin ilk
hökuməti – müvəqqəti hökumət təşkil
edilmişdir. Beləliklə, 28 may 1918-ci ildə Şərqdə
ilk demokratik dövlət – Azərbaycan Xalq Cümhuriyyəti
yaradılmışdır.
Azərbaycan
Respublikasının ədliyyə naziri, Məhkəmə-Hüquq
Şurasının sədri Fikrət Məmmədov “Azərbaycan
ədliyyəsi inkişaf yollarında” məqaləsində
göstərir: “Azərbaycan Demokratik Respublikasında Ədliyyə
Nazirliyi dövlətin yarandığı gün təsis
edilmiş və öz işinə, ilk növbədə, ədalət
mühakiməsinin təşkili ilə
başlamışdır. Eyni zamanda, Azərbaycan Nazirlər
Şurasının qərarları ilə 1918-ci il oktyabr
ayının 1-də Bakı Dairə Məhkəməsinin və
onun tərkibində prokurorluğun fəaliyyəti bərpa
olunmuş, noyabrın 22-də isə Ədliyyə Nazirliyinin Əsasnaməsi
təsdiq edilmişdir”.
Azərbaycan Xalq Cümhuriyyətinin
Nazirlər Şurasının 1 oktyabr 1918-ci il tarixli qərarı
ilə anarxiya dövrünün (Bakı Kommunası
dövrü nəzərdə tutulur - İ.A.) müxtəlif
adlı məhkəmələri və məhkəmə
funksiyalı komissiyaları ləğv edilmiş və həmin
qərarla Bakı Dairə Məhkəməsinin ona tabe olan
idarələri, o cümlədən prokurorluğun fəaliyyəti
bərpa edilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin ədliyyə
naziri Xəlilbəy Xasməmmədovun “Məhkəmə idarələrinin
bərpa olunması haqqında” məruzəsi əsasında
Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası 1
oktyabr 1918-ci il tarixli qərar qəbul etmişdir. Azərbaycan
Xalq Cümhuriyyəti Nazirlər Şurasının 22 noyabr
1918-ci il qərarı ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə
və nazirliyin ştat cədvəli təsdiq edilmişdir.
Təsadüfi deyildir ki, elə
həmin tarix əsas götürülərək ümummilli
lider Heydər Əliyev 11 noyabr 2000-ci il tarixli sərəncamı
ilə hər ilin 22 noyabrının ədliyyə
işçilərinin peşə bayramı günü kimi
qeyd edilməsi qərara alınmışdır .
Çox təəssüflər
olsun ki, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay
yaşamışdır. 1920-ci il aprelin 27-28-də RSFSR beynəlxalq
hüquq normalarını kobudcasına pozaraq, müharibə
elan etmədən öz silahlı qüvvələrinin hissələrini
Azərbaycana yeritmiş, suveren Azərbaycan
Respublikasının ərazisi işğal edilmiş, qanuni
seçilmiş hakimiyyət orqanları zorakılıqla
devrilmiş və Azərbaycan xalqının çox
böyük qurbanlar bahasına qazandığı müstəqilliyinə
son qoyulmuşdur.
1922-ci il dekabrın 30-da SSRİ yaradılmış və
SSRİ-də inqilabi qanunçuluğu möhkəmlətmək
məqsədilə 1923- cü il noyabr ayının 23-də
“SSRİ Ali Məhkəməsi haqqında Əsasnamə” qəbul
edilmişdir. SSRİ MİK və XKS 20 iyul 1936-cı il tarixdə
“SSR İttifaqı Xalq Ədliyyə
Komissarlığının yaradılması haqqında” qərar
qəbul etmişdir.
Qeyd etmək yerinə
düşər ki, keçmiş Azərbaycan SSR- in 1-ci
çağırış Ümumazərbaycan Sovetlər
Qurultayı tərəfindən 19 may 1921-ci ildə təsdiq
olunmuş Konstitusiyasının (Əsas Qanununun) 41-ci maddəsində
Xalq Komissarlığı Sovetinə daxil olan 17 Xalq
Komissarlığından biri kimi Ədliyyə Xalq
Komissarlığının da yaradılması nəzərdə
tutulmuşdu. 31 may 1956-cı ildə keçmiş SSRİ Ədliyyə
Nazirliyi ləğv edilir. Bununla əlaqədar olaraq,
keçmiş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin
7 dekabr 1959-cu il tarixli fərmanı ilə Azərbaycan SSR-in Ədliyyə
Nazirliyi ləğv edilir və fərmanın 2-ci maddəsi ilə
məhkəmə orqanlarının bütün fəaliyyəti
üzərində rəhbərlik və nəzarət etmək,
habelə məhkəmə statistikasını aparmaq Azərbaycan
SSR Ali Məhkəməsinə həvalə edilir.
Sovetlər dönəminin
heç bir konstitusiyasında, o cümlədən
keçmiş Azərbaycan SSR-in konstitusiyalarında
demokratiyanın, hüquqi dövlətin zəruri tələblərindən
biri olan dövlət hakimiyyətinin bölgüsü prinsipi
aparılmamışdı. Yalnız Azərbaycan
Respublikası 18 oktyabr 1991-ci ildə öz tarixi dövlət
müstəqilliyini bərpa etdikdən sonra 12 noyabr 1995-ci ildə
ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul
edilmiş Azərbaycan Respublikası Konstitusiyasının 7-ci
maddəsinin III hissəsində dövlət hakimiyyətinin –
qanunverici, icra və məhkəmə hakimiyyətinə
bölünməsi prinsipi təsbit edilmişdir.
Keçmiş Sovetlər
Birliyində Ədliyyə Nazirliyinin ləğv edilməsinə
heç də müsbət hadisə kimi baxmaq düzgün
olmazdı. Belə ki, Ədliyyə Nazirliyinin ləğvi bu
sahədə dünya ölkələrində yaranmış
mövcud təcrübədən əsassız imtina edilməsi
ilə yanaşı, həmin dövrün sovet rəhbərliyində
olan şəxslərin ölkədəki kriminogen vəziyyətin,
cinayətkarlığın dinamika və strukturunun, o cümlədən
cinayətkarlığın dinamikasında olan artım meyllərinin
düzgün qiymətləndirilməməsindən, əslində,
bu sahədəki real vəziyyətə açıqca göz
yummalarından irəli gəlirdi. Lakin idarəçilik sahəsində
yol verilmiş belə səriştəsizlik və nöqsanlar
həmin dövr sovet rəhbərliyinin fəaliyyətində
yeganə hal olmamışdır.
Yalnız ümummilli lider
Heydər Əliyev 14 iyul 1969- cu ildə respublika rəhbəri
seçiləndən sonra əvvəllər əsassız
olaraq ləğv edilmiş Ədliyyə Nazirliyinin təşkili
və inkişafı üçün, əsl mənada, yeni tərəqqi
dövrü başladı. Keçmiş Azərbaycan SSR Ali
Soveti Rəyasət Heyətinin 27 oktyabr 1970-ci il tarixli fərmanı
ilə Azərbaycan SSR İttifaq – respublika Ədliyyə Nazirliyi
yaradıldı. Həmçinin, keçmiş Azərbaycan
SSR Nazirlər Sovetinin 28 iyul 1972-ci il tarixli 243 ¹-li qərarı
ilə “Azərbaycan SSR Ədliyyə Nazirliyi haqqında Əsasnamə”
təsdiq edildi.
Həmin əsasnaməyə
görə məhkəmələrə təşkilati rəhbərliyi
təmin etmək, bu işin səviyyəsini yüksəltmək,
hakimlərin müstəqilliyi və ancaq qanuna tabe olması
prinsipinə ciddi əməl olunmaqla, ədalət mühakiməsi
məqsədlərinin və məhkəmənin vəzifələrinin
həyata keçirilməsinə hər vasitə ilə
kömək etmək Azərbaycan SSR Ədliyyə Nazirliyinin
başlıca vəzifələrindən biri hesab edilmişdi.
Əsasnamədə, həmçinin,
göstərilirdi ki, Azərbaycan SSR Ədliyyə Nazirliyi məhkəmə
orqanlarında işin təşkilinin vəziyyəti
üçün, hüquq qaydalarının, sosialist
qanunçuluğunun möhkəmləndirilməsi sahəsində
nazirlik sisteminə daxil olan ədliyyə orqanları və
idarələrinin fəaliyyəti üçün partiya,
dövlət və xalq qarşısında məsuliyyət
daşıyır. Keçmiş sovet konstitusiyalarında
göstərilirdi ki, hakimlər müstəqildirlər, ancaq
qanuna tabedirlər. Lakin həyatda bunun əksini görürdük.
Partiya orqanları başda olmaqla, icra orqanlarının,
xüsusilə, mərkəzi icra orqanlarının məhkəmələrin
fəaliyyətinə müdaxilə etmələri adi hal
almışdı.
“Azərbaycan SSR Ədliyyə Nazirliyi haqqında Əsasnamə”sinə
görə məhkəmələrə təşkilati rəhbərliyi
təmin etmək, bu işin səviyyəsini yüksəltmək
gostərişi ilə hakimlərin müstəqilliyi və
ancaq qanuna tabe olması prinsipi ziddiyyət təşkil edirdi.
Belə ki, məhkəmələrə təşkilati rəhbərlik
etmək funksiyası ilə hakimlərin müstəqilliyi və
ancaq qanuna tabe olması prinsipi heç bir halda bir araya
sığmırdı.
Azərbaycan Respublikası
(18 oktyabr 1991-ci il) öz tarixi dövlət müstəqilliyini
bərpa etdikdən sonra ümummilli lider Heydər Əliyevin sədrliyi
ilə layihəsi hazırlanmış müstəqil dövlətimizin
ilk Konstitusiyasının 12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi
(referendum) yolu ilə qəbul edilməsi xalqımızın
tarixində ən parlaq səhifələrdən biridir. Bundan
sonra isə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən
10 iyun 1997-ci il tarixli “Məhkəmələr və hakimlər
haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul
edilmiş və sonrakı illərdə həmin qanuna bir
sıra mühüm dəyişikliklər edilmişdir.
Respublikamızda aparılan
hüquqi islahatlar, onun tərkib hissəsi olan məhkəmə-hüquq
islahatının keçirilməsi ilə əlaqədar
olaraq, ölkəmizdə yeni hüquqi təsisat – Məhkəmə-Hüquq
Şurası yaradılmışdır. Belə ki, Azərbaycan
Respublikası Milli Məclisi tərəfindən 28 dekabr
2004-cü il tarixli “Məhkəmə-Hüquq Şurası
haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilmiş
və sonradan həmin qanuna bir sıra mühüm əlavə
və dəyişikliklər edilmişdir. Hazırda Məhkəmə-Hüquq
Şurası tam müstəqil orqan kimi fəaliyyət
göstərir. Belə ki, qanunun 4.1-ci maddəsinə əsasən,
Məhkəmə-Hüquq Şurası daimi fəaliyyət
göstərən müstəqil orqandır və təşkilati,
maliyyə, habelə hər hansı başqa cəhətdən
qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarından, yerli özünüidarə orqanlarından
habelə hüquqi və fiziki şəxslərdən
asılı deyildir. Ədliyyə işçilərinin, həmçinin,
hakimlərin ixtisaslarının artırılması,
onların ilkin və davamlı tədrisi işi də ədliyyə
orqanları tarixinin ayrılmaz tərkib hissəsi kimi
özünəməxsus inkişaf yolu keçmişdir.
Hələ 1919-cu ilin iyununda
gənc kadrların hazırlanması üçün Məhkəmə
Palatası yanında 6 aylıq hüquq kursları
açılmışdır. Həmin kurslarda məşğələləri
palatanın sədri və prokuroru aparırdılar. Kursu
bitirmiş ilk 11 nəfər gəncdən 9 nəfəri
ştatlı vəzifəyə təyin edilmişdir.
Bunun kifayət etməyəcəyini əsas tutan palatanın sədri
Ədliyyə Nazirliyinə daha geniş proqramlı kurslar təşkil
edilməsini təklif edir və 1919-cu ilin dekabr ayının
22-də Azərbaycan Xalq Cümhuriyyətinin Məhkəmə
Palatasının sədri tərəfindən ədliyyə
nazirinə “Müvəqqəti hüquq kurslarının təsis
edilməsi haqqında” qanun layihəsi təqdim edilir. Layihədə
göstərilirdi ki, orta təhsil məktəblərinin ən
azı altı sinfini bitirmiş və məhkəmələrdə
xidmət keçmək arzusunda olan Azərbaycan vətəndaşlarının
hazırlığı üçün Ədliyyə Nazirliyi
nəzdində altı aylıq müvəqqəti hüquq
kursları təsis edilsin.
Sonralar keçmiş Azərbaycan
SSR Ədliyyə Nazirliyi ləğv edildikdən sonra hakimlərin
ixtisasının artırılması vəzifəsi respublika
Ali Məhkəməsinə həvalə edilir. Keçmiş
sovet orqanları üçün hüquq kadrlarının
hazırlanması işini yaxşılaşdırmaq
üçün SSRİ Nazirlər Soveti “Sovet orqanları
üçün hüquq kadrlarının hazırlanması
haqqında” 28 avqust 1986-cı il tarixli, bunun əsasında isə
Azərbaycan SSR Nazirlər Soveti eyni adlı 4 oktyabr 1986-cı
il tarixli qərarlar qəbul etmişdir. Həmçinin,
keçmiş SSRİ Ədliyyə Nazirliyi tərəfindən
Bakı şəhərində respublika ədliyyə
işçilərinin ixtisasartırma kurslarının
bazasında Ədliyyə Nazirliyi nəzdində Hüquq
Kadrlarının Təkmilləşdirilməsi İnstitutunun
yaradılması barədə təklif irəli
sürülmüş və Azərbaycan SSR Nazirlər
Sovetinin “Azərbaycan SSR Ədliyyə Nazirliyi nəzdində
Hüquq Kadrlarının Təkmilləşdirmə
İnstitutunun yaradılması haqqında” 22 mart 1989-cu il
tarixli 133 ¹-li qərarı qəbul edilmişdir. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2 iyun 1992-ci il tarixli 351 ¹-li
qərarı ilə Hüquq Kadrları Təkmilləşdirmə
İnstitutuna Azərbaycan Xalq Cümhuriyyətinin ilk Ədliyyə
naziri Xəlilbəy Xasməmmədovun adı verilmişdir.
Azərbaycan Respublikası
Prezidentinin 14 may 1999-cu il tarixli sərəncamı ilə Azərbaycan
Respublikasında yeni məhkəmə sisteminin
formalaşdırılması, hakimlərin və hakim vəzifəsinə
namizədlərin, ədliyyə orqanlarında
çalışan hüquq kadrlarının peşə
hazırlığının artırılması, habelə
hüquq sahələrinə dair elmi tədqiqatların
aparılmasının təmin edilməsi məqsədilə,
bu institutun əsasında Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi yanında Hüquq Tədris Mərkəzi
yaradılmışdır. Ölkəmizin 2001-ci ilin yanvar
ayında Avropa Şurası kimi mötəbər quruma
tamhüquqlu üzv seçilməsi və respublikada
aparılan məhkəmə-hüquq islahatlarının nəticəsi
olaraq, hakimliyə namizədlərin ilkin
hazırlığı və hakimlərin davamlı tədrisi
işini Avropa standartlarına uyğunlaşdırmaq, məhkəmə
hakimiyyətinin müstəqilliyini daha da möhkəmləndirmək
məqsədilə, 2007-ci ildə bu işin aparılması
üçün hakimliyə namizədlərin, hakimlərin və
dövlət ittihamını müdafiə edən
prokurorların tədrisi ilə bağlı Məhkəmə-Hüquq
Şurasının tərkibində tədris sektoru
yaradılmışdır.
“Azərbaycan
Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi
və “Azərbaycan Respublikasının bəzi qanunvericilik
aktlarına dəyişikliklər və əlavələr
edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin
19 yanvar 2006-cı il tarixli fərmanının 4.2-ci maddəsində
ali hüquq təhsili almış şəxslərin
ixtisasları üzrə müəyyən vəzifələrə
təyin edilmələri üçün peşə səviyyəsinin
yüksəldilməsi məqsədilə Ali Ədliyyə Məktəbinin
yaradılması nəzərdə tutulmuşdur. Həmçinin,
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Ədliyyə
orqanlarının inkişafı haqqında” 17 avqust 2006-cı
il tarixli fərmanı ilə Ədliyyə Nazirliyi yanında
Hüquq Tədris Mərkəzi əsasında Ədliyyə
Akademiyasının yaradılması qərara
alınmışdır.
Hazırda Ədliyyə
Akademiyasının nizamnamə və ştat cədvəlinin
layihələri barədə təkliflərimiz bir neçə
variantda hazırlanaraq Ədliyyə Nazirliyi rəhbərliyinə
təqdim edilmişdir. 2001-ci ildən 2008-ci ilin birinci yarimilinə
kimi 3800- dən artıq dinləyici bu qurumda ixtisasartırma
kurslarına cəlb olunmuşlar.
Ədliyyə Akademiyasında tədrisin müasir tələblər
səviyyəsində təşkil edilməsi
üçün onun maddi-texniki bazasının möhkəmləndirilməsinə
ciddi ehtiyac vardır. Bu qurumda 10 min nəfərə yaxın ədliyyə
işçisi ixtisasartırma kursu keçəcək, ona
görə də Ədliyyə Akademiyasının faydalı
sahəsi 5000 kv.m. olan beşmərtəbəli bina ilə təmin
edilməsinə xüsusi ehtiyacı vardır.
Xalqımız 18 oktyabr 1991-ci
ildən öz tarixi dövlət müstəqilliyini bərpa
etdikdən sonra ümummilli lider Heydər Əliyevin rəhbərliyi
ilə ölkəmizin ictimai-siyasi həyatının
bütün sahələrində əsaslı sosial-iqtisadi,
hüquqi, o cümlədən, məhkəmə-hüquq
islahatları həyata keçirilmişdir. Hazırda bu
islahatlar Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin
rəhbərliyi ilə uğurla davam etdirilir. Ümummilli lider
Heydər Əliyevin idarəçilik məktəbinin layiqli
davamçısı, onun müdrik, uzaqgörən və
çevik xarici və daxili siyasətini özünün siyasi
kursu elan etmiş, xalqımızın layiqli oğlu Prezident
İlham Əliyevin 15 oktyabr 2008-ci il tarixdə seçicilərin
mütləq əksəriyyətinin səs çoxluğu ilə
yenidən ölkə başçısı vəzifəsinə
seçilməsi bizim gələcəyə
inamımızı daha da artırır.
İlham ABBASOV.
Ədliyyə Nazirliyi Ədliyyə
Akademiyasının direktoru
əvəzi, baş ədliyyə
müşaviri,
prokurorluğun fəxri işçisi
Xalq qəzeti.-2008.-22 noyabr.-S.5.