Ədliyyə sistemi böyük inkişaf yolundadır

 

Şərəfli və mürəkkəb yol keçmiş Azərbaycan ədliyyəsi 90 illik yubileyini qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, 1918-ci il noyabrın 22-də müstəqil ölkəmizin ilk Ədliyyə Nazirliyinin əsasnaməsi təsdiq edildi. Lakin bu dövlət cəmi 23 ay yaşadı və Azərbaycanda ədliyyə sisteminin təşəkkülü dayandı. Sovet dövründə müxtəlif fasilələrlə fəaliyyət göstərən bu qurum yalnız 1970-ci ildə ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana birinci dəfə rəhbərlik etdiyi dövrdə bərpa edildi, oktyabrın 27-də ölkəmizdə Ədliyyə Nazirliyi yenidən fəaliyyətə başladı.

Bununla da ədliyyə sisteminin inkişafı üçün böyük imkanlar açıldı. Qeyd edək ki, bu dövrdə ölkəmizdə notariat və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı şöbələrinin fəaliyyəti üçün də münbit zəmin yarandı. Azərbaycanın o dövrdə bütün sahələrdəki uğurlarının səbəbi, əlbəttə, ümummilli liderimiz Heydər Əliyevin titanik əməyi, möhkəm iradəsi və doğma xalqını dərindən sevməsində idi. Lakin 1991-ci ildə dövlət müstəqilliyini əldə etdikdən sonra ölkəmizə rəhbərlik edənlərin səriştəsizliyi üzündən Azərbaycan nəinki bu müstəqilliyi qorumaq iqtidarında oldu, hətta dövlətçiliyini itirib dünya xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı.
Belə bir şəraitdə Azərbaycan xalqı bütün həyatını doğma Vətəninin çiçəklənməsinə və millətinin xoşbəxtliyinə həsr etmiş, dahi insan Heydər Əliyevi xilaskar kimi təkidlə hakimiyyətə gətirdi. Böyük siyasətçi və misilsiz vətənpərvər qısa müddətdə ölkəmizdə sabitliyə nail oldu və Azərbaycanı parçalanıb dağılmaqdan xilas etdi. Ümummilli liderimiz dövlət quruculuğu kimi ağır və taleyüklü məsələlərin həllinə və o cümlədən hüquqi islahatlara başladı.

1995-ci il noyabrın 12-də dövlətin və cəmiyyətin idarə edilməsi üçün demokratik, sivil, hüquqi dövlət quruculuğunun bütün tələblərinə cavab verən ilk milli Konstitusiyamız qəbul edildi. Milli və bəşəri dəyərlərlə zəngin, qayəsi insan hüquq və azadlıqlarının təminatının müdafiəsi olan Əsas Qanun ölkəmizin demokratik şəraitdə inkişafa gedən yolunun əsasını qoydu. Nəticədə, insan hüquq və azadlıqlarının qorunması sahəsində yeni qanunların qəbul edilməsinə, hüquqi islahatların vüsət almasına şərait yarandı, ədliyyə və məhkəmə sistemi ilə bağlı ardıcıl və səmərəli tədbirlər həyata keçirilməyə başlandı. Ədliyyə Nazirliyinin işinin müasir tələblərə uyğun qurulması yönündə məqsədəuyğun fəaliyyət başlandı. Nazirliyin səlahiyyətləri artırıldı və bu sistemdə lazımi islahatlara start verildi. Əhaliyə hüquqi xidmətin daha da yaxşılaşdırılması üçün yeni strukturlar yaradıldı.

Bu uğurları əldə etməyimiz və bütün sahələrdə sürətli inkişafa nail olmağımızın yeganə səbəbi ulu öndərimiz Heydər Əliyevin Azərbaycanın inkişafına və xoşbəxt gələcəyinə yönəlmiş siyasəti və həmin yolun bu gün möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük əzmkarlıqla davam etdirilməsindədir. Ulu öndərimiz Heydər Əliyevin hüquq sahəsində başladığı islahatlar 2003-cü ildən sonra dövlət başçımız İlham Əliyev tərəfindən uğurla davam etdirildi. Möhtərəm Prezidentimizin 2006-cı il 18 aprel tarixli fərmanı ilə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi haqqında Əsasnamə” təsdiq edildi. Həmin ilin may ayında dövlət başçımızın təşəbbüsü əsasında “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Qanun qəbul edilmişdir. Nazirliyin yeni funksiya və səlahiyyətlərini və onun cəmiyyətimizdəki rolunu əks etdirən və bütün ədliyyə sistemi üçün müstəsna əhəmiyyətə malik olan bu tarixi sənədlər bütün ədliyyə işçilərində böyük minnətdarlıq hissləri doğurmaqla yanaşı, onların üzərinə yeni məsul vəzifələr qoydu.

2006-cı il avqustun 17-də Prezident İlham Əliyevin “Ədliyyə orqanlarının inkişafı haqqında” fərmanı imzalaması və nazirliyin tam strukturunun təsdiq edilməsi Azərbaycan ədliyyə sisteminin təkmilləşməsi və inkişafında yeni və mühüm mərhələ oldu.

Hazırda Ədliyyə Nazirliyi qarşısında ədliyyə sahəsində vahid dövlət siyasətinin formalaşmasında fəal iştirak və bu siyasəti həyata keçirmək, hüquq-mühafizə fəaliyyətini həyata keçirmək, qanunvericilik aktları layihələrini hazırlamaq, notariat fəaliyyətini təşkil etmə, normativ hüquqi aktların və aktların hüquqi ekspertizasını keçirmək, əhalinin dövlət reyestrini aparmaq, qanunvericiliyə uyğun olaraq müvafiq məhkəmələrin fəaliyyətinin təşkilati təminatını həyata keçirmək, məhkəmə qərarlarının icrasını təmin etmək, penitensiar müəssisələrin fəaliyyətini təşkil etmək və onlara nəzarət, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək, məhkəmə ekspertizalarının keçirilməsi və qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərmək kimi vəzifələr durur. Prezidentin ədliyyə sahəsindəki fərman və sərəncamlardan, normativ-hüquqi aktlardan irəli gələn vəzifələrlə bağlı tədbirlər ədliyyə naziri cənab Fikrət Məmmədovun rəhbərliyi ilə ardıcıl və vaxtında yerinə yetirilir.

Ədliyyənin bütün sahələrində olduğu kimi, notariat orqanlarında da işin keyfiyyət və səmərəliliyini yüksəltmək, insanlarımıza hüquqi xidmətin səviyyəsini artırmaq məqsədilə zəruri işlər həyata keçirilir. Hazırda bütün notariat kontorları kompyüterləşdirilib, kargüzarlıq işləri daha səmərəli üslubda qurulub. Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi fəaliyyətimizin keyfiyyətcə yüksəldilməsi üçün bizə lazımi kömək göstərir.

Ulu öndərimiz, müasir Azərbaycan dövlətinin banisi və xilaskarı, ümummilli liderimiz Heydər Əliyev ilk müstəqil dövlətimizin Ədliyyə Nazirliyinin yarandığı günü — 22 noyabrı 2000-ci il 11 noyabr tarixli sərəncamı ilə Ədliyyə İşçiləri Günü kimi təsdiqləmişdir. Bu günlərdə Azərbaycanın ədliyyə orqanlarının 90 illiyini də böyük sevinc və fəxrlə qeyd edirik. Azərbaycan ədliyyəsinin yubileyini qeyd etdiyimiz 2008-ci il həm də oktyabrın 15-də keçirilmiş prezident seçkiləri ilə əlamətdardır. Həmin gün xalqımız böyük ruh yüksəkliyi və mütəşəkkilliklə möhtərəm İlham Əliyevi dəstəklədi və onun yeni müddətə dövlətimizə rəhbərlik etməsini reallaşdırdı.

Ölkəmizdəki hərtərəfli inkişaf, bütün sahələrdə əldə edilən uğurlar, Azərbaycanın bölgəmizin lider dövlətinə çevrilməsi Heydər Əliyev siyasi kursuna və bu xətti böyük uğurla davam etdirən Prezident İlham Əliyevə alternativ olmadığını bariz nümayiş etdirir. Şərəfli tarixə malik Azərbaycanın ədliyyə orqanlarının işçiləri 90 illik yubileylərini bütün bunlara görə böyük qürur və ruh yüksəkliyi ilə qeyd edirlər.


          Rəşadət SADIQOV,

          Bakı şəhəri 9 saylı Dövlət

          Notariat Kontorunun Dövlət

          notariusu, ədliyyə müşaviri

 

         Xalq qəzeti.-2008.-22 noyabr.-S.5.