Özünü sözə çevirən şairin poetik dünyası

 

  Sabir Sarvanın bu yaxınlarda işıq üzü görmüş kitabı “Özümü sözə çevirdim” adlanır. Kitabı vərəqlədikcə şahidi olursan ki, “Özümü sözə çevirdim” ideonimi Sabir Sarvanın təkcə bir şeirinin yox, bütövlükdə onun duyğu və düşüncələrinin ifadəsidir, şeirlərinin mövzu dairəsindən doğan məntiqi nəticədir. Həm də bu ideonim sözü müqəddəs bir ilahi varlıq, ruh kimi dəyərləndirilən böyük Füzulinin “Can sözdür, əgər bilirsə insan, Sözdür ki, deyirlər, özgədir can” misralarının semantikası ilə səsləşir.

  Kitabdakı şeirlər mövzu baxımından rəngarəng olsa da, daha çox dərd, kədər, qəm üstə yoğrulub. “Sinəmin küləklə, dizimin daşla, Başımın buludla davası qalıb”, - deyən şair bu dünyaya yenidən gəlmək, həyatı yenidən yaşamaq istəyir ki, edə bilmədiklərini reallaşdırsın, bu dünyadan doyunca zövq ala bilsin, dərdi də, kədəri də sevinclə yaşaya bilsin:

            Nə varsa ötərgi, nə varsa yüyrək,
            Gedək, bu dünyaya təzədən gələk.
            Göz görən yerdə də deyil bu ürək,
            Baxam harası yox, harası qalıb.

 

Bəzən isə bunun tam əksini düşünərək ziddiyyətli fikirlər burulğanında çırpına-çırpına qalır: “Bir də istəmirəm ikinci ömrü, Bir ömrü yaşamaq zülümdü, dərdiş”; “Gedib bir də gəlimmi mən? Yaşaya bilmirəm daha”, - deyərək haray çəkir. Hətta ”Yaşıdım bina” şeirində intihar barədə düşündüklərini poetik şəkildə ifadə etməkdən də çəkinmir.

Sabir Sarvanın “Çaldıran ağrısı” şeiri bütün parametrlərinə görə Çaldıran döyüşünə həsr edilmiş sanballı əsərlər silsiləsinə daxil ola bilir. Şair türk ellərinə sarsıdıcı zərbələr vuran Çaldıran müharibəsinə adi döyüşlərdən biri kimi baxa bilmir, onu ağrı ilə, dərdlə qələmə alır, ”Vay o günə, dəli başla, Üstünə qardaş yerisin”, - deyərək qardaş qırğınını lənətləyir, onun bir daha yaşanmaması üçün həyəcan təbili çalır:

       Oyan gürzünə tarixin,
       Çaxıl gözünə tarixin,
       Tüpür üzünə tarixin,
       Qoyma bu vərdiş yerisin.

 

Şair ikiyə bölünmüş Vətənin hər gecəsinin itik, hər səhərinin qanla dolu olduğunu ürək ağrısı ilə ifadə etsə də, pessimizmə qapılmır, əksinə, döyüşə, mübarizəyə hazır olduğunu xüsusi olaraq qabardır:

        Gərək qan bağlaya şairin sözü,
        Şair əllərini qandan gen tutub.
        Gör hansı zamandı,
        gör hansı vaxtdı
        mən qana çapıram, məni qan tutub.

 

Sabir Sarvanın bir şair, insan, şəxsiyyət kimi böyüklüyünü təsdiqləyən detallar çoxdur. Məsələn, həssas qəlbli şairin çiçəyi dolu döymüş çəmənlikdədir, çörəyi daş yarmaqdan çıxır, ürəyi igid öndən tərkə, qarışqa bərkə, haqqa kölgə düşən yerdədir. Bu ruh, əsl insani hisslər onun şeirlərinin ana xəttində - nüvəsində dayanır.
Şairin sevgidən, məhəbbətdən bəhs edən şeirləri kitabın “Nələr çəkdim” bölməsində verilib. “Sevdiyimə yazılan şeir”, “Rəqqasə”, “O qızın üzütək” və s. kimi şeirlərdəki obrazlar sənətkarlıqla yaradılıb, sevən qəlbin hicranı da, vüsalı da poetik şəkildə işıqlandırılıb. Şairin lirik məni alagözlü, aypara qaşlı gözələ görə yıxılıb ölməyi hər şeydən üstün tutur. Bəllidir ki, fəxriyyə janrı, əsasən, orta əsrlərlə bağlıdır və bu tip şeirlərdə şairlərin öz bilik, istedad və qabiliyyətləri tərənnüm edilir. Sabir Sarvanın da fəxriyyəsi var, amma onun yaratdığı fəxriyyə formaca klassik ədəbiyyatımızdakı fəxriyyələrdən kəskin şəkildə fərqlənir. Məzmun baxımından isə onlarla eyni xətdə birləşir. Məsələn, Nizami Gəncəvi ”Sözün aləmində ancaq mənəm öz sözümdə möhkəm, Hünərim bu padşahlıq qapısında hökmrandır", - deyirsə, Sabir Sarvan da şeirlərinin bədii çəkisini, sanbalını dəqiq bildiyi üçün onlara yüksək qiymət verməkdən çəkinmir və cəsarətlə deyir ki, yazdığı dan üzüdür, nur kimi təzədir, onu gədələr yox, paşalar, xanlar dəyərləndirə bilər:

        Nur kimi təzədi - vədələr bilməz
        tənqiddən-təftişdən hədələr bilməz.
        Yüz eynək dəyişsin, gədələr bilməz
        Paşa, xan sözüdü mənim yazdığım.

 

Yeri gəlmişkən, bu misraların semantik yükü türkologiyanın bahadırı adlanan Mahmud Kaşğarinin öz əsəri (“Divanü lüğat-it-türk”) barədə dediyi “Mən bərabəri olmayan bir əsər yaratmışam” fikri ilə səsləşir.

R.Rza, H.Əfəndi, M.Nağı kimi sənətkarların xatirəsinə həsr etdiyi şeirlərdə Sabir Sarvan fərdi ünvanlı şeirlərin ruhuna ictimai məna verməyi bacaran bir şair təsiri bağışlayır. Mətləb Nağının ruhuna və qələminə hörmətlə yazılmış “En uca dağlardan” şeiri də dediklərimizi arqumentləşdirir:

         Mənim gözəllərlə nə işim vardı,
         Məhəbbət sarıdan gözüm tox idi.
         Sənə tuş gəlincə, səni tapınca
         Başın qarışmışdı, yaşım qırx idi.

 

Eyni fikri Sabir Sarvanın epiqraflı şeirləri haqqında da demək mümkündür. Belə ki, şair epiqrafları şeirlərinin forması və daha çox da məzmununa uyğunlaşdırmağı bacarmışdır.

Sabir Sarvan Azərbaycan şifahi və yazılı ədəbiyyatından ustalıqla bəhrələnən sənətkarlardandır. Şairin “Gözləyib cücəni sayaq payızda”, “Bu köhnə məsəldi: təpə dağ olmur” misraları folklorumuzla bağlanırsa, onun “Dəli şeytan deyir ki” misrası S.Ə.Şirvaninin, “Yuvasından dərbədər” misrası isə birbaşa M.Ə.Sabirin yaradıcılığından süzülüb gəlib. Amma bu da var ki, Sabir Sarvan həmin misraları eynilə təkrarlamır, onlara yeni nəfəs verir, ustadlarına istinad edə-edə özü ustada çevrilir. Bu, “Dəli şeytan deyir ki” şeirində aydın şəkildə müşahidə olunur:

        Dəli şeytan deyir ki,
        unut pisləri
        Vurul bu qarı dünyaya
       Ya sevinsin bəxtinin açıldığına,
       Ya da qalsın deyinə-deyinə.

 

Kitabın ön sözündə Məmməd Aslan Sabir Sarvanın poetik dilinin ilkin konturlarını cızaraq yazır: “...söz də söz gətirər; fikir fikri şərtləndirər; sözün bağrından puçurlayıb söz qalxar. Lap ağac kimi, çinarın özü kimi qalxar. Sabir Sarvanın bir çox şeirlərində elə sözün nüvəsində çox kiçicik bir işartı, başqa sözlə desək, darı boyda bir toxum dayanır”. Məmməd Aslanın bu fikri istisna olunarsa, Sabir Sarvan poeziyasının dili demək olar ki, araşdırılmayıb.

Frazemlər Sabir Sarvanın şeirlərində sanki dil açıb danışır. Aranı dağa daşımaq (“Aranı dağa daşıdım”), dili yağır olmaq (“Çağırmaqdan yağır oldu, Dilim səni, dilim səni”), ürəyinin içini yemək (“Bərəkətli əlləri qoynunda, ürəyinin içini yeyir”) və s. kimi vahidlər Sabir Sarvanın poeziyasının bəzəyidir. Frazemlərin bir bənd daxilində silsilə şəklində işlənməsi isə bir tərəfdən şairin poetik dilini zənginləşdirən detallar kimi çıxış edirsə, digər tərəfdən onun qələminin itiliyini, bənzərsizliyini təsdiqləyir. Nümunə kimi aşağıdakı bəndi təqdim edirik:

        Tüstüsü başdan çıxan,
        Başı min işdən çıxan,
        İşləri daşdan çıxan,
        Sənin oğlundur, ana.

 

Şairin yaratdığı məcazlar bütün müstəvilərdə gözəl görünür, poetik səslənir. Onun dilində təsadüf olunan məcazların hər biri, obrazlı desək, bir əsər təsiri bağışlayır. Bu tip vahidləri aşağıdakı kimi sistemləşdirmək olar:

Epitetlər - tumurcuq baxış, tumurcuq göz (“Tumurcuq baxışın, tumurcuq gözün Açılır çiçəktək heyrətdən onda”), sərxoş könül (“Sərxoş könlüm sevdalardan ayrılmaz”), tüstülü xatirələr (“bizdən tüstülü xatirələr”);

Təşbehlər - ürəyi yarpaqtək əsmək (“ürəyim sonuncu yarpaqtək əsir”), dildə bal kimi qərar tutmaq (“Sən mənim acı dilimdə Bal kimi qərar tutmusan”);

Metaforalar - üşüyən budaqların gün axtarması (“Gör hansı fəsildə durub gəlmisən, üşüyən budaqlar gün axtaranda”), daşın sulara qoşulub oxuması (“Dodağı çırtlayan qönçə nəğmədi. Qoşulub sulara daş da oxuyur”);

Mübaliğələr - “Bir sözün bağrımda min milə taydı, Necəsən, dərdimi deyəm, Dağ ərisin, daş yerisin;”

Litotalar – “Kəpənəkdən yüngüldür narın, məxmər yerişi”;

Təqdim etdiyimiz nümunələrin hər biri zahiri təmtəraqdan, sözçülükdən uzaqdır. Burada B.Vahabzadənin öz şeirləri haqqında dediyi bir fikri xatırlatmaq yerinə düşür: “duyduğum, hiss etdiyim, bildiyim aləmdən yazanda isə dəbdəbəli sözlərə, təmtərağa uymadan sadə sözlərlə obyektin mahiyyətinə enir, qısa, aydın şeirlər yaza bilirəm”. Sabir Sarvan da məhz duyduğunu, bildiyini yazan şairlərdəndir;

“Özümü sözə çevirdim” kitabında rast gəlinən arxaizmlərin hər biri mətn daxilində bədii dəyərə, poetik çəkiyə malikdir: suç (“Keçsən torpağın yansın müxənnətin suçundan”), yağı (“Ellərinə dərd verdi, yağılara fürsəti”), bulmaq (“Quş olub göylər gəzirəm, Bulum səni, bulum səni”);

Sabir Sarvanın poetik dilindəki bədii təzadlar özünəməxsusluğu ilə seçilir. “Ağ alnında qara qada, Əvvələ sondan baxıram”. Hətta şairin iki misra daxilində işlətdiyi sözlərin hamısının bir-biri ilə antonimlik təşkil etməsinə, bədii təzad yaratmasına da rast gəlinir. Məsələn, “Aşağıdan yer qalxıb, Yuxarıdan göy enib” (aşağı-yuxarı, yer-göy, qalxmaq-enmək).

Sonda kitabın müəllifinə yeni yaradıcılıq uğurları diləyərək qeyd etmək istəyirik ki, Sabir Sarvanın poeziyası geniş və sistemli tədqiqini gözləyir.

 

Əzizxan TANRIVERDİ.

filologiya elmləri doktoru, professor

 

Xalq zeti.-2008.-25 noyabr.-S.7.