İctimai siyasətdə vətəndaşların iştirakını necə gücləndirməli?

 

Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) “Vətəndaşların qanunvericilik prosesində iştirakı: Avropanın ən mükəmməl təcrübələrinə qısa ekskursiya” mövzusunda beynəlxalq seminar keçirdi. Tədbirdə Qeyri-Kommersiya Hüququ üzrə Avropa Mərkəzinin, Avropa İttifaqının, Beynəlxalq Kounterpartın, eləcə də ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edirdilər.

Tədbiri giriş sözü ilə açan MQF prezidenti Rauf Zeyni bildirdi ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Azərbaycanda həyata keçirilən layihə çərçivəsində ictimai siyasətdə vətəndaşların iştirakı məsələsi hazırda vacib problemlərdən biridir. Azərbaycan vətəndaşlarının ölkədəki bu və ya digər problemin müzakirə və həllində iştiraka cəlb edilməsi məsələsinə Avropanın bir sıra qeyri-hökumət təşkilatlarının və Aİ-nin dəstəyi olduqca əhəmiyyətlidir. Bu sahədə Avropa ölkələrində mövcud olan ən mükəmməl təcrübələrə yiyələnmək Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir göstərə bilər.

Ölkə Prezidenti İlham Əliyev tərəfindən də vətəndaş cəmiyyətinə böyük qayğı göstərildiyini, bu məqsədlə 27 iyul 2007-ci ildə dövlət konsepsiyasının qəbul edildiyini və QHT-lərə Dövlət Dəstəyi Şurasının yaradıldığını qeyd edən Rauf Zeyni əlavə etdi ki, bütün bunlar qeyri-hökumət təşkilatlarını daha böyük işlər görməyə, ciddi layihələr həyata keçirməyə ruhlandırır.

İctimai siyasətdə vətəndaşların iştirakı ilə bağlı Avropa təcrübəsi haqqında Qeyri-Kommersiya Hüququ üzrə Avropa Mərkəzinin direktoru Draqan Qoluboviç məlumat verərək bildirdi ki, vətəndaş iştirakçılığı məsələsi dövlətlə vətəndaş cəmiyyəti təşkilatları arasında əməkdaşlığın ümumi institusional sisteminin mühüm tərkib hissəsidir. Bu yolla vətəndaşların qanunvericilik aktlarının qəbulunda, müəyyən dövlət qərarlarının hazırlanmasında və ümumiyyətlə idarəetmədə iştirakı təmin edilmiş olur.Bu məsələ son vaxtlar hazırlanmış Lissabon müqaviləsində də nəzərdə tutulur. Müqavilənin ikinci bölməsində Aİ-nin fəaliyyətində nümayəndəli demokratiya və iştirakçılıq demokratiyası prinsipləri xüsusi vurğulanır, təşkilatın qurumları üzərinə vətəndaşlarla məsləhətləşmələrə qatılmaq, onlarla açıq, şəffaf dialoq aparmaq vəzifəsi qoyulur.

Onun sözlərinə görə, bu sahədə Rumıniya, Macarıstan, Bosniya və Hersoqovina, eləcə də Böyük Britaniyada səmərəli təcrübə toplanmışdır. Xorvatiyada da bu məsələ ilə bağlı məcəllə hazırlanır. İsveç, Danimarka və Norveçdə vətəndaş iştirakçılığı adət hüququ əsasında, bəzi ölkələrdə isə konstitusiyada təsbit edilmə yolu ilə tənzimlənir.

D.Qoluboviç qeyd etdi ki, beynəlxalq təşkilatlar, o cümlədən Aİ və Avropa Şurası bu məsələnin Azərbaycanda inkişafı və gücləndirilməsində maraqlıdır. Azərbaycanda bu məsələni iştirak mexanizmləri olmadığı halda müxtəlif layihələr əsasında da həyata keçirmək olar. Hər bir ölkənin öz konstitusiyası, öz qanunları var və bu qanunları bilmədən hər hansı təcrübəni ayrıca götürülmüş bir ölkədə həyata keçirmək olmaz. Bunun üçün qanunvericilik bazası yaradılmalıdır.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının icraçı direktoru Fərasət Qurbanov və QHT rəhbərləri bu cür layihələrin əhəmiyyətindən və gələcəkdə onların davam etdirilməsinin vacibliyindən danışdılar.

Paşa ƏMİRCANOV.

Rafiq SALMANOV (foto)

 

Xalq qəzeti.-2008.-25 noyabr.- S.7.