Cəlilabad: inkişafın yeni mərhələsi başlanır

 

Bugünkü Cəlilabad ölkəmizin sürətlə inkişaf edən gözəl rayon mərkəzlərindən biridir. Sonuncu dəfə bir neçə il əvvəl burada olanlar indi Cəlilabadı görəndə tanımır, rayonda gedən abadlıq, quruculuq işlərinin vüsətindən heyranlıqlarını gizlətmirlər.

Prezident İlham Əliyev bu ilin sentyabr ayında Cəlilabada səfəri zamanı şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşündə quruculuq işləri ilə bağlı xoş təəssüratını bölüşmüşdür: “Mən çox şadam ki, Cəlilabadın simasında biz Azərbaycanda son illər ərzində gedən işlərin nəticələrini görürük. Siz də bunu görürsünüz. Siz burada yaşayırsınız, bəlkə də, bu yaxşı dəyişiklərə tez öyrəşirsiniz, bu da çox yaxşıdır. Amma mən, misal üçün, keçən il gəlmişdim, ondan əvvəl 2005-ci ildə gəlmişdim və hər dəfə gələndə bu dəyişiklikləri görürəm və sizinlə bərabər mən də buna sevinirəm”.

Həmin görüşdən əvvəl dövlət başçısı ümummilli lider Heydər Əliyevin Cəlilabad şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək, gül dəstəsi qoymuş, abidənin ətrafındakı parkda aparılmış abadlıq işləri ilə tanış olmuşdur. Burada yaşıllıq salınmış, çoxlu dekorativ bəzək və gül kolları, ağac əkilmiş, fəvvarə quraşdırılmışdır. Tamamilə yenidən qurulan park indi şəhər sakinlərinin sevimli istirahət guşələrindən birinə çevrilmişdir. Parkın yaxınlığındakı mədəniyyət evi müasir üslubda yenidən qurulmuşdur.

Prezident İlham Əliyev Cəlilabad şəhərində Heydər Əliyev Muzeyinin açılışını bildirən rəmzi lenti kəsmiş və muzeylə tanış olmuşdur. İkimərtəbəli, müasir memarlıq üslubunda tikilmiş muzey erkən bir ömrün işıqlı səhifələrinin həkk olunduğu böyük bir kitaba bənzəyir. Burada ulu öndərin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən nadir sənədlər, fotoşəkillər, kitablar toplanıb.

Ümummilli liderin Cəlilabada unudulmaz səfərlərini əks etdirən fotoşəkillər dahi şəxsiyyətlə bağlı əziz xatirə kimi qorunub saxlanır. Prezident İlham Əliyev muzeyin xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra Heydər Əliyev seyrəngahı ilə tanış olan dövlətimizin başçısı elə buradaca ictimaiyyət nümayəndələri ilə görüşmüşdür. Görüşdə ölkə rəhbərini salamlamaq şərəfi ağsaqqal Mirağa Salmanova nəsib olmuşdur. Mən Cəlilabadda olarkən M.Salmanovun çalışdığı, bir neçə ay öncə yeni inzibati binaya köçmüş Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsində onunla görüşdüm.

— Prezidenti salamlamaq, rayon sakinlərinin hörmət və ehtiramını bildirmək çox böyük xoşbəxtlikdir, — dedi. — Bilirsiniz, həyəcanlı olsam da, ürəkdən gələn sözlərim sanki öz-özünə cümlələrə çevrilir, duyğu və düşüncələrimi səlis ifadə edirdim. Prezidentə dedim ki, Cəlilabada bu gözəlliyi Siz bəxş etmisiniz. Sizin keçənilki tapşırığınıza əsasən Yardımlı—Cəlilabad yolu çəkilir. Bu yolun üstündə 60 kənd var. Cənab Prezident, keçmişdən belə bir adət var, deyirlər ki, yol çəkənin atasına rəhmət! Allah Sizin atanıza qəni-qəni rəhmət eləsin. 1998-ci ildə mənə ulu öndərlə görüşmək nəsib olmuşdur. Bu gün də Sizin nurlu simanızı görürəm. Çox sağ olun, bütün cəlilabadlılar Sizə minnətdarlq edir ki, indi biz həkim müayinəsindən ötrü yüz kilometrlərlə yol ölçüb Bakıya yox, Lənkərana gedirik. Amma Sizin sayənizdə yaxın zamanlarda heç Lənkərana da getməyəcək, elə Cəlilabadda müayinə və müalicə olunacağıq. Çünki hazırda tikilən Müalicə-Diaqnostika Mərkəzimiz Cəlilabadın həyatında layiqli yerini tutacaq. Biz fəxr edirik ki, belə bir Prezidentimiz var. Mənim sözlərim görüş iştirakçılarının ürəyindən xəbər verdi. Ona görə ki, mən olanı deyirdim, artırıb-əskiltmədən hamının düşündüyünü dilə gətirirdim. Cənab Prezident çıxışında bir daha Cəlilabada olan doğma münasibətini ifadə etdi, bundan sonra da rayonun inkişafına lazım olan bütün tədbirləri görəcəyini bildirdi. Görüş hər birimizə olduqca xoş, fərəhli təsir bağışladı, qurub-yaratmaq əzmimizi birə-beş artırdı.

Sentyabrın 7-də Cəlilabadda Prezidentlə görüşdə ona sayğılarını bildirən Privolnoye kəndinin sakini Lyubov Damilova da sevinc içərisindədir.
— Biz ruslar 200 ildən çoxdur ki, bu gözəl, xeyirxah diyarda yaşayırıq. Heç vaxt dil, din, təhsil və mədəniyyətlə bağlı problemlə üzləşməmişik. Hamımız bir beynəlmiləl ailədə yaşayır, səmimi ünsiyyət görürük. Bu fikri belə bir fakt da təsdiqləyir ki, mənim rəhbərlik etdiyim “Ruçeyok” rus folklor ansamblı 1987-ci ildən bəri respublikada keçirilən bütün tədbirlərdə iştirak edir. Mən Heydər Əliyevi çox sevirdim, ömrümün sonuna qədər də onu unutmayacağam. Vaxtilə ulu öndərin andiçmə mərasimi münasibətilə qoşduğumuz “çastuşka” bütün dünyaya yayılmışdı, çünki bir çox ölkənin telekanalları bu hadisəni lentə çəkmişdi.

Möhtərəm Prezidentimizlə görüş zamanı dedim ki, ümummilli liderin işini davam etdirdiyiniz üçün çox sağ olun! Siz həmişə xalqın yanındasınız. Sizin həmişə belə cavan, əzmkar olmağınızı arzu edirik. Qoy, bizim çiçəklənən doğma Azərbaycan bundan sonra da tərəqqi etsin, qoy bütün dünyada Heydər Əliyevi tanıdıqları kimi, bu diyarı da tanısınlar. Heydər Əliyev bizim hamımız üçün yeni yol açmışdır. Sevimli Prezidentimizə də ən xoş arzularımı çatdırdım... Kaş ki, 15 oktyabr — növbəti prezident seçkiləri günü bizim Privolnoye kəndində olaydınız. Səsverməni əsl toy-bayram kimi keçirdik, yüksək nəticələr əldə etdik. Öz səslərimizlə dövlətimizə, rəhbərimizə inamımızı bir daha təsdiqləmiş olduq. Bilirsiniz, vaxtilə bizim kənddən köçüb getmiş adamlar da indi geri qayıdırlar. Çünki bura gül-çiçək içərisindədir, burada həyat daha gözəldir, güzəran yaxşıdır. Rayonumuzun rəhbərliyi bizə hər cür qayğı, diqqət göstərir. Əziz müəllim əsl arxa və dayağımızdır, bizi bir gün belə unutmur. Yaşamaq, işləmək, dincəlmək, milli adət-ənənələrimizi qoruyub inkişaf etdirmək üçün hər cür şəraitimiz var. Əskik olmasınlar!..

Cəlilabadda il-ildən uğurlu gəlir. Aqrar bölmə sürətlə inkişaf edir. Kənd əməkçiləri tərəfindən bu il 152422 ton taxıl, 88456 ton kartof, 1709 ton tərəvəz, 1365 ton bostan məhsulu, 1364 ton meyvə, 1150 ton üzüm və digər məhsullar istehsal edilib. “Aqrolizinq” Səhmdar Cəmiyyətinin Cəlilabad servis müəssisəsi tərəfindən kənd təsərrüfatı işlərinin görülməsində istehsalçılara sanballı kömək göstərilir, onlara güzəştli şərtlərlə 1259 ton azot və 54 ton superfosfat gübrələri satılıb. Kənd əməkçiləri üçün 5910 ton azot, 1662 ton fosfor gübrəsi, 1200 ton toxumluq buğda gətirilib, onların da güzəştli qaydada satışını təşkil etməkdən ötrü xüsusi komissiya yaradılıb. Servis müəssisəsi tərəfindən 4200 hektar keyfiyyətli şum vurulub, 8 min tonluq soyuducu kamera, dünya standartlarına cavab verən təmir sexi, texniki sex və texnikanı saxlamaq üçün talvar tkilib... Bütün bunların sayəsində rayonda heyvandarlıq xeyli inkişaf edib, ət, süd, yumurta istehsalı artıb.

Dövlət Proqramına müvafiq olaraq Cəlilabadda 1500 hektar yeni üzüm bağı salınıb, Qarazənkir kəndində şərab zavodu tikilib. İlin əvəlindən rayonda sənayenin inkişafına da diqqət artırılıb. Sənaye müəssisələri 1419,5 min manatlıq məhsul istehsal edib ki, bu da keçən ilin eyni dövrünə nisbətən 28,8 faiz çoxdur.
Rayonda əsas kapitala qoyulan investisiyalar çoxalıb, yeni-yeni inzibati binalar, məktəblər, tibb ocaqları tikilib və ya əsaslı təmir edilib. Yol çəkilişi, asfaltlaşdırma, təmir işləri eyni vüsətlə davam etdirilir. Cəlilabad—Yardımlı yolunun xeyli hissəsinə asfalt vurulub.

Bu il Cəlilabadda 1572 nəfər işlə təmin edilib. Hazırda yeni müəssisələrin istifadəyə verilməsinə və daimi xarakterli iş yerlərinin açılmasına yönəldilən tədbirlər davam etdirilir.

Əhalinin sosial müdafiəsi mərkəzi tərəfindən 2658 ailəyə və ya 13465 nəfərə 1244640 manat ünvanlı sosial yardım təyin edilmişdir.

İqtisadiyyatın sürətli inkişafı işçilərin orta aylıq əmək haqqının yüksəlməsinə səbəb olmuşdur. Hazırda hər işçiyə düşən orta aylıq əmək haqqı 168 manat təşkil edir ki, bu da keçən ilin eyni dövrünə nisbətən 36,6 faiz çoxdur.

Bu ilin doqquz ayında fəaliyyət göstərən bank filialları və kredit təşkilatları tərəfindən 4021 nəfərə 10 milyon 756 min manat məbləğində kredit verilmişdir. Sevindirici haldır ki, götürülən kreditlərin 67 faizi bilavasitə kənd təsərrüfatına aiddir.

Poçt və rabitə xidmətlərinin həcmi keçən ilin eyni dövrünə nisbətən 20,3 faiz çoxdur. Rayonun telefonlaşmayan yaşayış məntəqələrində 14 peyk rabitəsi avadanlığı qoyulmuş, şəhərdə 1300 nömrəli SDM, 6016 nömrəlik elektron ATS quraşdırılmışdır. Babaxanlı, Söyüdlü, Badamağac, Buravar, Bayxanlı və Bəcirəvan kəndlərində elektron avtomat yarımstansiyaları istifadəyə verilmişdir.

Əhalinin elektrik enerjisi və təbii qazla təchizatının yaxşılaşdırılması sahəsində də rayonda məqsədyönlü tədbirlər həyata keçirilmişdir. 18 transformator təmir edilmiş, yaşayış məntəqələrində 2 yeni transformator qoyulmuş, yararsız vəziyyətdə olan 39600 metr hava xətti yenisi ilə əvəz olunmuş, 194 elektrik dirəyi dəyişdirilmişdir. Bundan başqa, Cəlilabad şəhərinin yeni yaşayış massivlərinin elektrik enerjisi ilə təchizatını yaxşılaşdırmaq üçün 6840 metr elektrik hava xətti çəkilmişdir. Əhalinin təbii qaza olan tələbatını ödəmək məqsədilə orta təzyiqli qaz xətlərində təmir və bərpa işləri aparılmış, daşıyıcı qaz kəmərlərində 5 yeni siyirtmə qoyulmuş, 550 metr yeni qaz xətti çəkilmişdir.

Dövlət Proqramında nəzərdə tutulan Cəlilabad şəhərinin su təchizatının yaxşılaşdırılması işləri davam etdirilir. Heydər Əliyev prospektində 500 metr, M.Hüseyn küçəsində 5 kilometr və Azərbaycan küçəsində 2 kilometr su xətti çəkilmiş, Privolnoye kəndində 200 metr su kəməri təmir olunmuş və 1 artezian quyusu qazılmışdır.

Göründüyü kimi, Cəlilabad sürətlə inkişaf edir, böyüyür, gözəlləşir. Bütün bunlar tərəqqinin yeni mərhələsi üçün etibarlı zəmin, möhkəm təməldir. Qarşıdakı dövrdə dövlət qayğısı sayəsində Cəlilabadın daha da abad, gözəl, nümunəvi şəhərə çevriləcəyi inamı böyükdür.

 

Əli NƏCƏFXANLI

 

Xalq qəzeti.-2008.-25 noyabr.-S.5.