Səninlə görüşü
həsrətlə gözləyirəm,
Laçınım mənim
Proloq əvəzi
...Şuşanı keçən
kimi dolama yollar səni qoynuna alırdı. İsa bulağı,
Saxsıbulaq, Turşsu,
Zarıslı, Qaladərəsi
arxada qalırdı.
Sonuncu döngəni burulanda yolun sağ tərəfində
dağların üstündə
iri hərflərlə
yazılmış bu sözlər hələ uzaqdan diqqəti cəlb edirdi: Laçın. Və bu söz hər birimizin qəlbində təkcə
coğrafi məkan kimi səslənmirdi.
Laçın həm də
qürur və güvənc yeri, yüksəklik və gözəllik rəmzi kimi səslənirdi.
Bilmirəm, bəlkə
də, bu söz bir az aşağıda, düzən yerlərdə
yazılsaydı belə
qürurlu və əzəmətli görünməzdi.
Axı, Laçın dağlara, ucalığa, gözəlliyə
yaraşır. Bəli, Laçın
deyəndə gözlərimiz
önündə qüdrətdən
səngərli, qalalı
dağlar, sıx meşələr, buz bulaqlar canlanır. Bu dağlar diyarı
bir də igidlər məskəni, ərənlər oylağı,
qəhrəmanlar yurdu
olub. Uzun illər, əsrlər
bu əzəli, əbədi türk yurdu, başı qarlı bu dağlar
gecə-gündüz at belində
olan igidlərə, igidlərsə bu dağlara arxa-dayaq olub.
Aradan gör neçə illər keçib... Dağlar gözəlindən ayrı düşmüşük.
Ancaq hər dəfə Laçın deyəndə şəxsən
mənim gözlərim
önündən şəhərə
lap çataçatda, yolun
sağ tərəfində,
başı az
qala buludlara çatan dağların üstündə yazılmış
həmin söz keçir. Laçın bu dağların, bu elin-elatın, bu yurdun əsl
simvolu idi...
Tarixə bir nəzər
Laçın şəhəri
1924-cü ildə, Laçın rayonu isə 1930-cu ildə
yaradılmışdı. Ərazisi 1835 kvadratmetrdir. Ermənistanla
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti
arasında, coğrafi cəhətdən olduqca strateji nöqtədə
yerləşirdi. Şəhərin adı 1924-cü ilin əvvəllərində
Azərbaycan İctimai Şura Cümhuriyyəti Mərkəzi
İcraiyyə Komitəsinin katibi, yazıçı
Tağı Şahbazinin təklifi əsasında
Laçın dağının adı ilə Laçın
adlandırılmışdır. 1930-cu ildə Laçın
inzibati rayonu təşkil olunarkən Laçın şəhəri
onun mərkəzi seçilmişdir.
Laçın rayonu
respublikanın dilbər guşələrindən biri olmaqla
yanaşı, müxtəlif yeraltı və yerüstü sərvətləri
ilə zəngin idi. Bu dağlar diyarının az qala hər
qarışında nazran tipli bulaqlar
çağlayırdı, civə, polimetal, tikinti
materialları yataqları məşhur idi. Rayon ərazisinin
böyük bir hissəsini meşəlik təşkil edirdi.
Burada əsasən palıd, vələs, fıstıq kimi
nadir ağaclar bitirdi.
1992-ci il may
ayının 18-i bu dağlar diyarının taleyinə qara hərflərlə
yazıldı. Məhz həmin gün o zamankı respublika rəhbərliyinin
səbatsız, xəyanətkar və qətiyyətsiz
mövqeyi nəticəsində qüdrətdən səngərli,
qalalı dağlar erməni silahlı qüvvələri tərəfindən
işğal edildi.
Qarabağ müharibəsinin
sonrakı gedişi, rayonlarımızın, şəhər və
kəndlərimizin bir-birinin ardınca düşmən
tapdağına keçməsi göstərdi ki,
Laçın dəhlizinin açılması görünməmiş
xəyanət idi. Ona görə ki, məhz Laçın dəhlizinin
alınmasından sonra Ermənistanla Dağlıq Qarabağ
arasında hava və quru yol açılmış oldu.
İşğal nəticəsində rayonun 1 şəhərində,
1 qəsəbəsində, 125 kəndində olan 13745 fərdi
yaşayış evi, 48 sənaye, 63 kənd təsərrüfatı
obyekti, 217 mədəni-maarif, 101 məktəb, 5 məktəbdənkənar,
2 məktəbəqədər müəssisə, 142 səhiyyə,
460 ticarət obyekti itirilmiş, ümumilikdə rayona 7,1
milyard ABŞ dolları həcmində ziyan dəymişdir.
Hazırda rayonda 50
inzibati-ərazi vahidi üzrə nümayəndəlik fəaliyyət
göstərir. 1992-ci ildə Ermənistan silahlı qüvvələri
Laçını işğal etdikdən sonra rayon əhalisi
respublikanın 59 rayon və şəhərində müvəqqəti
məskunlaşmışdır. 1 yanvar 2008-ci il tarixinə
olan məlumata görə rayon əhalisinin sayı 68303 nəfərdir.
Rayonda 328 nəfər şəhid ailəsi, 5 nəfər
Milli Qəhrəman, 225 nəfər əlil, 33 nəfər hər
iki valideynini itirmiş uşaq var.
Laçının
inkişafı ulu öndər Heydər Əliyevin adı ilə
bağlıdır
Hələ 1970-ci illərdə
xalqımızın böyük oğlu, ümummilli lider Heydər
Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə
Laçın rayonu öz inkişafının yeni mərhələsinə
qədəm qoymuşdur. Azərbaycan KP MK və Azərbaycan
hökumətinin 18 noyabr 1971-ci il tarixli “Dağ
rayonlarının iqtisadiyyatını daha da yüksəltmək
tədbirləri haqqında” qərarı, Azərbaycan KP MK
burosunun 16 noyabr 1971-ci il tarixli qərarı və digər tədbirlər
Laçın rayonunun, eləcə də onun mərkəzi
olan Laçın şəhərinin daha sürətli
inkişafına səbəb olmuşdur. Bundan başqa, ucqar və
dağlıq rayonlardan olan abituriyentlərin ali məktəblərə
qəbulu zamanı bir sıra güzəştlərin tətbiq
edilməsi rayonun kadr potensialının
artırılmasında, ixtisaslı kadrların
hazırlanmasında əhəmiyyətli rol
oynamışdır.
“Laçın şəhərinin
50 illiyi haqqında” Azərbaycan KP MK bürosunun 6 avqust
1974-cü il tarixli qərarından sonra böyük yubiley tədbirləri
keçirilmişdir. Yuxarıda adı çəkilən qərara
müvafiq olaraq Laçın şəhərinin 50 illiyinin
respublika səviyyəsində qeyd olunması bu gün də
laçınlılar tərəfindən böyük minnətdarlıq
və xoş duyğularla xatırlanır. Həyata
keçirilən genişmiqyaslı tədbirlərin nəticəsi
olaraq qısa müddət ərzində Laçın şəhərində
müxtəlif təyinatlı iri emal müəssisələri
tikilib istifadəyə verilmiş, təhsil, səhiyyə, mədəniyyət
və digər sahələrdə əsaslı işlər
görülmüşdür. Laçın şəhərində
böyük infrastruktur layihələri həyata
keçirilmiş, dağ rayonu olmasına baxmayaraq əhali
fasiləsiz işıq, təbii qaz, rabitə və digər
xidmətlərlə təmin edilmişdir. Şəhərdə
2 orta ümumtəhsil məktəbi, bir orta internat məktəb,
bir texniki-peşə məktəbi, 2 məktəbəqədər,
5 məktəbdənkənar müəssisə, 5 səhiyyə,
40 ticarət obyekti, o cümlədən Bakı
Maşınqayırma və Sumqayıt Alüminium
zavodlarının filialları, yüngül və yerli sənaye
kombinatları, asfalt zavodu və başqa obyektlər fəaliyyət
göstərirdi.
Laçın şəhəri
həm füsunkar təbiətə, həm də strateji əhəmiyyətə
malik bir şəhərdir. Ermənistanla Dağlıq
Qarabağ arasında ən qısa və əlverişli yol
buradan keçirdi. Ona görə də ermənilər həmişə
Laçını ələ keçirmək arzusunda
olmuşlar. Heç də təsadüfi deyildir ki, 1992-ci ilin
may ayının 18-də Laçının işğal
olunması ilə öz arzularına çatan ermənilər
Gorus-Laçın-Xankəndi dəhlizinin
açılmasını bayram etmişlər. Ancaq nahaq yerə.
Qoy, yağı düşmən öz havadarlarına
arxayın olub çox da sevinməsin. Azərbaycan xalqı, o
cümlədən laçınlılar möhkəm əmindirlər
ki, işğal olunmuş bütün yurd yerlərimiz öz əbədi
və əzəli sahiblərinə qaytarılacaq, tarixi ədalətsizlik,
nəhayət, bərpa olunacaqdır.
Yeri gəlmişkən,
belə bir tarixi həqiqəti də yada salmağa ehtiyac var
ki, hələ XX əsrin əvvəllərində Zəngəzur,
İrəvan və Arazboyu ərazilərdə at oynadan erməni
silahlı dəstələrinə də həlledici zərbəni
xalq qəhrəmanı Sultan bəyin rəhbərliyi altında
Laçının igid övladları vurmuşlar. Belə ki,
məhz Laçının qəhrəman oğulları
Andranikin rəhbərliyi altında Qarabağda hərbi
yürüşə başlayan erməni silahlı birləşmələrini
Zabux dərəsində mühasirəyə alaraq
sarsıdıcı zərbələr endirmiş, onların az
bir qismi qaçaraq canlarını qurtara bilmişlər. Beləliklə
də, Qarabağ əhalisini gözləyən böyük
bir təhlükə aradan qaldırılmışdır.
Doğma
torpaqlarımıza qayıdacağımız günə az
qalıb1
993-cü ildə ulu
öndər Heydər Əliyevin ikinci dəfə siyasi hakimiyyətə
qayıdışı xalqımızı, millətimizi məhv
olmaq təhlükəsindən, Vətənimizi
parçalanmaqdan, dağılmaqdan, erməni silahlı
qüvvələrinin növbəti hücumlarından xilas
etdi. Dünya şöhrətli siyasətçinin həyata
keçirdiyi ardıcıl və qətiyyətli siyasət nəticəsində
qısa müddət ərzində dağıntı və
özbaşınalığın qarşısı
alındı, cəbhə xəttində atəşkəs
elan olundu, iqtisadi, sosial və mədəni sahədə
inkişaf və irəliləyiş başlandı. Doğma
yurd-yuvalarından didərgin düşmüş
qaçqın və məcburi köçkünlərə
diqqət və qayğı ön plana çəkildi,
onların həyat şəraitini və məşğulluğunu
yaxşılaşdırmaq sahəsində bir sıra fərman
və sərəncamlar imzalandı.
Olduqca xoş və fərəhlidir
ki, bu siyasət indi də böyük uğurla davam etdirilməkdədir.
Ölkə Prezidenti İlham Əliyevin qaçqın və məcburi
köçkün ailələrinə göstərdiyi gündəlik
diqqət, həssas və qayğıkeş münasibəti
haqlı olaraq hər bir insanın qəlbində sonsuz təşəkkür
və minnətdarlıq duyğuları yaradır. Təkcə
belə bir faktı göstərmək kifayətdir ki,
hazırda ölkəmizdə bir dənə də olsun
çadır şəhərciyi yoxdur. Onlar hər cür şəraiti
olan müasir evlərə köçürülmüş,
abad və yaraşıqlı qəsəbələr
salınmışdır. Bunu Laçın rayonunun
timsalında daha aydın görmək mümkündür.
Rayonun bütün icra
strukturlarının fəaliyyət göstərdiyi
Taxtakörpü qəsəbəsində son vaxtlar əsaslı
işlər görülmüş, məcburi
köçkünlərin həyat şəraitinin
yaxşılaşdırılması istiqamətində bir
sıra tədbirlər həyata keçirilmişdir. Belə
ki, 2005-ci ildə ölkə Prezidentinin
tapşırığı əsasında Qarqar
çayından Laçının qış yataqlarına
öz axını ilə 8,1 kilometr uzunluğunda beton örtüklü
kanal çəkilmiş, bununla da 30 obanın suvarma suyuna olan
tələbatı ödənilmişdir. Azərbaycan
Respublikası Prezidentinin 1 iyul 2004-cü il tarixli 298 nömrəli
sərəncamı ilə təsdiq edilmiş
“Qaçqınların və məcburi köçkünlərin
yaşayış şəraitinin yaxşılaşdırılması
və məşğulluğunun artırılması üzrə
Dövlət Proqramı”na uyğun olaraq Ağcabədi, Bərdə,
Saatlı, Sabirabad rayonlarında çadır şəhərciklərində
məskunlaşmış 58 məcburi köçkün ailəsi
üçün bütün infrastruktura malik 2 qəsəbə
salınmış, Taxtakörpü qəsəbəsində rayon
icra hakimiyyəti, 121 saylı Laçın Dairə Seçki
Komissiyası, Yeni Azərbaycan Partiyası rayon təşkilatı,
55 saylı yol istismar, su-kanal, suvarma sistemləri idarələri,
rayon rabitə qovşağı, rayon mədəniyyət
şöbəsi üçün inzibati binalar tikilmiş, 256
nömrəlik ATS quraşdırılmış, 350 yerlik rayon
mədəniyyət evi inşa olunaraq istifadəyə
verilmişdir.
Azərbaycan
Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 saylı sərəncamı
ilə təsdiq edilmiş “Qaçqınların və məcburi
köçkünlərin yaşayış şəraitinin
yaxşılaşdırılması və məşğulluğunun
artırılması üzrə Dövlət Proqramı”na
2007-ci il 31 noyabr tarixli əlavələrdə məcburi
köçkünlərin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
Taxtakörpü ərazisində və digər yerlərdə
əsaslı işlərin görülməsi nəzərdə
tutulmuşdur. Taxtakörpü qəsəbəsində istismar
müddəti başa çatmış evlərdə məskunlaşmış
3800 məcburi köçkünə yeni evlərin tikilməsi
bu diqqət və qayğının əyani təzahürüdür.
Son söz
əvəzi
Salam, Laçınım mənim. Sənsiz sənin
yubileyini keçiririk.
Bilirəm, nigaransan, narahatsan,
əsəbisən. Günün-güzəranın yoxdur. Yağı düşmən
əlindəsən. Bizi — övladlarını
səsləyirsən, haraylayırsan,
yanına, qoynuna çağırırsan.
Səni unutmaq olarmı, Laçınım mənim. Qoynunda keçirdiyimiz xoşbəxt
günlər yaddaşımızdan,
qəlbimizdən bir an belə çəkilmir.
Hər dağın, hər daşın, hər bulağın, hər qarışın gözlərimiz
önündən çəkilmir.
Gözümüzdə, könlümüzdə yaşayırsan, arzularımızda,
əməllərimizdə yaşayırsan.
Görüşəcəyimiz günə, sənə çatacağımız, yetişəcəyimiz
ana az,
lap az qalıb. Bizi yaşadan da elə bu inam
və ümiddir.
Yoxsa, bu qədər illərin həsrətinə,
möhnətinə, nisgilinə
çətin ki, dözə biləydik.
Ona görə də hələlik deyirik, görüşənədək deyirik, Laçınım
mənim. Ad günün
mübarək, dağlar
gözəli.
Ziyəddin SULTANOV.
Xalq qəzeti.-2008.-25 noyabr.-S.4.