Türkdilli Ölkələrin Parlament Assambleyası yaradılmışdır

 

Bu bir həqiqətdir ki, dünyada müxtəlif ölkələr dövlətlər mövcuddur onların hər biri konkret coğrafi əraziyə malikdir. Bu coğrafi ərazilərdə isə müxtəlif dillərə və dinlərə mənsub olan xalqlar yaşayır. Bu xalqlar eyni zaman çərçivəsində yaşasalar da, baş verən hadisələr müstəvisində bu yaşantı çox vaxt fərqli olur. Biz heç də tarixin müxtəlif dönəmində nələr baş verdiyini təhlil etmək, araşdırmaq və ona qiymət vermək fikrində deyilik. Sadəcə olaraq, bu gün bizim ömür payımıza qismət olan 2008-ci ilin 20-22 noyabr günlərinin bizə - türk dünyasına və tarixinə hansı qədəmlərlə gəldiyini, nələri ərməğan etdiyini, tarix kitabımıza nələr yazdığını və nəyə şahid olduğumuzu diqqətə çatdırmaq istəyirik.

Həmin günlərdə İstanbulda Türkdilli Dövlətlərin Parlament Assambleyasının təsis konfransı keçirilmişdir. Bu tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan parlament nümayəndələri iştirak etmişlər.

Milli Məclisin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyətinin tərkibinə parlamentin komissiya sədrləri Nizami Cəfərov, Əli Hüseynov, Rəbiyyət Aslanova, deputatlardan Fərhad Qəribov, Rövşən Rzayev, Rəfael Cəbrayılov, Nizami İsgəndərov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxil idi.

Noyabrın 20-də axşam dörd türk ölkəsinin nümayəndələri bir araya gəldilər. Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan, ev sahibi kimi, gələn nümayəndələrlə səmimi görüşmüş, Türkdilli Ölkələrin Parlament Assambleyası təsis konfransının ayrı-ayrı məqamlarını müzakirə etmişdir.

Ertəsi gün isə İstanbulun Dolmabağça sarayında Türkdilli Ölkələrin Parlament Assambleyası parlament sədrləri konfransının açılışı olmuşdur. Bu saray da təsadüfən seçilməmişdir. Təkcə əzəmətli görkəmi ilə deyil, həm də uzun illər Türkiyənin həyatında müxtləlif dövrlərdə baş vermiş hadisələrin şahidi kimi çox böyük əhəmiyyət kəsb edən bu saray hələ neçə belə möhtəşəm tədbirlərin keçiriləcəyi məkan olacaqdır.

Konfransda Türkiyə Prezidenti Abdullah Gül iştirak etmişdir. Prezident demişdir ki, belə bir tarixi gündə dili, dini, adət-ənənələri və müştərək keçmişi olan xalqların yaxınlaşması üçün yeni bir dövrə qədəm qoyuruq. Abdullah Gül ümidvar olduğunu bildirmişdir ki, yeni qurum xalqlarımızın yaxınlaşmasını ən yüksək səviyyədə təmin edəcəkdir. Onun çıxışındakı bəzi məqamlar diqqəti xüsusilə cəlb edir. Türkdilli ölkələrin Ağsaqqallar Şurasının yaradılması məsələsinin müzakirə mövzusu kimi ortaya çıxması və bunun təşkilinin nəzərdə tutulması türk xalqlarının öz kökünə bağlılığının nümunəsi kimi təsdiqini tapır. Artıq növbəti görüşlərin və tədbirlərin yerinin, vaxtının müəyyənləşməsi bu işin yaxın və uzaq strategiyasının mövcudluğunu ortaya qoyur. Əlamətdar haldır ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının növbəti konfransı Bakıda keçiriləcəkdir. Bütün bunlar və reallığa çevrilən türk xalqlarının qardaşlıq ittifaqı sağlam düşüncəyə, zəkaya, dünyada sülhün və əmin-amanlığın qorunmasına söykənən birliyin yaradılması kimi qəbul olunmalıdır.

Milli Məclisin sədri Oqtay Əsədov konfransda çıxışına belə bir fikirlə başlamışdır: “Tarix boyu bütün türk xalqlarının ürəklərində yaşatdıqları ən böyük arzusu həyata keçməkdədir”. Sədr onu da qeyd etmişdir ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması gerçəyə çevrilən bu arzunun əhatə dairəsinin hüdudsuz olduğunu nümayiş etdirir. Assambleya ona bəslənən ümidləri doğruldacaq, ölkələrimizin parlamentləri arasında əməkdaşlığın inkişaf etdirilməsi, dövlətlərimiz arasında siyasi əlaqələrin genişləndirilməsi, xalqlarımızın bir-birinə daha da yaxınlaşdırılması işinə dəyərli töhfələr verəcəkdir.

Sədr bildirmişdir ki, bu gün təməli qoyulan Türkdilli Ölkələrin Parlament Assambleyası özünü parlamentlərarası dialoqun demokratik forumu və xalqlar arasında möhkəm əlaqələr yaratmağın önəmli vasitəsi kimi təsdiq edəcək, bölgəmizin əmin-amanlıq və çiçəklənmə zonasına çevrilməsi məqsədi ilə müxtəlif təşəbbüslərin irəli sürülməsi və həyata keçirilməsi üçün əlverişli siyasi meydan açacaqdır.

Parlament Assambleyasını təsis edən parlamentlərimizin hər biri özünəməxsus yol keçmişdir. Azərbaycan Respublikasında hazırda fəaliyyət göstərən peşəkar qanunvericilik orqanı 1995-ci ildə xalqımızın ümummilli lideri Heydər Əliyevin müəllifi olduğu Konstitusiya əsasında yaradılmışdır.

O.Əsədov qeyd etmişdir ki, Heydər Əliyev türkdilli xalqlar arasında əlaqələrin inkişaf etdirilməsi məsələlərinə müstəsna əhəmiyyət verirdi. Məhz ulu öndərimizin səyləri nəticəsində Azərbaycanla Türkiyə arasında münasibətlər “bir millət, iki dövlət”in münasibətləri səviyyəsinə yüksəlmiş, Qazaxıstandakı və Orta Asiyadakı qardaş türk xalqları ilə siyasi və iqtisadi əlaqələrin möhkəm təməli qoyulmuşdur. Bu gün eyni kursu uğurla davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanı türkdilli dövlətlər arasında münasibətlərin inkişaf etdirilməsinin etibarlı tərəfdaşına çevirmişdir. Bütün türkdilli dövlətlərin başçılarının türk həmrəyliyi işinə verdikləri əhəmiyyət bizi addım-addım türk ölkələri birliyi ideyasının həyata keçəcəyi günlərə yaxınlaşdırır.

Parlamentlərarası əməkdaşlıq məsələlərinə toxunan Milli Məclis sədri qeyd etmişdir ki, müasir dövrdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi dövlətləri və xalqları bir-birinə daha da yaxınlaşdırmağın çox mühüm vasitəsi sayılır. İnanıram ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyəti bu baxımdan səmərəli olacaqdır. Təşkilatımızın fəaliyyəti bölgəmizin iqtisadi və siyasi cəhətdən inkişaf etməsinə, inteqrasiyanın dərinləşməsinə, ümumi problemlərimizin həllinə kömək göstərəcəkdir.

Türkdilli dövlətlərin uğurları və nailiyyətləri ilə yanaşı, problemlərinin də olduğunu Oqtay Əsədov belə açıqlamışdır: “Problemlərdən söhbət açanda, əlbəttə, ilk növbədə Azərbaycanın qarşılaşdığı davakar millətçilik və etnik separatizm problemini xatırlatmaq lazımdır. Cənubi Qafqaz bölgəsində baş verən son hadisələr bu problemin regional və beynəlxalq təhlükəsizlik üçün nə qədər böyük qorxu törətdiyini bir daha hamıya göstərdi. İndi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması həmişəkindən daha vacibdir.

Azərbaycan bu münaqişənin hamılıqla tanınmış beynəlxalq hüquq prinsipləri və normaları, o cümlədən dövlətlərin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipi əsasında dinc vasitələrlə həll edilməsi yoluna sadiqdir. Ölkəmizə qarşı təcavüzün nəticələrinin aradan qaldırılması regional əməkdaşlığın inkişafı üçün tamamilə yeni perspektivlər açacaqdır. İnanıram ki, bölgəmizin sülh və sabitlik zonasına çevrilməsi burada yaşayan bütün xalqların mənafelərinə cavab verəcəkdir".

Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın, Qırğızıstan parlamentinin sədri Aytibay Taqayevin, Qazaxıstan parlamenti Senatının sədr müavini Muhammed Kopeyevin çıxışlarında da Türkdilli Ölkələrin Parlament Assambleyasının yaradılması yüksək qiymətləndirilmiş, xalqlarımız üçün vacib amil kimi ortaya qoyulmuş, parlamentlərarası əlaqələrin daha da möhkəmlənməsində, xalqlarımız və dövlətlərimiz arasında münasibətlərin ən yüksək səviyyəyə çatdırılmasında mühüm rol oynayacağı inamla bildirilmişdir. Bütün çıxışlarda diqqəti cəlb eləyən ən vacib məqamlardan biri bugünkü tarixi hadisənin mahiyyətinin gənc nəslə daha düzgün çatdırılması və bugünkü nəslin bu sahədə edə bilmədiklərini gələcək nəsillərə doğru-dürüst çatdırmaqla uğurlu nəticəyə nail olmaqdan ibarət idi.

Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qruplarının rəhbərləri Mustafa Kabaqçı və Nizami Cəfərov, Milli Məclisin insan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova və başqaları da çıxış etmişlər. Ümummilli lider Heydər Əliyevin zirvə görüşlərinin birində söylədiyi “Türk dünyasının mədəni birliyini onun siyasi birliyi tamamlamalıdır” kəlamı xatırlanmış və bu fikrin reallığa çevrilməsi yüksək qiymətləndirilmişdir.

Noyabrın 21-də keçirilən konfransın sonunda Türkdilli Ölkələrin Parlament Assambleyasının Təsis Sazişi imzalanmışdır. Sənədi Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov, Qazaxıstan parlamenti Senatının sədr müavini Muhammed Kopeyev, Qırğızıstan parlamentinin sədri Aytibay Taqayev, Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptan imzalamışlar.

Bu münasibətlə İstanbulda müxtəlif mədəni tədbirlər həyata keçirilmişdir. Bununla da Türkdilli Ölkələrin Parlament Assambleyası parlament sədrlərinin konfransı başa çatmışdır.

Noyabrın 22-də Azərbaycan parlament nümayəndə heyəti İstanbuldan Bakıya qayıtmışdır.

 

Akif TƏVƏKKÜLOĞLU

Milli Məclisin

mətbuat katibi

 

Xalq qəzeti.-2008.-25 noyabr.-S.2.