Şəfiqə Əlirza qızı Əliyeva

 

Azərbaycanın pedaqoji ictimaiyyətinə ağır itki üz vermişdir. Tanınmış pedaqoq, respublikanın Əməkdar müəllimi Şəfiqə Əlirza qızı Əliyeva 2008-ci il noyabrın 24-də ömrünün 78-ci ilində vəfat etmişdir.

Şəfiqə Əliyeva 1930-cu il dekabrın 1-də Naxçıvan şəhərində anadan olmuşdur. 1951-ci ildə C.Məmmədquluzadə adına Naxçıvan şəhər ikiillik Müəllimlər İnstitutunun kimya-biologiya fakültəsini bitirdikdən sonra təyinatla Naxçıvan şəhər 1 nömrəli məktəbdə müəllimlik fəaliyyətinə başlamış, daha sonra bir müddət Şəki, Cəlilabad və Lənkəran rayonlarında işləmişdir. 1957-ci ildə hazırkı Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini bitirən Ş.Əliyeva 1973-cü ildən müəllimlik taleyini Bakı şəhərindəki 190 nömrəli məktəblə bağlamış, ömrünün sonunadək bu təhsil ocağında şərəflə çalışmışdır.

Müəllim işlədiyi 60 ilə yaxın bir müddətdə Ş.Əliyeva respublikamızda kimya fənninin tədrisi sahəsində yüksək elmi-nəzəri biliyə, müstəsna pedaqoji ustalığa və metodiki kamilliyə malik müəllim zirvəsinə ucalmış, yüzlərlə müəllimin formalaşmasına böyük əmək sərf etmişdir. Onun qələminin məhsulu olan elmi-metodik vəsaitlər, tövsiyə və məqalələr həmişə maraqla qarşılanmış, tədris prosesinin düzgün qurulmasında, şagirdlərin kimya fənni üzrə bilik və bacarıqlara yiyələnməsi istiqamətində müəllimlərə daim yardımçı olmuşdur. Ş.Əliyevanın dərs dediyi şagirdlərin xoş sorağı bu gün nəinki ölkəmizin, eləcə də xarici dövlətlərin təhsil müəssisələri və təşkilatlarından gəlir.

Ş.Əliyeva respublikamızın ictimai-siyasi həyatında da fəal iştirak edirdi. O, Azərbaycan Ziyalılar Cəmiyyətinin vitse-prezidenti, “Elm və mənəviyyat” jurnalının təsisçisi, Azərbaycan Jurnalistlər Birliyinin, Beynəlxalq Qadınlar Cəmiyyətinin üzvü idi. Ş.Əliyeva, eyni zamanda, “Qızıl qələm”, “Vətən”, “İnam” media mükafatlarına layiq görülmüşdür.

Unudulmaz pedaqoq, xeyirxah və maarifpərvər insan Şəfiqə Əliyevanın əziz xatirəsi onu tanıyanların xatirəsində daim yaşayacaqdır.
  

Allah rəhmət eləsin!

 

Azərbaycan Respublikası Təhsil Nazirliyi

 

     Xalq qəzeti.- 2008.- 25 noyabr.- S. 4.