Suriyada İmadəddin Nəsimiyə həsr olunmuş beynəlxalq konfrans
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin tapşırığı ilə
Suriya ilə əldə olunmuş razılığa əsasən,
bu yaxınlarda Hələb şəhərində
böyük Azərbaycan
şairi İmadəddin
Nəsiminin həyat və yaradıcılığına
həsr olunmuş müştərək elmi
konfrans keçirilmişdir. Bu barədə məlumatı
Mədəniyyət və
Turizm Nazirliyinin mətbuat xidməti vermişdir. Məlumatda
deyilir ki, konfransda iştirak etmək və Nəsiminin məqbərəsinin
bərpası ilə bağlı təklifləri
hazırlamaq məqsədilə
Mədəniyyət və
Turizm Nazirliyinin alimlər və mütəxəssislərdən ibarət 7 nəfərlik nümayəndə heyəti
noyabrın 10-17-də Suriyaya
səfər etmişdir.
Nümayəndə heyəti Nəsiminin qəbrini ziyarət etmişdir. Nəsimi türbəsi qədim
Hələb qalasının
ətəyində, Nəsimi
küçəsində yerləşir.
Türbənin qapısının açarı Nəsimi nəslinin nümayəndəsi
Məhəmməd Məmduh
Nəsimi və onun övladlarındadır.
Türbənin həyətində həmin nəslin nümayəndələrinin qəbirləri
və kiçik ibadətgah mövcuddur.
Böyük şairin qəbri
türbənin mərkəzindədir.
Türbədə Nəsiminin qulluqçusu,
habelə həmin dövrdə yaşamış
Hələb valisinin həyat yoldaşı da dəfn olunmuşlar.
Nəsiminin məqbərəsinin yerləşdiyi
və onun adını daşıyan
küçə təqribən
200 metr uzunluğunda və 4-5 metr enindədir. Məqbərənin arxa tərəfi
Hələb qalasına
aparan əsas yola, turist marşrutuna
açılır. Maraqlıdır ki, Nəsimi kompleksi Hələbin qədim hissəsində yerləşdiyinə görə
YUNESKO-nun ümumdünya mədəni
irsi siyahısına daxil edilmişdir.
Nəsiminin məqbərəsinin
bərpası üzrə
Azərbaycan-Suriya müştərək
komissiyasının nümayəndə
heyətinin tərkibində
Suriyaya səfər etmiş azərbaycanlı
memar mütəxəssislər
Rüstəm Muxtarov və Telman Kərimlinin Nəsimi kompleksində apardığı
tədqiqi müşahidələr
nəticəsində müəyyən
edilmişdir ki, kompleksin Nəsiminin qəbri yerləşdiyi hissəsi qəza vəziyyətindədir. Türbənin
tağ-tavanında, divarlarında
və digər konstruksiyalarında məqbərənin
uçmasına səbəb
ola biləcək
ciddi çatlar vardır.
Nümayəndə heyəti Hələb şəhərinin mədəniyyət
idarəsinin rəisi M.Qattan və Hələb Vilayətinin qubernatoru T.Hacci ilə görüşmüşdür. Qubernator ilə
görüşdən və
məsləhətləşmələrdən
sonra meriyada müştərək komissiyanın
geniş tərkibdə
iclası keçirilmişdir.
Görüşdə Suriya
tərəfindən Hələb
qubernatorunun mədəniyyət
məsələləri üzrə
müşaviri Məhəmməd
Qacca, Abidələr və muzeylər idarəsinin rəisi Nədim Fəqş, Vəfqlər idarəsinin
rəisi Əhməd Qəddur və Qədim şəhər idarəsinin rəisi Ammar Ğazal iştirak etmişlər.
Azərbaycan tərəfini
Mədəniyyət və
Turizm Nazirliyinin mədəniyyət siyasəti
şöbəsinin müdiri
Fikrət Babayev, mədəni irs şöbəsinin sektor müdiri Telman Kərimli, habelə mədəni irsin qorunması və araşdırılması mərkəzinin
baş direktoru Rüstəm Muxtarov təmsil etmişlər. Görüş zamanı suriyalı mütəxəssislər
bildirmişlər ki, Hələbin 400 hektarlıq
qədim şəhər
hissəsi YUNESKO-nun ümumdünya
mədəni irs siyahısına daxil edildiyinə və Nəsimi kompleksinin memarlıq abidəsi kimi dövlət tərəfindən mühafizə
olunan abidələrin
siyahısına salındığına
görə kompleksin xarici görünüşündə
yenidənqurma işlərini
xüsusi plan üzrə
YUNESKO ilə razılaşdırmaq
lazımdır.
Suriya tərəfi kompleksin genişləndirilməsi üçün
onun ətrafında olan bir neçə
tikilinin də gələcəkdə yaradılacaq
Nəsimi mərkəzinin
tərkibinə qatılmasının
mümkünlüyünü qeyd etdi. Görüş zamanı abidənin qəza vəziyyətində
olması azərbaycanlı
mütəxəssislər tərəfindən
suriyalı məmurların
diqqətinə çatdırılmışdır.
Suriya tərəfi, öz növbəsində, şəhər
rəhbərliyinin planlarında
Nəsimi kompleksində
möhkəmləndirmə işlərinin aparılmasının
nəzərdə tutulduğunu
qeyd etmişdir. Görüşdə Nəsimi
kompleksinin bərpası
istiqamətində azərbaycanlı
və suriyalı mütəxəssislərin əməkdaşlığının
vacibliyi vurğulanaraq,
kompleksdə Hələb
şəhərinin memarlıq
üslubu nəzərə
alınmaqla, interyerində
Azərbaycan memarlıq
üslubunda müəyyən
yenidənqurma və genişləndirmə işlərinin
aparılmasına dair
razılıq əldə
olunmuşdur.
Noyabr ayının 12-də Hələb
Mədəniyyət İdarəsinin
böyük zalında
azərbaycanlı və
suriyalı alimlərin
iştirakı ilə
Nəsimi yaradıcılığına
həsr olunmuş elmi konfrans öz
işinə başlamışdır.
Konfransın ilk günü
Azərbaycan alimlərindən
akademik Bəkir Nəbiyev və AMEA-nın müxbir üzvü, professor Teymur Kərimli, Suriya alimlərindən isə doktor Bəkri Şeyx Əmin və professor Məhəmməd
Kamal çıxış
etmişlər. Ertəsi
gün konfransın Hələb Universitetinin filologiya fakültəsinin
akt zalında Hələbin müftisi, doktor Mahmud Akkam, azərbaycanlı professor Qəzənfər
Paşayev, filologiya elmləri namizədi Səadət Şıxıyeva
və Hələb Universitetinin professoru Hüseyn Əs-Sadiq çıxış etmişlər.
Konfrans iştirakçıları Nəsiminin
poeziyasının və
fəlsəfi fikirlərinin
zənginliyini xüsusilə
qeyd edərək, şairin yaradıcılığında
əsas yer tutan insan sevgisi
və ilahi məhəbbətə həsr
olunmuş dəyərli
şeirlərin Azərbaycan
xalqının mədəniyyətini
yüksək səviyyədə
əks etdirdiyini vurğulamışlar.
Hələb müftisi
çıxışında Nəsiminin faciəli taleyinə və qəddarcasına edam edilməsinə
görə bir yüksək rütbəli
və səlahiyyətli
din xadimi kimi Azərbaycan xalqından üzr istəyərək,
Suriya xalqının və Hələb əhalisinin şairin edamına görə mənəvi məsuliyyət
daşımadığını, o zamankı şəhər
müftilərinin Nəsiminin
edamına etiraz etdiklərini və edam barədə qərarın
böyük şairin
düşmənləri simasında
Misir hökmdarı
Sultan Müəyyəd tərəfindən
çıxarıldığını bildirmişdir.
Konfrans Hələb ictimaiyyəti
və elmi dairələrində xüsusi
maraqla qarşılanmışdır. Konfransda, həmçinin,
Hələbdəki Türkiyə
Baş Konsulluğunun
əməkdaşları və
vilayətdə məskunlaşmış
böyük türkmən
icmasının ziyalıları
iştirak etmişlər.
Azərbaycan nümayəndə
heyəti Dəməşq
şəhərinə də
səfər etmiş,
Dəməşq Universitetinin
rektoru Vail Mualla, Suriya Ərəb Ensiklopediyası Komitəsinin
Baş direktoru Məhəmməd Əziz
Şükri və Suriya Ərəb Yazıçıları Birliyinin
sədri professor Hüseyn
Cümə ilə görüşlər keçirmişdir.
Suriya tərəfi konfransın keçirilməsinə xüsusi
diqqət və qayğı ilə yanaşmış, tədbirin
yüksək səviyyədə
baş tutmasına çalışmışdır. Azərbaycan
Respublikasının Prezidenti
cənab İlham Əliyevin şəxsi təşəbbüsü ilə
qısa bir zaman kəsiyində elmi konfransın keçirilməsi və azərbaycanlı memarların
öz suriyalı həmkarları ilə ilkin tədqiqatlara başlaması Suriya siyasi və mədəni dairələrində
geniş rezonans doğurmuş, onun bu addımı Azərbaycanda mədəni
irsə dövlət diqqətinin yüksək səviyyədə olduğuna
bariz nümunə kimi qiymətləndirilmişdir.
Elmi konfransda və görüşlərdə Azərbaycanın
Suriya Ərəb Respublikasındakı səfiri
Mahir Əliyev iştirak etmişdir.
M.MÜKƏRRƏMOĞLU.
Xalq qəzeti .-2008.-26 noyabr.-S.7.